-Nəriman müəllim, sizin kəndin maraqlı adı var – Düzəyrəm. Nədir mənası, hardan gəlir?
-Yəni “düzənlikdə yerləşən Əyrəm kəndi”. Yüzillər əvvəl o yerlər qıpçaq türklərinin yaşadığı məskənlər olub. “Əyrəm” (əslində, Aqram) toponimi də elə qıpçaq türklərindən qalıb. Düzəyrəm səkkiz para kənddən ibarət olan Qaraçöp mahalının inzibati vahidi, köhnə qaydada bir sovetliyidi, üç kənddən ibarətdi: Baldoy (bu da qıpçaq toponimidi), Əyrəm və Qarabağlı. Əslində, mən Qarabağlı kəndində doğulmuşam. Kəndin əsasını qoyan nəsillər Qarsdan Qarabağa, ordan da Kaxeti bölgəsinə köçüblər.
-Uşaqlığınızı necə xatırlayırsınız, ən çox nələr yadınızda qalıb?
-Mənə görə, insanın mahiyyəti yaddaşdan, o sıradan xatirələrdən ibarətdi, yoxsa heyvandan fərqlənməzdi. Uşaqlıq çağlarımdan ağrılı-acılı, həm də işıqlı xatirələr qalıb. 60-cı illərin ağır, amma əmin-amanıq dolu illərində yaşamışam. Atamı tez itirdiyimizdən maddi cəhətdən sıxıntılarımız həddən artıq çox olub. Altı uşağın yükünü təkcə çəkən anamın ağrıları bir kitaba da sığmaz. Bu barədə “Dönəlgə” povestimdə, “Yalqız” və “Yolsuz” romanlarımda ancaq fraqmentləri yazıya gətirə bildim. Xoşbəxtəm ki, düz iyirmi il əvvəl “Qaraçöp” ədəbi-etnoqrafik toplusunu nəşr etdirdim, o mühitin, o xatirələrin çoxunu sözdə yaşada bildim. Məncə, bizim çağın uşaqlığı daha mənalı, daha dolğun idi. İlk dəfə telefon aparatı, televizor, minik maşını... görəndə keçirdiyimiz hissləri təsvir eləmək mümkün deyil. İndi texnoloji inkişaf uşaqlığın dadını-tamını aparıb, yəqin xatirələrin də mahiyyəti dəyişib...
-Mayor, jurnalist, yazıçı, tərcüməçi, ssenarist – bütün bunları bir ömrə sığdırmaq, demək olar hamısında müəyyən uğur qazanmaq.
Maraqlıdır, buna necə nail olmusunuz?
-Boynuma alıram ki, peşəkar jurnalist olmamışam, əsasən işsiz qaldığım müddətdə zorən jurnalistlik eləmişəm. Daha çox bədii publisistikaya meyil göstərmişəm. Yazıçılığasa heç vaxt peşə kimi baxmamışam – bu, mənin taleyimdi. Tərcümə - dünya ədəbiyyatını əxz eləmək üçün vasitə, həm də çörək ağacımdı. Kino – nakam sevgimdi, ssenarilərim üzrə bir bədii, onlarla sənədli film çəkilsə də, istədiyimi gerçəkləşdirə bilmədim, ssenarilərim arxivimdə yatıb qaldı. Təkcə ona görə rahatam ki, “acığımı” kino tariximizi araşdırmaqla çıxdım, nəticədə dördcildlik monoqrafiya yarandı. Bütün bu işləri ancaq daxili rejim hesabına görmüşəm. Məndən ötrü nəsr, həm də tədqiqatçılıq əkinçi işidi, oturmağı, zəhmətə qatlaşmağı bacarmadınsa, uğur qazana bilməzsən.
-İnternetdə Qarabağ müharibəsi veteranı olduğunuz yazılıb. Açığı, bilmirdim. Bu barədə özünüz danışmaq istəmirsiniz, yoxsa söz düşməyib?
-Söz düşəndə də danışmağı özümə rəva görməmişəm. Fəxr edilməli nə var axı. Hələ ki, uduzduğumuz Qarabağ müharibəsinin iştirakçısıyam, istefada olan mayoram. Xidmət illərimdə vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Bu müddət ərzində yaxa cırmamışam, dövlətdən heç nə almamışam, heç belə bir umacağım da olmayıb. Üstəlik, təqaüd vaxtıma il yarım qalmış ordudan tərxis edilməyimi də faciəyə çevirmədim. Başlıcası, vicdanım rahatdı, nəyi bacarmışamsa, onu eləmişəm. Mənə görə, vətənpərvərlik vay-şivəni salmaq pis niyyətin əlamətidi...
-Müharibədən ən çox nələr yadınızda qalıb, hansı məqamlar, xatirələr, detallar...
-1992-ci ildə Müdafiə Nazirliyində yaranan hərbi tele-kinostudiyanın baş redaktoru olmuşam. Dəfələrlə Tərtərdə, Füzulidə, Ağdərədə, Murovdağda... döyüş əməliyyatlarını lentə almışıq. Ağdamın işğalı rejissor-operator Nizami Abbasla gözümüzün qabağında baş verdi. Vertolyotdan meydanının bir neçə yüz metrliyində yerə atılmağımız, ölümün nəfəsini duymağımız, başıpozuq əsgərlərin nizamsız halda geri çəkilmələri, general Zaur Rzayevin əlacsızlıqdan ağlaması, gözlərimizin qabağında həlak olan döyüşçülər... bir kitablıq söhbətdi. Ağdam üç gün boş qaldı, düşmən şəhərə girməyə cəsarət eləmirdi. Kəşfiyyatçılar gecələr gedib şəhərdəki evlərində çimir, gəlib and-aman eləyirdilər ki, Ağdamda düşmən əsgəri yoxdu. Sarıcalı hospitalının həyətində çovuyan güllənin döş cibimdəki şəxsi nömrəmə (alüminiumdan idi) dəyməsi, elə bil, ölümün xəbərçisiydi. O gülləni hələ də saxlayıram. Ömür möhləti imkan versə, ovaxtkı gündəliklərimi üzə çıxarmaq fikrindəyəm...
-Nəriman müəllim, bəzən romanlarınızın dilinin ağır olduğunu deyirlər. Bu fikirlə razısınızmı?
-Razıyam, həm də bunu o deyənlərin niyyətinin əksinə olaraq, müsbət qəbul eləyirəm. “Yolçu” və “Qurban” romanlarım barədə zövqünə inandığım adamların rəyi düz yolda olduğumu bir daha təsdiqlədi. Dünya ədəbiyyatına nəzər sal, sadə dili olan, rəhmətlik Vidadi Məmmədov demiş, “dedim-dedi” üslubunda yazan yazıçıların nə qədər miskin göründüklərini sezərsən. Coys, Vulf, Folkner, Prust, Sartr, Markes, Eko, Bernhard, Tabukki, Çiladze, Pamuk... “dili ağır” yazıçılardı, amma əsl ədəbiyyatı yaradanların da məhz onlar olduqlarını inkar eləyə bilməzsən. Elə Azərbaycan ədəbiyyatı da ”dili ağır” yazıçıların çiyinlərində dayanır, bunu sübut eləməyə ehtiyac yoxdu. Əslində, ədəbiyyat - dillə ruhun vəhdətindən yaranmış havadı, intonasiyadı. Nə olar, bu gün “ağır dili” olan yazıçıların oxucuları populyar yazıçıların oxucularından azdı, amma tam əminəm ki, onlar ədəbiyyata daha yaxındılar. Kütləyə işləmək – ancaq qısamüddətli uğur gətirir. Ədəbiyyat, illah da nəsr marafon qaçışına oxşayır, səbirlə gedənlər, qüvvələrini qənaətlə xərcləyənlər daha çox uğur qazanırlar. Sənətdən populyarlıq tramplini kimi istifadə eləyənlərsə gec-tez uğursuzluğa düçar olurlar – bununla bağlı istənilən qədər misal çəkmək olar.
-Sizin gürcü ədəbiyyatından yetərincə, maraqlı, səviyyəli tərcümələriniz var. Amma bəzən son illər çıxan kitablarda bir az tələskənlik hiss olunur. Sizi buna görə tənqid eləyirlər. Ən çox güvəndiyiniz tərcümələriniz hansılardır? Tənqid olunan çevirilərinizi necə müdafiə edərdiniz?
-Bu il çoxdan üzərində işlədiyim ikicildlik “Gürcü nəsri antologiyası”nı (bir neçə tərcüməçiylə birgə) bitirdim, Qoderzi Çoxelinin kitabını yenidən təkmilləşdirib çapa hazırladım, görkəmli hekayə ustası Revaz İnanişvilinin toplusunu (Mirzə Məmmədoğluyla birgə) yekunlaşdırdım. Bir daha gürcü nəsrinin ədəbi fenomen olduğuna inandım.
Qaldı ki, “tələskənlik” iddiasına, bununla bağlı ciddi müdafiəyə ehtiyacım olduğunu güman eləmirəm. İndiyəcən 44 tərcümə kitabım çıxıb, bir neçəsi də çapını gözləyir. Adamların zövqləri də, səviyyələri də, dil duyumları da müxtəlifdi, müəyyən bir mətn heç də hamını təmin eləyə bilməz. Bir də ki, başlıcası niyyətdi; pis niyyətlə yanaşdığın istənilən mətndə “ilişməyə” nəsə tapa bilərsən. Geniş mənada isə bizim əsas bəlamız nəşriyyatlarımızda redaktor institutunun sıradan çıxmasıdı. Hər bir kitab müəlliflə (o cümlədən tərcüməçiylə) redaktorun qarşılıqlı işinin nəticəsidi. İndi təəssüf ki, orfoqrafik səhvlərin hesabını belə müəllifdən (həm də tərcüməçidən) soruşurlar.
-Biz bir ilə yaxın birlikdə çalışmışıq, bir otaqda oturmuşuq. Siz məclislərdə nə qədər, şən, deyib-gülən olsanız da iş vaxtı sanki gərəyindən artıq ciddi olursunuz. Bəzən adama gəlir daim nədənsə narazısınız, nəyinsə dərdini çəkirsiniz. Nədir bu narazılığın səbəbi, bəlkə, deyəsiniz, gənclər oxuya, səhvlərini düzəldələr...
-Bəxtiyar Vahabzadənin məlum “Bir ondan razıyam ki, özümdən narazıyam” deyiminə söykənmək fikrində deyiləm. Narazılığımın başlıca səbəbi özümlə bağlıdı. Ağrılı bir məhkumluq duyğusu keçirirəm. Hiss eləyirəm ki, ömür möhlətim azalır, hələ də istədiklərimin onda birini gerçəkləşdirə bilməmişəm. Gənclərinsə hər şey və hər şeydən yazmaları məndə təəssüf doğurur. Az qala, elə gənc tapmazsan ki, həm şeir, həm hekayə, həm köşə... yazmasın. Üstəlik, yazmağı əməlli-başlı öyrənməmiş romana girişirlər. Bu tünlüyün içindən ədəbiyyatın, əslində, nə olduğunu dərk eləyən üç-beş nəfər çıxsa, böyük uğur sayaram...
-Mərhum Eyvaz Əlləzoğuyla gəncliyinizdə çox yaxın olmuşdunuz. Sonra nəsə aranızda küsülülük yarandı. Hətta Eyvaz sizinlə küsülü öldü. Nəydi bu küsülülyün səbəbi? O, həssas adam idi, bəlkə, aranızı vurmuşdular?
-Eyvaz Əlləzoğlu həyatımın ən ağır itkilərindən biridi. Gəncliyimizdə, cavanlığımızda həddən artıq yaxın olmuşduq, bir redaksiyada işləmişdik, bir çarpayıda baş-ayaq yatan günlərimiz olmuşdu, qəpiyimizi yarı bölmüşdük. Ondan ədəbiyyata münasibət mənasında çox şey öyrənmişəm. Gizlətmirəm, Eyvazın Bakıya gəlməsinə qarşı olmuşdum, onu inandırmağa çalışmışdım ki, Bakıda yaşamaq tale deyil, sənətdi, sən də bu sənəti bacarmırsan, gəlmə, çətinliyin də olsa, Tiflisdə yaşa. İlk dəfə məndən onda incidi. Amma sonralar “Azadlıq” radiosuna müsahibəsində etiraf elədi ki, Bakıya gəlməkdə səhv eləyib. İkinci dəfə də aramıza “çayxana yaradıcılığı” girdi. Eyvaza demişdilər guya hardasa onun zəif yazıçı olduğunu yazmışam. Nə dəlil-sübut göstərdi, nə də aydınlaşdırmaq istədi. Bu da məndən ötrü ağır zərbə oldu. Eyvaz Əlləzoğlu haqqında sağlığında yeganə irihəcmli yazını da 50 yaşı tamam olanda mən yazmışam. O, ən gözəl hekayə ustalarından biriydi. Təəssüf ki, yaşam qayğıları yaradıcılıq potensialını tam gerçəkləşdirməyə imkan vermədi.
-Müsahibəmizə hansı sözlərlə yekun vurmaq istərdiniz?
-Yəqin ki, yeni il arzularıyla. Təki, ancaq rəqəm dəyişməsin, adamların indi daha çox ehtiyac duyduqları hüzur da gəlsin...
Mövlud Mövlud,
teleqraf.com
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.