Bilal Alarlı: "BORÇALI FOLKLORUNUN JANR ÖZƏLLİKLƏRİ"

Bilal Alarlı: "BORÇALI FOLKLORUNUN JANR ÖZƏLLİKLƏRİ" Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
NDU-nun elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru


BORÇALI FOLKLORUNUN JANR ÖZƏLLİKLƏRİ


Qədim Borçalı diyarı zəngin folkloru ilə fərqlənən bölgələrdən biridir. Əhalisi türk əsilli olan bu bölgə tarixin müxtəlif mərhələlrində sultanlıq, əmirlik, qəza, mahal, hətta “Borçalı Qarapapaq Türk Cümhuriyyəti” kimi tanınıb. Əvvəllər Borçalı Aran və Dağ hissələrinə bölünmüş, sonralar Dağ Borçalı (Baranlı, Hamamlı, Ağbaba, Calaloğlu və Daşır) ərazisi Ermənistana qatılmış və tədricən türk əsilli əhali bu yerlərdən çıxarılmışdır.
Haqqında söhbət açdığımız bölgə əslində Aran Borçalıdır, bu diyar Bostandərə, Bolus, Qaratəpə, Sarvan, Candar, Qızılhacılı, Çörük Qəmərli, Başkeçid, Ağbulaq və Barmaqsız rayonlarını əhatə edir. Bu diyarda eramızdan əvvəl xəzərlərin əcdadlarının yaşadığı və iskit-kimmer tayfalarının məskunlaşdığı məlumdur.

Tarixçilər bu bölgədən tapılan insan qalıqlarını antropoloji cəhətdən Azərbaycan türklərinin aid olduğu Oğuz (Kaspi) irqi tipinə daxil edirlər.
Borçalı türklərinin əcdadlarını həm də qıpçaq, buntürk, kimmer, hun, bulqar, savir və onoğur tayfaları ilə bağlayırlar. Borçalını “Qurd adamların yurdu”, “Qurd çalası” da adlandırırlar. Tarixi hadisələr, işğalçıların yürüşləri Borçalının milli tərkibinə təsirsiz ötməmiş, zaman-zaman buraya ermənilər, aysorlar, yunanlar, Svanetiya köçkünləri yerləşdirilmişdir (Borçalı folklor örnəkləri, I 2013: 16). Bütün bu tarixi silkələnmələrə baxmayaraq, yerli türk əhalisi öz etnik adətlərini, folklorunu yaşatmış, nəsillərdən-nəsillərə ötürmüşdür. Borçalı folklor mühitinin əhatə dairəsi genişdir, xüsusən bu ad altında tanınan aşıq sənəti daha böyük ərazini özündə birləşdirir. Məhərrəm Qasımlı “Ozan-aşıq sənəti” araşdırmasında Borçalı aşıq mühitinin öz sənət şəbəkəsini adını daşıdığı coğrafi hüdudlarla məhdudlaşdırmadığını bildirir: “Borçalı mahalından əlavə qonşu Başkeçid, Qarayazı, Qaraçöp regionları da sənət ahəngindəki uyğunluğa görə bu mühitin adı altında fəaliyyət göstərir. Qazax mahalının da böyük bir kəsimi Borçalı aşıq mühitinə məxsus sənət ənənəsinə bağlıdır. Tarixi baxımdan yanaşdıqda buraya iyirminci yüzilliyə qədər Tiflis ərazisini də əlavə etmək olar” (Qasımlı 2011: 222).
Öz folklor zənginliyi ilə diqqət çəkən Qaraçöp yurdu 1880-ci ilə qədər Borçalı sultanlığının tərkibində olmuşdur. Düz-Əyrəm (Ayrım), Qazlar, Qarabağlı, Keşəli, Ləmbəli, Paldı (Baldoy-Baldöy), Tüllər, Yor-Muğanlı kəndləri Qaraçöp icmasına daxildir. Bundan başqa, Qombor kəndində yaşayan türklər də milli dəyərlərini qoruyub saxlayırlar. Saqareco rayonu öz adında türk mənşəyini, Dədə Qorqud ənənələrini yaşadır və bu sözün mənası “Qaraca yurdu” deməkdir. Qaraca Çoban “Dədə Qorqud dastanı”nın əsas qəhrəmanlarından biridir. Qaraçöp Saqareco rayonunun bir hissəsini təşkil edir. Gürcülər özləri Saqareconu “Böyük Türklük” (Didi-Türkoba) dövrünün toponimi sayırlar. Maraqlıdır ki, bir mənası “qara camaat” kimi yozulan Qaraçöp el arasında Yor Muğanlı adlanır və burada yaşayan əhalinin Muğanlı elinə mənsub olduğu bildirirlir. Muğan sözünü isə muğ türk tayfasının yurdu kimi mənalandırırlar (Qaraçöp 2019: 43-46). Qaraçöp “Qaraca Qala” kimi yozulur, bu yerlərdə yaşayanların Qarapapaq/Tərəkəmə adlandırılan boyla, qıpçaqlarla bağlı olması haqqında versiyalar da var (Qaraçöp 2019: 16-17). Göründüyü kimi, Borçalının yer-yurd adları özündə folklor yaşadır. Hər toponim müxtəlif əfsanə, rəvayət və əhvalatlarla bağlıdır. Bu diyarda yaşayanların yaddaş xəzinəsi isə folklorumuzun bir qolunu təşkil edir.
Borçalı folklorunu Valeh Hacılar, Elxan Məmmədli, Tinatin Məmmədova, Nəriman Əbdülrəhmanlı və başqaları öyrənmişlər. Bu diyar həm də aşıq sənətinə böyük töhfələr vermişdir. Aşıq Sadıq, Aşıq Məhəmməd, Xındı Məmməd, Aşıq Alxan Qarayazılı, Aşıq Musa Qaraçöplü, Aşıq Əmrah, Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Aslan Kosalı və başqa aşıqlar Azərbaycan aşıq sənətində önəmli yer tutan sənətkarlar olmuşlar (Borçalı folklor örnəkləri, I 2013: 7). Borçalı folklor mühitinin zənginliyi aşıq yaradıcılığı nümunələrində də özünü göstərir. Borçalı aşıqları sənətə öz saz havaları ilə gəlmişlər. Çoxlu aşıq bəstələri içərisində yer-yurd adını daşıyan “Faxralı müxəmməsi”, “Faxralı Dilqəmi”, “Başkeçid gözəlləməsi” və digər saz havalarını bölgənin sənətə töhfələri saymaq olar (Qasımlı 2011: 225). Bölgədən müxtəlif dastanlar yazıya alınmışdır. Dastanların təkmilləşməsində, janrın dinamikasında deyişmələr, səfərnamələr, görüşlər, bəzəmələr, hekayətlər və əhvalatlar mühüm mərhələni təşkil edir (Borçalı folklor örnəkləri, I 2013: 172-208). Dastanın janrdaxili dəyişmələri kimi diqqəti çəkən bu nümunələr həcm fərqi ilə yanaşı, strukturuna və tematik təyinatına görə ayrıca folklor örnəkləri kimi yazıya alınmışdır. “Şair Nəbi ilə Şair Abdullanın deyişməsi” (Borçalı folklor örnəkləri, I 2013: 182-186), “Aşıq Alxan Qarayazılının Qaraçöplü Aşıq Musa ilə deyişməsi”, “Faxralı şairləri Rəhim Nəbi oğlu ilə İsmayıl Güllərin deyişməsi” (Borçalı folklor örnəkləri, I 2013: 203-208) dastan janrının özülündə dayanan deyişmə nümunələridir. Deyişmələrin bir qismi dastanvari mətnlərlə müşayiət olunur. Görüşlər isə mətnli nəzm parçaları üzərində qurulmuşdur. Lakin bu nümunələrdə görüşən aşıqların haqqında ətraflı məlumat verilir, görüşün məqsədi nağıl olunur, görüş zamanı aşıqların deyişmə səhnəsi təsvir edilir. “Aşıq Musanın Azaflı Mikayılla görüşü” belə başlayır: “Aşıq Musa təkcə Qaraçöpdə yox, Gəncəbasardan, Tovuzdan, Qazaxdan, Borçalıdan, Başkeçiddən, Qarayazıdan belə hər yerdə tanınan el sənətkarıydı. Üzünü görməyənlər belə qoşqularını sevə-sevə oxuyardılar. Qaraçöp məclislərinə dəvət alan aşıqlar Aşıq Musanın xeyir-duasını alırdılar, onunla yekbəyek deyişməyə cürət etməzdilər. Tovuzlu adıbəlli el şairi, ustad Aşıq Mikayıl Azaflı da cavanlığında Aşıq Musanın məclisində olub, onun xeyir-duasını alıb” (Borçalı folklor örnəkləri, I 2013: 198). Görüşün məqsədi, mahiyyəti dilə gətiriləndən sonra Aşıq Musa ilə Mikayıl Azaflı deyişir. Aşıq Musa deyir:

Yaylaqlarda toy-düyünün çağıdı,
Arzulu toyları çalsan, necədi?
Özüm bağban, könlüm bülbül bağıdı,
Küsənin könlünü alsan necədi?

Mikayıl Azaflı cavab verir:
Tale qismətimə toy-düyün yazıb,
Toy-düyün mənimdi, çalaram, ustad.
Coşuban çağlayıb, şir kimi qızıb,
İncimiş könlünü alaram, ustad (Borçalı folklor örnəkləri, I 2013: 201).

Səfərlər də deyişmə səhnələri ilə zəngindir və bu deyişmələr prinsipial, iddialı mövqeyi ilə seçilir. Səfər(namə) dastan ənənəsi üçün səciyyəvi olan aşıq yaradıcılığı nümunəsi sayılır. Aşıqların ayrı-ayrı bölgələrə səfərləri “dastan, hekayət və əhvalatların yaranması ilə nəticələnmiş”, “maraqlı bir hadisəni, maraqlı bir tarixi” əhatə etmişdir (Qasımlı və Allahmanlı 2019: 188). Aşıq ədəbiyyatının tədqiqatçıları “Koroğlu” dastanında qolların böyük bir qisminin səfər adı ilə təqdim olunduğunu, bu səfərlərin Koroğlunun qəhrəmanlığına, həmçinin apardığı mübarizənin məqsəd və mahiyyətini açmağa xidmət etdiyini yazırlar (Ozan-aşıq ensiklopediyası, I 2020: 268). “Ağacanın Türkiyə səfəri” adlı nümunədə hadisələr Ərzurumda baş verir və Şoragül mahalından gəlmiş şair Ağacanla Məhəmməd və Dollu Mustafa arasında deyişmələr olur. Bu deyişmələr həm də qıfılbənd xarakterlidir. Səfərnamənin mətni dastan mətnindən seçilmir: “...Dollu Mustafa götürür görək nə deyir:

Arif olan, gəlin sizə söylüyüm, olun halı,
Ağalıq, bəylik, paşalıq, türklərin nəslindədi.
Neçə min il keçib, Rəsul aləmnən bəri,
Ay dolanıb gərdiş eylər, il hansı fəslindədi?

Ağacan deyir ki, paşalara yaltaqlanma, indi sözünə cavab verim qulaq as:

Arif olan, gəlin mən də söylüyüm, olun halı,
Bütün güllər hamısı bir-bir öz nəslindədi.
1334 il keçib Rəsul aləmnən bəri,
Ay dolanıb gərdiş edər, il cahar fəslindədi (Borçalı folklor örnəkləri, I 2013: 191-192).

Aşıq bəzəmələri və aşıq əhvalatlarını “Qaraçöp söyləmələri” də adlandırırlar. Qaraçöp məclislərində, yığnaqlarda Qaraçöp söyləmələrinə yer verilirdi ki, “bu da ağır dastanlardakı fasilələrdə, sanki nəfəslik rolunu oynayır, məclis əhlinin ovqatını dəyişirdi” (Qaraçöp 2019: 491). Qaraçöp məclislərini Aşıq Musanın, Aşıq İvadın, Aşıq Teymurun, Əslioğlu Məhəmmədin, Şair Bağının, Aşıq Şaxəsənin, Aşıq Dursunun, Aşıq Cavanşirin nəql etdikləri söyləmələr bəzəyirdi. Söyləmələrin məzmunu da maraqlıdır: “Qaraçöp söyləmələri kiçik dastanları xatırladır, baş vermə məkanları, süjetləri, iştirakçıları, meydana çıxanları, üstün gələnləri, məğlub olanları var. Bununla yanaşı, o söyləmələrdə incə yumor da nəzərə çarpır, bu da təbii ki, məclis əhlinin əhvalını yaxşılaşdırmağa hesablanıb” (Qaraçöp 2019: 491). Bəzəmə adlı söyləmə nağıl kimi başlayır, dastan kimi bitir. “Molla Qasımın Alı kişini bəzəməsi” nümunəsində nəvəsi yerində dul gəlinə aşiq olan Zorba Alının başına gələnlərdən danışılır (Qaraçöp 2019: 491-493). Əslində, bu bəzəmə bir el qınağıdır. Qaraçöp aşıqlarının söylədikləri əhvalatlar da bəzəmələrə yaxın mövzudadır. “Aşıq Musanın nigah əhvalatı”nda Türkiyədən gəlmiş yaşlı bir əfəndinin cavan bir qadınla evlənməsindən söhbət açılır (Qaraçöp 2019: 494-495). Göründüyü kimi, söyləmələrin adları fərqlənsə də, məzmunu bir-birinə oxşardır. “Aşıq Musanın dağ əhvalatı”, “Aşıq Musanın Bələkən əhvalatı” dialoqlar və deyişmələr üzərində qurulmuş səhnələrdən ibarətdir (Borçalı folklor örnəkləri, I 2013: 498-507). “Şair Bağının ov əhvalatı” isə başagəldini təsvir edən qoşmaya hesablanıb:

Qışın bir günüydü, mehriban dayı,
Təşrif qılıb gəldi bizə ovçular.
Məni də özlərinə şərik etdilər,
Yön götürüb getdi düzə ovçular.

Bir qaraltı görüb tez dayandılar,
Qartikan kolunu ovçu sandılar.
Kişilər bir-birinə arxalandılar,
Endirdi tüfəngi dizə ovçular.

Bəxti üzlərinə gülməyən ovçuların başagəldisi Şair Bağının evində yağlı xəngəl yeyib dağılışmaqla bitir (Qaraçöp 2019: 524-525).
Deyişmə janr etibarı ilə söyləmənin aşıq şeiri şəklinə uyğun hadisə ilə bağlantısıdır. Amma bir deyişmənin söyləmə variantında bir neçə deyişmə şeir şəklindən də istifadə olunur. “Şair İvadın Touzdu Xanımnan deyişməsi”ndə təkcə deyişmə janrına deyil, tərənnüm, tərif və döşəmələrə də müraciət olunur. “Şair İvad sazı sinəsinə basır, görək Xanıma nə deyir:

Cəmi könülləri pərvaz eylədin,
O nədi ki, xoş avazı gözəldi?
Doqquz qulağı var, on dörd dodağı,
Həmi qışı, həmi yazı gözəldi?” (Qaraçöp 20196: 491).

Xanım, Şair İvadın sözünün cavabını tapa bilmir. “Durnaboylu, qaymaq dodaqlı Xanım” ona naz-qəmzə satır, Şair İvad qocaldığını anlayıb qubarlanır, götürür, görək nə deyir:

Qojalmamışamsa, cavan da döyüləm,
Tökülüb ağzımnan çiş, əldən gedif.
Əllini-altmışı keçirmişəm mən,
Ötüfdü yarıdan yaş, əldən gedif.

Təbim yoxdu sazı yaxşı çalmağa,
Deyif, gözəlləri yada salmağa.
Nazdı xanım, sənin könlün almağa,
Azalıf təmənnam, baş əldən gedif.

Oğrun baxır daldalardan gözələ,
Hər nə idisə dedi gözəl-gözələ.
İvad, urfun pərviz etməz gözələ,
Uçufdu konlumnan quş, əldən gedif (Qaraçöp 2019: 513).

Deyişmə təhkiyələrinin bu şəkildə qurulması və onların məzmunun aşıq şeirinin yalnız bir deyişmə şəklində olmaması söyləmələri dastan janrına yaxınlaşdırır. İnamla demək olar ki, bu tipli söyləmələr dastanların yaranmasında mühüm mərhələni təşkil edir. Borçalının bölgə səciyyəli dastanlarından söhbət açan Məhərrəm Qasımlı hekayət və söyləmələri də unutmur, Şair Nəbi, Şair Ağacan, Xındı Məmməd, Səadət Buta və başqa sənətkarlarla bağlı belə nümunələri xüsusi olaraq xatırladır (Qasımlı 2011: 226).
Şair Nəbi Borçalı, el şairi Ağacan Cabbar oğlu, Təhləli şair Novruz, İsmayıl Güllər, Aşıq Sona, Aşıq Alxan Qarayazılı, Aşıq Aslan Kosalı, Məhəmməd Sadaxlı və Zahid Ələmpaşalıdan yazıya alınmış dastanlar Borçalıda söz sənətinin qiymətli nümunələridir (Borçalı folklor örnəkləri, II 2013: 381-388).
Yekun olaraq deyə bilərik ki, Borçalı aşıq sənətinin ərsəyə gətirdiyi deyişmələr, səfər(namə)lər, görüşlər, əhvalatlar, bəzəmələr, hekayətlər, söyləmələr dastanın janrdaxili dəyişmələri sayılır. Bu cür təhkiyələrə digər aşıq mühitlərində də rast gəlirik, lakin Başkeçid və Qaraçöp də daxil olmaqla Borçalı aşıq mühiti daha geniş areala çıxa bilmişdir, Dədə Qorqud boylarından üzübəri yol alaraq, “Koroğlu” qollarından şaxələnərək regional xüsusiyyətləri yaşada bilmiş, inkişaf etdirmişdir.
Borçalı folklorunun həm lirik, həm də epik örnəklərində rəngarəng janr özəllikləri mövcuddur. Təkcə rəvayət janrı əhvalatlar, uydurmalar, söyləmələr və hekayətlər kimi janrdaxili dəyişmələrə bölünür (Borçalı folklor örnəkləri, I 2013: 66). Aşıq rəvayətlərinə örnək olan söyləmələr epik folklor janrı kimi də qələmə alınmışdır. Söyləmələr adı altında ibrətamiz hadisələrlə yanaşı, komik nəticələrə səbəb olan əhvalatlar da verilir. “Üstüörtülü işarə” söyləməsində deyilir: “Böyük bir məclisdə plov yeyən ağanın bığına düyü dənəsi yapışdığını aşağı tərəfdə oturan nökər görür. O, tez ayağa durub deyir:
-Ağa, beş qardaşı göndər tövlənin həyətini təmizləsinlər.
Bu işarəni ağadan başqa heç kəs başa düşmür. Odur ki, əli ilə ağzını təmizləyir. Nökər “beş qardaş” deyəndə əlin beş barmağını nəzərdə tuturdu” (Borçalı folklor örnəkləri, I 2013: 68-98).
Rəvayətlər haqqında onun toplayıcılarının maraqlı mülahizəsi vardır: “Nə vaxtsa deyilmiş ən böyük yalanın kiçik həqiqəti elə onun nə vaxtsa deyilməsidir. Beləcə rəvayətlər öz bəzəmə və düzəmələri ilə bizi nə vaxtsa olmuş bir həqiqətə səsləyir” (Borçalı folklor örnəkləri, I 2013: 66). “Gəlin-qaynana” rəvayəti ailə-məişət mövzusundadırsa, “Nənəvay” rəvayəti toponimik xarakterlidir: “Alget çayının sahilində ağirçək tənha qarı yaşayırmış. Qızları... köçübmüş bu qarının. Oğlu olmadığına görə qız nəvəsini yanında böyüdürmüş. İllər keçib gedir. Qız böyüyüb dünya gözəli olur. Elçi elçi dalınca gəlirmiş. “Nəvəm hələ körpədir” – deyə qarı nəvəsini heç kimə vermirmiş.
Günlərin birində qarı qızı evdə qoyub yolun kənarındakı bulağa gedir. Bundan istifadə edən bir neçə cavan, qızı atın üstünə qaldırıb qaçırır. Atlılar bulağın yanından keçərkən qızın ağzındakı dəsmal düşür. O, nənəsini görən tək qışqırır ki, “Nənə vay, vay...”
Elə o gündən bu günə kimi həmin yerə “Nənəvay” deyirlər” (Borçalı folklor örnəkləri, I 2013: 66-67).
“Şah və Çoban”, “Quyu qazan özü düşər”, “O boyda enişin o boyda da yoxuşu var” və başqa bu kimi Qaraçöp rəvayətləri olmuş əhvalatlardır (Qaraçöp 2019: 384-400). “Bir Novruz rəvayəti” isə İlaxır çərşənbəsi inancları ilə bağlıdır. Nişanlısı ilə görüşə gedən oğlan atının cilovunu başını torpağa əymiş tut ağacına bağlayır, qayıdanda görür ki, ağacın budağı qalxıb, at da budaqdan asılı qalıb (Qaraçöp 2019: 467). Bu məqamda rəvayət əfsanə ilə oxşar məzmun daşıyır. “Olub-keçənlər” başlığı altında xatirələr (memoriat) və əhvalatlar verilir. Xatirələr, adından da göründüyü kimi, müəyyən şəxslərlə və müəyyən hadislərələ bağlıdır. Xatirələrlə əhvalatların arasında bir yaxınlıq var. Aşıq əhvalatlarında aşıqların başına gələn hadisələrdən danışılırdısa, müxtəlif məzmunlu əhvalatlarda ayrı-ayrı şəxslərin rastlaşdığı olaylar yer almışdır. “Həvillik kişinin əhvalatları”, “Hacı Usufun əhvalatları”, “Nəjməddin kişinin əhvalatları” və digər əhvalatların bir qismi komik xarakterdədir (Qaraçöp 2019: 405-413). Şəbədələr də ayrı-ayrı şəxslərin başına gəlmiş gülməli hadisələrlə bağlıdır və lətifənin janrdaxili dəyişimidir. Qaraçöpdə başına qəribə əhvalat gələnlər həm də şəbədələrin qəhrəmanıdır. Şəbədələrdən birində deyilir: “Camaloğlu Vəli yolnan gedirmiş. Qonşunun uşağı onu görüb deyir:
-A Vəli baba, uğur olsun!
Kişi cavabında qayıdır ki:
-A gəyə, uğuru-zadı yoxdu, burya, qızımın öyünə gedirəm!” (Qaraçöp 2019: 420).
Şəbədələrlə rəvayətlərin də oxşar cəhətləri var. Komik məzmunlu rəvayətlər şəbədələrə bərabər tutulur. Nəriman Əbdülrəhmanlının “Şəbədələr” adlı toplusunda verilmiş “O boyda enişin o boyda da yoxuşu var” başlıqlı şəbədə (Şəbədələr 1991: 5-6) “Qaraçöp” ensiklopedik toplusunda rəvayət kimi təqdim olunur (Qaraçöp 2019: 387-388). Şəbədələrin bir qismi isə zarafat kimi verilir. “Hajı Usufun zarafatı”nda deyilir: “Hajı Usuf kişi yarızarafat-yarıdoğru deyirmiş:
-Mən kotanın qolunu nə qədər dərinə bağlıyıram, gənə kotan cızınnan çıxıf Navadın xərək cızına düşür” (Qaraçöp 2019: 421).
Əslində təqdim olunan zarafat özü lətifənin janrdaxili dəyişimlərindən biridir. Borçalı bölgəsində lətifələr həm də dodaqaçdılar adıyla geniş yayılıb. Borçalı folklorunun toplayıcıları bu komik janr nümunələrini bir-birindən ayrımır, onları “Lətifələr və dodaqqaçdılar” adı altında təqdim edirlər (Borçalı folklor örnəkləri, I 2013: 124-148). Şəbədə də konkret bir janrın hüdudlarına sığmır, hətta ədəbi növ baxımından həm epik, həm də lirik əlamətlər daşıyır. Bir qədər komik məzmunda olan toy nəğmələri Borçalıda “Əvədə-şəbədələr” adlanır. Folklor toplularında deyimlər və düzgülər kimi də qruplaşdırılan əvədə-şəbədələr oğlan evi ilə qız evi arasındakı deyişmələrdən, qaynana ilə gəlinin arasındakı atışmalardan ibarətdir.
Oğlan evinin əvədə-şəbədəsi:
Quda, quda, can quda,
Gözləri mərcan quda.
Alışdıraq, verişdirək,
Yüz tümənə barışdıraq (Borçalı folklor örnəkləri, I 2013: 107).

Qız evinin əvədə-şəbədəsi:
Qızımız nazdı,
Yüz tümən azdı.
Min tümən gətirin,
Gəlini götürün (Borçalı folklor örnəkləri, I 2013: 107).

Qaynana ilə gəlinin əvədə-şəbədəsi daha sərtdir. Qaynana gəlinə deyir:
Evindən bezən,
Qapılar gəzən,
Dabanı çatdaq,
Balığı batdaq,
Doğduğu söyülməz,
Bişirdiyi yeyilməz!

Gəlinin əvədə-şəbədəsi baldızdan da yan ötmür:
Baldızım, çuvaldızım,
Zırıldayır ötür, mən neynim?
Qayınanam – qara köpək,
Mırıldayır ötür, mən neynim? (Borçalı folklor örnəkləri, I 2013: 107).

Gətirilən nümunələr bölgə folklorunda janrdaxili dəyişmələrin vahid çərçivədə olmamasının bariz göstəricisidir. Bu fikri Borçalıdan toplanmış digər folklor nümunələri haqqında da söyləmək mümkündür. Məsələn, Qaraçöpdə atalar sözü və məsəllərə bənzər deyimlər mövcuddur. Lakin deyimlər ifadə tərzinə və formasına görə atalar sözü və məsəllərdən fərqlənir, əsasən şəxslərə müraciət üzərində qurulur: “Harda toydu, orda gəlindi!” Yaxud: “Nədi, noluf, baş kəsməkdənmi gəlifsən?” Yaxud da: “Hamısını itə atıflar, it də yemiyif!” (Qaraçöp 2019: 457). “Borçalı folklor örnəkləri”ndə təqdim olunan deyimlər isə lirik janrdadır və düzgülərə bərabər tutulur. “Deyimlər-düzgülər” qoşalaşdırması kimi verilən nümunələr əslində düzgülərdir, lakin onların tərkibində oyun nəğmələri, cırnatmalar, uralamalar, hətta bayatılar var.
Oyun nəğməsi olan deyim:
A Nərgizə, Nərgizə,
Qaşıq gətir gəl bizə,
Bizdən gedək Tiflisə,
Tiflis yolu bağlıdı,
Anamın əli yağlıdı.
Anam qaymaq bişirdi,
Pişik qabı düşürdü (Borçalı folklor örnəkləri, I 2013: 103).

Cırnatma nümunəsi olan deyim:
Zəhra-Zübeydə,
İkisi bir öydə,
Zəhra dalaşdı,
Zübeydə qaşdı.
İtlər hürüşdü,
Kişilər gülüşdü (Borçalı folklor örnəkləri, I 2013: 100).

Uralama nümunəsi olan deyim:
Qatar gedir
Sola sağa,
Çəngəl düşür
Bizim dağa,
Əmim oğlu
Sultanağa,
Gəlin, gedək
Oynamağa,
Oynamağın vaxtıdı,
Qızılgülün taxtıdı.
Ix, nıx,
Çıx (Borçalı folklor örnəkləri, I 2013: 101).



Deyim-düzgülərin bir qismi isə deyimlər “janrına” uyğun gəlir:
Urvan mənnən olmasa, kündən küt gedər;
Ət yeyilmir, gönü geyilmir – İnsan insana yağı kəsilib;
İt itnən boğuşdu, yolçunun işi düzəldi (Borçalı folklor örnəkləri, I 2013: 103).

Deyimlərdən fərqli olaraq, hədə-qorxular yalnız təhkiyə şəklindədir və bu nümunələrin hamısını epik növün janrı saymaq olar. Hədə-qorxunu söyləyən qarşı tərəfi edəcəyi hərəkətə inandırmaq üçün and içir. Demək olar, bütün hədə-qorxuların birinci tərəfi andlardan ibarətdir:
Allah haqqı, qulağıyın divini qızardaram!
Həzrət Abbas Haqqı, ağız-burnunun qatığını (qanını) bir-birinə qataram!
Bizi yaradana and olsun, burnunu əzərəm!
Dədəmin goru haqqı, qol-qavırğanı qıraram!
Bizi yaradan Allah haqqı, yiyif-işdiyini burnunnan gətirərəm! (Qaraçöp 2019: 457).

Bayatı nümunəsi olan deyim:
Gül əkəmmirəm,
Su çəpəmmirəm.
Özüm sevmişəm,
Əl çəkəmmirəm.
Yaxud:
Atım bozdu, neyliyim?
Tükü tozdu, neyliyim?
Özün yaman gözəlsən,
Ağlın azdı, neynim? (Borçalı folklor örnəkləri, I 2013: 107).

Bayatışəkilli deyimlərə “Qaraçöp” ensiklopedik toplusunda da rast gəlirik. Bu tipli nümunələr “Novruz deyimləri” adlanır və “Borçalı folklor örnəkləri”ndə deyim-düzgülər adıyla təqdim olunan bayatılara uyğundur:

Qızıl üzüyüm laxladı,
Anama verdim, saxladı.
Toy günü, bayram günü,
Yar bizi qonaxladı.

Çəpər-çəpər oldu, gəl,
Çəpərə quşdar doldu, gəl.
Vədəsiz gedən oğlan,
Vədə tamam oldu, gəl (Qaraçöp 2019: 467).

Bayatılar da janrdaxili dəyişmələrə məruz qalır. Təfsilati bayatıları müşayiət edən epik parçalar bu folklor nümunəsinin yaranma səbəblərini əhvalat şəklində izah edir. Ovda öz öğlunu vuran ovçu haqqında olan təfsilati bayatı belədir:

...dağdağan,
Dağda bitər dağdağan.
Ovçu vurub balasın,
Göl-göl olub dağda qan (Borçalı folklor örnəkləri, I 2013: 55).

Bir-biri ilə bağlı bayatyılar da həmin bayatıların məzmununu aydınlaşdıran epik mətnlər üzərində qurulmuşdur (Borçalı folklor örnəkləri, I 2013: 56-58).
Məzmununa görə janr təyinatı aparılan folklor örnəklərindən biri tapmacadır. Tap-tapmaca kimi verilən bu nümunələrin, demək olar, hamısı lirikdir, ritmik bir ahəngə köklənmişdir. İki, üç, dörd misralı tapmacalar daha çoxdur. Amma bəzi tapmacalar bayatı janrının ölçüləri çərçivəsindədir. Tapmaca-bayatılardan nümunə:

Kim sənəmdi?
Kim mənim kimsənəmdi?
Nə kimin kimsəsiyəm,
Nə kimsə kimsənəmdi (Qaraçöp 2019: 447).
“Borçalı folklor örnəkləri”nin birinci cildinə redaktor kimi qeydlərini əlavə edən Mahmud Allahmanlı folklor nümunələrinin arxasında hər hansı bir hadisənin, reallığın durduğunu yazır: “Fikrimizcə, bütün folklor nümunələrinin arxasında bu və ya digər dərəcədə həyatiliyə, həyat reallığına söykənən məqamlar var. Bunlar ya üst qatda, ya da bir qədər alt qatda dayanır. Bayatı nümunələrində də bu hal özünü göstərmədədi. Arxasında hansısa əhvalat dayanan bayatılar bunu bir aydınlıqla təsdiqləyir” (Borçalı folklor örnəkləri, I 2013: 9).
İnam və etiqadlar, alqışlar və qarğışlar, andlar, həmçinin paradiqmatik təsəvvürlərin janr təzahürləri bölgə folklorunun tarixini çəkib daha qədim dövrlərə aparır. İnanclar və etiqadlar mifik təfəkkürün təzahür formalarından biridir. Oxşar fəlsəfi-mifoloji görüşlər miflərdə və əfsanələrdə də yaşayır. Janr əslində folklor nümunəsində ifadə olunan tematik yaxınlığın struktural fərqləri, yaxud tematik fərqlərin struktural oxşarlığı üzərində qurulur. Buna görə də janrın təyinatı həm struktural, həm də tematik xüsusiyyətlər nəzərə alınmaqla aparılır. Türkiyəli tədqiqatçı Yaşar Kalafatın “Qaraçöp” ensiklopedik toplusunda oxuculara təqdim olunan “Karaçöp Türk Halk İnançları” adlı yazısında bölgədən öyrənilən bu tipli folklor örnəkləri üç qrupa bölünür:
-İnanc ve İtikarları ile İlgili Tesbitler;
-Beddua ve Dualarla İlgili Tesbitler;
-Antlar-Yeminlerle İlgili Tesbitler (Qaraçöp 2019: 459-464).
Yaşar Kalafat inancları “uyğulama”, “tekerleme”, “mesaj içeritli ögütler” adlandırır (Qaraçöp 2019: 461). Müəllif oxşar mövzuda əvvəllər də araşdırma aparmış, “Ahıska Türkleri Halk İnançları konusunda bir çalışma” etmişdir (Qaraçöp 2019: 464). İnam və etiqadların tərbiyəvi əhəmiyyəti də var, bəzi yasaqlar, inamlar insanları pis əməllərdən çəkindirir:
-Bir-birinin ayağını tapdalamış adamlar əl tutarlar. Yoxsa onların arasında dava düşər.
-Evdə fit çalmazlar. Bu, evin kasıblaşmasına gətirib çıxarır.
-Çox quzu istəyən çoban davarı gecələr otarmalıdır (Borçalı folklor örnəkləri, I 2013: 115).
Bəzi inamlar xalq meteorologiyasından, türkəçarələrdən və yuxuyozmalardan qidalanır.
Yuxuyozma inamları:
-Yuxuda xana darrıqdır, deyərlər.
-Yuxuda ilan yoldur, deyərlər (Borçalı folklor örnəkləri, I 2013: 117).
Türkəçarə inamları:
-Yeni doğulmuş uşağın üstünə ət gətirməzlər.
-Yeni doğulmuş uşağın üstünə bədniyyət adamı buraxmazlar (Borçalı folklor örnəkləri, I 2013: 110).

Ovsun və sınamalar da inanclarla bağlıdır. Belə nümunələr icra olunan, tətbiq edilən folklor örnəkləri sırasına daxildir. Ovsun qabaqcadan tədbirgörmədir. Sınama isə həyat təcrübəsindən irəli gəlir və bəzən real olmasa da, adamlar sınanmış əlamətlərə əməl edirlər:
-Uşağı gözdəymədən, nəzərdən qorumaq üçün üzərrik yandırırlar;
-Mal-qaranı yetişmiş və ya göy taxıl zəmisinə buraxmazlar;
-Çörəyi iri parçalarla itə atmazlar. Çünki itin ayaqları ilə çörəyi çığnaması böyük günahdır, deyərlər (Borçalı folklor örnəkləri, I 2013: 25-27).

Qaraçöpdə ayamalar da folklordan gəlir. Ayamalar adamlara xarakterinə, əməllərinə, görkəminə görə verilir. Haqqında ayama ilə danışılan şəxsin mütləq bir komik əhvalatla bağlılığı olur. Ayamanı xarakterizə edən məlumat özü folklor nümunəsidir: “Camaatın bazburtuna, igidliyinə görə “Pələ” ayaması yaraşdırdığı İsa oğlu Məcidin əhvalatları indi də söylənilir. Pələ Məcid təkbaşına bir dəstə adamın öhdəsindən gələrmiş” (Qaraçöp 2019: 62).
Qaraçöplülər ilin aylarını və həftənin günlərini “öz dillərində” adlandırırlar. Bu özümlü adların hər birində bir folklor dünyası yaşayır.

Aylar:
Boz ay (22 fevral – 21 mart);
Yağarlıq ayı (22 mart – 21 aprel);
Boş ay (22 aprel – 21 may);
Vaynənə (22 may – 21 iyun);
Quraq ay (22 iyun – 21 iyul);
Qorabişirən (22 iyul -21 avqust);
Quyruqdoğan (22 avqust – 21 sentyabr);
Xəzəl (22 sentyabr – 21 oktyabr);
Qırovdüşən (22 oktyabr – 21 noyabr);
Böyük çillə (dekabrın ikinci ongünlüyündə başlayır);
Kiçik çillə (Fevralın əvvəlində başlayır).

Həftənin günləri:
Bazar ertəsi; Xaş günü; Çərşənbə; Adna axşamı; Adna günü; Adna ertəsi; Bazar (Qaraçöp 2019: 330).
Borçalının söz sənətinin janr imkanları, daha doğrusu, bu şifahi söz sənəti nümunələrində janrdaxili dəyişmələr folklor mühitinin zənginliyindən soraq verir. Borçalı diyarının söz sənəti kifayət qədər öyrənilmişdir, lakin bölgə folklorunun janr imkanları yetərincə araşdırılmamışdır. Janrdaxili dəyişikliklərin öyrənilməsi ayrı-ayrı janrların təyinatının aparılmasına, assiqnmentativ xüsusiyyətlərinin dəqiqləşdirilməsinə kömək edir.

Ədəbiyyat

Borçalı folklor örnəkləri, I 2013 - Borçalı folklor örnəkləri, I kitab. Toplayanlar Valeh Hacılar və Elxan Məmmədli. Bakı, Elm və təhsil, 2013, 328 s.
Borçalı folklor örnəkləri, II 2013 - Borçalı folklor örnəkləri, II kitab. Toplayanı Elxan Məmmədli. Bakı, Elm və təhsil, 2013, 390 s.
Qaraçöp, 2019 - Qaraçöp. Ensiklopedik toplu. Təkmilləşdirilmiş ikinci nəşri. Tərtib edəni və nəşrə hazırlayanı Nəriman Əbdülrəhmanlı. Bakı, Qanun, 2019, 880 s.
Qasımlı və Allahmanlı 2019 - Qasımlı M., Allahmanlı M. İzahlı aşıq ədəbiyyatı sözlüyü. Bakı, 2019, 224 s.
Qasımlı 2011 - Qasımlı M. Ozan-aşıq sənəti. Bakı, Uğur, 2011, 304 s.
Ozan-aşıq ensiklopediyası, I 2020 - Ozan-aşıq ensiklopediyası. İki cilddə, I cild. Bakı, Gənclik, 2020, 432 s.
Şəbədələr 1991 - Şəbədələr. Toplayanı Nəriman Əbdülrəhmanlı. Bakı, Gənclik, 1991, 48 s.

Summary

The article talks about the rich folklore examples of the ancient land of Borchali. Genre possibilities of Borchali folklore are studied, changes within the genre are investigated. The role of folklore examples such as deyishme, sefer, revayet, soylama, bezeme, hekayat, ehvalat in the dynamics of ashuq literature and epic genre is studied. Also, intra-genre variations of lyrical and epic folklore genres are considered. İnam and etiqadlar, alqish and qargishlar, andlar, as well as genre manifestations of paradigmatic ideas, draw the history of regional folklore and lead to more ancient times. İnanjlar and etiqadlar are one of the manifestations of mythical thinking. Similar philosophical-mythological meetings live in myths and legends. Ovsun and sinamalar are also related to beliefs. Such examples are included in the range of performed, applied folklore examples. The genre of revayat alone is divided into variations within the genre, such as ehvalatlar, uydurmalar, soylamalar and hekayetler.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: