Cənab Prezident İlham Əliyev 14 mart 2022-ci ildə Xurşidbanu Natəvanın 190-illiyinin dövlət səviyyəsində qeyd olunması barəsində sərəncam imzalamışdır.
Xurşidbanu Natəvan Azərbaycan mədəniyyətinin poeziya incisidir. O, poeziya aləmində şeirləri ilə tanınsa da, xeyriyəçilik işləri ilə məşğul olduğu barədə də yetərincə məlumat vardır. Böyük kütlə tərəfindən sevilən “Neçin gəlməz” şeiri də məşhur şeirləri sırasındadır.
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahu-zarında neçin gəlməz, neçin gəlməz?
Demək olar ki, bir çoxumuzun əzbər bildiyimiz bu misraların kim tərəfindən yazıldığını bəzi insanlar bilməsələr də ədəbiyyat mütəxəssisləri, araşdırmaçı alimlər, eləcə də poeziya sevərlər bu misraların Azərbaycan ədəbiyyatında bənzərsiz dəstixətti olan Xurşidbanu Natəvanın yazdığını bilirlər.
Xurşidbanu Natəvan təkcə şair olmayıbdır, o həm də vətənpərvər, millətini sevən bir xanım olubdur. El arasında “Xan qızı” adı ilə çağırılan Xurşidanu Natəvan Şuşanın abadlaşmasında və xeyriyəçikdə çox mühüm işlər görmüş və bu xüsusiyyətinə görə böyük hörmət qazanmışdı.
Xurşidbanu Natəvan klassik şairlərin yaradıcılığı ilə yaxından maraqlanar, çətinliklə də olsa onların əsərlərini əldə edər və bu əsərlərdən ruhlanaraq özü də gözəl əsərlər meydana çıxarmağa çalışırdı.
Xurşidbanu Natəvanı M.Füzuli məktəbinin davamçılarından hesab edirlər. Onun yaradıcılığının müsbət keyfiyyətlərindən biri də bu idiki, o nəinki Füzulinin, eləcə də yüzlərlə gözəl yazan şairlərin heç birini təqlid etmirdi. Daim yeniliyə, müstəqilliyə can atan Xurşidbanu Natəvanın qələmə aldığı bir çox şeirlərində şair qəlbi ilə kövrək notlara söykənərək, daxilində tüğyan edən, yalnız öz şəxsinə aid olan bəzi sirli məqamları gizlin, sətirailtı məna ilə çatdırmağa çalışırdı.
Xurşidbanu Natəvan, 15 avqust 1832-ci ildə Şuşada, Qarabağın sonuncu xanı Mehdiqulu xanın ailəsində dünyaya göz açmışdır. Ailənin yeganə övladı olan Xurşidbanu Natəvan saray mühitində böyüdüyü üçün, ilk tərbiyəsini saray dayələrindən, təhsilini isə o dövrün ən güclü müəllimlərindən alır. Natəvan bəzi xüsusiyyətlərinə görə bir çox yaşıdlarından fərlənirdi. O, fikrini açıq söyləməyi bacarır, bir çox məsələlərdə ağıllı məsləhətlər verir, hər zaman rəiyyətin yanında olmağa çalışır, azadlığı, müstəqilliyi insan həyatı üçün vacib amil hesab edirdi.
Natəvan, həm ailənin, həm də Qarabağ xanlığının sonuncu varisi olduğu üçün saray əhalisi tərəfindən çox əzizlənmiş, ona “Dürrü yekta”, yəni “tək inci” adı verilmişdir. Onun xeyrxah əməllər sahibi olmasından və yaradıcılığından bir daha aydın olur ki, o təkcə ailənin incisi deyildi, həm də Azərbaycan poeziyasının incisi idi.
Xurşidbanu Natəvan təhsil aldığı müddətdə dünyavi elmlərlə yanaşı, dini dərsləri də öyrənir, Quranın ayələrini əzbərləyirdi.
Saray əhli üçün kübar cəmiyyət sinfinə mənsub hesab edildiyindən, o dövrdə belə ailələrin uşaqlarının bir neçə dili öyrənməsi vacib idi. Xuşidbanu da doğma ana dili ilə yanaşı ərəb və fars dillərinə də mükəmməl yiyələnə bilmişdir. Sonralar isə fransız, rus və gürcü dillərini öyrənmiş və bu dillərdə də mükəmməl, sərbəst danışmağı bacarmışdı. Uşaq vaxtından klassik ədəbiyyata böyük marağı olan Natəvan xanım öyrəndiyi bu dillər vasitəsi ilə Şərq və Avropanın dahi şairlərinin əsərlərini mütaliə edir və beləliklə klassik ədəbiyyata daha da bağlanırdı. Bu bağlılıq ona bir çox klassik şairlərin nadir əsərlərini və əlyazmalarını əldə etməsinə, bu əsərlər vasitəsilə şeirin üslubunun, qayda-qanunlarının öyrənməsində böyük kömək olur.
Xurşidbanu Natəvanın bir tərəfdən Qarabağ xanlığının qurucusu və ilk hökmdarı olan Pənahəli xanın şəcərəsindən, digər tərəfdən isə Qarabağın ilk bəylərbəyi Ziyadoğlu Qacarların nəslindən olması onun hörmətini bir qədər də artırır.
Hər iki tərəfdən, o dövrdən bu günümüzə kimi gəlib çıxan Azərbaycan mədəniyyətinin yetərincə nüfuzlu və tanınmış simalarından olan qohumları: Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əbülfət bəy Tuti, Əhməd bəy Cavanşirin və digərlərinin Xurşidbanu Natəvanın poeziya aləminə gəlişində, tanınmasında çox böyük rolu olubdur.
Şeirləri ilə şöhrət qazanmış Xurşidbanu Natəvanı həm də “lirik şeirlər şairi” də adlandırırdılar.
O, yaradıcılığa XIX 50-ci illərindən başlasa da, “Natəvan” təxəllüsünü 1870-ci illərdə götürür, bu təxəllüslə də məşhurlaşır. “Natəvan” təxəllüsü köməksiz, xəstə mənasını verir. Hər zaman yoxsul, kimsəsiz ailələrə həm maddi, həm mənəvi köməkliyini əsirgəməyən xanım, bəlkə də ürəyində olan insanlıq sevgisinə görə, rəiyyətin hörmətini uca tutmağı səbəbindən bu təxəllüsü özünə götürmüşdür.
Xurşidbanu Natəvanın şeirlərinin əsasında bir hüzn, bir qəmginlik hiss olunur. Onun Vətən, təbiət, məhəbbət və. s. mövzularda şeirlər yazmasına baxmayaraq, sevgi haqqında yazdığı qəzəlləri daha çox üstünlük təşkil edir.
XIX əsrin görkəmli qadın şairi olan Xurşidbanu Natəvanın keşməkeşli, maraqlı hadisələrlə dolu həyatı bir çox tədqiqatçıların marağına səbəb olmuş və Xan qızı haqqında araşdırmalar apararaq, diqqəti cəlb edən materiallar toplamışlar. Həmin mənbələrdən biz Natəvan xanımın həyat və yaradıcılığı haqqında müfəssəl məlumat öyrənə bilirik.
İki dəfə ailə həyatı quran Xurşidbanu Natəvanın hər iki ailə həyatı uğursuz olmuşdur. İlk evliliyi məcburi izdivac olmuşdur. Dövrün haqsızlığı, ədalətsizliyi, millətlər arasında yaranan münaqişələr, həmçinin dövlətin qorunması naminə belə izdivacların olması o zaman üçün zəruri idi. Natəvan da belə izdivacın qurbanlarından biri olur. Onun qəmli notlara köklənmiş şeirləri qələmə almasının səbəbi, bəlkə də həyatında baş verən bu hadisələr idi.
Natəvanın dillər əzbəri olmuş və insanlar tərəfindən sevilən bir çox şeirləri vardır ki, onlardan biri də “Qərənfil” şeiridir. Şairə xanım qərənfili o qədər gözəl, sadə, incə sözlərlə bəzəmişdir ki, sanki söhbət adi bir güldən deyil, həyatından küskün bir insandan gedir.
Səni kimdir sevən bica qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşuftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa ki, vəfasızdır dünya,
Gedər bu tələti ziva qərənfil!
Üzündən pərdeyi-nazın kənar et,
Unutma aşiqi haşa, qərənfil!
Poetik dildə yazılmış bu şeir bu gün də öz aktuallığını qorumaqdadır. Misralardan hiss olunan yanğı, şair xanımın dili ilə deyə bilmədiyi sözlərinin ürək yangısıdır ki, onu da qələmi ilə oxuculara çatdırmağa çalışmışdır.
Xurşidbanu Natəvan təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da Azərbaycanın tanınmış poeziya incilərindəndir.
Onun ilk evliliyi 1850-ci ildə, əslən Dağıstandan olan knyaz Xasay Usmiyevlə olur, onların bu evlilikdən Mehdiqulu xan adlı oğulları, Xanbikə adlı qızları dünyaya gəlir. Hər iki övladı şeirlər yazırdı. Oğlu Mehdiqulu “Vəfa” təxəllüsü ilə şairlər arasında tanınırdı
O, çar ordusunun generalı Xasay Usmiyevlə ailəli olarkən, Usmiyev işi ilə əlaqədar bir çox şəhər və ölkələrə gedir və Xurşidbanu xanımı da özü ilə getdiyi şəhərlərə aparırdı. Natəvan getdiyi vilayətlərdə həm onların dillərinə maraq göstərir, həm də o xalqların adət-ənənələrini öyrənirdi. O, Tiflisdə olarkən rus və gürcü mədəni əlaqələri cəmiyyəti ilə sıx əlaqə saxlayırdı. Vladiqafqazda, Dağıstanda və digər yerlərdə olduqda da o müxtəlif cəmiyyətlərlə əlaqə saxlayır, onların adətləri ilə yaxından tanış olmağa çalışırdı. Bir neçə dildə sərbəst, təmiz danışan Xurşidbanu Natəvanın zadəganlara məxsus rəftarı, danışığı hər kəsi heyrətdə qoyurdu. Bir türk xanımının bu cür xoş danışığı, oturuşu-duruşu kənardan diqqəti cəlb edir və onun kübarlığını göstərir, onu daha da nüfuz sahibi edirdi.
İnsanlar tərəfindən hörmətlə sevilən Xurşidbanu Natəvan xeyriyyəçiliyi ilə Şuşaya çəkdirdiyi su kəməri “Xan qızı bulağı” adı ilə məşhur idi. Bundan başqa o, məktəblərin və teatr binalarının tikilməsində, təmir-tikinti işlərinin aparılmasında, yolların çəkilməsində, məscidlərin tikilməsində birbaşa bu işlərin həyata keçirilməsində yaxından iştirak edirdi. Natəvanın Şuşa əhalisinin maariflənməsində, mədəniyyətimizin inkişafında çox böyük zəhməti olubdur.
Bir çox mənbələrdə Xurşidbanu Natəvanın ilk həyat yoldaşı Xasay Usmiyevin türk olduğu barədə fikirlər də yer alıbdır. Tədqiqatçıların araşdırmalarına görə Dağıstanının bir çox kəndlərində türkdilli kumuklar yaşamış və bu gün də yaşamaqdadırlar. Hətta, fransız yazıçısı Aleksandr Düma Usmiyevi tatar, yəni azərbaycanlı adlandırmışdı.
Çox haqlı olaraq araşdırmaçılar istər Xurşidbanu Natəvanı, istərsə də Xasay Usmiyevi siyasətin qurbanı, talesizlər hesab edirdilər. Əslində Xasay Usmiyev nə qədər sərt xasiyyətli, tündməcaz idisə, bir o qədər də dəyanətli, mətin idi. O Xurşidbanuya aşiq olmuşdu. Lakin siyasətin məkrli planı bu cütlüyün, xüsusilə də Usmiyevin ailə xoşbəxtliyini həzm edə bilmədiklərindən ailənin dağılması üçün çəkdikləri planları nəhayət baş tutur. Ailəsi dağılmış Usmiyev vəzifəsindən də uzaqlaşdırılır və sonradan onun öz həyatına son qoyduğu deyilir. Buradan bir daha o qənaətə gəlmək olur ki, çarizmin siyasəti türklərə qarşı olduğundan, burada Usmiyevin də kumuk türkü olduğu anlamı təsdiqlənir.
Xurşidbanu Natəvan ikinci ailə həyatını rəiyyət içərisindən çıxmış, papaqçı adı ilə tanınan və insanlar tərəfindən həmişə hörmətlə qarşılanan Seyid Hüseyn adlı bir şəxslə qurur. Bu evlilikdən onun üç oğlu: Mir Möhsün, Mir Abbas və Mir Həsən dünyaya gəlir. Lakin bu izdivac da əvvəlki kimi qohumların qəzəb və qınağına səbəb olur, ailə üzvləri arasına düşmənçilik səpilir və sonda Xurşidbanu Natəvanın Usmiyevdən olan böyük oğlu Mehdiqulu xan anasını tərk edərək evdən uzaqlaşır. Əslində Natəvan xanımın birinci evliliyində də onun başqa vilayətə ərə getməsini qohumları narazılıqla qaşılanmışdı. Çünki, hər zaman Natəvan xanımla evlənmək arzusunda olanlar çox olubdur.
Yaşadığı mühitin haqsızlığı, dövrün ədalətsizliyi, insan azadlığının boğulması şair xanımın səhhətinə təsirsiz ötüşmür. Vaxtsız qocalan Natəvan həyatın daha bir zərbəsini alır. İkinci nigahından olan on yeddi yaşlı oğlu Mir Abbası ağır xəstəlikdən itirən və ağlamaqdan gözləri tutulan Natəvan xanım çox sarsılır, özünə qapanaraq uzaq bir kənddə məskunlaşır və ömrünü tənha yaşayaraq keçirir. Ana qəlbini yandıran övlad dərdi şeirlərində özünü əks etdirir. Onun, “Ölürəm”, “Ağlaram”, “Ağlama” kimi qəzəlləri vardır ki, bir çox şairlər öz yaradıcılıqlarında bu qəzəllərdən bəhrələnmişlər.
Qeyd etdiyimiz kimi Xurşidbanu Natəvanın cəmiyyətdə çox məşhur qohumları olmuşdur. Bibisi Ağa bəyim ağa, əmisi Nəva, dayıları Hali və Müsahibin adları ədəbiyyatda yaxşı tanınır. Əmisi Nəvanın ədəbiyyata olan marağından əlavə, o həm də dövrünün gözəl rəssamı idi.
Xurşidbanu Natəvan 1864-cü ildə görkəmli şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə yaradılmış “Məclisi-üns” şeir məclisini 1872-ci ildə hamiliyə götürür və sonralar bu məclisin üzvlərinin sayını otuza çatdırır. O vaxt bir neçə belə məclislər fəaliyyət göstərirdi, ən məşhuru Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” idi. Çünki Natəvan xanım bu məclisə təkcə Qarabağdan olan şairləri deyil, Azərbaycanın bütün bölgələrindən olan şairləri dəvət edirdi. Bu xeyirxah əməl sonralar digər bölgələrdə də bu cür məclislərin yaranmasına səbəb olur.
Bibisi Əzət xanımın nəvəsi Qəmər Nisə bəyimin ədəbiyyata gəlməsində və tanınmasında Natəvanın böyük köməkliyi olubdur. Onun təşkil etdiyi “Məclisi-üns” üzvlərinə Qəmər bəyimin təqdim olunması və orada on üç yaşlı yeniyetmə qızın gözəl şeir deməsi, bütün məclis üzvlərinin xoşuna gəlir və şeiri avazla söylədiyinə görə ona Şeyda yəni, “bülbül”təxəllüsünü verirlər. Qəmər bəyim Şeyda şairlər içərisində bu adla tanınmış olur.
Natəvan xanım insanlara təkcə maddi köməklik göstərmirdi, o mənəvi olaraq, insanlıq köməyini də əsirgəmirdi.Tədqiqatçı Bəylər Məmmədovun Xurşidbanu Natəvana həsr etdiyi eyniadlı kitabında şair xanımın “Xanlıq Şükür” adı ilə tanınmış ailə xidmətçisinə musiqi təlimi keçməklə onun məşhur xanəndə olması rolundan da bəhs edilir. Bütün bunların olması xan qızı Natəvanın sadəliyindən, mehribanlığından irəli gəlirdi, onun daim rəiyyətin yanında olmasından, onların hüquqlarını müdafiə etməsindən xəbər verirdi.
Xurşidbanu Natəvan haqqında çox danışmaq olar. Misal üçün deyə bilərik ki, böyük fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Bakıda olarkən Natəvanla rastlaşır, bu tanışlıqdan sonra Natəvan xanım onu Qarabağa, öz evinə dəvət edir. Onlar bir-birlərinə qiymətli hədiyyələr verirlər. Bu hədiyyələr içərisində Natəvanın əl işi olan tikmələr, rəsm əsərləri, şeirləri və digər hədiyyələr var idi, Aleksandr Düma da Xurşidbanu Natəvana bir çox hədiyyələrlə birlikdə fransız sərkərdəsi Napaleonun büstünü hədiyyə edir. Düma, xan qızının peşəkar şahmat oynamasına da öz heyrətini gizlədə bilməmişdir.
Natəvan haqqında bir çox mənbələrdə maraqlı məlumatlarla qarşılaşmalı oluruq. Azərbaycan müsiqi sənətinin banisi Üzeyir Hacıbəylinin də Natəvan xanımın ailəsi ilə yaxınlığı olduğuna rast gəlinir. Dahi Üzeyir bəyin atası Əbdülhüseyn, Xurşidbanu Natəvanın şəxsi katibi olmuş, anası Şirin xanım isə Natəvan xanımın evində böyümüş, onun ən yaxın köməkçilərindən idi. Üzeyir bəyin babası isə Natəvan xanımla süd bacı-qardaşı olub.
Göstərdiyi xeyirxahlıqlar bir çox tanınmış insanların xatirələrində yer almışdır.
Gülləri, xüsusilə qərənfilləri sevən Xurşidbanu Natəvan öləndə məzarının ətrafında qərənfillərin olmasını qızı Xanbikəyə vəsiyyətində demişdi. Bu materiallar Azərbaycanın görkəmli yazıçısı Əzizə Cəfərzadənin qadınlara həsr etdiyi kitabında Natəvan xanımın nəvəsi Sənubər xanımın xatirələrində yer alıbdır.
Şuşadan olan görkəmli pedaqoq, ədəbiyyatşünas F.b. Köçərli müəllifi olduğu “Azərbaycan türklərinin ədəbiyyatı” əsərində Xurşidbanu Natəvanın da adını qeyd etmişdir.
Xurşidbanu Natəvan 1897-ci ildə dünyasını dəyişir və onu Ağdamda “İmarət” qəbristanlığında dəfn edirlər.
1960-cı ildə Bakının mərkəzi küçələrindən birində heykəli ucaldılan şair xanımın, 1982-ci ildə isə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstünün açılışı olmuşdur.
1990-cı ildə yenidən Qarabağda işğalçılıq siyasətini həyata keçirən erməni quldur dəstələri Azərbaycanın tarixi abidələrini məhv etdikdə, 1992-ci ildə Xurşidbanu Natəvanın da büstünü güllə ilə zədələyərək, qəbrini dağıdırlar. Hətta, vəhşi düşmənlər tərəfindən onun sümüklərinin çıxarılaraq, naməlum yerə aparıldığı da qeyd olunmuşdur. Milli Ordumuzun 44 günlük Vətən müharibəsi zəfərindən sonra Xurşidbanu Natəvanın büstü yenidən Şuşaya, doğma məkanına qaytarıldı.
Nə yaxşı ki, 2020-ci ilin 8 noyabrı bizə bu “Zəfər” gününü yaşatdı.
Ali Baş Komandan İlham Əliyevin əmri ilə Milli Ordumuzun igid əsgər və zabitləri torpaqlarımızı otuz illik işğaldan azad etdilər. Şuşa da azad edilmiş torpaqlarımızın sırasında oldu. Təəssüflər olsun ki, müharibə şəhidsiz olmur. Lakin, bu gün bizim şəhid balalarımızın ruhu şaddır. Dahilərimizin ruhu şaddır. Eləcə də vətənpərvər şairəmiz, Azərbaycan poeziyasının incisi Xurşidbanu Natəvanın ruhu şaddır. Şuşa azaddlığına qovuşub.
Cənab Prezidentin söylədiyi “ƏZİZ ŞUŞA! SƏN AZADSAN, BİZ SƏNƏ GƏLDİK, BİZ SƏNİ YENİDƏN DİRÇƏLDƏCƏYİK” deməsi hər birimizin dilində şüara çevrilibdir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Pərixanım Mikayılqızı
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
F.b.Köçərlinin tədqiqatçısı,
AJB-nin üzvü, şair-publisist,
“Xarı bülbül” medalı mükafatçısı
və bir çox mükafatlar laureatı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.