TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70
Bu gün 70 yaşı tamam olan görkəmli alim,
Azərbayçan Texniki Universitetinin rektoru,
texnika elmlər doktoru, professor
Havar Əmir oğlu Məmmədov
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan elminin inkişafında və
yüksək ixtisaslı kadrların hazırlanmasında
xidmətlərinə görə
“Əməkdar elm xadimi” fəxri adı ilə
təltif olunmuşdur.

Hörmətli Havar müəllimi bu fəxri ada layiq görülməsi
və anadan olmasının
70 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm can sağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...


TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70 Havar Əmir oğlu Məmmədov - 9 oktyabr 1945-ci ildə anadan olmuş, 1968-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və “Avtomatika və telemexanika” ixtisasına yiyələnmişdir. Ali məktəbdə oxuduğu müddətdə əla təhsilinə və ictimai işlərdə fəal iştirakına görə Lenin təqaüdünə layiq görülmüşdür.

1968-1970-ci illərdə o, AzPİ-nin “Avtomatika və telemexanika” kafedrasın­da assistent vəzifəsində çalışmış, 1970-1974-ci illərdə həmin institutun əyani şöbə­sinin aspirantı olmuşdur.

1970-1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirmişdir.

1974-1984-cü illərdə AzPİ-nin “İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində uğurla çalışmışdır.

H.Ə.Məmmədov institutun ictimai həyatında fəal iştirak etmişdir. O, 1973-1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980-1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983-1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olmuşdur.

H.Ə.Məmmədov 1984-1989-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Elm və təhsil müəssisələri” şöbəsində təlimatçı vəzifəsində işləmişdir.

H.Ə.Məmmədovun sonrakı əmək fəaliyyəti Azərbaycan Texniki Universiteti ilə bağlıdır. O, 1989-1991-ci illərdə AzPİ-nin axşam və qiyabi təhsil üzrə pro­rektoru, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektoru, 1993-1996-cı illərdə AzTU-nun “Elektron hesablama aparatlarının istehsalı və konstruksiyaları” kafedrasının, 1997-2000-ci illərdə “Telemexanika və nəqliyyatın avtomatlaşdırıl­ması” kafedrasının, 2000-ci ildən hal-hazıra qədər “Avtomatika və idarəetmə” kafedra­sının müdiri vəzifələrində çalışır.

H.Ə.Məmmədov 1983-cü ildə “Paylanmış parametrli dövrələrdə kommuta­siyaların ardıcıl qapadılmasında keçid prosesləri” mövzusunda namizədlik, 1998-ci ildə isə “Paylanmış parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin analiz metodları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Professor H.Ə.Məmmədov bakalavr, magistr və doktorant pillələrində mütə­xəssislərin hazırlanmasında yüksək səviyyədə elmi-pedaqoji fəaliyyət göstərmiş, ixtisaslı mütəxəssislərin, elmi kadrların hazırlanması, kafedranın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görmüşdür.

Professor H.Ə.Məmmədov kafedrada yerinə yetirilən dövlət büdcəli və kafedranın nəzdindəki ETL-da aparılan elmi-tədqiqat işlərinə rəhbərlik edir.

Professor H.Ə.Məmmədov 2000-ci ildən hal-hazıra qədər Azərbaycan Texniki Universitetinin rektorudur. O, eyni zamanda ixtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədridir.

Professor H.Ə.Məmmədov 205 elmi məqalənin, 3 monoqrafiyanın, 22 dərslik və dərs vəsaitinin, 9 patentin müəllifidir. Onun elmi məqalələri ABŞ-ın, Fransanın, Malayziyanın, Türkiyənin, İspaniyanın, İtaliyanın, Rumıniyanın, Latvi­yanın və MDB-nin aparıcı nəşrləində dərc olunmuşdur.

Professor H.Ə.Məmmədov eyni zamanda rektor kimi Rusiyanın qabaqcıl texniki universitetləri – N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Rostov Dövlət Yollar Universiteti, Dağıstan Dövlət Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatika Universiteti, prof. N.A.Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekom­munikasiya Universiteti, Moskva Dövlət Avtomibil-Yol Texniki Universiteti və başqaları ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə məqsədə­uyğun və səmərəli fəaliyyət göstərir.

Professor H.Ə.Məmmədov bir sıra akademiyaların, o cümlədən Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının, Azərbaycan Beynəlxalq Mühəndislik Akademiyasının, Elmi İnkişaf üzrə Beynəlxalq Akademiyanın Həqiqi üzvü, Beynəlxalq Şərq Akademiyasının müxbir üzvüdür. Bundan əlavə prof. H.Ə.Məmmədov bir sıra ali məktəblərin (Varna Texniki Universitetinin (Bolqarıs­tan), Həştərxan Dövlət Universitetinin, A.S.Popov adına Odessa Milli Rabitə Akade­miyasının) fəxri professoru və doktorudur.

2005-ci ildə Beynəlxalq Biblioqrafiya mərkəzinin Kembricdə keçirdiyi sorğuya görə prof. H.Ə.Məmmədov ilin alimi elan olunmuşdur.

2011-ci ildə Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində ikitərəfli münasibətlərin inkişafına görə “Rusiya nəqliyyatının yaradılmasının 200 illiyi” yubiley döş nişanı ilə, həmin ildə respublikada mühəndis kadrların hazırlanması, texniki elmlərin və təhsilin inkişafındakı xidmətlərinə görə isə yüksək dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Havar Əmir oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuşdur.

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70


Biz də görkəmli alim,
Azərbayçan Texniki
Universitetinin rektoru,
texnika elmlər doktoru,
professor
Havar Əmir oğlu Məmmədovu
anadan olmasının
70 illik Yubileyi münasibətilə
bir daha ürəkdən
təbrik edir,
ona uzun ömür,
möhkəm can sağlığı,
elmi-pedaqoji
fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...


Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: