QURBAN BAYRAMOVA həsr edilmişdir
YENİ KİTABI TƏQDİM EDİRİK
(Şahməmməd."Sözün də çəkisi var", poema, "Ecoprint" nəşriyyatı, Bakı, 2017, 122 səh. Suvenir kitab.)
Şair, yazıçı-publisist, jurnalist Şahməmməd
30-dan çox kitabın, 5 cildlik "Seçilmiş əsərlər"in, 14 poemanın müəllifidir. Keçən əsrin 60-cı illərindən şeirlərini dərc etdirir. Şeirləri məşhur tərcüməçi şairlər tərəfindən rus dilinə tərcümə edilərək Moskvada müxtəlif mətbuat səhifələrində dərc edilmiş, kitab şəklində buraxılmışdır... 1947-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuşdur. Şamaxıda pedoqoji texnikum, Bakıda universitet, Moskvada Akademiya təhsili almışdır... Şairin 15-ci poeması "Sözün də şəkli var" adlanır. Bu lirik poema Şahməmmədin “...Şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti = SÖZÜN HEYKƏLİ”, kitablarımın qəhrəmanı, Fədakar alim, Vurğunşünas, tanınmış tənqidçi-ədəbiyyatşünas QURBAN BAYRAMOVA həsr edilmişdir.
Xatırladım ki, Şahməmməd müəllim 2011-ci ildə Qurban Bayramovun həyat və yaradıcılığından "essevar-tədqiqi publisistika" janrında (bu janrda ilkdir) monoqrafik əsər yazmışdır. Sadəcə burada kitabın titul-təqdimatını təqdim etməyi vacib sayıram: Şahməmməd: “Qurban Bayramov – şəxsiyyətin böyüklüyü – böyüklüyün şəxsiyyəti, “Əks - səda” – “EXO”, (essevari-tədqiqi publisistika), Bakı, MBM, 2011-cu il, 428 səh".
Şahməmməd "Sözün də çəkisi var" kitabında "Müəllifdən" məqaləsində yazır: "...Biz yazıçılar, şairlər həmişə tənqidçilərdən, ədəbiyyatşünaslardan umuruq ki, bizim yaradıcılığımız haqqında yazsınlar... Əlbəttə bu onların peşə stixiyasıdır... Bəs niyə biz yazıçı, şairlər də, dəyərli tənqidçilərimiz barəsində fikrimizi, hissimizi, duyğularımızı bildirməyək, qələmə almayaq... Mənim QURBAN müəllimə həsr etdiyim bu poema belə bir istəkdən qaynaqlandı və suvenir-kitab təkin alim, tənqidçi dostuma sürpriz oldu...
...Mən Sizlərə təqdim etdiyim bu yazımda ömrümün bütün enişli-yoxuşlu yollarını, dolaylarını açmaq fikrində deyiləm, bu barədə "Yollar" xatirə-romanımda yetərincə söhbət açmışam... Lakin ömür davam edir... Bu ömür yollarında birdən elə maraqlı, dəyərli insanla qarşılaşırsan ki, o sənin ömrünə doğrudan da dəyər kimi daxil olur. Belə insanlardan biri də, mənim üçün böyük, əvəzedilməz bir dost, qələm yoldaşı, həmkar, günümüzün gözəl ziyalısı, tanınmış tənqidçi, ədəbiyyatşünas Qurban Bayramovdur. Poemanın qəhrəmanı da odur... Elə bilirəm ki, ədəbiyyat tarixində ilk faktdır ki, şair tənqidçiyə poema həsr edir... Fikrimcə bu poema ədəbi mühitin diqqətini cəlb edəcəkdir...
Qurban müəllimlə biz həmyaşıq... Lakin, tale bizi çox gec qarşılaşdırdı... Bunun da özünəməxsus, maraqlı, qələm sahiblərinə yaraşan, ziyalılığa nümunə bir tarixçəsi var..."
Poemanı oxuduqca bu tarixçə, tanınmış tənqidçi, ədəbiyyatşünas, 70 ilik yubileyini keçən il ədəbi ictimaiyyətin geniş şəkildə, müxtəlif məqamlarda (Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda) keçirdiyi Qurban Bayramovun həyatı, bir insan kimi xarakteri, bir alim kimi sambalı gözümüz önündə canlanır, oxucu ziyalı necə olmalıdır, millətinə, xalqına, ədəbiyyatına, mədəniyyətinə necə xidmət etməlidir suallarına poetik sözün aurasında cavab tapır...
Poema bu bəndlə başlayır:
Bu əsəri çoxdan yazmaq istəyirdim,
Səbir məni caynağında ram edirdi.
Bir şeirimlə istəyimə qalib gəldim?..
Yox, yox fikrim ürəyimi şam edirdi...
İstedadlı şair, 55 illik yaradıcılıq təcrübəsi olan, oxucularının sevimlisi Şahməmmədin doğrudan da, "ürəyini şam" edərək yazdığı "Sözün də çəkisi var" poemasının qəribə, olduqca orijinal, mükəmməl süjeti və strukturu var...
Çoxlarının bilmədiyi bir məsələ də, burada məlum olur... Müasir ədəbi tənqiddə Qurban Bayramov ən yaxşı poeziya tənqidçisi kimi qəbul edilibdir. Onun poeziya, şeir duyumu, bənzərsizdir... Bu haradan gəlir, daha çox haradan qaynaqlanır?.. Əlbəttə ki, yenə də poeziyadan, şeirdən... Sən demə, şeir xiridarı olan Qurban Bayramov lap orta məktəb illərindən, 50-ci illərin axırları, 60-cı illərin əvvəllərindən bu günə kimi şeir yazırmış... Şahməmməd müəllim həm qəhrəmanına, həm də oxucularına sürpriz olaraq poemasının süjetində Qurban müəllimin şeirlərindən nümunələr də vermişdir...
“Sözün də çəkisi var” poemasının fikrimizcə, daha maraqlı cəhətlərindən biri də budur ki, onun süjetində ədəbiyyatımızda yaşanan uzaqlı-yaxınlı, qaranlıqlı-işıqlı, acılı-şirinli sədası alim, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun ədəbi baxışlarından, ədəbi şəxsiyyət və simasından süzülüb gələn, müsair poeziyamızın məşhur şairlərinin, alimlərinin, ictimai xadimlərinin, sadə adamlarının, oxucuların fikirlərindən, münasibətlərindən, arzu və istəklərindən də bacarıqla, yerli-yerində istifadə edilmiş, həm onların, həm də poemanın qəhrəmanının barəsində poetik sözün enerjisində işıqlı təsəvvür yaratmışdır.
Məsələn, bunlardan, xalq şairi Nəriman Həsənzadənin, böyük alim, akademik İsa Həbibbəylinin, ictimai xadim İsa Qaraşovun, siyasi elmlər üzrə fəlsəfə doktoru, istedadlı şair Tahir Taisoğlunun maraqlı fikirləri, deyimləri, məşhur şairlərimizdən Oqtay Rzanın, Ənvər Əhmədin, Yusif Nəğməkarın, tanınmış şairlərimizdən Şöhlət Əfşarın, Qələndər Xaçınçaylının, Nadir Qədimoğlunun, Kazım Ağanın, elə Şahməmmədin özünün ayrı-ayrı vaxtlarda Qurban müəllimə həsr etdikləri şeirlərin poemanın strukrtunda yer tapması onun qəhrəmanı barədə oxucu təsəvvürünü genişləndirir, xüsusi bir maraq doğurur...
Xalq şairi, ustad Nəriman Həsənzadənin bir poema siqlətində olan "Qurban, sənə qurban!" kəlamının nurlu şəfəqlərinin işığında bunlardan kiçik fraqmentləri təqdim etsək, fikrimizə söykək olar:
Şahməmmədin "Qurban kişi" şeirindən:
Bayramovlar çox kişilər yetişdirib,
Kim bilməsə, sən bilirsən, Qurban kişi.
Zaman bu gün səni bizə bəxşiş edib,
Ömrü dən-dən, saçı dən-dən Qurban kişi.
...Kişi dedim, qəti dedim, dindi nələr...
Kişidirmi hər kişiyə bənzəyənlər?
Tək deyiləm, deyir səni izləyənlər,
Şeirimizə abidəsən, Qurban kişi.
Bu misralar ürəyimdə çoxdan idi,
Deməməyim məndən deyil, oxdan idi,
Heç bilmirəm “hə”dən idi, “yox”dan idi,
Yazar çoxdu, yeganəsən, Qurban kişi.
Ənvər Əhmədin "A, Qurbanım" şeirindən:
Sən nə safsan, nə heyrətli,
Nə məğrur, nə cəsarətli!
Sənin kimi bir qeyrətli –
Oğul varmı, a Qurbanım?!
Sənə qurban olsun canım!
Gözlərində göy izi var,
... Göy üzünün gündüzü var,
Ürəyində yurd közü var.
Ürəyin söz xəzinəsi,
Nəf əsin söz xəzinəsi!
Ruhum, qanım, ətim Qurban!
Qarabağ cənnətim Qurban!
Oqtay Rzanın "Gözəl alim, ziyalı..." şeirindən:
Qurban Bayram gözəl alim, ziyalı,
Ciddi, həssas, daim xeyir-dualı,
Bəzən ahıl, bəzən uşaq sənətkar,
Qocalıqdan xeyli uzaq sənətkar.
Ədəbiyyat, nəğmə, şeir sərrafı,
Dözmür qatı sazağına boz üzün.
Neçə qəlbin tər-təmizi, sərrafı,
Sürür ağır karvanını düz sözün.
Yusif Nəğməkarın "Nəğmə dolu bir boxçadır" şeirindən:
“Ən böyük sevinci bir andan gələr,
Yurdumun kamıdır Qurban Bayramov.
Nə fikir söyləsə Allahdan gələr,
Tanrı ilhamıdır Qurban Bayramov.
İşıqdır sabahı, nurdu keçmişi,
Yaxşını pislərdən seçməkdir işi...
Qədim el-obanın təəssübkeşi,
Xalqının namıdır Qurban Bayramov.
Mənə elə gəlir ki, bu misallar ümumi təsəvvür yaratmaq üşün yetərincədir və poemanı oxusanız yerdə qalan şeirlərdən, Şahməmmədin seçmə bəndlərindən, poetik fikir axarından məlumatınız olacaq və bədii-estetik zövq alacaqsınız...
Bir daha, Şahməmməd müəllimin kitaba yazdığı "Müəllifdən" yazısına müraciət edək: "Bir daha qeyd edirəm, həm qələmə aldığım essevari tədqiqi-publisist, ədəbi-estetik kitabın, həm də “Sözün də çəkisi var” poemasının ədəbiyyatımızda yaşanan uzaqlı-yaxınlı, qaranlıqlı-işıqlı, acılı-şirinli sədası alim, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun ədəbi baxışlarından, ədəbi şəxsiyyət və simasından gəlib, yəni, duzu ondan, əks-sədası isə məndən - şair-publisist Şahməmməddən gəlib... Əgər marağınıza səbəb olarsa, özümü olduqca məmnun hesab edərəm!..
Dünyaca məşhur Ernest Heminqueyə görə "Hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır"; bunu Aysberq (ingiliscə "Iceberg") üslubu adlandırırlar. Mən də çalışdım ki, Qurban müəllimin şəxsiyyəti və yaradıcılığı fonunda müasir ədəbi -tənqidimizin bir ünlü şəxsiyyətinin görünən və görünməyən tərəflərini poetik sözün gücünə sığınıb göstərə bilim..." Müəllif bütünlüklə bu istəyinə nail olubdur. 142 səhifəlik "Sözün də çəkisi var" lirik poeması bu bəndlərlə bitir:
...Qurbanın dostları, sözüm sizədir,
Sözləri çəkəni gəlin qoruyaq.
Onun ümidləri yalnız bizədir,
Gəlin, Qurbana da, biz olaq dayaq...
Olmasa yazının dolaşar ipi,
Almaz da, yaqut da dolaşıq düşər.
Qurban, bir gəmisən, sularda gəmi,
Düşsən qasırğaya ağlayar bəşər.
Sözün çəkisi var, çəkənə möhtac...
Sözün çəkisi var dağlardan ağır.
Sözü ölçənlərə çoxdur ehtiyac,
Yenə də qar yağır eh, ağır, ağır.
Bu isə akademik İsa Həbibbəylinin Qurban müəllimin 70 illik yubileyində söylədiyi nitqindəndir: "O, ürəyi geniş, bir tarazlayıcı, həyatda insanlara yaxşılıq etmək istəyən, özünü həmişə qabağa verəndir. Bu gün də mətbuatı açıb baxsanız Qurbanın cavanlıq ruhuyla yazılmış yüksək səviyyəli yazılarına rast gəlmək mümkündür. Bizim XX əsr ədəbiyyatımızın, hətta müstəqillik dövrü ədəbiyyatımızın tədqiqində, öyrənilməsində, təbliğində Qurbanın çox böyük xidmətləri vardır, bu gün də yorulmadan çalışır. O, Ədəbiyyat İnstitutunun aşiqidir, Ədəbiyyat İnstitutunda təkcə indini demirəm, baş verən uzun illərdən bəri kiçik və böyük nailiyyətlərin hamısına ürək dolusu sevinəndi. O, bu nailiyyətləri öz tərcümeyi-halının hadisəsi kimi qeyd etməyi bacaran və onu, necə deyim, ürək dolusu cəmiyyətə çatdırandı. Yəni Ədəbiyyat İnstitutu və Qurban Bayramov ayrılmaz bir vəhdətdir. Mən hesab edirəm ki, Ədəbiyyat İnstitutu Qurban Bayramov üçün, bizim hamımız üçün bir məbəddir.
Eyni zamanda Qurban Bayramov öz çoxillik fəaliyyəti ilə bu İnstitutun məzmunca zənginləşməsinə kifayət qədər sanballı töhfə verib, şəxsi nümunəsi ilə də, mənəvi keyfiyyətləri ilə də, münasibətləri ilə də, yazısıyla, qələmiylə və əsərləri ilə... Ona görə mən quş kimi böyük sürətlə uçub gedən bu illərdən keçmişə baxarkən görürəm ki, hər hansı mərhələdə Ədəbiyyat İnstitutuna nəzər salsan, orda Qurban var və Qurbanın sözü var, özü var, əsərləri var. Qurban bu İnstitutun necə deyim, az qala böyük bir dövrünü arxasınca yaxşı tərəflərə çəkib aparan aparıcı sima, lokomotiv kimi görsənir mənim gözümdə və mən Qurbana cansağlığı arzu edirəm. Qurbanı ürəkdən təbrik edirəm."
Redaksiyadan təqdimatımızı "Sözün də çəkisi var" kitabının redaktoru, şair-publisist, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Tahir Taisoğlunun kitaba yazdığı "Son söz əvəzi" məqaləsindən gətirdiyimiz fikirlə sonlamaq istəyirik:
"Şahməmməd mənim gənclik dostumdur. Çox maraqlı və təsirli bir əsər yazıbdır. Bu kitabın bir məziyyətini də qeyd edim, o da, bizim xəbərimiz olmayan, gizli və örtülü qalan Qurban müəllimin şairlik istedadı barəsində verilən xoş bir müjdədir. Doğrusu, mənim üçün gözlənilməz və sürpriz oldu... Şahməmməd sağ olsun ki, onun şeirlərindən əlinə keçən nümunələrdən də oxucularına təqdim edibdir. Mənə elə gəlir ki, bu faktın özü də poemanın qayəsini daha da gücləndirmişdir...
Mən, həm Şahməmmədə, həm ədəbiyyatşünas-alim, tənqidçi, indi isə həm də, şair kimi tanıdığım Qurban müəllimə uzun ömür, işıqlı həyat arzulayıram. Onların arasında cəmisi bir yaş fərqi olsa da, mən onların ünsiyyətində bir fərq görmürəm. Biri yazır-yaradır, o biri isə təhlil edir, məna və mahiyyəti aşkarlayır, qiymətləndirir, öz müşahidələrini oxuculara çatdırır...
Mən həm şair dostuma, həm alim dostuma bundan sonra da sənət dünyasında böyük sənətkarlıqla yazıb-yaratmaq eşqi arzulayıram. Qoy, onlar bilsinlər ki, sənətkarın son mənzili yoxdur."
Məqaləni dərc etməzdən əvvəl Şahməmməd müəllimlə telefon əlaqəsi saxladıq. Təşəbbüsümüzü bəyənərək dedi: "Diqqətinizə görə çox sağ olun! Fürsətdən istifadə edib bu yeni kitabımın ərsəyə gəlməsində adları keçən hamıya, xüsusən, kitabın "Ön sözü əvəzi"nin müəllifi akademik, filologiya elmlər doktoru, professor, AMEA-nın Vitse-prezidenti, Millət vəkili, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyliyə, kitabın redaktoru, "Son söz"ün müəllifi şair-publisist, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Tahir Taisoğluna, bacarıqlı naşir Ceyhun Əliyevə, texniki redaktor Ülvi Arifə, dizayner Elnarə Abbasovaya, korrektor Aqil Hüseynova təşəkkürümü bildirirəm...
Bir məsələni də, ayrıca qeyd etmək istəyirəm. Məlumdur ki, indiki vəziyyətdə maliyyə dəstəyi olmadan biz qələm əhli bu işlərin öhdəsindən gələ bilmirik, qələmə, sözə gücümüz çatır, maliyyə məsələsində isə məlum səbəblərdən xeyli gücsüzük... Bizlər, keçən əsrin əvvəllərində xeyirxahlıqları ilə fərqlənən messenatların - Hacı Zenalabdinlərin indi-indi qədirlərini bilirik... Onlar nə qədər qəzet-jurnallara, nəşriyyatlara, yazıçı və şairlərə kömək ediblər, məktəblər açıblar, xaricdə tələbələr oxudublar... Allah hamısına rəhmət eləsin... Bu xeyirxahlıqlarına görə də həmişə xatırlanırlar...
"Dünya yaxşılardan xali deyil" - deyib babalar... İndinin özündə də, az olsa da, (yaxşılar elə az olur!!!) şairin, yazıçının, alimin qədrini bilən, qələmi və sözü qiymətləndirən, onların karına gələn, qolundan tutan mərd iş adamlarımız var. Onlardan biri də, poeziyanı, şeiri su səsi, su lətafəti qədər sevən Vilayət Məmmədovdur. Bu kitabın nəşrində sinəsini irəli verdi, bizə arxa durdu... Ona öz adımdan, Qurban müəllimin adından minnətdarlığımızı bildirir, təşəkkür edirik... Yaxşı ki, dünya yaxşılardan xali deyil!!"
Biz də, redaksiya heyəti adından bu istəyə və arzuya qoşulur, oxucularımızı bu maraqlı kitabı oxumağa dəvət edirik...
(Kitabın PDF surətini buradan oxuya bilərsiniz: Вход - Почта Mail.Ru = Buranı tıkla kitab açılacaq!! https: //e.mail.ru/attachment/14932782110000000705/0;1)
Diqqətinizə və münasibətinizə görə öncədən minnətdarlığımızı bildiririk...
Aqil Hüseynov
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.