Leyla Əliyevanın üslubu, istifadə etdiyi şeir vəznləri, poetik strukturun müxtəlif elementlərindən məharətlə istifadə etməsi bədii yaradıcılığının yetkinliyini şərtləndirir. L.Əliyevanın bədii yaradıcılığının yetkinliyi onun şeirlərinin ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü ilə şərtlənir. Leyla Əliyeva “Nargis Magazine” jurnalına müsahibəsində öz yaradıcılığını yaradıcı şəxs kimi dəyərləndirir: “...həyat, insanlar, duyğular – bütün bunlar mənə ilham verir. Mənə elə gəlir ki, şeirlər mənə Allahdan gəlir, sətirləri eşidirəm. Bir neçə dəqiqəyə şeir yaza bilərəm, bəzən hətta yuxuda da, sonra yeni qafiyələr gəlir...” Zaman və məkanından asılı olmayaraq, mürəkkəb və məsuliyyətli yaradıcılıq prosesinin öhdəsindən Leyla Əliyevanın yaradıcı şəxs kimi məharətlə gələ bilməsi poetik nümunələri ilə təsdiqini tapır. Leyla Əliyeva poetik yaradıcılığında lirik ovqatı ictimai tutumlu mənalarla dərinləşdirə bildiyi kimi, janr baxımından, istifadə etdiyi şeir vəznlərini sənətkarlıqla istifadə edilməsi ilə də zənginləşdirir.
Leyla Əliyevanın yaradıcılığı müasir “Qadın poeziyası” kontekstində
Leyla Əliyevanın yaradıcılığındakı janr müxtəlifliyini, problematika zənginliyini, obrazların özünəməxsusluğunu və s. məqamlara diqqət yetirilməsi və bu baxımdan şairin yaradıcılığını “qadın poeziyası”nın parlaq nümunəsi kimi dəyərləndirilməsi maraq kəsb edir. Bəllidir ki, “qadın poeziyası” termini mübahisə doğursa da, bu cür yanaşmalar özünü göstərir. Məsələn, Leyla Əliyevanın poetik yaradıcılığında bu amil belə təqdim edilir:
“Qadın poeziyasından bəhs edilərkən, xüsusi bir fenomen olması həmişə vurğulanır. Çünki poeziya sözlər insanın özü haqqında gizli söhbətidir, hər kəsə açıq bir ruhdur, etirafıdır, səsidir. Qadın lirikası həmişə nüfuzedici səmimiyyətlə, xüsusi ağrılı notla səslənir. Ona görə də yəqin ki, oxucularda qadın poetik sözünə belə qeyri-adi inam və rəğbət var. ... Azərbaycan qadın poeziyasında Leyla Əliyeva belə yeni parlaq ada çevrilib. Onun nəğməkar şeirləri oxucunu ilk növbədə etirafedici sözlərlə ovsunladı” (Джафарова 2020, 32-36).
Qeyd etmək lazımdır ki, son dövrlər ədəbiyyatşünaslıqda “Qadın poeziyası”, “Qadın nəsri” və s. anlayışlar aktuallıq kəsb edir. Bu anlayışlar həm də alim və tənqidçilərin maraq dairəsini əhatə etdiyi kimi, mübahisələrə də yol açır. Məsələn, bu problematika ilə bağlı rus ədəbiyyatşünaslığında N.V. Vorobyova “1980-2000-ci illərdə qadın nəsri: dinamika, problematika poetika” (2006), A.Q. Puşkar “Qadın nəsrinin tipologiyası və poetikası: gender aspekti” (2007), O.V. Penzina “XIX əsrin ikinci hissəsinin qadın nəsri: müəllifliyin gender aspekti” (2009), Y.V. Pastuxova “XX-XXI əsr rus qadın nəsri rus və əcnəbi bədii tənqiddə anlamı” (2010), Y.İ. Qorubova “Müasir alman ədəbiyyatında qadın obrazının bədii strukturu” (2010), Qərb ədəbiyyatşünaslığında Catherine Reilly, Scars Upon my Heart: Women’s Poetry and Verse of the First World War (1981), Cixous H. and Clеment C., The Newly Born Woman (Minneapolis: University of Minnesota Press, 1986), Vera Norwood and Janice Monk, The Desert Is No Lady: Southwestern Landscapes in Women’s Writing and Art (Tucson, University of Arizona Press, 1997), Lorraine Anderson, Sister of the Earth: Women’s Prose nad Poetry aboute Nature (New York, Vintage, 2003), E. Somerville and Martin Ross: female authorship and literary collaboration (University of Western Sydney, 2016) və digər bu kimi əsərlərdə “Qadın poeziyası”, “Qadın nəsri” və s. kimi məsələlər tədqiqat obyektinə çevrilir. Azərbaycan ədəbiyyatşünaslığında da “Qadın poeziyası”, “Qadın nəsri” və s. qadın şair və yazıçıların yaradıcılığının tədqiq məsələlərin tədqiqat obyektinə çevrilməsi özünü göstərir. Məsələn, P.İ.Məmmədovanın “Müasir rus nəsrində bədii məkan və zaman (L.Ülitskayanın yaradıcılığı əsasında), F.F. Kərimovanın “Ən yeni rus və ingilis ədəbiyyatında ailə və cəmiyyət problemi (L. Tolstaya, L. Petruşevskaya, V. Pelevin, A. Merdok, C. Barns, C. Faulzun əsərlərinin materialları əsasında), M.R. Mustafayevanın “Lyudmila Petruşevskayanın yaradıcılığında gündəlik həyat poetikası”, A.A. Əlizadənin “Müasir rus və ingilis yazıçı qadınlarının nəsrində “qadın mövzusu”nun ideya-bədii diapazonu” və s. mövzularda təqdim edilmiş tədqiqat işlərində qadınların qələmə aldıqları əsərlərin növü və qadın yazarların yaradıcılığı geniş şəkildə tədqiq edilir.
“Qadın poeziyası”, “Qadın nəsri” və s. terminlərin işləndikləri məqamdan belə fikir mübahisə obyektinə çevrilmiş, müxtəlif yanaşmalar formalaşmışdır ki, onların nəzdində “qadın poeziyası”, “qadın nəsri” deyiləndə, müəllifin qadın olması, yəni cinsi fərqlərə görə bölünməsi, əsərin əsas qəhrəmanı qadın olması, əsərin mövzusunun hər hansı bir qadının taleyi ilə bilavasitə və ya bilvasitə bağlı olması amilləri ilə əlaqəli olması əsas götürülür. Lakin alim və tənqidçilər, vahid bir anlama bu gün də gələ bilməmişlər. Bir sıra rus ədəbiyyatşünaslığında qadın ədəbiyyatı ideya və stilistika əsasında seçilirsə, ingilis ədəbiyyatşünaslığı, əsasən, müəllifin cinsi mənsubyyətini əsas meyar kimi qəbul edirlərsə, fransız ədəbiyyatşünaslığı qadın mətninin məsumluğu və xüsusi “cisimin” mətnə müdaxiləsilə yaradılan azadlığı tədqiq edir. Fransız yazıçısı Elen Siksin “Başqa güzgü” (1974), “Meduzanın gülüşü” (1975), “Tək olmayan cins” (1977) əsərlərində qadın bədii stilin müəllifin cinsindən asılı olmadığı tezisini irəli sürür. Rus ədəbiyyatşünaslığına da bu mövqe yaxındır. Məsələn, O. Qavrilina “qadın ədəbiyyatı” (“женская литература”) terminini işlədir və onun iki əsas xüsusiyyətdə özünü göstərdiyini vurğulayır. Biri geniş mənada, yəni qadınlar tərəfindən məzmunundan asılı olmayan yazılmış hər hansı bir əsər, o biri isə, dar mənada, qadının hər hansı mətndə qadın dünyagörüşünün əks etdirməsi... Təsadüfi deyil ki, ingilis ədəbiyyatşünaslığında qadın ədəbiyyatının əsas metodu qinotənqiddir. Bu termin məşhur amerika ədəbiyyat tədqiqatçısı Eleyn Şovalter (Elaine Showalter) tərəfindən ilk dəfə “Yeni feminist tənqidi” (1985) kitabında istifadə edilir. Tədqiqatçı feminist tənqidlərin kasadlığını göstərmək məqsədilə qinotənqidə müraciət edir. Məhz qinotənqid qadınları yazıçı kimi öyrənilməsinə əsaslanan ixtisaslaşmış tənqidi diskursdur. Qinotənqidin predmeti qadın yazıçısının yazı manerasının xüsusiyyətləri (üslubu), dil problemi, qadın nəsrində mövzu yaratmaq üsulları (mövzu), qadınlar tərəfindən yaradılmış ədəbiyyatın differensial xarakteristikasını interpretasiya edilməsi, qələmə aldığı əsərin quruluşu və janrı, “qadın yaradıcılığı”nın dinamıkası, qadın müəllifin mətndə reprezentasiyası, qadın ədəbiyyatının ənənələrinin qanunları və tərəqqisidir.
Qeyd etmək lazımdır ki, “Qadın ədəbiyyatı”nda qadın obrazları, qadınlarla bağlı problemlər hər şeydən əvvəl, qadın şüurunda real dəyişikləri əks etdirir. Qadın ədibləri qələmə aldıqları bədii nümunələrdə əsrlər sonra müasir qadını tanıda biləcək obrazlar yaratmağa cəhd etmirlər. Qadın ədiblərin yaratdıqları qəhrəmanlar tarixi və sosial proseslərə bilavasitə nəzarət etmək iqtidarında ola bilmirlər. Bu baxımdan da, öz müqəddəratını təyinetmə probleminin qarşılıqlı əlaqəsi yazıçı ədiblərlə və onların qəhrəmanları arasında inkaredilməzdir. Leyla Əliyevanın şeirlərində son dərəcə mürəkkəb və təzadlı kişi və qadın münasibətləri qadın düşüncə tərzi ilə hadisələrə yanaşması müşahidə edilməkdədir.
Bir sıra tədqiqatçıların “Qadın şeiri”ndə, “Qadın nəsri”ndə yalnız yazar qadınların qadın obrazlarını yaratması tezisinin əsassız olması özünü məhz qadın yazarların qələmə aldıqları əsərlərdə göstərir. Məsələn, Leyla Əliyeva poetik nümunələrində həyat gerçəkliklərini əks etdirir. Leyla Əliyevanın poetik yaradıcılığı onu təsdiq edir ki, qadın yazar yalnız qadınları düşündürən problemlərə deyil, həm də ictimaiyyəti, cəmiyyəti düşündürən aktual məsələlərə də toxunur. “Azərbaycanın qadın şairləri içində Leyla Əliyevanın yazdığı sətirlər öz emosional ruh çağırışları, kədərin hakimiyyəti, varlığına inanılan eşqə sitəm, humanizm, tolerantlıq kimi motivlərlə zəngindir. Leyla Əliyevanın əsərlərində yer alan qadın hisslərinin tərənnümü konsepsiyası onun bütün şeirlərinin ruhuna hopmuşdur” (Nargis).
Leyla Əliyevanın maskulin dünyasının reallıqlarını əks etdirməsi, şairin bəzən insan taleyinə, şüuruna adət-ənənələrin təsiri, bu təsir nəticəsində arzuedilməz və xoşagəlməz hadisələrin istəmədən qurbanına çevrilmiş insanların mənəvi cəhətdən məhv edilməsinə şərait yaratdığını açıqlayır. Leyla Əliyevanın “Qaniçən” şeirində o amil xüsusi vurğulanır ki, şair yalnız qadın obrazını, onun keçirdikləri hissləri poetik dillə təqdim etmir. Leyla Əliyeva insanların üzləşdiyi mənfur əməllərin ümumiləşdirilmiş obrazını təqdim edir:
Qandı qaniçənin tək bir istəyi,
Nə süddü, nə sudu, nə də şirədi.
O, sevgi haqqında heçbir şey bilmir
Tənha da qalanda, bilmir bu nədi.
Həm də, qinotənqidin diqqətə çatdırmaq istədiyi problemlərdən biri olan maskulin ədəbi dilinin nominal və qrammatik strukturları şeirlərin məna məzmununa uyğun gəlməməsi özünü əks etdirir. Leyla Əliyeva “Vladimir Vısotski, sağ ol ki, varsan!” adlı şeirində şeirin poetik qəhrəmanı məhz qadına deyil, tanınmş tarixi şəxsiyyət olan Vladimir Vısotskiyə müraciət edir, onu da lirik qəhrəmana çevirir:
Vladimir Vısotski, sağ ol ki, varsan!
Sağ ol ki, həmişə hər yerdəsən sən!
Vısotski, mən sənə “sağ ol” deyirəm,
Sən niyə sevmədin, mən də sevmirəm!
Leyla Əliyeva həm də Vladimir Vısotskinin obrazını yaradır. Onun nakam məhəbbət yaşamasını vurğulayır.
Leyla Əliyevanın “Cana hopan arzu” şeirində də bu məqamla rastlaşırıq:
Xaraba yollarla gedirdi oğlan...
Yox, heç tələsmirdi, qaçmırdı nə də.
O da hamı kimi, tənha qalmışdı,
Vaxtı öldürürdü yol gedə-gedə.
Şeiri oxuduqca şairin oğlanın nakam məhəbbətini, keçirdiyi hissləri açıq-aydın şəkildə əks etdirməsi diqqətdən yayınmır. Qadın şairin qarşı tərəfin, oğlanın hisslərini belə incəliklə əks etdirməsi bir daha təsdiq edir ki, poeziya qadın və ya kişi poeziyasına bölünmür, bölünə də bilməz. Hər hansı müəllif, istər kişi olsun, istərsə də qadın, o insan hisslərini, düşüncələrini sənətkarlıqla əks etdirmək iqtidarında olmalıdır. Leyla Əliyevanın şeirdə oğlanın hiss-həyəcanlarının təsviri bu məqamı çılpaqlığı ilə əks etdirir:
Oğlan hirsli idi, özün söyürdü,
Dünyaya ürəkdən nifrət edirdi.
Gedirdi yolunu sakit, dinmədən,
Sevgisi qəlbində sıxıb gedirdi.
Şair məhz oğlanın nakam məhəbbətinin ağır nəticəsini, oğlana vurduğu mənəvi zərbəni, onun fəsadlarını poetik dillə təqdim edir:
Kimsəsiz yollarla gedirdi oğlan...
Həm günəş saçırdı, həm qar yağırdı.
Qızdan lal-dinməzcə ayrılmışdı o,
Sevgisi qəlbində, uzaqlaşırdı...
Bu təqdimatda poetik nümunənin ya qadın, ya kişi tərəfindən qələmə alınması özünü hiss etdirmir. Yəni hisslər, düşüncələr sənətkar bir insanın hiss və düşüncələrini əks etdirir.
Leyla Əliyevanın bədii yaradıcılığında ənənə və müasirliyin vəhdətdə təqdim edilməsi də özünü göstərir. Şairin şeirlərindəki bu məqam tədqiqatçılar tərəfindən vurğulanır:
“Gənc şairin yaradıcılığında ənənə ilə müasirliyin vəhdətini görürük. Leyla xanımın şeirlərində orijinallıq, zəngin məna çalarlığı, üslub əlvanlığı var. Şairə sanki oxucuların ürəklərindəki hissləri oxuyub poetik təcəssüm etdirir. Onun şeirləri son vaxtlar daha çox sevilir, oxucu məhəbbəti qazanır. Bu onun poetik istedadından xəbər verir şübhəsiz” (Vüqar Əhməd).
Leyla Əliyevanın poetik nümunələrinin vəzni
L. Əliyevanın hiss və həyəcanlarını emosional şəkildə əks etdirən bədii yaradıcılığında ahəng yaradan əsas ünsürlərdən olan şeir vəznləri diqqətdən yayınmır. Şairin müraciət etdiyi şeir vəznləri Azərbaycan xalqının özünəməxsus şeir ölçüsü olan heca vəzni və standart vəzn, bölgü, qafiyə, bənd və s. tələblərindən müəyyən qədər kənara çıxan səpkili şeir şəklidir.
Leyla Əliyeva Azərbaycan ədəbiyyatı üçün ən qədim və doğma vəzn olan heca vəzninə (sillabik vəzn) daha çox müraciət edir. Bu onun qələmə aldığı orijinal şeirlərində də özünü büruzə verir. Leyla Əliyevanın yaradıcılığından standart tələblərdən kənara çıxan, ancaq ahəngdarlığı gözləyən sərbəst şeir formasına müraciət edilməsi şairin orijinal şeirlərində rast gəlinir. Lakin Leyla Əliyevanın ana dilimizdə təqdim edilən şeirlərinin orijinal variantından fərqli olaraq, sərbəst şeir şəklində təqdim edilməsi ilə də üzləşirik.
Leyla Əliyeva yaradıcılığında heca vəzni
Türk şeiri tarixində əsasən geniş işlənmiş heca və əruz vəznlərinin mövcud olması bəllidir. Oynaq, yüngül, ahəngdar bölgülənməyə əsaslanan heca vəzninə müraciət edən Leyla Əliyevanın bu vəzndə qələmə aldığı şeirlərin ölçü sistemi müxtəlif olması ilə diqqəti cəlb edir. Bu müxtəliflik həm Leyla Əliyevanın rus dilində qələmə aldığı şeirlərində, yəni şeirlərin orijinal variantlarında, həm də ana dilimizdə təqdim edilən tərcümələrində özünü göstərir.
Leyla Əliyevanın şeirləri 7 heca, 8 heca, 9 heca, 11 heca və s. hecalı şeir ölçülərindən ibarətdir. Yazılı poeziyamızda 14-hecalıdan 16-hecalıya qədər heca vəzni nümunələrinə rast gəlinir. Ən işlək variantlar isə 7, 8 və 11 hecalı variantlar olması bəllidir. 4, 6 və 9-hecalı variantlar nadir hallarda istifadə olunur ki, Leyla Əliyevanın həm rus dilində, həm də ana dilimizdə təqdim olunan şeirlərində bu ölçü vahidlərinə rast gəlinir. Qalan variantlar isə az və ya qismən işlək səviyyədədir. Heca vəznli Azərbaycan şeirində misraların uzunluğu və ona uyğun əsas bölgülənmə nəzərdə tutulur. Tədqiqatçılar tərəfindən də heca vəznində əsas olaraq ölçü və bölgü baxımından diqqətə alınması vurğulanır. Məsələn, prof. A.Axundov heca vəzninin incəliklərinə toxunaraq qeyd edir ki,
“məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. Heca vəzninin ən mühüm şərti heç şübhəsiz, ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Hətta şeirimizin əvvəlki dövrlərində onbirhecalıqlarda da heca vəzninin əsas əlaməti yalnız ölçü olmuşdur”.
Leyla Əliyevanın bəzi poetik nümunələrində milli vəznimiz olan heca vəzninin iki mühüm şərti olan ölçü və bölgüyə riayyət etməsi məqamı diqqətdən yayınmır. Şairin bir bənd daxilində misraların fərqli şəkildə təqdim etməsi ilə də üzləşirik. Məsələn, şairin “Я не хочу тебя бросать” poetik nümunəsində hecaların müxtəlif olması diqqəti cəlb edir. Məsələn, şeirin birinci bəndinin birinci və üçüncü misraları 8 hecadan, ikinci və dördüncü misralardakı hecalar isə 9 hecadan ibarətdir:
Я не хочу тебя бросать - 8 heca
Я не могу тебя не бросить – 9 heca
Зачем играл, чтоб проиграть? – 8 heca
Тебя жестоко разум спросит – 9 heca
Leyla Əliyevanın zahirən sadə görünən, əslində dərin psixoloji əhval-ruhiyyə aşılayan və sevgidən yaranan duyğuları tərənnüm edən bu şeirin digər bəndlərində də bu proseslə üzləşirik:
Зачем играл и проиграл? – 8 heca
Ты знал же, рано или поздно – 9 heca
Конечно знал, но всеж играл – 8 heca
В победу верив несерьезно – 9 heca
İctimaiyyətə təqdim edilən “Я не хочу тебя бросать” şeiri 13 bənddə təqdim edilir. Ana dilimizdə “Я не хочу тебя бросать” şeiri “Səni atmaq istəmirəm” adı ilə 20 bənddə təqdim edilir. Maraqlı məqam odur ki, ana dilimizdə lakonik formada təqdim edilən şeirdə hecalar 7 hecadan ibarətdir. “Я не хочу тебя бросать” şeirinin birinci bəndi ana dilimizdə iki bənddə təqdim edilir:
Səni tərk etmək çətin!.. – 7 heca
Mən bunu istəmirəm... – 7 heca
amma atıb gedəcəm – 7 heca
bu səddi yenməliyəm. – 7 heca
Məğlub olmaq üçünmü – 7 heca
Oyun oynadın? – Nədən?! – 7 heca
Bir sual et özünə – 7 heca
Dərk et bunu dərindən... – 7 heca
İki bənddə təqdim edilən bu nümunədə heca bölgüsü 7 hecalı şeir şəklindədir. Tərcümədə “Я не хочу тебя бросать” şeirin ikinci bəndi də ana dilimizdə iki bənddə təqdim edilir:
Neyçin oyuna girdin? – 7 heca
Ağ bayraqla bitirdin. – 7 heca
Öncədən bilə-bilə, – 7 heca
Sən sonunu yetirdin. – 7 heca
Bunu bilirdin, əlbət, – 7 heca
Amma gözə almadın, – 7 heca
Zəfər ciddi addımdır, – 7 heca
Sən bunu anlamadın. – 7 heca
Bu nümunədə də böyük mətləblər aşılayan şeirin orijinal variantından fərqli olaraq, tərcümə variantında hecalar 7 heca şəklindədir. Ana dilimizdə Leyla Əliyevanın şeirlərinin yeddi hecalı şeir şəklində təqdim edilməsi ilə tez-tez üzləşirik. Ana dilimizdə şairin təqdim edilən “Getmə ana, anacan!”, “İnanmıram” və s. şeirləri də məhz yeddi hecalı şeir şəklində təqdim edilir. Məsələn, “Getmə ana, anacan!” şeirində müəllif anayla, onun körpəsiylə bağlı düşüncələrini ana dilimizdə yeddi hecalı şeir şəklində, yəni 7 heca bölgüsü əsasında təqdim edir:
Ana, axı de, niyə – 7 heca
ağlayırsan ertədən? – 7 heca
Böyüyüb həqiqəti, – 7 heca
Onsuz da biləcəm mən – 7 heca
“Я не хочу тебя бросать” şeirinin üçüncü bəndinə diqqət yetirək. Şair bu bəndi belə təqdim edir:
Победы нет, быть не могло – 8 heca
Победы в этом быть не может – 9 heca
Прости, но жизнь ведь не кино – 8 heca
Что так теперь тебя тревожит? – 9 heca
Ana dilimizdə bu şeirin tərcümə variantında isə müəllifin şeirində olan 8 və 9 heca bölgüsü gözlənilmir. Məsələn, şeirin bir tərcümə variantının tərcüməçisi olan Afaq Məsud şairin heca bölgüsünə riayyət etməyərək, tərcümə etdiyi bu poetik nümunəni oxuculara 7 heca şəklində təqdim edir:
Uduş yoxdu bu işdə, – 7 heca
Qələbə ola bilməz. – 7 heca
Həyat da kino deyil, – 7 heca
Sonu elə tez yetməz. – 7 heca (Əliyeva, 2016: 111)
Leyla Əliyevanın “Pərvanə”, “Qu quşu”, “Tərk edə bilmərəm heç zaman səni” və digər şeirləri həm yazılı ədəbiyyatda, həm də xalq ədəbiyyatında geniş yayılmış on bir hecada qələmə alınıb. Məsələn, şairin ana dilimizdə təqdim edilən “Pərvanə” şeirinin heca bölgüsünə diqqət yetirək:
Dayan, dur, pərvanə, qanad saxla bir! – 11 heca
Niyə can atırsan sən o işığa?.. – 11 heca
Geri dön, pərvanə, qorx ki, o səni – 11 heca
Sübhün sonunacan yandırıb-yaxa. – 11 heca
Leyla Əliyevanın “Qu quşu” şeirində də on bir hecanı özündə ehtiva edən bölgü ilə üzləşirik:
Cəmi bircə atəş, bircəcik güllə – 11 heca
Qu quşu göylərə çəkilib getdi… – 11 heca
Xəyal bir andaca batıb boğuldu, – 11 heca
Möcüzəyə olan inam da itdi. – 11 heca
Leyla Əliyevanın ana dilimizə tərcümə edilərək təqdim edilmiş şeirlərində heca bölgücünün orijinal variantındakı kimi eyni olmaması sətirlərin ritmikliyinin hər dildə spesifik şəkildə özünü göstərməsindən irəli gəlir. Bəllidir ki, spesifik xüsusiyyətlərin fərqli şəkildə özünü büruzə verməsi ən çox müvafiq dilin fonetik quruluşu, bu zaman yaranan tələffüz qanunları üzərində qurulması sayəsində göstərir. Sirr deyil ki, sait və samit səslər müxtəlif dillərdə müxtəlif məxrəclərdə tələffüz oluna bilir ki, bu da fonetik fərqlərin yaranmasına səbəb olur. Leyla Əliyevanın da poetik nümunələrinin ana dilimizdə təqdimi zamanı yaranan heca bölgüsündəki fərqliliklər bu səbəbdən meydana çıxır. Ana dilimizdə ahəng qanunu özünü heca vəznindən ayrılmaz olmasından, eyni tipli saitlərin sözlərdə bir-birini izləməsi baxımından fərqliliyin yaranması Leyla Əliyevanın ana dilimizdə təqdim edilən şeirlərin heca bölgüsü baxımından orijinal variantda təqdim edilən heca bölgüsündən ya hecaca çox, ya da az ola bilir. Ana dilimizdə təqdim edilən poetik nümunələrdəki misralarda sözlərin sıralanması zamanı hər bir heca qabarıq tələffüz məxrəcini saxlayaraq, poetik ritmlik yaradır.
Leyla Əliyeva yaradıcılığında sərbəst şeir şəkli
Sərbəst şeir forması ədəbiyyatımızda şairlərimizin tez-tez müraciət etdikləri şeir forması kimi diqqəti cəlb edir. Ədəbiyyatşünaslıqda sərbəst şeir forması bəzi qələm sahibləri və tədqiqatçılar arasında fikir ayrılıqlarına, mübahisə doğuran məqamlara yol açır. Ədəbiyyatşünaslıqda sərbəst şeirə dəqiq tərifin verilməməsi, ona məxsus müəyyən xüsusiyyətlərin qeyd edilməsi tədqiqatçılar tərəfindən vurğulanır. Tədqiqatçılar qeyd edirlər ki,“bu şeir formasına bəzən “sərbəst vəzn” də deyirlər. Lakin bu doğru adlandırma deyil, çünki, bu şeir forması yalnız vəzni yox, həm də ayrıca bir şəkli ehtiva edir və heca və əruz vəznlərinin müəyyən xüsusiyyətlərini özündə daşıya bilir. Yəni, sərbəst şeir xüsusi şeir formasıdır ki, özünə məxsus vəzni və şəkli var” (Ədilli, 2014: 61).
“Azərbaycanda XX əsrə qədər sərbəst şeirin müəyyən ənənəsi mövcud olub. Məşhur “Kitabi-Dədə Qorqud” dastanlarında nəinki sərbəst, hətta vəznli sərbəst şeir nümunələri də vardır. Sonrakı bütün dövrlər ərzində şeir həmişə zaman-zaman mövcud qəlibləri yumşaltmaq, möhkəmlənmiş normaları dəyişmək, qırmaq, azad və sərbəst olmaq proseslərini yaşamışdır. Orta əsrlərdə zəncirvarı əruz şeiri mühitində yanaşı olaraq heca vəzninin ritmlərinin artması da şeirin sərbəstləşmə uğrunda daxili mübarizəsinin konkret əməli göstəricisidir. Fikrimcə, XX əsrdə sərbəst şeir mərhələsinin başlanması Azərbaycan poeziyasında əsrlər uzunu gedən şeirdaxili sərbəstləşmə proseslərinin məntiqi nəticəsi idi. Sərbəst şeirin Azərbaycan ədəbiyyatında xüsusi bir inkişaf mərhələsi səviyyəsinə çevrilməsində isə xalq şairi Rəsul Rzanın xidmətləri müasiri olmuş və sərbəst şeirlər yazmış şairlərin hamısından qat-qat çoxdur” (Həbibbəyli). Leyla Əliyevanın sərbəst şeir şəklində yazdığı poetik nümunələr həmin ənənənin davam etdirilməsidir. Leyla Əliyeva sərbəst şeir şəklində müasir dövrümüzün kamil nümunələrini yarada bilən şairlərimizdəndir. “Rəsul Rza əsrlərdən qırıq-qırıq sızıb gələn ənənələri böyük sürətlə inkişaf etdirərək, sərbəst şeiri XX əsr Azərbaycan poeziyasında qanuniləşdirmək missiyasını böyük şərəflə həyata” (Həbibbəyli) keçirməsini Leyla Əliyeva XXI əsrdə ləyaqətlə davam etdirir. Azərbaycan söz sənətində ənənə məsələsinin daim gözlənilməsi tədqiqatçılarımız tərəfindən vurğulanır. Məsələn, akademik Teymur Kərimli bu amilə belə münasibət bildirir: “Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadədən başlayaraq formalaşmış yeni dövr klassikləri isə öz sələflərindən onunla fərqlənirdilər ki, onlar Şərq poetik-fəlsəfi qaynaqları ilə yanaşı, həm də özlərinə çağdaş Qərb poetik-fəlsəfi qaynaqlarından bəhrələnirdilər” (Kərimli, 2015: 3).
Sərbəst şeir formasının fərqləndirici xüsusiyyətlərə malik olması da vurğulanır:
“Sərbəst şeirin mahiyyətini dəqiq açmaq üçün ilk növbədə onun digər şeir formalarından nə ilə fərqləndiyinə diqqət yetirmək lazımdır. Bu baxımdan sərbəst şeirin əsas fərqləndirici xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar:
- Misraların uzunluqlarının (onlarda olan heca saylarının) fərqli olmasına, onların sətrin ortası və sonuna səpələnməsinə yol verilməsi və ya ümumiyyətlə misraların olmaması (başqa sözlə, misralara ayrılmanın sərbəst olması və ya heç olmaması). Digər şeir formalarında isə, misralar mövcud olur və xüsusi hallar istisna olmaqla misraların uzunluqları bərabər olur.
- Qafiyələnmə qaydasının sərbəst olması və ya ümumiyyətlə qafiyənin olmaması.
- Bölgülərin həm eyni, həm fərqli, həm də qismən (bu anlayışların mənasını aşağıda açacağıq) ola bilməsi və ya heç olmaması.
- Bəndlərə ayrılmanın sərbəst olması və ya heç olmaması” (Ədilli, 2014: 61-62).
Maraqlı məqam tədqiqatçıların sərbəst şeir formasının fərqləndirici xüsusiyyətinə görə növlərinin meydana çıxmalarına toxunmalarıdır:
“Bütün bu xüsusiyyətləri nəzərə alaraq, sərbəst şeirin aşağıdakı növlərini müəyyən edə bilərik:
1. Eyni bölgülü, qafiyəli sərbəst şeir;
2. Fərqli bölgülü, qafiyəli sərbəst şeir;
3. Qismən bölgülü, qafiyəli sərbəst şeir;
4. Bölgüsüz, qafiyəli sərbəst şeir (“qafiyəli nəsr”);
5. Eyni bölgülü, qafiyəsiz sərbəst şeir (yalnız nəzəri olaraq);
6. Fərqli bölgülü, qafiyəsiz sərbəst şeir;
7. Qismən bölgülü, qafiyəsiz sərbəst şeir;
8. Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir)” (Ədilli, 2014: 62).
Leyla Əliyevanın sərbəst şeir formasında qələmə alınmış poetik nümunələr sərbəst şeir formasının fərqləndirici xüsusiyyətlərini özündə ehtiva etdiyi üçün sərbəst şeirin müxtəlif növlərində əksini tapır. Leyla Əliyevanın tez bir zamanda ürəklərə hakim olan “Gedim bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) poetik nümunəsi ana dilimizə tərcüməsində sərbəst şeir şəklində təqdim edilir. Sərbəst şeir nümunəsində eyni bölgülü, 7-lik bölgülü qafiyəli sərbəst şeir müşayiət olunsa da, tərcüməçi poetik formanın bəzi formal tələblərindən sərbəst şəkildə yararlanır. Fərdi ovqatın poetik amala çevrilməsini əks etdirən poetik nümunədə ardıcıl təkrarlanan bölgülər eyni heca sayına malikdir. Qafiyələnmə qaydasının sərbəst olması da diqqətdən yayınmır:
Ürəyimi gizlədim
Yastıq altda saxlayım...
Yoxsa, çölə tullayım?
Yoxsa, gedim mən ağlayım.
Bəlkə onu –bu qəlbimi
boğazına aparım?
Yoxsa atım dənizə,
dalğalarda azdırım?
Yoxsa, ləkdə basdırım,
çiçək bitirsin hərdən?... (Əliyeva, 2016: 6)
Leyla Əliyevanın sərbəst şeir şəklində qələmə alınmış nümunəni nəzərdən keçirdikdə, qafiyənin özünü əks etdirməsinin şahidi olursan. L. Əliyevanın şeirinin məğzini təşkil edən poetik mənanın, ifadə tərzindəki məxsusiliyin, ürəkdən axıb gələn poetik hissin tərənnüm edilməsi şairin bədii yaradıcılığının uğuru kimi səciyyələndirilməlidir. Leyla Əliyeva hiss və duyğularını rəngarəng forma və çalarlarla reallaşdıra bilməsini və şeir texnologiyası üçün zəruri olan şərtlərə yaradıcı şəkildə əməl edə bilməsini əks etdirir.
Leyla Əliyevanın ana dilimizə tərcümə edilmiş, həyatın fəlsəfi dərkinin səsləndirildiyi “Nədən qəfil pis oldum?” poetik nümunəsi də ana dilimizdə sərbəst şeir şəklində təqdim edilir. Bu şeir şəklində şairin fikir və düşüncələrində sərbəstliyə yol verilir ki, bu da şairin zərif ruhunu, səmimiyyətini və kövrəkliyini həssaslıqla əks etdirir:
Nədən qəfil pis oldum?
Günahım nədi, görən?
Mən ki, heç istəmirdim
Bir kimsəni incidəm.
Mələklər gözləmirlər
Yaxşılığın əvəzin,
Yalançı yardımlara
Yox onların həvəsi.
Leyla Əliyevanın “Mənə bir söz de” poetik nümunəsi ana dilimizdə sərbəst şeir şəklində təqdim edilib. Şeir şairin istək və düşüncələrini əks etdirir:
Mənə bir söz de...
Cavabında mən də söz deyim.
Elə bir söz de ki,
Sıxıb ürəyimdə gizləyə bilim.
Leyla Əliyevanın şeirinin ritm və normativ qafiyəsində sərbəstliyin hakim olması diqqətdən yayınmır. Poetik nümunədə bənzərsizlik və təkrarsızlıq özünü göstərir. Azad və sərbəst forma axtarışına önəm verilmiş poetik nümunədə fəlsəfi düşüncə ilk növbədə diqqəti cəlb edir:
Sıxılma,
Sevinc özü də sıxıntı verir.
Mənə bax, hərdən bir...
İstəyirəm, çox baxasan üzümə. (Əliyeva, 2016: 115)
Poetik ruhun daşıyıcısı olan Leyla Əliyevanın bu şeiri seyrək qafiyə variantı kimi diqqəti cəlb edir. Müəllifin poetik nümunəsində misraların bir qismi qafiyələnmədən azaddır, qafiyədən istifadə edilmə isə azlığı ilə diqqəti cəlb edir.
Şairin “Mənim şeirim” şeiri də ana dilimizdə sərbəst şeir şəklində təqdim edilir. Şair isə rus dilində qələmə aldığı bu şeirini heca vəznində təqdim edir. Leyla Əliyevanın 2015-ci ildə qələmə aldığı bu şeir 5 bənddə, ilk iki bəndi 5 misradan, sonrakı 3 bəndi 4 misradan ibarətdir. Ana dilimizdə də şeir tərçüməçi tərəfindən 5 bənddə təqdim edilir. Ancaq bəndlər müxtəlif misralardan ibarətdir. Məsələn, 1-ci bənd 9 misradan, 2-ci bənd 10 misradan, 3-cü bənd 9 misradan, 4-cü bənd 8 misradan, 5-ci bənd 7 misradan ibarətdir. Ana dilimizdə təqdim edilmiş şeiri orijinal variantla müqayisə etdikdə həm həcm baxımdan, həm də vəzn baxımından fərqli olması qabarıq şəkildə özünü göstərir. Buna baxmayaraq, Leyla Əliyevanın şeirdə təlqin etdiyi fikir və mənanı tərcüməçi düzgün çatdırmağa cəhd edir. Məsələn, şeirin son bəndi müəllif tərəfindən belə təqdim edilir:
Я люблю свои стихи потому,
Что в них отражена душа!
Даже грусть с ними я приму,
В одиночестве я не одна!
Mahir Qabiloğlu isə fərdin özünəməxsus sevgi hisslərini tərənnüm edən bu sonuncu bəndi belə təqdim edir. Tərcüməçi tərəfindən orijinaldakı dəqiqliyin gözlənilməməsi, misralarda, beytlərdə qısaltmalar və ya artırılmaların olması, artıq söz və ifadələrin işlənilməsi ilə üzləşirik. Buna baxmayaraq, tərcümə əslində olduğu qədər ahəngdar, ana dilimizdə gözəl şeir nümunəsi kimi sərbəst şeir şəklində təqdim edilir:
Şeirimi çox sevirəm.
O, qəlbimin, ruhumun
ən təmiz aynasıdır...
Kədərli olsam belə,
onunla şad-xürrəməm.
Təklikdə olsam belə,
tək deyiləm şeirimlə...
Leyla Əliyevanın “Я уйду” şeiri orijinal variantında sərbsət şeir şəklində qələmə alınıb, şeiri mütaliə etdikcə bunun şahidi oluruq:
Я уйду.
“Зачем тогда, - спросишь-
Столько отдавала?
Все кончается,
И зря
Мало ценится начало.
Ana dilimizdə isə şeirin təqdim edilməsi zamanı şeirin qafiyə, heca kimi bölgülərə riayət edilməməsi diqqətdən yayınmır:
Mən gedəcəm, bunu bil,
Boş yerə möcüzəyə inanma.
Heç kimə heç zaman
Mən aid olmayacam.
Bu proses şeirin ana dilimizdəki sonrakı bəndlərində də müşahidə olunur. Bundan əlavə şeir rus dilində 3 bənddən, hər bəndi 4 misradan ibarət olan poetik nümunədir. Ana dilimizdə isə şeir 6 bənddə təqdim edilir. Bu faktın özü şeirdə baş verə biləcək dəyişiliklər haqqında təəssürat oyadır. Bu ilk növbədə, şeirin həcmində, sonra isə əsasən problematikasında özünü göstərir. Şairin 3 bənddə təqdim edilən düşüncələri ana dilimizdə 6 bənddə təqdim edilir. Bu baxımdan, Leyla Əliyevanın təqdim etdiyi şeirlərin ana dilimizdə təqdimi zamanı dekonstruksiyaya uğraması onun qələmə aldığı şeirlərin janr xüsusiyyəti haqqında fikir yürütməyə manelər yaradır ki, bu da ürəkaçan deyil.
Leyla Əliyeva sərbəst şeir şəklində qələmə aldığı poetik nümunələrdə müəyyən sərbəstliyə imkan yaratması baxımından formal tələblər naminə artıq sözlər işlətməkdən uzaq durur, fikrini sərbəst ifadə edərək sərbəst şeirlərini məna və ideya baxımından zənginləşdirməyə qadir olur. Leyla Əliyevanın “Осень”, “Я уйду”, “Письмо”, “Я не хочу тебя бросать”, “Плевок в душу”, “Не уходи”, “Мама, не уходи!”, “Любовь и ненависть” və s. şeirlərinin sərbəst şeir şəklində təqdim edilməsində bunun şahidi oluruq. Leyla Əliyevanın heca vəznində təqdim edilmiş şeirlərinin ana dilimizdə sərbəst şeir şəklində təqdim edilməsi faktı ilə də tez-tez üzləşməli olsaq da, bu şairin yaradıcılığına kölgə salmır, şeirlərinin mahiyyətinin açıqlanmasına maneə yaratmır.
Avropa ədəbiyyatında formalaşan janr – Elegiya
Leyla Əliyevanın bədii yaradıcılığında şairlərin az istifadə etdikləri elegiyaya müraciət etməsi maraq kəsb edir. Elegiya (yun. έλεγος – şikayәt) ədəbi-musiqi janrı kimi qəbul edilir. Ədəbiyyatda elegiya meditativ, emosional mәzmunlu, kədərli, orta uzunluqlu şeir növüdür. F.e.d. Nizami Muradoğlu (Məmmədov) elegiyanı mərsiyə tərzində yazılmış kədərli şeir kimi təqdim etmişdir: “Elegiya mərsiyə tərzində yazılmış qəmli, kədərli, hüzünlü lirik şeirdir. Dünyasını dəyişən insanların xatirəsinə yazılmış bu şeirlərdə də ağı ünsürləri əsas yer tutur” (Muradoğlu 2017, 110). Qədim yunan şairləri Arxilox və Kallimax, latın şairləri Ovidi və Katull, rus şairləri V. Trednakovski, K. Batyuşkin, V. Jukovski, A. Puşkin, M. Lermontov, N. Nekrasov, A. Blok, azərbaycanlı şairlər M. Hadi, A. Səhhət, A. Şaiq, B. Vahabzadə kimi qələm sahibləri elegiyalar yaratmışdılar.
Əsasən birinci şәxsin dilindәn təqdim edilən vә qarışıq kompozisiyaya malik olan elegiya Leyla Əliyevanın da yaradıcılığında rast gəlinməsi, şairin ədəbi yaradıcılığının janr baxımından genişliyinə işarədir. Leyla Əliyevanın qəmli düşüncələrini ifadə edən elegiya babası Heydər Əliyevə həsr edilib. Babasının ölümü ilə əlaqədar olaraq kәdәrini əks etdirən “Elegiya”sı 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün “Ədəbiyyat” (Ədəbiyyat, 2012: 166) dərsliklərinə sinifdənxaric oxu üçün salınmışdır. Qeyd etməliyik ki, Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir ilk dəfə 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə “Azərbaycan” (“Azərbaycan”, 2008) qəzetində dərc edilir.
Antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə 8-20 misradan ibarət olması ilə diqqəti cəlb edir. Leyla Əliyevanın şair düşüncəsini sənət müstəvisində əyaniləşdirən “Elegiya”sı (“Azərbaycan”, 2008) həcm baxımından daha genişdir. 8 bənddən, 32 misradan ibarətdir. Kəmaləddin Heydərov tərəfindən musiqi bəstələnmiş “Elegiya”nın mətni isə şeir mətnindən qısadır. Musiqi mətnin 3 bənddən, yəni 15 misradan ibarətdir.
Leyla Əliyeva babası Heydər Əliyevə həsr etdiyi “Elegiya”sında doğma insanın itkisinin necə ağır olmasını kədər, qəm dolu poetik dillə oxucusuna çatdırır:
Dinlə kədərimin pıçıltısını
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki, kainata yaya biləydi.
Şairin dərin insani hisslər ifadə edən “Elegiya”sında yalnız Heydər Əliyevin cismən aramızdan ayrılması deyil, həm də onun xalqın yaddaşında yaşaması lirik misralara dönür:
Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?
“Elegiya”da diqqəti cəlb edən məqam isə Leyla Əliyevanın babasını Günəşə bənzətməsinin tərənnüm edilməsidir. Bu məqam oxucunun diqqətini ən vacib problem ətrafında cəmləşdirməyə xidmət edir:
Nurunu gözümdə saxlayım necə?
Möcüzə yaratmaq gəlmir əlimdən.
Parçalan, ey zülmət, çəkil ey gecə,
Günəşə qovuşmaq istəyirəm mən!
Leyla Əliyevanın bənzətməsi idrakla əməlin ülviyyətinə zəmin yaradır. Bu bənzətmə həyatın özü kimi real və gerçək olması baxımından, həyatı situasiyaları bəşəri əhəmiyyət kəsb etməsinə işıq salır.
L.Əliyeva Heydər Əliyevə olan sevgi və ehtiramını “Nargis Magazine” jurnalına müsahibəsində belə açıqlayır: “...Çalışqanlığı və müdrikliyi sevimli babam Heydərdən öyrənmişəm. O, əbədi olaraq mənim əsas məsləhətçim və etibarlı yol göstərənim olaraq qalacaq. Elə indinin özündə də, mən xəyalən onunla məsləhətləşirəm və mənə nə deyəcəyini, məni necə dəstəklədiyini, nədən qoruyacağını anlamağa çalışıram...”
Leyla Əliyeva istər bədii yaradıcılığı, istərsə də ictimai fəaliyyəti ilə xatirəsi onun üçün sonsuz əziz olan babasına layiq olmasını, “Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur” (“внучка Гейдара Алиева не имеет права на ошибку”) prinsipini rəhbər tutaraq həyatının rəmzinə çevirməsinin şahid oluruq.
SONUÇ
Leyla Əliyevanın bədii yaradıcılığını diqqətdən keçirdikdə, bir daha əmin olursan ki, şair bədii yaradıcılığında şeirin texnikasına bir ehkam kimi yanaşmır. Bununla yanaşı qafiyəni, şeirdəki ölçünü inkar etmədən, özünəməxsus şəkildə yanaşmasını tətbiq edir. Şairin istər orijinal (rus dilində qələmə alınmış) şeirlərində, istərsə də ana dilimizə tərcümə nümunələrində qafiyəyə mütləq tabe olunmalıdır prinsipindən uzaq dayanılması özünü əks etdirir. Şair, həmçinin tərçüməçilər də buna nail olurlar. Tərcüməçinin buna nail olması da şairin şeirində istifadə etdiyi yazı səriştəsinin təsiridir. Şairin poetik üslubunun fərdiliyini səciyyələndirən amillərdən biri də şeir texnikasına doqmatik bir amil kimi baxmamasıdır.
KAYNAKÇA:
Ədəbiyyat”. (2012). (5-ci siniflər üçün dərslik). Bakı.
Ədilli Şirvani. (2014). Azərbaycan şeirində forma məsələləri. Bakı, “Elm və Təhsil”.
Əliyeva Leyla. (2008). Elegiya // “Azərbaycan” qəzeti. 12 dekabr.
Əliyeva Leyla. (2016). Dünya yuxutək əriyir. Bakı.
Əliyeva Leyla. (2016). Gedim bir az ağlayım. Aydın yol. № 03(62).
Əliyeva Leyla. “Mən xəyalən onunla məsləhətləşirəm” //https://modern.az/news/364282/
Əliyeva Leyla. Elegiya // anl.az/el/emb/H.Aliyev/bedii_edebiyyat/Elegiya.pdf
Əliyeva Leyla. Gedim bir az ağlayım // https://sia.az/az/news/literature/488494.html
Əliyeva Leyla. Mənim şeirim // https://modern.az/edebiyyat/76252/leyla-eliyeva-menim-seirim/
Həbibbəyli İsa (2018). Rəsul Rzanın sənət qüdrəti // http://www.anl.az/down/meqale/525/2018/may/592965.htm
https://cdn.ast.ru/v2/ASE000000000826479/read/full?logo_type=ast#features/14
Kərimli Teymur (2015). Ustad Məhəmmədhüseyn Şəhriyar haqqında söz // http://www.manuscript.az/elmies/espdf/ES1-2015.pdf
Kərimli Teymur. (2015). Ustad Məhəmmədhüseyn Şəhriyar haqqında söz. Elmi əsərlər № 1.
Muradoğlu Nizami. (2017). Yeni şeir şəkli: Layla-elegiya. Folklor və yazılı ədəbiyyat, II kitab. Bakı, “Elm və təhsil”.
Nargis. Leyla Əliyevanın şeirlərində insana sevgi... // https://kulis.az/xeber/edebi-tenqid/leyla-eliyevanin-seirlerinde-insana-sevgi-nargis-yazir-46168
Vüqar Əhməd Leyla Əliyevanın şeirini tərcümə etdi... // https://moderator.az/az/read/55160/
Алиева Лейла: “Внучка Гейдара Алиева не имеет права на ошибку” // https://www.salamnews.org/ru/news/read/225952
Джафарова Т. (2020). Открытое окно // https://www.kaspiy.az/otkrytoe-okno
Джафарова Т. (2020). Открытое окно. «Литературный Азербайджан» № 3. стр. 32-36.
Salidə ŞƏRİFOVA
filologiya elmləri doktoru, AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
ZiM.Az
.