Qüdsiyyə Qocayeva (1962)

Qüdsiyyə Qocayeva (1962) Qüdsiyyə Sayəddin qızı Qocayeva -
1962-ci il iyunun 1-də
Ağdaş rayonunun Qülbəndə kəndində
ziyalı ailəsində anadan olub.
1979-cu ildə Ağdaş rayonundakı
S.M.Kirov adına (indiki Müşviq İsayev adına) orta məktəbi fərqlənmə ilə bitirib. (Şəhid Müşviq İsayev yaxın qohumudur və Xəzər İsayevin qardaşıdır).
Hələ orta məktəbdə oxuyarkən toplantılarda
öz şeirləri ilə çıxışlar edib.
Yerli "Ağdaş" qəzetində bir sıra şeirləri dərc olunub.
Makinaçı-kargüzarlıq, ingilis dili və mühasibatlıq kurslarını, Mingəçevir Baza Politexnik Texnikumunu, Fermer və Sahibkarlar məktəbini, Odlar Yurdu Universitetinin hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Uzun müddət Vəkil işləyib.
1993-2002-ci illərdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasında çalışıb.
Dövri mətbuatda vaxtaşırı aktual məqalələri və şeirləri ilə müntəzəm olaraq çıxışlar edir.
Şeirləri "Zirvə", "Şah dağı", "ləlvər dağı", "Canım Azərbaycan" və s. poeziya antologiyalarında dərc olunub.
Hazırda "Borçalı" nəşriyyatında kitabı hazırlanır.

Biz də Qüdsiyyə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik.


Zemfira AYVAZOVA,
ZiM.Az



S Ə N S Ə N Qüdsiyyə Qocayeva (1962)

De, hansı qüvvəyə yalvarım ki, mən,
Qayıdıb yenidən geri dönəsən?
Ürəksiz yaşamaq nədir, bilirsən?
Sinəmdə döyünən ürəyim sənsən.

Zalım fələyəmi çöküb yalvarım?
Ömrün payızında sənsizmi qalım?
Yoxsa taleyimə baxıb ağlayım?
Alnıma yazılan o yazı sənsən.

Bezib allahım da mənim əlimdən,
Daha yaradana yalvarmıram mən,
Ayrılmaq çətindir vallah könüldən,
Həyatda sən mənə doğma, əzizsən.

Səni and verirəm o sevgimizə,
Qayıt gəl, son qoyaq həsrətimizə,
Gəl haram qatma sən illərimizə,
Günüm də, ayım da, ilim də sənsən.


***

Ömrümün bir payız, xəzan çağında
Bir sevgi pay verdi ilahi mənə,
Kövrək illərimi seyrə çıxanda,
Rast oldum bir eşqin təlatümünə.

Qayıtdı gəncliyim, sanki yenidən,
O ilk məhəbbətin sevincindəyəm,
Xəzan bağçasında qonaq bülbüləm,
Payızda açılan gülün eşqinə.

Nə deyim taleyin bu yazısına?!
Elə bil yenidən gəldim dünyaya,
Baxıram keçmişə, yaşananlara,
Gah sevinc, gah kədər qonur qəlbimə.


VAXT GƏLƏR

Hər kəs özün haqlı bilir, öyünür,
Başqasının arxasınca deyinir,
Kəsilir baş, kəsənlərsə sevinir,
Dünya mənə qərib gəlir, yad gəlir.

Tanımayır daha qardaş qardaşı,
Pozulubdur zəmanənin yaddaşı,
Qalmayacaq belə getsə yurd daşı,
Dünya mənə qərib gəlir, yad gəlir.

Talelərdə əks olunur taleyi,
Bu həyatın tükənməzdir gileyi,
Mal-mülk hərisliyi, sərvət istəyi...
Dünya mənə qərib gəlir, yad gəlir.

Veribdir həsrətə o pak sevgini,
Şair də vəsf edir müharibəni,
Kefdədir dünyanın şeytanı, cini,
Dünya mənə qərib gəlir, yad gəlir.

Yarılır qorxudan bağrının başı,
Ana laylasından axır göz yaşı,
Tanrı bəndəsinə olubdur naşı,
Dünya mənə qərib gəlir, yad gəlir.

Çoxdan susub "Sülh", "Asayiş" dilində!
Vaxt gələcək, insanlığın önündə
Diz çökəcək bir tikəsi əlində...
Dünya mənə qərib gəlir, yad gəlir.


DİNİB DİLSİZ MƏLƏKLƏR DƏ

Doymadımı torpaq qandan?
Neçə insan keçir candan!
İniltili fəryadlardan
Ərşdə buludlar ağlayır!

Edir, çəkib qılıncını,
Xeyir Şərlə davasını,
Sübut edir haqq haqqını,
Göydə buludlar ağlayır!

Susan deyil haqq heç zaman,
Kəsən deyil bu dava, qan,
Könüllərin harayından
Göydə buludlar ağlayır!

Neçə illər qələmim də,
Haqq səsləyib sətirlərdə,
Dinib dilsiz mələklər də,
Göydə buludlar ağlayır!


İ S T Ə Y İ R Ə M

VƏTƏNİMİ TAM AZAD,
ŞƏN GÖRMƏK İSTƏYİRƏM!
SEVİNCDƏN HÖNKÜR-HÖNKÜR
AĞLAMAQ İSTƏYİRƏM!

İLLƏRİN QƏM YÜKÜNÜ,
BU ƏZİLMİŞ KÖNLÜMÜ,
TƏHQİRLƏRİ, TƏNƏNİ
UNUTMAQ İSTƏYİRƏM!

HEÇ BƏHANƏ QALMASİN,
QƏLBİM BİR DƏ DOLMASİN,
GÖZÜM BAHARA BAXSİN,
EŞQ, VÜSAL İSTƏYİRƏM!

İBLİSLƏR ÜZ ÇEVİRSİN,
MƏNDƏN UZAĞA GETSİN,
ELİM, OBAM SEVİNSİN,
Ə D A L Ə T İSTƏYİRƏM!
Ə D A L Ə T İSTƏYİRƏM!

ZiM.AZ

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: