"Kərəmini çalma, qardaş", "Dəfn olunan nişan ürəkləri", "Taxtım-tacım, qara bəxtim Qarabagım", "Vətənsiz keçən ömür", "Dərdini qəmini sənə danışım", "Mənim qəm dünyam" kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. " Ömrün payız çağı" oxucülarla səkkizinci görüşüdür.
Biz də Nizami Kolanılıya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Püstə RƏVAN,
"ASİMAN" məcmuəsinin və
"BORÇALI" nəşriyyatının redaktoru
ZiM.Az
EY FƏLƏK
Otuz il yaşadım, ömrün qışında,
Vətənsiz qocaldım cavan yaşında,
Qardaş, bacı adın məzar daşında,
Gözümün yaşıyla, yazdım ey fələk.
Tez soldu, saraldı məğrur camalım
Həmişə düz olub fikrim amalım
Şairəm yaxşıdır, ağılım kamalım,
Dərdi-qəm əlindən bezdim ey fələk.
Ömür sarayımız uçub, töküldü
Qaçqınlıq ağrısı qəlbimə çökdü
Qürbətdə ölməyin dərdi böyükdü
Mən dağam ,mən daşam dözdüm ey fələk.
İllərdi görmədim ,ata məzarın
İstisin ,soyuğun gördüm həyatın,
Qonağı olmadım dövlətin varın,
Süfrəmə şor ,çörək düzdüm ey fələk.
Şair Nizaminin nədir günahı,
Yazır kağızlara kədəri ,ahı
Açılsın vətənin nurlu sabahı,
O günü gözümlə görüm ey fələk.
29.03.2021.
KÖNÜL
Yenə gəl-gəl deyir çəmənlər ,çöllər.
Hər yanda açılıb çiçəklər ,güllər,
Kəndimə uzanı qalıbdır əllər,
Yaman ağır dərddi ,qanana könül.
Çəmənlər göyərib yağır yağışlar,
Ağacda oxuyur ,nəğməkar quşlar,
Yurdumda ,yuvamda göyərib daşlar
Dönüb dərd -qəmimiz ümana könül.
Ürəyim istəyir çəksin bir haray.
Hər yerdə ucalır tikilir saray,
Başqa çarəm yoxdur dözməkdən savay.
Dağ gərək bu dərdə dayana könül.
Aqillər yad olub ,gədalar kişi
Tərsinə dolanır fələyin işi
Yaman qorxuludu düşmən gərdişi
Ötən günlər çətin qayıda könül.
Nizami boş keçən ilin ağlayır
Yurddan perik düşən elin ağlayır
Əkinsiz ,biçinsiz çölün ağlayır,
Bizdən üz döndərib ,zamana könül.
28 03 2021
YADIMA DÜŞÜR
İlk dəfə məktəbdə ,ona baxmağım.
Saçına bənövşə dərib taxmağım,
Utanıb, qızarıb ondan qaçmağım,
Dayanıb baxmağın yadıma düşür.
Hərdən toxunardı əlim-əlinə
Həya təri süzülərdi üzünə,
Onda möhtac idim şirin sözünə.
Küsüb ,barışmağım yadıma düşür.
Məktəbdən çıxardıq qoşa gələrdik
Onda xoşbəxt idik ,deyib gülərdik
Xəyallar qurardıq, sonra bölərdik,
Əl -ələ tutmağım yadıma düşür.
Məktəb illərimiz ,yetişdi sona
And içib eşqimi, söylədim ona,
Gözlərim dözmədi çəkdiyim aha
Onda ağlamağın yadıma düşür.
Onu öz canımdan ayrı tutmadım,
O ,məni unutdu mən unutmadım
Onu əzizlədim ,onu atmadım
Bağrıma basdığım, yadıma düşür.
Nizami çox dönüb ,geriyə baxdın
Qəlbini yandırıb odlara yaxdın,
Könül sarayını, dağıdıb yıxdın,
Onu unutmağım, yadıma düşür.
24 03 2021.
Düşmənin əməli dəhşətdi, dəhşət…
Vətən qan ağlayır ,aranı dağı
Quruyub baxçası ,quruyub bağı
Bir ağac görmədim bu bahar çağı
Düşmənin əməli ,dəhşətdi dəhşət.
Torpağın damarın soysuzlar kəsib
Hər gün bu yerlərə qara yel əsib
Fələk bu torpağa qara don tikib
Düşmənin əməli dəhşətdi dəhşət.
Dağılıb yurdumuz olub ağ -qara
Evimi axtardım yox olub hara
Vətəndə siz məni çəkdirin dara
Düşmənin əməli ,dəhşətdi dəhşət.
Bu necə dövrandı necə zamandı.
Gözüm qan -yaş tökdü Allah amandı
Yurdumu bu gündə görmək yamandı
Düşmənin əməli dəhşətdi ,dəhşət.
Nə qədər çəkərmi bir insan acı,
Olmuşam illərdi vətən möhtacı,
Tapılmır yolları ,yoxdur əlacı
Düşmənin əməli dəhşətdi, dəhşət.
Torpaqlarda ,qəm binası qoyuldu,
Sərvəti talandı bağrı oyuldu.
Nizaminin dərd yarası soyuldu.
Düşmənin əməli dəhşətdi , dəhşət.
23 03 2021.
GETDİ
Bu dünyadan ,baş açmadım
Qaça -qaça, keçib getdi,
Gözlərimin qarşısında,
İldırım tək ,çaxıb getdi.
Başım dəydi daşdan -daşa,
Dözdüm onda qara ,qışa.
Pis günümü vurdum başa,
Yurd ,-yuvamı ,yıxıb getdi.
Tez qocaldı cavan ürək,
Külə döndü ,yanan ürək
İndi dərdə dayan ,ürək
Can evimi yıxdı getdi.
Var dünyanın qara donu,
Hər insana biçir onu,
Bəxtin yatır ,gəlir sonu
Mənə əyri baxdı getdi.
Bu dünyanın çıxışı yox,
Yenişi çox , yoxuşu çox,
Göz ağlayır yağışı çox,
Selə dönüb axdı getdi.
Dilim olub ,dilim -dilim,
Sənə yetmir indi əlim,
Bu dünyaya mən nə deyim,
Yurd yuvamı ,yıxdı getdi.
6.04.2021.
AY BACIM
Gəl sənə dərdimi deyim ay bacım,
Qurtarmır bu həsrət ,qurtarmır acım
Qovurqa qovurmur ,pas atıb sacım.
Mən ,sənə dərdimin hansını deyim.
Yox evim ,eşiyim papaq atmağa
Bir qapı tapmıram ,qapı pusmağa
Qız -gəlin yığışmır niyyət tutmağa
Mən sənə dərdimin hansını deyim.
Odum, ocağımda çoxdandı sönüb
Elimlə ,obamla kosada ölüb
Bayramım ,şənliyim sükuta dönüb,
Mən sənə dərdimin ,hansını deyim.
Quruyub arxımız ,gəlmir suyumuz
İl keçir kiçilir hər gün boyumuz
Qadağa olunub yoxdur toyumuz
Mən sənə dərdimin hansını deyim.
Xonçalar bəzəyib elçi gedən yox
Yas -yasa qarışıb indi sevən yox,
Nizami bu dünyanın ,dərdin bilən yox ,
Mən sənə dərdimin hansını deyim.
16.03.2021.
SƏNİ
Şəklin gözümdədi,adın dilimdə
Səsin qulağımda,özün qəlbimdə,
Salamın əlimdə,eşqin könlümdə,
Həmişə qısqandım əllərə səni.
Ayrılığın sinə dağı məndədi
Xoş günlərin gözəl çağı məndədi
Gəzdiyimiz cənnət bağı məndədi
Həmişə qısqandım ,güllərə səni.
Gündüzlər yanımda ,gecə yuxumda
Qoluma dolanan ,qolun qolumda,
Yol yoldaşı oldun,çətin yolumda,
Həmişə qısqandım, yellərə səni.
Şairəm ,həmişə ilhamım oldun
Gecələr mənimlə,yuxusuz qaldın
Mənimlə alışdın ,mənimlə yandın,
Həmişə qısqandım gözlərə səni.
Bir ömür yaşadıq ona tən olduq,
Gahda günəş olduq, gahda çən olduq
Ruhumuz bir oldu ,bizdə gen olduq.
Həmişə qısqandım ellərə səni.
Gətirdin ömrümə ,sevgidən xəbər
Ələdin başıma,qəm ilə kədər,
Nizami yazıbdır gör neçə əsər,
Həmişə qısqandım, sözlərə səni.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.