- 1958-ci ildə İmişli şəhərində anadan olub.
1974-cü ildə Bakıdakı 49-saylı orta məktəbi
əla qiymətlərlə bitirdikdən sonra
Bakı Dövlət Universitetinin Fizika fakuləsinə daxil olub.
1979-cu ildə universiteti əla qiymətlərlə başa vurub.
1979-cu ildən 1989-cu ilədək İmişli şəhərindəki
4 saylı orta məktəbdə müəllim işləyib.
1989-cu ildən bu günə kimi İmişli şəhərindəki
2 saylı uşaq bagçasının müdiri vəzifəsində çalışır.
İki övladı, iki nəvəsi var.
Səadət xanım savadlı pedaqoq, təcrübəli rəhbər,
bacarıqlı təşkilatçı və fəal ictimai xadim olmaqla yanaşı,
həm də poeziya vurğunudur, gənc yaşlarından şeirlər yazır.
O, neçə-neçə elmi-pedaqoji və elmi-publisistik məqalələrin
müəllifi olduğu kimi, həm də bir-birindən oxunaqlı
yüzlərlə şeirlərin müəllifidir.
Onun şeirləri, eləcə də elmi-pedaqoji və elmi-publisistik məqalələri
"Vətən", "Canım Azərbaycanım", “Zirvə”, "Xarıbülbül",
"Buta", "Rəvan", "Şərqin səsi" və s. ədəbi məcmuələrdə
və müxtəlif mətbuat orqanlarında dərc olunub.
Bu yaxınlarda "Həyat kitabım" adlı ilk şeirlər kitabı çap olunub.
Səadət Şaban qızı Şahpələngova
"Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm"
mükafatları laureatıdır.
O, həm də “Xarıbülbül” medalı ilə təltif olunub.
Biz də Səadət xanımı ürəkdən təbrik edir,
ona yeni-yeni yaradıcılıq uğurları arzulayır,
aşağıda onun kitabına yazılmış ön sözü və bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
ÖN SÖZ
Şair və yazıçılar, yaradıcı insanlar həyatda gördüklərini, müşahidə etdiklərini canlandıraraq qələmə alırlar.
İnsanın əzəl sirdaşı sözdür.
Sözdən incə, kəsərli heç nə yoxdur. Hər bir şairin öz duyumu, öz dəsti xətti var. Şairlər duyğulu və kövrək qəlb sahibi olurlar. Qələm sahibləri həyatda baş verən hadisələri obrazlı şəkildə tərənnüm edərək nəzmə çəkir, şeir diliylə oxuculara çatdırırlar. Belə istedadlı şairlərdən biri də Səadət Şahpələngovadır.
Səadət xanımın əlyazmaları masamın üzərindədir. Şeirlərini oxuduqca çox sevinib ürəyimdə ona əhsən deyirəm.Vətənpərvər mövzusunda yazılmış kitabın tezliklə çap olunmasını arzuladım.
Səadət Şaban qızı Şahpələngova - 1958- ci ilin may ayının 20-də İmişli şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. 1974-cü ildə Bakı şəhərinin Səbail rayonundakı 49 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra imtahanları müvəffəqiyyətlə verərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. 1979-cu ildə universiteti əla qiymətlərlə bitirdikdən sonra həmin ildən 1989-ci ilədək İmişli şəhər 4 saylı tam orta məktəbdə ixtisasına uyğun müəllim vəzifəsində çalışmışdır. 1989-cu ildən bu günə qədər İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsində ləyaqətlə işləyən Səadət Şaban qızı hələ orta məktəbdə oxuyarkən onda bədii yaradıcılığa maraq güclü olmuş və şeirlər, hekayələr yazmağa başlamışdır.
Uzun illər yaradıcılığını gizli saxlasa da, arabir qəzet və jurnallarda şeirləri dərc olunurdu. Baxmayaraq ki, dəqiq elmlər üzrə ixtisaslaşsa da, Səadət Şaban qızının şeirləri mükəmməl, axıcı və sadə dildə yazılmaqla oxucularının diqqətini cəlb edir. Onu da qeyd edim ki, dəqiq elmlər üzrə bir çox şairlərin, yazıçıların bu gün də adı iftixarla çəkilir. Oxuculara təqdim olunan kitab "Həyat kitabım" adlanır.
Kitabda vətənpərvər mövzulu şeirlər çoxluq təşkil edir. Eyni zamanda nəsihətamiz və satirik şeirlərdə kitabı daha da maraqlı və oxunaqlı edir. Uzun illər baxça müdiri vəzifəsində ləyaqətlə işləyən Səadət Şaban qızı körpə fidan balaları da unutmur^
Dəcəl nəvəm, yaxşı ki, sən,
Həyatda varsan yanımda.
Sənlə rahat oluram mən,
Ən ağır, çətin anımda.
"Qarabağ", " 20 Yanvar","Şəhid - General " ,"İgid əsgər", " Xocalı harayı" və digər şeirləri şairin necə vətənpərvər və incə qəlb sahibi olduğunu göstərir.
"Xocalı harayı" şeiri hər kəsi təsirləndirir və düşmənə nifrət hissini daha da artırır;
Göy üzü, yer üzü qara boyandı,
Sanki hər bir evdə həyat dayandı.
Alovlar içində bir şəhər yandı,
Millət qan ağladı, hey qan ağladı.
Xocalı harayı göylərə qalxdı,
Köməksiz insanlar yollara baxdı.
Vəhşi ermənilər yandırdı, yaxdı,
Millət qan ağladı, hey qan ağladı.
İgid qəhrəmanımız şəhid general - mayor Polad Həsimovun əziz xatirəsinə həsr etdiyi "Şəhid - General " şeiri hər birimizdə qürur hissi oyadır:
Tarixdə qalacaq adın əbədi,
Məzarın olubdu mərdlik məbədi.
Şəhadətin bizə bil, qələbədi,
Vətənimin igid oğlu, General!
Səadət Şaban qızının şeir dili rəvan, axıcı və çox sadədir.
Səadət xanım 44 günlük Vətən müharibəsində bir tərəfdən qələbəmizə sevinsə də, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş vətən oğullarının məğrur baxışlarına baxarkən kədərlənir, göz yaşlarını vərəqlərə səpələyir:
Analar qalıbdır gözləri yaşlı,
İntizar baxışlı, canı təlaşlı.
Nə qədər qazımız yarımcan başlı,
Bunları gorməkçun neçə göz lazım?
Bəxtin qara gəldi sənin Qarabağ!
İgidlər qanıyla sulandı torpaq.
Salsaq da orada necə cənnət, bağ,
Qəmə köklənəcək hey tarım, sazım.
Mənim də qəlbimi dərdlər daglayır,
Səadət deməyin qara bağlayır.
Üzümdə gülsəm də ,içim ağlayır,
Olmadı nə qışım, nə də ki, yazım,
Məni məhv eylədi ümidsiz arzum.
Uzun illər pedaqoji sahədə çalışması, uşaq psixologiyasına bələd olması onun bədii yaradıcılığına müsbət mənada gözəl təsir etmiş və bir- birindən maraqlı əsərlər yazmışdır.
Geniş auditoriyalar qarşısında pedaqoji mühazirələr söyləmiş Səadət xanım Şahpələngova Respublika Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin dəfələrlə fəxri fərmanlarına layiq görülmüş və təşəkkurnamələr almışdır.
Maarifçiliyin təbliğində öz sözünü demiş təcrübəli pedaqoq Səadet Şahpəngovanın elmi publisistik məqalələri və şeirləri "Borçalı" nəsriyyatinda çap olunmuş "Vətən", "Canım Azərbaycan", "Xarı bülbül", "Buta", "Rəvan", "Şərqin səsi" və s. adlı ədəbi-bədii, elmi-publisistik məcmuələrdə, almanax kitablarda, eləcə də, “Zim.az”, “Zirve.info", " XəbərTıme.az" saytlarında, " Şərqin səsi", "Həkəri", "Elm və təhsil" qəzetlərində işıq üzü görmüşdür.
"Abdulla Şaiq", "Zirvə" və “Qızıl qələm" mükafatları laureatıdır.
O, həm də "Xari bülbül" medalına layiq görülmüşdür.
İki övladı, iki nəvəsi olan Səadət Şabanqızına yeni-yeni yaradıcılıq uğurları arzulayır və inanırıq ki, təqdim olunan kitab müəllifə geniş oxucu rəğbəti qazandıracaqdır.
Rauf İlyasoğlu,
"Borçalı" nəşriyyatının ədəbi redaktoru,
"Həkəri" qəzetinin baş redaktoru,
"Abdulla Şaiq" mükafatı laureatı,
şair-publisist
ZiM.Az
.
HƏYAT KİTABIM
Vərəqləndikcə bir-bir
Sənə baglanır adım,
Elə kövrəlirəm ki,
Qalmayır bircə tabım
Mənim həyat kitabım!
İldə bir vərəq düşür
Ömür səhfəsindən,
Qəlbim yaman üşüyür
Gedibdir duzum, dadım
Mənim həyat kitabım!
Sevirəm səni yaman
Yazıram hekayəmi
Hər vərəqim dolanda
Görünür dərhal adım
Mənim həyat kitabım!
İlbəil nazilirsən
Azalır vərəqlərin
Ürəyim də əriyir
Yaranıb neçə çatım
Mənim həyat kitabım!
Sonuncu səhifəmi
Nə vaxt yazacam görən?
İstərəm tamamlayıb
Bircə imzamı atım
Mənim həyat kitabım!
Yazılır tale yolum
Astaca,birər-birər
Yetişəndə bir səhər
Nəşr olunacaq çapım
Mənim həyat kitabım
Səadət Şabanqızı
İmzasıyla gedəcək
Yıgılıb vərəqləri
Veriləcək fərmanım
Mənim həyat kitabım!
04.08.2021-ci il
T Ə N H A L I G I M
Tənhalıgım,
Bir komada yaşadıgım
O dözülməz illərimin
Keçirdiyim ac-yalavac
Su deyibən mar içdiyim
Agır, çətin günlərimin
Qaytardıgı dincliyimdir!
Tənhalıgım,
Vahiməli günlərimin
Vərəq-vərəq solub gedən
Bir ildırım vurmasıyla
Bir şimşəyin çaxmasıyla
Bir yagışdan dolub gedən
Tülək-tərlan gəncliyimdir!
Tənhalıgım,
Məni hər an rahatlayan
Cavabsız bir suallarda
Qanadında gəzdirərək
Ümid verib,dilək tutub
Əlçatmayan xəyallarda
Yaşatdıgı şənliyimdir!
Tənhalıgım,
Bu dünyaya sıgışmayan
Ən agrısız ,ən duygulu,
Məni rahat,məmnun edən
Gözəl şirin günlərimlə
Sənə olan ən saygılı
Sənsiz keçən sənliyimdir
Tənhalıgım,
Nifrətimdən dolayısı
Düşmənləri əzib keçən
Saxta dostu,rəfiqəni
Saf çürükdən arıtlayıb
Yaxşıları pisdən seçən
Mənə qalan kəmliyimdir
1 aprel 2021-ci il
SÖZÜM BİTİB
Söz tapmıram danışam
Sözüm bitib, ay Allah!
Keçdiyim yollarımda
İzim itib, ay Allah!
Nə dincəldim,nə dindim
Heç qalmadı ümidim
Sabahım açılmasa
İçimdə qaldı dərdim.
Keçiləcək sədləri
Aşa bilmədim fəqət,
O qədər yoruldumsa
Qalmadı dizdə taqət.
Sagım,solum “qayalıq”
Açıqlıqdır hər yanım
Hasar da çəkilməyib
Mən də rahat dayanım.
Səda gəlir göylərdən
Çagırırlar mələklər
Əlim işə yatmayır
Kəsilibdir biləklər.
Sənə uzanan əllər
Kömək üçün deyilsə
Yaxanı heç tanıtma
Sonda öldürəcəksə.
İmanlısan, dinlisən
Demə ki, sən beləsən
Soyacaqlar dərini
Düşmənə fürsət versən.
28 mart, 2021-ci il
ZAMAN
Hər şeyin əlacısanmış
Ruhun ehtiyacısanmış
Sözümün fəracısanmış
Ömrümün nübarı Zaman!
Fikrimin tən yarı Zaman!
Hicran döydü qapımızı
Əsir saldı hamımızı
Lap qaraltdı qanımızı
Əzizləyib qoru Zaman!
Heç etmədin soru Zaman!?
Getdikcə yaram sagalır
Təsəllilərim çoxalır
Sanki dərdlərim yuxalır
Varlıgımın türü Zaman!
Sən dayanma yürü Zaman!
Düzəlirəm yavaş-yavaş
Etməyirəm daha savaş
İçimdəki böyük təlaş
Keçib gedir duru Zaman!
Ay gözümün nuru Zaman!
Səndən özgə təsəllim yox!
Hey edirsən rəhmini çox
Düşmən vurdu qəlbimdən ox
Apararaq sürü Zaman!
Öz donuma bürü Zaman!
Səadətdən daim uman
Zaman-zaman yararlanan
Yox oldular necə tamam
Sən götürdün barı Zaman!
Gözlərimdən toru Zaman!
Qeyd:
Fərac—tezlik deməkdir
Tür—ortaq baglılıq, deməkdir
25.05.2021
XƏZƏR
Sahilinə gəlmişəm
Ləpələri göy Xəzər
Səninlə yüksəlmişəm
Özünü az öy Xəzər!
Səninlə xoş oluram
Mənə həmdəm ol, Xəzər!
Sənsiz yaman soluram
Qəlbimə sal yol, Xəzər!
Hər yanına gələndə
Sənə mehmanam Xəzər.
Özümü tək biləndə
Mənə dost ol sən, Xəzər!
Qagayılar ötüşüb
Sinəndədir bol, Xəzər!
Göy üzündə düzülüb
Sanki salır yol, Xəzər!
Baxıram dincəlirəm
Necə doyum, ay Xəzər?
Güc-qüvvətə gəlirəm
Mənə çal laylay, Xəzər!
Səadət deyər gedər
Di,saglıqla qal, Xəzər!
Yenə səni yad edər
Ondan sagol al, Xəzər!
27.01.2017-ci il
İSTƏMİRƏM
İstəmirəm imarətdə
Cah-cəlallı evim olsun.
İstəyirəm bapbalaca
Daxmada xoş günüm olsun.
İstəmirəm qorxu ilə
Yeməklərim daşıb dolsun.
İstəyirəm yavan çörək
Yanında da şorum olsun.
İstəmirəm haqsızlıqlar
Arasında dil lal olsun.
İstəyirəm bu həyatda
Haqq ədalət real olsun.
İstəmirəm vəzifədə
Cılız adam hökm oxusun.
İstəyirəm şəxsiyyətli
Düha çələng, zər toxusun.
İstəmirəm yaltaqlarla
Bir arada sorum olsun.
İstəyirəm pedaqoq tək
Cəmiyyətdə yerim olsun.
İstəmirəm paxıllarla
Acgözlərlə sözüm olsun.
İstəyirəm sevdiyimin
Hər nazına dözüm olsun.
İstəmirəm üzüyümdə
Ən bahalı qaşım olsun.
İstəyirəm ucuzvari
Minməyə bir maşın olsun.
İstəmirəm təmtəraqlı
Quşbeyinlər məclisini.
İstəyirəm şəxsiyyətli
İnsanların gəlişini.
İstəmirəm sevmədiyim
Yaltaqlarla bihuş olum.
İstəyirəm lap qürurlu
İnsanlara mən tuş olum.
İstəmirəm bu dünyadan
Hey yapışım on beş əlli.
İstəyirəm dogmalarım
Versin mənə bir təsəlli.
İstəmirəm bu dünyada
Günüm keçsin ahu-zarnan.
İstəyirəm ömür payım
Gəlib çıxsın Göy Tanrımnan.
İstəmirəm lazımsız tək
Mən yem olum qansızlara.
İstəyirəm bir quş olub
Uçub gedim sonsuzlara.
Daha heç nə istəmirəm
Bu vəfasız dünyamızdan.
İstəyirəm mən son dəfə
Baxıb keçim aynamızdan.
İstəmirəm ucuz ölüm
Yazsın Tanrı qələminə
İstəyirəm artıq gedim
Böyük ruhlar aləminə.
21.08.2021-ci il
BİZİM MÜZƏFFƏR ORDUMUZ
Siz də Polad ürəklisiz
Vətən,torpaq diləklisiz
Millətimə gərəklisiz
İgid,qəhrəman oldunuz
Bizim müzəffər ordumuz!
O inləyən torpaqları
Viran qalmış ocaqları
Gözü dolmuş bulaqları
Düşməndən belə aldınız
Bizim müzəffər ordumuz!
Sizdən gələn xoş xəbəri
Azad olan neçə kəndi
Aşdıgınız çətin səddi
Söylədi Komandanımız
Bizim müzəffər ordumuz!
Ancaq irəli gedərək
Bizləri hey şad edərək
Bombalarla bitirərək
Yagılardan kam aldınız
Bizim müzəffər ordumuz!
Agır döyüşlərdə şəksiz
Qansızlara siz dag çəkdiz
Qarabagdan xoş müjdəsiz
Dillərin andı oldunuz
Bizim müzəffər ordumuz!
Şuşanı aldınız bu gün
Qələbə çaldınız bu gün
Zəfər soraqlısız bu gün
Bayram əhvallı yurdumuz
Bizim müzəffər ordumuz!
Bizim müzəffər ordumuz!
08 Noyabr, 2020-ci il
İGİDLƏR
Amandır siz mərdə namərd deməyin
Mərd oğulda gördük gücün qüdrətin.
Onu qoruyağın, onu sevəyin
Mərd yazır tarixə öz dəsti-xəttin.
Mərdin arxasınca gedib sonuna
Ondan ilham alıb, söz deməliyik.
Namərdlər girsə də iblis donuna
Onların başını əz, deməliyik!
Budur neçə-neçə olub qəhrəman
Hər gün ruhlarıyla şad olunurlar.
Cavanşir, Babəklə, Nəbi, Səttarxan
Bu gün də fəxirlə yad olunurlar.
Unutmaq olarmı heç Koroglunu?
Şəninə yazılıb böyük bir dastan
Kişi tək yaşayıb, kişi tək öldü
Ağqoyunlu Uzun hökmdar Həsən.
Partizan Mehdidən necə yazmayım?
Onun cəsurluğun biz salaq yada.
Mən necə deməyim,necə saymayım
Neçə diversiya keçdi həyata?!
Yeni tariximiz yazıldı fəqət
Gəldi öz yerinə təzə igidlər.
Töküb qanlarını torpaq yolunda
Qarabağ savaşlı bizim şəhidlər.
20.08.2021-ci il
Ü R Ə K
Ürək,gəl agrıma bir az macal ver
Qoy arzularıma çatım mən hələ.
Sancılar əlindən qalmayıb sag yer
Günlərim,aylarım gəlibdir dilə.
Bir kiçik orqansan,amma dəryasan
Hər kəsi şuxluqdan salırsan asan.
Bilmirəm zalımsan, adilsən, nəsən?
Qalxanda qalxırsan nalə tək zilə!
Sənə heç etibar etmirəm,neyçün
Agladırsan məni hey için-için,
Yandım,qoy köksündən bir qurtum içim
Çünki baglanmışam bülbültək gülə.
Bilirəm dözürsən hər əzabıma
Çəkirsən agrımı öz hesabına
Yazırsan şeirimi söz kitabına
Könlümü verirəm mən də qəzələ.
Səadəti sən gəl az aglat, noolar,
Qəlbimin atəşi yanıb kül olar,
Bir bülbül fəryaddan saçını yolar
Ruhumu,eşqimi hərdən təzələ!
11.02.2012-ci il
Q A R D A Ş
Səsinin sehrinə düşüb hamımız
Rəqsə köklənirik hər əziz gündə
Deyim ki,ilahi möcüzə vardır
Sənin o yanıqlı, səsində Qardaş!
Oxudun: ”kimlərə,qaldı bu dünya?”
Mesajın siqnaldı sanki hamıya
Gəldiyin mübarək o günə-aya
Neçə qurbanların, kəsildi Qardaş!
Bəzəyi olmusan toylarımızın
Harayı olmusan sən hamımızın
Uca göylərdəki o Tanrımızın
Ən böyük neməti, səsindi Qardaş!
Səni əzizlədik hər vaxt, hər zaman
Üstündən əsməsin bircə yel yaman
Oxudugun əsər-möhtəşəm “Kaman”
Bir hicran yükündə, tilsimdi Qardaş!
Səadət qurbanın olsun həmişə
Qarşında müntəzir ollam hər işə
Ummadım heç zaman səndən nə isə
Təkcə cansaglıgın, bəsimdi Qardaş!
13.03.2021
NEYNİM
Bir zaman ən böyük ev tikən oldum
İndisə kiçilir yuvam, neyləyim?
Gözümdə daralan bir pərdə kimi
Bu dünya səhnəsi kiçilir, neynim?
Planlar artsa da eşq azalıbdır
Üzümdə çəhrayı rəng sozalıbdır
Demirəm qismətim nəs yazılıbdır
Ömürdən günlərim biçilir, neynim?
Soruşma halımı,deyən deyiləm!
Hər kəsdən,hamıdan mən gileyliyəm
Fələk vurdu yıxdı,indi beləyəm!
Günümdən anlarım seçilir, neynim?
Şiddətlər gördükcə kaş dözməyəydim!
Qara taleyimi heç çözməyəydim!
Agır yük çiynimdə mən gəzməyəydim
İndi də hey qanım içilir, neynim?
Səadət yazmadı taleyin,nə qəm
Keçdi keçən günlər, daha yoxdu dəm
Qollarım sallanır yeridikcə mən
Ürəkdən süzən qan açılır, neynim?
20.05.2017-ci il
BİLSƏYDİM GƏLMƏZDİM
Həyata gəlməyə tələsən insan
Yaman əzablıdır həyat yolları
Səni sıxıb-sıxıb bir mum edəcək
Kəsəcək sənə güc olan qolları.
Əvvəl iməkləyib yıxıla-dura
Elə ki,birtəhər yeriyəcəksən
Yürüyüb yolunu taraz gedəndə
Neçə zərbələrə tuş gələcəksən.
Sagdan da,soldan da döyəcləyərək
Canını alacaq alçaq dinsizlər
Səni bil anbaan hey izləyərək
Qanını soracaq o imansızlar!
O qədər aglayıb sən bezəcəksən
Həyata nifrətin artacaq hər an
Onda özünə bir yol gəzəcəksən
Aman verməyəcək vəfasız zaman.
Tələsmə gəlməyə sən bu dünyaya!
Dünyanın cod üzü həm də ki,çox sərt
Səni cəhənnəmlik edən yuvaya
Gəlmə,yanacaqsan axı nə hacət?
Burda var həm qəddar, həm də məzlumlar
Məzlumlar can verir bir gün görməmiş
Ogrular, canilər, hey baş kəsənlər
Sanki pusqudaymış heç sən gəlməmiş.
Gəlmə bu dünyaya,zalımdır yaman!
Səni iplim-iplim dograyacaqdır
Bircə uff demədən kəsib başını
İstədiyi qədər zövq alacaqdır.
Bilsəydim gəlməzdim mən də həyata
Özüm incitmədim heç bir kimsəni
Nizam,intizamı sevməyən kəslər
Bezdirib yordular axırda məni.
Yoruldim, usandım əzablarımdan
Həyatın şəklini çəkə bilmədim!
Gözəllik, təmizlik axtardım,fəqət
Bircə toxumunu səpə bilmədim!
S Ə N İ
Örkəni uzundur qoca dünyanın
Bir gün kəməndinə dolayar səni.
Yetim bişirdiyin sərt ocagının
Altında, odun tək qalayar səni!
Demə, aldadıram zavallıları,
Qəlbi təmizləri, binəvaları.
Yıxsan neçə-neçə ev-yuvaları
Onların ahları talayar səni.
Bu dünya fırlanır ox ətrafında,
Gah qara, gah da ki, ag ətrafında,
Qütbün o başında, dag ətrafında,
Gecənin birində tullayar səni.
Çömçəlik eləmək agır bir işdir,
Onun təsirindən yeməklər bişir,
Bir gün yekə başın çaşıb ilişər,
Çömçə, sıxılıncan bullayar səni!
Heç də öyünmə ki, artıq nəsnəsən!
Mənim aləmimdə sən bir heçnəsən!
Tərəzi mizanla səni izləsəm,
O daş, çəkisiylə fırlayar səni!
O daş, çəkisiylə fırlayar səni!
23.07.2021
GÖZÜNÜZ AYDIN OLMASIN
Mənim kədərimdə sevinc axtaran
“Dostlarım”,gözünüz aydın olmasın!
Mən aglayan zaman siz şənlənirsiz
Allah aglınızı bir az da alsın!
Düşüncə,təfəkkür hamısı dayaz
Demirəm bir çarə,bircə əlac yaz
İstəsəniz belə olmazsız taraz
Yaxşı diləməyən, yaxşı olmasın!
Mənə bircə zəngi açmayan adam
Səni gərək idi mən çoxdan atam
Elə itmisən ki, sanki mən yadam
Agılın budursa, heç çoxalmasın!
Ara qarışdıran, ara qatanlar
Şeytan xislətində hey daş atanlar,
Məni yaxşı görüb, ”yasa” batanlar
Qəflət yuxusundan heç ayılmasın!
İ M A N A Q U R B A N
Bu qurban günündə yada salaq biz,
Gedib neçə qurban şəhidlərimiz.
“Vətən, torpaq!” - deyib canından keçən
Yüzlərlə gəncimiz, igidlərimiz.
Şərt o deyildir ki, siz qoç kəsəsiz,
Nifrətinizi kəsin, sevgiyə qurban!
Kənarda dayanıb güllə atınca,
Kininizi kəsin, istəyə qurban!
İllərlə olursuz mehriban düşmən,
Bəlkə kəsəsiniz dostluga qurban?
İçiniz çürüyüb qurdlulugundan,
Paxıllıgı kəsin, saflıga qurban!
Daxilində iblis gəzdirən şəxslər,
Nə din anladınız, nə də ki, iman,
Sözüm budur sizə, şeytan “mələklər”,
Şeytanlıgı kəsin, imana qurban!
21.07.2021
G Ö Y G Ö L
Gözəl gözlüsən Göygölüm!
Valeh etmisən sən məni
Yaşıllıqlar qoynundasan
Seyr edirəm bu səhnəni.
Maralgöl sənə say verir
Hər hayına o hay verir
Yaxınlıqdan tez pay verir
Heyran qoyubsunuz məni.
Murovdagın ətəyində
Uca bir dag pətəyində
Gül çiçəyin çətəyində
Xatırladırsan çəməni.
Küsüb gəlmirdim nə vaxdı
Hacıkənddə mən qonagdım
Ordan sənə bir soragdım
İtirmə sən də güvəni!
Gələcəm tez-tez yanına
Baş vuracam gül bagına
Bu qonaglı ocagına
Biganə qoyma sevəni
Səadət tək bir bəndəni.
L A Y L A Y Ç A L A M
Bilmirəm özümü necə ovudam?
Kiminə dogmayam, kiminə yadam.
Dərin düşüncəyə, xəyala dalam
İstərəm özümə bir laylay çalam.
Hələ arzulara çatmayıb zaman,
Daha yaşamaga qalmayıb güman,
Hamıdan, hər kəsdən halallıq alam,
İstərəm özümə bir laylay çalam.
İndi artıq solmuş sanki payızam!
Fəqət çalınmamış qəmli bir sazam.
Əbədi evimə uzun yol salam,
İstərəm özümə bir laylay çalam.
Sirlərlə doludur bu kiçik dünyam,
Bəlkə də Tanrıdan gəlmiş bir payam
Deyərək bir neçə çox qəmli kəlam,
İstərəm özümə bir laylay çalam.
Səadət, sən qoyma, olum eldə ram!
Yemədim ömrümdə bir tikə haram,
Artıq dözəmmirəm, qan verir yaram,
İstərəm özümə bir laylay çalam,
İstərəm özümə bir laylay çalam.
31.12.2012
B A Y A T I L A R
Kül olmuş ocaq yanmaz
Buzlaşmış sular axmaz
Bir dəfə sınan könül
Onu qırana baxmaz.
Əzizim ana Vətən
Qurbanam sana Vətən
O daş,qayaların da
Dogmadır mənə Vətən!
Səfərim çox uzagdır
Ol görünən,Duz dagdır!
Gümbəzvari yüksəkdən
O tərəfdəki bagdır!
Yol gedib yorulmaram
Heç kəsdən sorulmaram
Məni sevən insandan
Şübhəsiz darılmaram!
Quyu qaz,ay Müəmma!
Fəqət,dərin qaz amma!
Bir gün düşsən sən ora
Şərəfsizliyi danma!
Dondan-dona girirsən
Nə ölü,nə dirisən!
Aşılanmış gön kimi
Sifətlərin birisən!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.