Vaqif Vüqarın yeni şeirləri

Vaqif Vüqarın yeni şeirləri Vaqif Vüqar 15 iyun 1959-cu ildə
Daşkəsən rayonununda anadan olub.
Orta təhsilini doğulduğu Daşkəsən rayonunda alıb.
Ali təhsillidir, Gəncə Dövlət Pedaqoji Universitetinin
tarix fakultəsini bitirib.
Uzun müddət Azərbaycan tele-radiosunda işləyib.
Hazırda Gəncədə yaşayır. Əslən Göyçə mahalındandır.
Şair-publisist Vaqif Vüqar AYB-nin və AJB-nin üzvüdür.
Biz də Vaqif Vüqara bədii yaradıcılıq yollarında
və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!..


ZiM.Az


AZƏRBAYCAN

Qoca Qafqaz köksündə ki,
Çarpan ürək,odlu tufan.
Bu tutandan yaranmışdır,
Başı qarlı Azərbaycan.

Milyon ildir yollar gəlir,
Sirdaş edib sevinc,qəmi.
O uludur,əbədidir
Bu dünyanın özü kimi.

Dədə Qorqud qopuzu tək,
Köklənibdi haqq səsinə.
Onda üsyan görəcəksən,
Baxsan tarix səhnəsinə.

Özü-özündən ayrı düşdün,
Səni səndən dərd ayırdı.
Bağlandıqca yollarımız
Qardaşı sərhəd ayırdı.

Doğur günəş, ağarır dan
Ey ürəyi nisgilli yurd.
Azadlığın bayrağını,
Başın üstə sən uca tut.

Sən mətin ol Azərbaycan,
Öz ahınla ısyan elə.
Keçmişini bir xatırla
Günahınla üsyan elə.

Sən bölündün zaman-zaman,
Baharımız güllələndi.
Şəhid oldu haqq deyənlər,
Məzarımız güllələndi.

Azərbaycan od timsallı
Bir yanar dağ.
Toxunmayın bu torpağa,
Odu sizi yandıracaq.

Unutmayın cənablar,
Zülümlər yerdə qalmaz.
Azadlığın aşiqi
Köləliyə qul olmaz.

Azərbaycan şimşəkdır
Od püskürər,o yansa.
O tətiyə çəkilən,
O tuslanan tüfəngdir.

Azərbaycan bir mələk,
Bir sevgidir, bir səsdir.
Onun oduyla bir an,
Oynamaqda əbəsdir.

Azərbaycan nurdur,nur
Bəxtinə günəş doğur.
Onun azadlığı da,
Zülmətlərdən doğulur.

Ey ulu məmləkətim,
Ey ulu Türk millətim.
Qisas almaq vaxtıdır,
Qılınc çalmaq vaxtıdır.


TURAN YOLU

Mənim dünənimi qaraladılar,
Susdurub qəlbimi, dondurub qanı.
Böldülər, diddilər, parçaladılar,
Bu böyük məkanı Azərbaycanı.

Fikirlər çaşdırıb bu Turan yolu,
Dan özünü tələbə bax tələbə.
Təkcə Türk olmayım bu ad qorxulu
Məni oxşatdılar farsa,ərəbə.

Əyə bilmədiniz ruhu, inamı
Əysəniz də qamətimi, qəddimi.
Sürgünlər,məhbuslar, ölüm karvanı,
Mən necə unudum otuz yeddini.

Bir əlində silah,bir əlində gül
Həmişə silahın mənə tuşlanıb.
Nifrətin,qəzəbin onu yaxşı bil,
Bu torpağa, bu Vətənə tuşlanıb.

Bizim haqqımızı bölüşdünüzsə,
İstər Türkmən olsun, istərsə Özbək.
Harda Türk soyuna rast gəldinizsə
Dediniz silinsin dünyadan gərək.

Oxuyun min duyğu,oxuyun min söz
Allahı bir,sevgisi bir Quranda.
Bir niyət yolunda sövdələşibsiz,
Qiyam edirsiniz hələ Turanla.

Nə erməni vardı, nə də dövləti
Köksüz dam otuna bənzəyir bu ad.
Çox-çox yaxındadır öz fəlakəti,
Öz məzar daşını gözləyir bu ad.


ZƏFƏRDƏN ŞEİRİMƏ SEÇDİM YENİ AD

Çatıb qaşlarını bir az fikrə dal,
Misramı təzədən səpim göylərə.
Sən məni ölümün caynağından al,
Apar azadlığın doğduğu yerə.

Sabaha aparan salam görürəm,
Ətəyində bulud,başında günəş..
Manqurt qiyafəli adam görürəm,
Susuz bir səhradır bitib,göyərməz.

Naməlum məzara adımı yazın,
Mənim kirpiyimdən ölüm asılar.
İntiqam hissini sel aparmasın,
Şəhidi olmayan Vətən basılar.

Nifrətdir qaynayıb,nifrətdir coşan
Şəhid anasına söz ver danışsın.
Yuyunsun dağ-dərə göz yaşlarından,
Dənizdən-dənizə axıb qarışsın.

Yurdun da üşüyür sönsə od-ocaq,
Səni çağırırlar bir özgə adda.
Ey igid,babanın yatdığı torpaq,
Qalsa bir düşmənin ayağı altda...

Minib səyirdirəm yel qanadlı at,
Uzun yolun müsafiri mənəm mən.
Zəfərdən şeirimə seçib yeni ad,
Əbədi ünvana tələsirəm mnə.


SALAM, ULU MAHAL

Salam, Göyçə gölü, qos-qoca yurdlar,
Ətəyi yamyaşıl, başı qarlı dağ.
Bir dərviş sayağı gəzən buludlar,
Bağbansız göyərib, bitən bagca-bag...

Mən qaçqın doğuldum, yurd, yuvam əsir,
Keçmişim canlanır hər daşın altda.
Öpüb,oxşadığım qayalar bir-bir,
Yastıq əvəzidir başımın altda.

Salam, ulu Mahal, bir xəbər elə
Dədə Ələsgəri oyat yuxudan .
Qoy avaz yayılsın çəmənə,çölə,
Yalvarıb,diz çöksün düşmən qorxudan.

Bu yol Zəngəzurdan keçib, gedəcək,
Bu yol İrəvana aparır bizi.
O gün yaxındadır, O gün gələcək,
Bayram edəcəyik qələbəmizi...


SAZ ÇALIRAM...

Saz çalıram,
tellərində nakam eşqin
Pıçıldayan nəğmələri.
Bir də dəli,dolu
mərd Domrulun
haray çəkən nərələri..
Ruhumu göturüb aparır
Əlim yetməz,
ünüm çatmaz
zirvələrə.
Ərzurumun gədiyində,
Mən bir eşqin haray çəkən
naləsini eşidirəm,
Gəncə hey...
Saz çaliram,
Dədəm Qorquda bənzəyən,
Bir axşamın üzündə ki,
ulduzlara
baxa-baxa kövrəlirəm.
Bir Qaraca
arzularım boy verdikcə
səhərlərə,
İşıq yağır,
nur səpilir dan yerinə.
Mən bir ovuc bulud kimi,
Yerlə,göyun arasında
Köçümü çəkib gedirəm..
Saz mocüzə,saz bir sehir,
Dunyamızın danışdığı
Bir əbədi
söz dilidir...
Mən bu dildə
salam verdim,
Canlı bilib,baş endirdim
Otun,suyun varlığına.
Duymadınsa
bu mənanı,
Demək şair doğulmadın.
Saz çaliram,
gözlərimdə gilə-gilə
əriyir qəm,
Anamın laylasıni
pərdələrə toxuyuram,
Simə ərmağan edirəm...


YEDDİ QARDAŞ ƏFSANƏSİ

Ulu Qoşqar...
Bu möhtəşəm qarlı dağın,
Ətrafında Yeddi qardaş,yeddi hünər.
Yeddi qala tarixin sirli qucağı,
Xəyalların yaratdığı əfsanələr...

Hər kiçik daş bir qayadan qopub düşüb,
Qaya ərdir dərələrə keşik çəkən.
Yollarından nəsil-nəsil insan köçüb,
İgidləri tufan yarıb,bulud sökən.

Dağlar elə cavan qalıb göz qoyuram,
Hər gün günəşlə öpüşür sevgili tək.
Son baharın bəstəsini oxuyuram
Duman qalxar,çən bürüyər seyrək-seyrək...

Bu fanilik dünyasına mənim deməz,
Zirvələrə tələsirəm addım-addım.
Zirvə soyuq,bircə dəfə gülümsəməz,
Çiçəyini yuxusundan oyatmadım.

Bu Yeddi dağ,Yeddi qardaş yurd əsəri,
Kimlər yazıb Tanrı bilir doğrusunu.
Adəm oğlu doğulduğu gündən bəri,
Dağda gəzir ölümsüzlük duyğusunu...

Quşlar ötür dəstə-dəstə,qatar-qatar,
Hər əfsanə bir duyğunun surətidir.
Ağlımızın kəsmədiyi nələri var,
Bəlkə dağlar yerlə, göyün vəhdətidir...


Vaqif Vüqarın yeni şeirləri OXU MƏNİ

Oxu məni
cümlə-cümlə,
sətir-sətir,
Gözlərimdə
dolaşan qəm,
İndi köçüb kağızdadır.
Zaman mənə
yazdırdığı beş on kəlmə
şeirlərim,
Neçə-neçə ağızdadır.
Mən bir qaya parcasıyam,
Qopdum dağın zirvəsindən.
Dərələrə yuvarlandım...
Bir kimsənin
xəbəri yox.
Sındım soyuq baxışlarda,
sındım min yol.
Vətən,
sənin vəfan bumu,
Övladını tanımadın.
Görkəmimdən
bir mühacir səs tanıdı,
Bildi şair olduğumu....


ŞƏHİD AĞACLARIN...

Şəhid ağacların
səsini eşidən olmadı
bir kərə,
Qara qarğa tustülərin
karvanına
yol göstərirdi,
Özü bir qaya başında.
Torpağın nəmli üzündə
anaların
göz yaşıydı.
Buludlarsa sallamışdı
qollarını,
Bir az incik,bir az da pərt.
Yas tuturdu,kəfən biçib,
adamlığın edam günü...
Adını da unutmuşdu
haqqam deyən,
Bir gecənin qaranlığı
sevgiləri udurdu,
Gözüdoymaz əjdaha tək.
Ağaclar da şəhid oldular,
Bir abidə qoyulmadı
ağaclara...
Ölüm müjdə gətirirdi,
Yeni cocuq doğulurdu.
Şəhidliyin zirvəsinə
tələsirdi
Bircə damla işıq gəzən.
Gördüyümüz bütün varlıq,
Çəmən,
ciçək ayaq altda
ölüb getmiş.
İnildəyən qara torpaq
Başdan-başa bir məzarlıq...
Qisas qiyamətə qalmaz,
O gün gəldi
diz çökdülər bayrağima.
44 gün od ələdik
düşmən üstə.
Daha duruş gətirənməz,
Div də çıxsa güzarıma.
Ağ göyərçin pərvaz edib,
Bir muştuluq aparırdı
Qələbədən
Şəhidlərin məzarına...

Gəncə şəhəri..

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: