Xalidə Hicran Seyidova: "HƏYAT YONUR İNSANI"

Xalidə Hicran Seyidova: "HƏYAT YONUR İNSANI" Xalidə Hicran Seyidova - 29 noyabr 1954-cü ildə Naxçıvan MR Şərur rayonundakı Mahmudkənd kəndində anadan olub. Anası orta təhsilli, atası isə ali təhsilli olub. Onların elmə olan marağı ailədə bütün övladlarına, o cümlədən də, Xalidə xanıma da elmə yiyələnməkdə təsir edib. O, 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dölət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Bu illər ərzində Azərbaycanda, keçmiş Sovetlər birliyinin respublikalarında və xarici ölkələrdə, əl işləri sərgilənib. Rəssamlıq sənətinin qobolenlə, yağlı boya ilə, akvarellə, taxta üzərində və s. sahələrində özünü sınayıb.
1979-cu ildə rəssam, heykəltaraş Hicran Seyidovla ailə həyatı qurub; üç qızıları var.
1980-ci ildə həyat yoldaşı Hicran Seyidovla birlikdə bütün Azərbaycanın tarixini bu günə qədər özündə əks etdirən böyük ölçülü Qobelen toxumaq qərarına gəlib. Bu çox da asan olmayıb. Uzun zaman bu arzu həyata keçmək üçün çalışıblar. 1986-ildə bu əsərin eskizi tam hazır olsa da, əsər çox böyük məsrəf tələb etdiyindən, sifarişçi tapmaqda çox çətinliklərlə üzləşiblər. Nəhayət, Sumqayıt şəhərindəki Kimya zavodu ilə müqavilə imzalanıb. Əsər zavodun mədəniyyət sarayının səhnəsində pərdə kimi asılmaq üçün sifariş edilib. 1991-ci ildə bu möhtəşəm qobolen təhvil verilib. Əsər çox böyük marağa səbəb olub. Mətbuatda, televizya və radio verilişlə-rində işıqlandırılıb. Ölçüsü 10x15 m olan əsərin çəkisi 600 kq-dan çoxdur. Əsər bu gün də, Sumqayıt şəhərinin mərkəsində Kimyaçıların Mədəniyyət Sarayında sərgilənir.
Xalidə xanım rəssamlıqla bərabər, ədəbiyyatı da həddən çox se-vir, bəzən özü də şeirlər, hekayətlər, hikmətli beytlər yazır. Həyata baxışı, baxdığı hər şeyi məntiqlə izləməsi, getdikcə onun dərin hikmətli beytlərlə süslənmiş bir neçə cild əsər yazmağına səbəb olub.
Həm rəssam, həm də yazar olmağına görə atasına minətdar olduğunu bildirir.
Bir ömür yazdıqlarını zaman-zaman yeni kitablarla, oxuculara təqdim edir. Həyat yoldaşına həsr etdiyi sevgi ilə cilalanmış şeir və qəzəlləri, məsnəviləri 3 cildlik “Hikmət xəzinəsi” kitabında işıq üzü görüb. (Onu da qeyd edək ki, əsərlərinin gec nəşr olunmasının səbəbi uzun müddət vətəndən uzaqda yaşamağı olub.)
“Dünyaya bir də gəlsəm yenə rəssam olardım,
Qəlbimi qazıb-qazıb hikmət, şeir yazardım.”

– bu sözləri özünə həyat amalı seçən və 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmiş Xalidə xanım, 2017-ci ildə isə Azərbaycan Yazıılar Birliyinə üzv seçilib. Şeirləri “Zirvə” və “Poeziya çələngi” adlı poeziya antologiyalarında, “Zəfər”, “Vətən”, “Canım Azərbaycanım”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Xarıbülbül”, “Turan”, “Buta”, “Ziya”, “Şam işığı”, “İlham çeşməsi” və s. adlı ədəbi məcmuələrdə, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zirv.info və s. internet saytlarında dərc olunub.

Biz də aşağıda hörmətli Xalidə xanımın bir neçə şeirini dərc edir və ona uzun ömür, möhkəm cansağlı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında və rəssamlıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



DEYİRLƏR ŞAİRLƏR ÇOXDUR
DÜNYADA


"Deyirlər şairlər çoxdur dünyada,
Lap da çox artıbdı, Azərbaycanda.
Harada dərd çoxsa, hətta qazı da,
Səhərdən axşama, yazı- pozuda.

Dərdlər çoxaldıqca, qazılar məşğul,
Bir əldə qələmdir, bir də çay, noğul.
Axtardım gözəllik hikmət bağından,
Geridə qalmayım mən də qazıdan."

Yatırsa kef əhli əgər ki, rahat,
Qəlbi ona deməz qələmə əl at.
Görmədim, dünyada dərdsiz bir şair,
Dərdlər qələmi də dilə gətirir.

Süleyman peyğəmbər demişdir bunu:
“Qəmə aludəykən tapdım huzuru.”
Kef əhli olarsa əgər ki bir kəs,
Qəmlənsə paltarın geyəcəkdir tərs.

Qəmə aşinasa kimin ürəyi,
Başı üstdə durar ilham mələyi.
Eyş- işrət aninda, şairlər qəmli,
Sözləri, qələmi, olacaq nəmli.

Bəzən bir şairə kim etsə tənə,
Heç cavab yaramaz, şair şəninə.
Şairlikdən bir söz gəlsə üzünə,
Kaş onu da düşə şair gününə.

Şairlik vergidir Allahdan gələr,
Yoxsa nə yazsan da küləyə bənzər.
Ətrafı olsa da kef əhli həmən,
Qəlbində qəmidi, əlində qələm.

Hz Eyyub hördü qəmlərdən çələng,
Qəmdə, iman tapdı, min cürə ahəng.
Qəm insan ruhunun, “min bir qidası”,
Hər qəmin yerində, bir gül butası.

Düşünmə qəmlərdən olasan azad,
Qəmlə də könüllər olurmuş abad.
Təndir yaxşı yansa, çörək də badda,
Qızarar, gözəl bişər, fərqlidi dad da.

Aşina deyilsə qəmin könlünə,
Gölgəsi də düşməz tək bir sözünə.
Qəm- kədər kimlərə olubsa munis,
Xatırla dəryada, “nə etdi Hz. Yunus”?


***

Yatıbdır torpaqda neçə gül, qönçə,
Əcəl qamarladı, xoş gün görüncə.
Şahlar, taxt- tacından tez öyününcə,
Döyübdü bu cahan, ta ki, ölüncə.

Verdi nəfis qələm, bunları yazam,
“O”böyük hökmdar, “Zül Cəlalı İkram”.
Nə bir insan olduq, nə də ki, Hürük,
Sən bağışla bizi, Ey, “Malik ül mülk!”


BİR ORDU MƏĞLUBSA

Allahdan bir ordu məğlubsa əgər,
Sapandın daşı da ora tələsər.

Ocağın haramdan xəbəri varsa,
Etmə təəccüb aşın külə qarışsa.

Yolun ölçüsünü bilsən də hərgah,
Yolda olacaqdan deyilsən agah.

Bizdən çox həssasdır dilsiz-ağızsız,
İnsan tez unudur, olur ağılsız.

Çarəsiz qalanda, fəryada başlar,
Halı düzələndə özgəni daşlar.

Sevməyi bacarsa insan həyatda,
Ona çətin gəlməz zalım həyat da.

Ocağın istisi olmasa əgər,
Orda isinənlər ondan gen gəzər.

Ocağın istisi olmasa artıq,
Yanında bir kəsi daha tapmarıq.

Nəyin var, saxlayır dünya özündə,
Qoymaz bir az varı qala kimsədə.

Burdan gedənlərin boşdur əlləri,
Onlara qalandır tək əməlləri.


HƏYAT YONUR İNSANI…

Həyat yonur insanı özlərindən xəbərsiz,
"Xərrat" deyilən həyat insanı yonur səssiz.
Birdən-birə dəyişir görkəmi də, özü də,
Elə dəyişir insan, formalaşır özüldə.

Kiminə xeyir verir, hətta bu yonulmaq da,
Kimlərsə itirir özlərində olanı da.
Gah yanır, gah yandırır, susur, gah da qışqırdır,
İnsan elə məxluq ki, yonulub forma alır.

Dəyişir fikirləri, dəyişir müşkülləri,
Büsbütün yonulduqca, dərisi soyulduqca.
Ya kobudlaşır, ya da incəlir incəldikcə,
Xərrat deyilən həyat, dəyişir insanı da.


İLAN GÜLSƏYDİ

Əgər ilan gülsəydi, yenə zəhər tökərdi,
Bu bədxah adətindən çətin ki əl çəkərdi.

İnsan elə varlıqdır, hünəri var hər işə,
İş çevrilsə vərdişə, ona olacaq peşə.

Dinləmək olmasa da insanlarda bir adət,
Etibar etmə heç vaxt dayanarsa farağat.

Balıq suda azaddır, insan torpaqda azad,
Yerlərini dəyişən, yenə dəyişməz o ad.

Yağsa da baharda qar, ömrü-günü az olar,
Qışın qarı, buzu da o qış qədər yaşayar.

Çırağının başına yığılanlar çox olar,
Çırağın sönən kimi qaranlıqda yox olar.

Qayğısız bir ömürlə gər yaşasan həyatı,
Sanki hər gün yeyirsən köhnə kərti boyatı.

Dilək dilə Allahdan, iş getməsə qaydada,
Diləksiz ömür keçsə, nə məna var həyatda?

Doldur qəlbinə arzu, pozulmasın tarazı,
Taraz pozulsa əgər, hey qalarsan narazı.

Kama yetməsən belə, yenə Rəbbindən dilə,
Yenə də arzu dilə, qoy qəlbin gəlsin dilə.

Qəlb arzu sandığıdır, sıxılar o boş dursa,
Sandıq nəyə gərəkdir, əgər içi boşdursa.

İşləməsə kərənti, təmiz pasa bürünər,
Qəlbdə arzu olmasa, o kəs xəstə görünər.

Varisə bir xəstənin sağalmağa məqsədi,
İradəsi mohkəmlər, hər işdə qalib gəldi.

Fərqi yoxdur ya qoca, ya da ki cavan, uşaq,
Gərək hər gün yuxudan arzu ilə oyanaq.

"Bir məqam" var həyatda, çox şey gedir, o qalır;
Ürəkdən istəyənlər, istəyə nail olur.

Məqsəd sənin silahın, heç əldən qoyma yerə,
Məqsədin olmasa gər, mindən düşərsən birə.

Yan arzu, dilək üçün, ümid olsun gözündə,
Sonda arzuya çatıb güc taparsan özündə.

Yoxdur elə bir iş ki, çətin ola insana,
Əzablı yol sonunda, sən yetərsən arzuna.

Var arzunun çox yolu, sən axtar tap düz yolu,
Düz yolda olanların köməyidir haqq yolu.

Aç qucağı cahana, o bənzəyir anana,
Ondan da üz döndərsən, gedəcəksən hayana?


BƏDƏN SƏRKƏRDƏSİ

Qəlb bədən sərkərdəsi, əzalarsa əsgəri,
Əsgərin düşünməsə, boş qalacaq səngəri.

At başından paxıllıq, qorxaqlıq və qeybəti,
Bunlara alışanlar itirərlər hörməti.

Bir paxıl qəlb ilə sən yaşasan bu həyatı,
Şirin bal dadsan belə, zəhər olacaq dadı.

Qəlbin ilə halın şad, ya da ki olur xarab,
Paxıllıq qəlbi yeyir, bu dərdə qalmayır tab.

Yığılsa əgər məclis, hamıya etmə ərkin,
Hirs pisdir, qəzəbsə kin, hər sözün tutma bərkin.

Qov qəlbdən paxıllığı, küdurət və qəzəbi,
Qəlbdən yox olsa bunlar, qalacaq gözəl təbi.

Yanlış olsa əməlin, əzabını çəkirsən,
Toxum əkmədən öncə bax gör bir nə əkirsən.

Gördüyün hər əməlin bir toxuma bənzəyir,
Bir əməli etmədən fikirləş, nə edirsən?

Əgər toxum çürüksə, ondan bəhrə gözləmə,
Əməllərin gözəlsə, becər, gözünü çəkmə.

Varsa dünya malına əgər marağın lap çox,
Nə qədər malın olsa, deyərsən, heç nəyim yox.

Göz toxdusa insanda, qəlbi də geniş olur,
Gözü ac olan kəsin hər işi kəsir olur.

Yoxdur cahanda bir kəs gülə ömürü boyu,
Qəlbi dərd sevənlərin qəmdir qəlbinin soyu.

Yanlış bir yolu tutsan, geriyə dönüş yol var,
Yolu çox uzaq getsən, başlanğıc uzaq olar.

Yaşa-başa yaraşsa dediyin əgər hər söz,
Tənə ilə deyilən sözə, söhbətə də döz.

Yükləri ağırlaşır insanlar qocaldıqca,
Yorulur qazandığın özüylə daşıdıqca.

Bir ömür yığır yükü, ya yaxşı, ya da pisi,
Hər kəs anlayar bunu arxasına baxınca.

Həyat ağır olsa da, həyat "ordan" gözəldir,
Həyat qədrini bilən, özü həyatdan gözəldir.

Həyat gözləmir bizdən qəlbimiz gülə hərdən,
Sevinci ozün qazan, qəm də əl çəkər səndən.

Əgər səhman yoxdursa ev-eşiyin içində,
Nə qədər gözəl olsan, olarsan o biçimdə.


HİKMƏTLİ beytlərimdən

Eşşəyi dəyişməyə göstərsən də çox çaba,
Ceyran dərisi altda eşşək görünər qaba.

Yüz bəzək vurulsa da boş başdakı bir taca,
Ağılsız başda o tac bənzər içi boş qaba.

Şahinin qanadını bağlasalar toyuğa,
Yenə tülkünü görsə, girəcəkdir oyuğa.

Yaltaqlıq və paxıllıq bir toplumu alarsa,
Təəccüb etmə ordan din-iman yox olarsa.

Oğurluq hər biçimdə hər millətin içində,
Bircə fərqi vardır ki, ayrı-ayrı biçimdə.

Bir qəlbi gər bürüsə, zülməttək qara kölgə,
Tərtəmiz Günəşə də ləkə yaxacaq, bəlkə.

Eyş-işrət yorğunluğu hüzur gətirsə əgər,
Hamı kefin dalınca düşməzmi, səncə, məgər?

Kefdən yorğun olana bu həyat adiləşər,
Qəmdən yorğun olanlar həyatda küskün gəzər.

***

HİKMƏT XƏZİNƏSİ

Köpək döyülməklə olmaz qapağan,
Sərçəni yedirtsən, olmaz çalağan.
*
Ey dünya, qocasan həmdə ki cavan,
Ölənlər torpaqdır, qalanda yox can.
*
Bu dünya borc verir bir quru nəfəs,
Onun mal- mülkünə eyləmə həvəs.
*
Hər quş avazı ilə, bəllidir həmcinsinə,
Yoxsa bəyquş oxusa, kəklik gələr səsinə.
*
Ömür çox qıssadır, yarısı gecə,
Yarısı da qəmsə gedəcək heçə.
*
Şahların taxtı da deyil əbədi,
Ucada Sınayır, budur səbəbi.
*
Vicdan, ağır gəlir hər tərəziyə,
Yoxdur daş, tərəzi, bele çəkiyə.
*
Ağac altda yatan taparsa zümrüd,
Düşünər ağacdan yarpaqdır düşüb.
*
Asan yolla tapsan hətta xəzinə,
O,da bəs eyləməz saqqal xərcinə.
*
Əcəl bir gəmidir, “yazılan mayaq”,
Özün də getməsən aparır ayaq.
*
Sürtüb parıldatsan əgər dəmiri,
Yenə də ləl qədər olmaz dəyəri.
*
Kam almasan sən həyatdan,
Yanıb ocaq, yaş odundan.
*
Sən bu cür düşüncədən olma heç kənar,
Deyilən söz deyənin özünə oxşar .
*
Elmsiz bir sənətin, yoxdur əvvəli, axırı,
Çobanlıq bilməsə, çoban itirər naxırı.
*
Dizində olsa təpər, qarşında nədi çəpər?
Özünə inanan kəs əlində dəmir əyər.
*
Qoy bilsin, ata –ana qəhrini çəkməyənlər,
Bu “Həyat bazarında” bizə can xərcləyiblər.
*
Dəmirçinin gümanı, olsa zindan, çəkiçə,
Öz qoluna güvənir, dəmiri bərk görüncə.
*
Hara baxdım min bir fitnə, kimi ev tikir itinə,
Gördüm kim ki halal yeyir, ozü kotandı cütünə.
*
Qorxun olmasın heç vaxt həyatda bir güclüdən,
Sən qorx üzünə gülən yaltaq, ikiüzlüdən.
*
Bir ovuc torpaq olur can, nə gözəl verdi xuda,
Nə qədər xoşsa da gənclik soluxur canla, o da.
*
Dünyadan bir ləzzət bəzən almadan,
Bir yataq bəzərlər qara torpaqdan.
*
Baş var ağıldan qaçaq, ağılsa başdan qaçaq,
Elə ağıllı gördüm, dəlilər ondan qoçaq.
*
Sayca lap çox olsa da qarışqanın sürüsü,
Üstünə kölgə salar, pələngin ləpir izi.
*
Sahibi döysə eşşəyin, heç bilməsə səbəbin,
Özü yükü çəkəndə, düşünər hər tərəfin.
*
Qəlbimiz dərd məskəni, qəlbimiz eşqin evi,
Dərdi hər bir kəs çəkir, eşq üzür hətta devi.
*
Çox az gördüm ürəklə doğru sözü söyləyən,
Yalanı uca deyir ,doğrunu alcaq deyən.
*
Çərəz yemək mərəzdi, axtar gör nə əvəzdi?
Çərəzi də çox yesən, o da cana qərəzdi.
*
Kim oturar yastıqda ,kürküdü , kürəyində yükü,
Kim quru torpaq üstdə ,belində yüzünün yükü.
*
Yolun kəsib qəm yükü, sən bürünmə o kürkü,
Qəmə bülənd olana, ağır gəlir baş tükü.
*
Yarım qalan ömürlər, ölülər tək ölmürlər,
Ölürkən yaşayırlar, sevənləri ölürlər.
*
Dünya ilə barışıb, işinə qarışmadım,
Mən insanlıqdan küsdüm, onunla barışmadım.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: