MİRZƏ MƏMMƏDOĞLU
Mirzə Məmməd oğlu Maşov -
1957-ci ildə Tiflisdə anadan olub.
1974-cü ildə qədim Borçalı mahalının
(indiki Marneuli rayonunun) Gorarxı kəndindəki
Alqeti 1 nömrəli orta məktəbini bitirib.
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakultəsinin qiyabi şöbəsinə daxil olub.
Elə həmin ildən də jurnalistlik fəaliyyətinə başlayıb,
”Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetinin
redaksiyasında ştatdankənar müxbir olub.
Ordu sıralarına yollanıb, əsgəri xidmət borcunu
şərəflə yerinə yetirib.
Nəhayət, 1987-ci ildə Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indiki Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində) işə başlayıb.
Uzun müddət Gürcüstan radiosunda Azərbaycan dilində verilişlər redaksiyasının redaktoru olub.
Mirzə Maşov 2008-ci ildən Gürcüstan Tele-radio şirkətinin Milli verilişlər redaksiyasında “Moambe”-nin ("Xəərlər"-in) Azərbaycan dilində yayımlanan verilişlərinin redaktoru vəzifəsində çalışır.
Mirzə Maşov Gürcüstanın ictimai-siyasi həyatında həmişə fəal iştirak edir.
O, Gürcüstanda ilk dəfə olaraq yaranmış “Dayaq-2” cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri olmuşdur.
Mirzə Maşov 1992-ci ildə Gürcüstan Dövlət şurasına üzv seçilmiş və şuranın üzvü olduğu vaxtlarda Bolnisi rayonunda bir dəfəyə 28 kəndin adınıın dəyişdirilməsinə öz kəskin çıxışı ilə narazılığını bildirmişdir.
Mirzə Maşov Azərbaycanda və Gürcüstanda zəhmətkeş araşdırmaçı-tədqiqatşı, bacarıqlı jurnalist və təcrübəli tərcüməçi kimi tanınır.
O, Gürcüstan Jurnalistlər Federasıyasının, Azərbaycan Yazıçılar Birliyinin,
eləcə də Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür.
Bir neçə sanballı kitabın müəllifi, tərtibçisi, neçə-neçə əsərin tərcüməçisi və redaktorudur.
Mirzə Məmmədoğlu həm də bir sıra gözəl şeirlərin müəllifidir.
Aşağıda həmin şeirlərdən bir neçəsini dərc edir və müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
ZiM.Az
SƏN TÜRK OĞLU OLAMMAZSAN!..
(Üzdən özünü türk kimi göstərən,
əslində isə başqa bir millətin
nümayəndələri olanlara və zatı qırıqlara itfah)
Bal arın beçəndən gərək.
Sarvanın köçündən gərək.
Türkçülük içindən gərək.
Sən türk oğlu olammazsan.
Yurd yeri yurdda qalmalı,
Türk qadasın türk almalı,
Türkün dostu türk olmalı,
Sən türk oğlu olammazsan.
Türkün balası türk olar.
Türkçülük türkə görk olar.
Türk hər sözündə bərk olar
Sən türk oğlu olammazsan.
Türk oğlunun öz yurdu var,
Qəlbində torpaq odu var,
Min əməli, bir adı var.
Sən türk oğlu olammazsan.
Türk heç öyünməz, öyülür,
Türk heç deyinməz, deyilir,
Türk heç sayınmaz, sayılır,
Sən türk oğlu olammazsan.
Bayrağı var ay-ulduzlu,
Söhbəti var şirin duzlu.
Şərqiləri eşq avazlı,
Sən türk oğlu olammazsan.
Dinməyinin söz mənası,
Sükutunun öz mənası,
Sönməyinin köz mənası,
Sən türk oğlu olammazsan.
Türkün sözü, əməli bir,
Türkçülüyün təməli bir,
Məsləki bir, amalı bir,
Sən türk oğlu olammazsan.
At üstündə doğulmuşuq.
Od-alovdan yoğrulmuşuq.
Yer üzünə dağılmımışıq,
Sən türk oğlu olammazsan.
Dədə Qorqud əsilliyik,
Tomris nənə nəsilliyik,
Qoç Koroğlu misilliyik.
Sən türk oğlu olammazsan...
Məndən nifrət türk söyənə,
Qoy, eşq olsun türk öyənə.
«Nə mutlu türküm deyənə»
Sən türk oğlu olammazsan!..
Mirzə MƏMMƏDOĞLU,
Tbilisi, 1994-cü il, 29 oktyabr.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.