Ləlvər üçün kim darıxıb?...

Ləlvər üçün kim darıxıb?...Nizami Məmmədzadə

Kəndimə

Dağlara çıxıram, hər yan gül-çiçək,
Göy üzü dumduru bulaq kimidi.
Yenə fikirlərim şerə dönəcək,
Həzin bir nəğmətək dinəcək indi,
Göy üzü dumduru bulaq kimidi.

Hayana baxıram şənlik, toy-düyün,
Burda məskən salıb müdrik babalar.
Boyu bəstə qızlar gözəlləşiblər,
Burda hər cavanın sevgilisi var -
Burda məskən salıb müdrik babalar.

Bu yeri sevmişəm, a dostlarım mən,
Ülvi bir niyyətlə bağlıyam ona.
Bu yerin hər dağı, düzü barlıdır,
Təbiət çağırır məni qoynuna -
Ülvi bir niyyətlə bağlıyam ona.

İlin hər fəslində gül-çiçəklidir,
Qayasında kəklik, turac oxuyur.
Şən qızları elə gözəl, qəşəngdir,
Əlləriylə min-min xalı toxuyur -
Qayasında kəklik, turac oxuyur.

Yazammaram səndən qeyri yurdu mən,
Hər daşında, torpağında izim var.
Səhər-səhər çeşmələri bəzəyən,
Gözəllərin bircəsində gözüm var -
Hər daşında, torpağında izim var!

"Yeni Marneuli" qəzeti, 6 may 1980-ci il.


Uçma, ey göyərçin, bizim yerlərə...

Uçma, ey göyərçin, bizim yerlərə...
O tənha qəbirlər ayıla bilər.
Kimsəsiz görərkən yurdu-yuvanı,
Yenidən, yenidən bayıla bilər.

Uçma, ey göyərçin, tanış düzlərə,
O qoşa cüyürün izi gözəldir.
Aşıq Ələsgərin qəbri çatlayıb,
O yadigar qalan sözü gözəldir.

Barıtdan, tüstüdən bihuş olarsan,
O yanan ocaqlar bizim ocaqdır.
Taxtanı, şalbanı üst-üstə qoyub,
Erməni bu saat od vuracaqdır.

Bu zalım dərdlərə dözən kimdir-kim?
Baxışlar odludur, sinə dağlıdır.
O qoca qarını görürsənmi sən?
Dediyi hər kəlmə-sözü ağıdır!

Sakit baxmaq olmur tanış üzlərə,
Səlminaz xalamın dərd-səri çoxdur.
Evi-eşiyi də töküb düzlərə -
O dərdi yığıbdır, əlacı yoxdur.

Uçma, ey göyərçin, dik zirvələrə,
Zirvə bizim idi, dağ bizim idi.
İndi tökülmüşük yad küçələrə,
O meyvə gətirən bağ bizim idi!

Hərdən qəmli-qəmli Ədalət çalır,
Saz səsi qanımı dondurur birdən.
Xəyallar, xəyallar hey mənə qalır,
Ayrıla bilmirəm doğma yerlərdən.

O tənha qəbirlər – ata-babamız!
Məni hey qınayır, elə gəl deyir!
Sıyırıb qınından Babək qılıncı,
Dönüb şaqqıldayan selə, gəl deyir.

Bizi sınağa çək, yoxla, ey babam!
Vətən, bizi hayla, el bizi hayla!
Ey doğma ocağım, ey doğma yuvam!
Gələcəm, gələcəm hayla-harayla!

Uçarıq göyərçin, tanış yerlərə,
O tanış dolaylar – tarix, əzəldir.
Aşıq Ələsgərin qəbri güləcək,
Vətənin torpağı,daşı gözəldir...


Uzaqdan Ləlvərə baxıb yazdığım şeir... Ləlvər üçün kim darıxıb?...

Ləlvər üçün kim darıxıb?
Çiçəkləri üzən gəlsin.
Yam-yaşıllı çəmənlərdə -
Yallı vurub süzən gəlsin!

Ah, darıxdım ellər üçün,
Şirin-şirin dillər üçün,
Gözəllərin saçlarına,
Gül qoparıb düzən gəlsin.

Çiçəklərim qəribsəyib,
Göyçəklərim qəddin əyib,
Ömrü incə-incə qıyıb,
Şeir-nəğmə yazan gəlsin.

Yamaclarda Qaymaqçiçək,
Bulağından qurtum içək,
Bu dağlarda otu biçək,
Şehli otu əzən gəlsin.

Doyammadım bu çağından,
Əl çəkmərəm qucağından,
İlham aldım qaçağından,
Dağlar, səndən bezən gəlsin.

Çiçəyinə vurulmuşam,
Sularında durulmuşam,
Şəkillərə sarılmışam,
Ayrılığa dözən gəlsin!

Borçalı, 2014, 11 iyun.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: