təmiz, ülvi və ilahi düşüncələrlə, bəşəri hisslərlə yazılan,
yurdsevərlik duyğuları, sonsuz məhəbbətlə
tərənnüm olunan şeirlərindən oxucu,
sözün həqiqi mənasında böyük mənəvi zövq alır.
Şeirlər səni elə bil ki, ağuşuna alır, doğma Vətənə sevgi,
ilahi məhəbbət barədə gözəl duyğular yaradır.
Aşağıda şairənin bir neçə şeirini oxucularımıza
təqdim edirik.
Yunis Qaraxanov,
"Şərqin səsi " qəzetinin xüsusi müxbiri,
şair-publisist.
* * *
Rəsmlərə baxıram...
Gözlərində qoca Şərqin qapısı
Azərbaycan görünür,
dilində Turan titrəyir,
Mənə qalsa hər anın şəklini çəkib
paylaşaram dünyaya -
qəriblər Vətən görsün...
"Səni sevməyən ölsün!"...
* * *
Tutub dünyanın ipindən
Gedək lap sonuna qədər.
Nə bizi dərd - bəla tapsın,
Nə də ki, bu tale, qədər.
Soyuq dayanırıq deyə,
Sanırlar don adamlarıq.
Bəlkə də İNSAN adına
Dünyada son adamlarıq.
...Qorxu var, dodaq səyridir,
İlan ilana əsasdır...
Nə əllərimiz əyridi,
Nə də dilimiz qısadır.
Dərviş babayıq, dağ, yamac,
Demərik, külək əsməsin.
Kim kəsir, kəssin, neyləyək,
Tanrı kəndiri kəsməsin.
Könlümün eşqinə
Sızırsan qələmə ey can,
İnci - inci, mərcan - mərcan...
Həm təlaş var, həm həyacan..
Dolu könlümün eşqinə!
Həvəssən dövran sürməyə,
Demə sevda nədir, eşq nə?
Gələrəm üzün görməyə
Dəli könlümün eşqinə!
Bilmirəm səsində nə var,
Gələndə canım titrəyir.
Dəyib keçir, gülümsəyir
Yeli könlümün eşqinə!
Əlim çarpazdı qoynuma,
Düşmüşəm sevgi oynuma.
Arada bir sal boynuma,
Qolu könlümün eşqinə!
Sevənə nə yamac, nə dik?
Xəyal atı əldə tətik..
Uzaqlardan gözünə dik
Yolu, könlümün eşqinə!
Sev məni, - yorğun könlünün,
Gözün yaşıla döndərim.
Bu eşqə bir dua yolla,
Sənə min "Amin" göndərim.
Soruş, səni sevirəmmi?
- Bəli...könlümün eşqinə!
Adilə NƏZƏR
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.