istedadlı qələm dostumuz,
tanınmış şair-jurnalist,
"QARAPAPAQLAR" dərgisinin
Baş redaktoru
Akif Xansultanlının
doğum günüdür!..
O, 1974-cü il noyabrın 7-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1991-ci ildə 1 saylı Sadaxlı kənd orta məktəbini,
1997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.
Sonradan təhsilini
AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında davam etdirib.
Elmi məqalə və şeirləri ilə mətbuatda vaxtaşırı çıxış edir.
“Borçalı dastanı” adlı kitabı nəşr olunub.
“Qarapapaqlar” dərgisinin redaktorudur.
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından əziz dostumuz-qardaşımız Akif Xansultanlını
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də
yaradıcılıq işlərində və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulamaqla yanaşı,
aşağıda Akif Xansultanlının bir neçə şeirini oxucularımıza ərmağan edirik.
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də
yaradıcılıq işlərində və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulamaqla yanaşı,
aşağıda Akif Xansultanlının bir neçə şeirini oxucularımıza ərmağan edirik.
Müşfiq BORÇALI.
Sevgimi Tanrıdan gizlədə bilsəm
Məni anlayarmı, başa düşərmi,
Heç nədən ağlayıb boşa düşərmi?
Bir qəlbə göz yaşı qoşa düşərmi,
Birini saxlayıb, birini silsəm?
Qınağa çəkirsən, belədir yəni?
Niyə gec tanıdım, niyə gec səni?!
Yalvarıb demirəm bağışla məni-
Sözüm tikanlısa, mən acı dilsəm.
Ayrılıq ah çəkib saçını yolsun,
Bəndə gözlərində boşalıb dolsun,
Suçumu yuyacaq Allahım olsun,
Mənə fərq eləməz məscidim, kilsəm.
Qızılgül olmusan, mən dərəcəyəm,
Ruhumu yolundan döndərəcəyəm,
Bu eşqi tək sənə göndərəcəyəm,
Sevgimi Tanrıdan gizlədə bilsəm.
VƏTƏN OLASAN
Heç baxmıyasan ağıla
Qanın mübarek dağıla
Dönəsən ŞƏHİD nağıla
Bir ovuc VƏTƏN olasan!!!
Göy üzünə qərənfil tax
Qan renginde ferqinə bax
Ruhuna sıgal çəkə Haqq
Oxşaya üzüyolasan...
Pafoslu her ifadeye
Mürəkkəbə ya sadəyə
Vətən sağlığı badəyə
Süzülüb qan tək dolasan!
İntihar
Sərxoşmu, dəlimi intihar edən?
Qınamaq haqqını kim verib sənə.
Mən üsyan etmirəm, eşit Allahım,
Bu gecə bir ölüm bağışla mənə.
Çiynimdə oturan elçi mələklər,
And içmək gərəkmi böyük Qurana?
Mən dərddən, ələmdən qaçmıram, Allah,
Səni görmək üçün qıyıram cana.
Ömrü yaşayıram səbirdən uzaq,
Qoy elə alnımda qalsın yüz ilim.
İlahi sevginin çıxıb yoluna,
Ölüm ki-səninlə görüşə bilim.
Nə cənnət qorxudur, nə də cəhənnəm,
Onsuz da birinə girəcəm orda.
Məhşər ayağına çəkilsəm də mən,
Son dəfə Allahı görəcəm orda.
Hər gecə ümidlə bel bağlayıram,
Başımın üstəki dua çətrinə.
Ağ yolu görəndə hey ağlayıram,
Ölümü sevirəm sənin xətrinə.
Yüz götürmüşəm
Ey ölüm sevincin kədər olacaq,
Bilirəm zəhmətin hədər olacaq,
Peşiman, tələsən qədər olacaq,
Mən ömrü Allahdan yüz görmüşəm.
Hər sözü deməyib ayaq saxlayan,
Ümidi özünə dayaq saxlayan,
Yuxulu gecəmi oyaq saxlayan,
Seçib duaları düz götürmüşəm.
Ömür bir bağçadı, saralıb, solub,
Barı başdan aşıb, boşalıb, dolub.
Nə seçmək, düşünmək imkanım olub,
Baxmayıb qisməti tez götürmüşəm.
Bir məna gördünmü çat qaşlarımdan?
Əlimi üzmüşəm sirdaşlarımdan.
Gecəni səhərə göz yaşlarımdan,
Yaramın üstünə duz götürmüşəm.
Kitabı oxuyub dərk eyləmişəm,
İmanı poladdan bərk eyləmişəm,
Dərvişəm, dünyanı tərk eyləmişəm,
Tövbəni Qurandan söz götürmüşəm.
Dünyanın xəbərsiz köçhaköçündə,
Ruhumu boğmuram tamah içində.
Bilirəm öləcəm, bunun üçün də,
Haqqın görüşünə üz götürmüşəm.
Qəribə istək
Bax, bu gün fərəhlə deyə bilərik,
Hələ ömrümüzün azı gedibdir.
Nə sənin ömrünə soyuq qış gəlib,
Nə mənim ömrümün yazı gedibdir.
Mən gələn ömürdən xəbər tutmadım,
Dedim ki, alnımda yazım inciyər.
Həyatda çoxların düşsəm dalınca,
Qismətim olacaq azım inciyər.
Qəribə taledir, qəribə istək-
Ömür də kirayə, ev də kirayə.
Birinin möhləti Tanrı əlində,
Birinin möhləti çəkir bir ayə.
Üzüm danlamaqdan dan əppəyidir,
Haqqa gedən ömür üçün yükənmiş.
Doğmaların boynu mənə tablamaz,
Gücü olan öz yükünü çəkərmiş.
Hər dürlü xəyallar, dalğın fikirlər,
Ruhumu yandırıb, canımdan keçib.
Həyatın sevinci, kədəri bəlli,
Ömür də yolunu beşikdən seçib.
Deyirlər, bəxtinə qarğamaz insan,
Allahı çağırıb hey zikr eylər.
Bu fani dünyadan dərsin alanlar,
Duası dilində min şükr eylər.
Bir qul xətasından gəlib dünyaya,
Neyləsin, bəxtindən uzaq yaşayır.
Boyu da böyümür, arzuları da,
Adam var ömrünü uşaq yaşayır.
MƏN ÖLÜMÜN SEVGİ BARI
Bu taleyin bağrı üstə,
Boy atıram göy biçimdə.
Pər-budağın, şax qamətin
Nələr axır gör içində?
Saçaq-saçaq ağ damarda
Qara qanam, qara suyam.
Onun adı sirri-ölüm,
Neynəyim ki, mən də buyam.
Qoy sirrimi açım dostum,
İçimdə bir dərd ulayır.
Nə ölümə, nə sevgiyə
Özümə meydan sulayır.
Mən ölümün sevgi barı,
Dəyməmişəm kalmı yesin?
Tamahkürmü, səbirsizmi?
Son sözü qoy ölüm desin.
MƏNİM SAYDIĞIM ÖMÜR
Mənim ömür yolumun
Başında Anam durub.
İlk yatdığım beşiyi
İsti qoynunda qurub.
Mən dünyaya gələndə
Üz tutubdu Allaha
Ən müqəddəs duanı
Pıçıldayıb bir daha:
-Əcəl ağzın açanda
Tanrı ona daş atsın,
Səni öz dinin üstə
Öz Allahın yaşatsın.
Dinsiz doğulsam da mən,
Göydə Allah var imiş.
Nazil olan kitablar
Tanrı atan tor imiş.
Müsəlman ya xristian
Fərqi varmı Allaha?
Bircə kafirlik edib,
Batmayasan günaha.
Heç vecimə deyilmiş,
Mən niyə doğulmuşam?
Göydə Allah gəzmişəm,
Gözümdən soğulmuşam.
Uşaq xəyyalarımı
Edirdim göylə sürgün,
Ana, mən Allahımla
Böyüyürdüm günbəgün.
On iki ay keçən kimi
Yaş üstə yaş gəlirdi.
Oyuncaqlar içində
Zaman yavaş gəlirdi.
Sevgi dolu bir ömrü
Yaşayıram içimdə,
Onun bir ölçüsü var,
Allah boyda, biçimdə.
Görən məndəki Tanrı,
Nə qədər qış yaşayıb?
Mən yerdə sürünmüşəm,
O, isə quş yaşayıb.
Allah neynəyir sayıb
Yerdə ki, elçisi var
Əbədi olmayana,
Zamanın ölçüsü var.
Sən yox, mən sayan ömür,
Bax belə yaşa dolub
Söz dolu bir boxçası
Ən müqəddəs pay olub.
Nə yaxşı ki, başımı
Tanrı sevgisi qatıb.
Mənim saydığım ömür
Bəlkə yarıya çatıb!!!
VƏ...
HƏMİD ORMANLIdan BİR TƏBRİKNAMƏ:
Əziz qardaşım Akif!
Sən öz ömrünü Borçalıda yaşayırsan, Borçalıynan yaşayırsan.
Zaman-zaman tarixin sınaxlarınnan dəyanətlə çıxmış, Sadaxlı kimi bir eldə saznan yatıb saznan durursan.
Başında Türk dünyasının xəritəsi olan kişilərdənsən.
"Qarapapaqlar" kimi dərgi buraxırsan.
Hər gün Borçalıda əlini atıb işıq yandırırsan. Hər gün odun peçinə pışka çəkif ojax qalıyırsan və onun da bajanızdan tüstüsü çıxer.
Bir söznən Türkün Borçalıda bir tüstüsünü də Sən qoruyursan. Nə mutlu Sənə qardaşım!..
Tanrı Sənə və Sənin simanda yurd yerlərimizin tüstüsünü qoruyan bütün kişilərə yar olsun!
Doğum günün mübarəkdir!..
Səni bərk-bərk bağrıma basıram!..
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.