(Samir Zahid oğlu Süleymanov) -
1981-ci ildə Ucar rayonunun
Məlikballı kəndində anadan olub.
Hələ orta məktəbdə oxuduğu illərdən
poeziyaya böyük maraq göstərib.
Şeirləri ilk dəfə 2019-cu ildə
"Zirvə" poeziya antologiyasında
dərc olunub.
Biz də ZiM.Az-ın yaradıcı heyəti adından
Samir Süleymanı ürəkdən təbrik edir
və ona yeni-yeni uğurlar arzulayırıq!..
Sona ABBASƏLİ QIZI,
ZiM.Az
Olum
Uşaq vardı arzum vardı,
Mən də dəhşət şair olum!
Ya Nizamı, ya Füzuli,
Heç olmasa Sabir olum.
Ya Bəxtiyar, ya da Pünhan,
Ya Şücaət, ya Zəlimxan,
Yoxsa daşınıb bu yoldan,
Öz-özümə dair olum?
Şeiriyyatda bir dağ olum,
Heç olmasa bir bağ olum,
Eh cəhənnəm, heç olmasa
Çəmən olum, çayır olum,
Məmməd Araz, ya da Arıf,
Bəxtiyar, Hüseyn Arif,
Ya da onlar olsa tərif,
Heç olma və sair olum!
Xəlil, Fikrət olanmadım,
Daha dəhşət olanmadım,
Əfsus, Nüsrət olanmadım,
Onda gərək Samir olum.
Canımı al
Duyğularım pərən-pərən,
Çox çəkərmi belə görən,
İlhamı yolda yoran
Hicran, gəl al canımı al!
Həyat çətin, yolum uzaq,
Növbə çəkir neçə tuzaq,
Dərd bəxş edən qucaq-qucaq,
Dövran, gəl al, canımı al!
Bir bülbüləm sinəm al-qan,
Güllər solub, yox gülüstan,
Bəsdir daha, ey mehriban
Düşman, gəl al canımı, al!
Ürəyimə düşüb şaxta,
Qul olmuşam qara baxta,
Könlümdəki viran taxta
Sultan, gəl al canımı, al!
Ruhum geyib qara geyim,
Mən dərdimi kimə deyim?
Qəddar, biganə sevdiyim
İnsan, gəl al canımı, al!
Deyil ki
Özgələrdə min cür dərd var,
Çəkdiyimiz dərd deyil ki.
Canımız sağ, qarnınız tox,
Həyat bizə sərt deyil ki.
Donmadıq boranda, qarda.
Başda olduq olsaq harda.
Puç olmuş boş arzular da,
Gərçək ola, şərt deyil ki.
Uzağıq böhtandan, şərdən,
Sevinirik hərdən-hərdən.
Qaldığımız hər bir yerdən,
Tez qopuruq, yurd deyil ki.
Gülə-gülə yaşa dərdi,
Heç nə sındıranmaz mərdi.
Düşmənimiz tülkülərdi,
Çaqqallardı, qurd deyil ki.
Mərdlik olmur yerdən aslı,
Hərdən sərbəst, hərdən aslı,
Həyatımız zərdən aslı,
Deyildir ki... Nərd deyil ki.
Bu
Niyə səni sevmişəm mən?
Görən deyər çaşdımı bu?
Gözəl yoxmu səndən başqa?
Gözdümü bu,qaşdımı bu?
Sevgim sənə bəs etmədi.
Bu qədər od köz etmədi.
Ürəyini isitmədi,
Buz da deyil,daşdımı bu?
Yollarıma çıxana bax,
Kinayəli baxana bax,
Ürəyimdən axana ba!
Gözündəki yaşdımı bu?
Zalım həsrət nağarmadı?
Bəxtim səsin çıxarmadı.
Saçlarım da ağarmadı.
Anlamıram, başdımı bu?
Mən hicranda, sən kefində,
Yaşayırsan öz nəfində.
Gələcəksənmi dəfində?
Neyləyirəm?İşdimi bu?
Xətrinə
Gülüm, gərək qırmayaydın qəlbimi,
Bir il bundan qabaqların xətrinə,
Alanmırıq bu sevdanın dərsini,
Bir çırpılan qapaqların xətrinə.
Ömrüm boyu yanacağam oduna,
İstəmirəm ləkə gələ adına,
Yoxsa, bil ki, doymadığım dadına,
Döyüşərdim dodaqların xətrinə!
Biz həqiqi eşqi gördük, sevgilim!
Hər an ayrı, hər an birdik, sevgilim!
Gör nələri qurban verdik,sevgilim!
Ömrümüzə yamaqların xətrinə.
Neyləsək də qovuşmarıq bir daha,
Açılmasın köhnəlmiş bu sirr daha!
Sənə qalsın qəlbimdəki yer daha!
Axıtdığın bulaqların xətrinə.
Yaman susduq, daha gəlmir səsimiz,
Çox alışdıq, yandı, bitdi kömrümüz.
Demə tamam mənasızdı ömrümüz,
Yaşayarıq uşaqların xətrinə
Layiq deyil ağızlarda söz olaq,
Hicran adlı cəhənnəmdə köz olaq.
Heç olmasa indən belə düz olaq,
Etdiyimiz günahların xətrinə.
Gərək ki, təkcə çəkəm bu qisməti, əzabı
Vüsalın hicaranından daha çox əzablıdır.
Sevgin necə şirindir, necə istirablıdır.
Sənin həyatın axı çox dəqiq hesablıdır.
Mənimsə həyatımın pozulub haqq-hesabı.
Gərək ki, təkcə çəkəm bu qisməti, əzabı.
Gecikdim xoşbəxtliyin ilk əlifba dərsinə.
Ömrümü sərf eylədim qədirbilməz birsinə.
Fələk mənzilə çatıb, atın sürdü tərsinə,
Ayaqlaşa bilmədi mənim mindiyim yabı.
Gərək ki, təkcə çəkəm bu qisməti, əzabı.
Axı nə var ömrümdə həvəslə qala yadda?
Get -gedə gözlərimdən düşübdür bu həyat da.
Mənimçün artıq birdir yaxın qohum da, yad da.
Hər şey adiləşibdir, hər şeyin eyni çapı,
Gərək ki, təkcə çəkəm bu qisməti əzabı.
Nahaqdan güvənmişəm etibarsız kəslərə,
indi nə qiymət qoyum yaxşılara, pislərə?
Duyğular yetişdirib düşüncəsi süstlərə,
Qırdım ümüdlərimi asdığım nazik sapı.
Gərək ki, təkcə çəkim bu qisməti, əzabı!
Bağışla
Yollar uzun,ara soyuq çoxdandır, biz hicranla qucaqlaşıb qalmışıq,
Bu olanlar hikkədəndir, baxtdandır, inadlaşıb, uşaqlaşıb qalmışıq.
Cəzamız da boyutunca haqdandır, yonulmuşuq, ufaqlaşıb qalmışıq.
İndən belə boş-boşuna özümü bu yollarda yoranmıram, bağışla.
Daha bunun nə mənası var axı? Neyləyirik kim kimi incidib?
Biz ki köçdən ayrı düşən quşlarıq,gedən gedib, fəsil başqa, yol itib.
Nə sənə bir faydasl yox, nə mənə sevgimizin məzarında ot bitib.
Könlümüzü isidəcək nə var ki? Xam xəyallar quranmıram, bağışla!
Belə acı gileylənmə sən məndən,boş vermişəm daha sənə kinim yox.
Çığırmağa bağırmağa dəyərmi, keçmişlərə qayıtmağa yönüm yox,
Qaralayıb, pisləyirsən nahaqdan, guya mənim imanım yox, dinim yox!
Özgə kimi soruşuram halını, əvvəlkitək soranmıram, bağışla!
Payız günü qızdırmalı, xəstəhal, tellərimi isladan soyuq yağış...
İndi bizi ovutmaz bu xatirə, ürəyində o duyğular qalmamış,
Yanımdan da kölgə kimi keçirsən, kölgə kimi səssiz nə din, nə danış!
Pisləyirsən pislə, yetər uzaq gəz, sənə yaxın duranmıram, bağışla!
Lənət sənə kor şeytan
Elə vurhavurdayam həyata göz açandan,
Dövrəmdə qul olanlar darda qoyub qaçandan,
Dərdim-sərim az idi, sən də gəldin bir yandan,
Gücün çatmaz ki, mənə özünü az yor, şeytan!
Lənət sənə kor şeytan!
Sən oddan bir mələksən,mən torpaqdan bəşərəm!
Sənin adın çıxıbdır, başdan-başa şərəm mən.
Kim-kimi yoldan edər, səndən də betərəm mən.
Bax səni korlayaram, məndən uzaq dur, şeytan!
Lənət sənə kor şeytan!
Sən oddan yaranmısan, biz odda yanacağıq,
İnan sən olmasan da, biz haqqı danacağıq,
Sanma bəd əməllərdən bir gün utanacağıq,
Məşhərdə yanımızda olacaqsan pir, şeytan!
Lənət sənə kor şeytan!
Artıq şər işlər olub gündəlik adətimiz,
Haqq yolunda bükülmür bizdə nə qol, nə də diz,
Hər gün gizli və aşkar min günah etsək də biz,
Özgələrin gözündə axtarırıq tir, şeytan!
Lənət sənə kor şeytan!
Bikar qoymuşuq səni, biz özümüz şeytanıq,
Şeytanların yanında qorxulu bir dastanıq.
Çoxdan unutmuşuq ki, doğulandan insanıq,
Özünü oda-közə, boşuna az vur,şeytan!
Lənət sənə kor şeytan!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.