o, mənim qılıncımın övladıdır.
(Nadir şah)
İran şahları arasında özünə məxsus yer tutan şahlardan biri Nadir şah Afşardir.
Nadir şah Afşar (Nadirqulu xan) 1688-ci ildə Xorosandakı Dərəgöz adlanan yerdə anadan olub. Türk Avşar boyunun Qırxlı qoluna mənsub olan Nadir şah adi çoban oğlu olub. Uşaq vaxtlarında atasına qoyun otarmaqda kömək edən Nadir Afşar fərasəti, ağlı, dərrakəsi və bacarığı ilə şahlığa qədər yüksəlmiş, ölkələr fəth etmiş, qüdrətli bir dövlət yaratmışdır.
Nadir şah bir qayda olaraq öz qoşununun ön sıralarında vuruşur, sıradanbir əsgərin çəkdiyi çətinliklərlə də qatlaşırdı. Məğlubiyyətdən sonra da onların qəlbini qırmır, ürəkləndirir, yeni-yeni döyüşlərə hazırlayırdı. Döyüşlərdən öncə çıxış edir, əsgərləri ruhlandırır, camaatı cakitləşdirirdi. Hətta məğlub olduqları, uğursuzluqlara düçar olduqları halda da döyüşçülərini dəyərləndirirdi. Amansız, ancaq ədalətli idi. Və zəfərlərdən sonra öz məsləkdaşlarıni səxafətlə mükafatlandırırdı. Xüsusi fərqlənənlərə isə tanınmış peşəkar ustalar tərəfindən hazırlanan qılınc və yaxşı bəslənən at bağışlayırdı. Nadir şah həmişə qılıncın gücünə inanmış, qılınc gücünə də istəyinə nail olmuşdur. Hindistana hücum zamanı Moğol şahı ilə qarşılaşanda ideyası qılınc olduğunu vurğulayıb.
Qeronti Kikodze “II İrakli” adlı kitabında onun Hindistan üzərinə hücumu barəcində yazır:
“Hindlilərin ön dəstələri öz filləri ilə birlikdə iranlıların qoşununa yaxınlaşanda Nadir şah işarə edərək dəvələrin belinə bərkidilən manqallara od salınmasını əmr etdi. Acışan heyvanlar dəhşətli bağırtı ilə hindlilərin ön dəstələri arasına soxuldular. Bu şölənənən alovları görən fillər hürkdü və ağızlarını geriyə tərəf çevirdilər. Odur ki, hindlilərin ön korpusu bir-birinə qarışaraq dağıldı, pərən-pərən oldu və Nadir şahın süvari qoşununun düşmən qoşununun ortasına soxulmasına imkan yarandə və məhvedici qırğın həyata keçirildi. Farslar hindlilərin çoxlu silahını və fillərinin üçdə ikisini ələ keçirdilər. Bundan sonra Moğolun taxt-tac şəhəri olan Dehliyə yol açıldı.
“Ulu Tanrı tərəfindən yaradılan şahlıqlar və yollar dəniz dalğalarının səthində üzən su köpüyü kimi asanca yox olurlar”- deyə Nadir şah bu qələbədən sonra öz oğluna yazırdı. Şah Cahanabad və yaxud Dehlidə Nadir şah əvvəlcə tələbkarlıq göstərmədi. O əks tərəfin qoşununu tərksilah etdi, əhalinin üzərinə böyük təzminat qoydu, lakin iranlı əsgərlərə şəhəri talan etməyə icazə vermədi və Böyük Moğolun taxtını almadı;Yalnız onun qızını oğlu Nəsrulla Mirzəyə verilməsini tələb etdi. Dehlinin təkəbbürlü aristokratiyası bu kəbinə qarşı öz fikirlərini söylədilər. Lakin Nadir şah bu müqavimətə kəskin şəkildə son qoyaraq,- Nəsrulla Mirzəyə heç cür əsil-nəcabətlilik lazım deyildir, o mənim qılıncımın övladıdır”,- deyib. Belə misalları çox gətirmək olar. Odur ki, bu yazıda Nadir şahın II İrakliyə Araqvidə ləzgilərin başçısı Malacı məğlub edəndən sonra göndərdiyi “Qızıla tutulmuş at və ağır çəkidə hazırlanmış qılınc”dan (Levan Sanikidze. Siyrilmiş qılınclar, 4-cü cild, səh. 298) söhbət aşacağam.
Onun II İrakliyə bağışladığı qılınc hazırda Simon Canaşiya adına Gürcüstan Milli Muzeyində qorunub saxlanılır. 1929-cu ildə bu qılınc bu muzeyə Qafqaz muzeyindən daxil olub. Hindistan üzərinə hücum zamanı 18 yaşlarında ikən, sonralar Gürcüstanın çarı olan II İraklini özü ilə aparan Nadir şahın ona qılınc bağışlaması barəsində gürcü yazışısı Lavrenti Çiçinadze 30-cu illərdə “Nadir şahın qılıncı” adlı tarixi hekayə yazmışdır. Həmin hekayədən qılınca aid olan hissəni nəzərinizə çatdırmaq istəyirik:
«....- Gürcüstanın əyan və rəiyyətləri, - deyə Cikuraşvili kütləyə müraciət etdi, - Bir vaxtlar İrakli öz gürcü qoşunu ilə Nadir şahın sarayında idi. Onda mən də orda idim. Bir dəfə Nadir şah hindlilərə qarşı mübarizəyə başladı. O, İraklini də qoşunu ilə birlikdə özü ilə apardı. Hindlilər ilə ölüm-dirim mübarizəsi başladı. Onları Nadir şahın qoşunları üstələdi. Lakin onlar bizimlə fədakarlıqla vuruşurdular. Bir neçə gürcü ilə birlikdə bir nəfər hindlini yaxaladıq. O həmin hindli çox mərd görünürdü. Onun qılıncı xoşumuza gəldi, əlindən aldıq da, özünü də öldürmək istədik. Lakin elə həmin vaxt bizim İraklinin səsi eşidildi: - Bu hindli süvarini öldürməyin, yoxsa çox inciyərəm. Ey gürcülər, vətən üçün əsir düşəni öldürməyi özünüzə necə rəva görürsünüz. Bu yaraq, ona məxsusdur və aparmalıdır da, - deyə qiymətli yarağı İrakli əlinə aldı və hindliyə dedi: - Ey hindli qardaş, sənin vətənə bu cür sədaqətliliyin xoşuma gəlir, indiyədək necə vuruşubsansa, indən belə də elə vuruş ki, sənin vətəninin övladları görsün ki, məhz elə öz vətəninin sədaqətli övladısan. Aha, buyur, bu da sənin yarağın, sənin olsun və sənin ölkənə sədaqətliliyi bir daha sənə gürcülər vermişdir!
Azad olunmuş hindliyə İrakli:
- Xudahafiz, ey hindli süvari! - deyəndə bizim bədənimizdən bir sızıltı keçdi, gözlərimiz də doldu.
Təəccüblənmiş hindli bilmirdi nə etsin, minnətdarlığını da deyə bilmirdi. O, lal kimi İraklinin üstünə yeriyərək yerə döşəndi, onun ayaqlarından öpmək istədi, lakin İrakli nəzərinə çatdırdı:
- İgid olan kəs belə şeylər etməz, - deyə onu ayağa qaldırdı, öpərək elə buraxdı.
Döyüşdən əl çəkib İrakliyə göz yetirən Nadir şah bunu görürdü. Biz qorxduq: elə bildik ki, düşməni buraxdığımıza görə İraklini həbs edəcək. Lakin bizim gözümüz önündə başqa bir mənzərə yarandı. Nadir şah atdan düşərək belindəki təkbənddən qılıncını açdı. O əvvəlcə İrakliyə minnətdarlığını bildirdi və sonra isə - sən və sənin gürcülərin özünüzü mənə elə bəyəndirdiniz ki, elə bu böyük müharibədəcə sizə minnətdarlığı bildirməliyəm. Bu qılınc məndən bir yadigar olaraq sənin olsun. Belə ki, sizin gələcək nəsillər gəlib bu qılınca desinlər: «Nadir şahın önündə fədakarlıqla vuruşan gürcülərə orda Nadir şah məətəl qalmışdı».
Bu zaman Cikuraşvili divardan asılmış qılınca baxdı:
- Budur, GürCüstanın əyanları və rəiyyətləri, Nadir şahın bağışladığı bu dirəkdən asılıbdır. Bu qılınc mənə İraklinin vətənə sədaqətli olanları necə sevdiyini xatırladır... Əgər mənə inanmırsınızsa, onda Nadir şahın qılıncından soruşun onu.
Camaat yenə çaxnaşdı.
Onlar xəyanətkarlara ölüm cəzasının verilməsini tələb edirdilər, lakin İrakli buyurdu:
- Mən onları cəzalandırmıram, siz mühakimə edin və nejə lazımdırsa, elə də cəzalandırın».
Nadir şahın muzeydə saxlanılan qılınc üzərində uzun illər təhqiqat aparan, onun müəllif surəti üzərində işləyən “əfsanədən gələn dəmirci” Qoça Lağidze bu barədə deyib:
- II İraklinin qılıncı öz keifiyyətinə görə, “Çar qılıncı” kateqoriyasına aiddir və feodal dövrünün tədbiqi sənət nümunəsidir, klassik “Şəmşir” adlanan qılıncdır. Gürcücə “Şimşer” (Şota Rustaveli “ Şəmşir qılıncı” ifadəsini xatırladır). Mərhələ-mərhələ iki ilə yaxın bir müddətdə onun müəllif surəti üzərində işlədim. Layihənin uğurla həyata keçirilməsi üçün daha iki nəfər mütəxəssis ilə əməkdaşlıq etməli oldum və müvafiq olaraq onların damğaları da əsərin üzərinə salınıb. Materialların axtarılıb tapılmasına çox vaxt lazım gəldi. Müəllif surəti öz keyfiyyəti ilə: poladı ilə, ölçüləri ilə, ağırlıq mərkəzi ilə, çəkisi ilə, istifadə olunan materialları ilə orjinala layiqincə yaxındır. Layihə çox baha başa gəldi və o yalnız öz məsrəflərim ilə maliyyələşdirildi.
Qoça Lağidze və Mamuka Kapianidze Milli Muzeydə orjinalın öyrənilməsi zamanı, Tbilisi, 2008-ci il.
QILINCIN TƏSVİRİ
Əla keyfiyyətli poladdan, qulpu balinanın köpək dişindən, qını dəri çəkilmiş 3 metal detaldan olan ağacdandır. Qınının səthi hər iki tərəfdən dəri üzərində çəkilmiş relyefli naxışlar ilə bəzədilib. Qılıncın qulpunun kürəciyi və qının iki detalı dərin şəkildə qravüralaşdırılıb və qızıl saplar ilə bəzədilib. Qılıncın qulpunda qının tutacağında, əl tutulan yerlərində qravüralar ilə və qızıl sapların kombinasiyası ilə gənc oğlanın surəti əks olunub. Qulpun kürəciyinin kümbəzində quş və yanlarında kişi şəkli həkk olunub. Detallarda bitki naxışları və İslam klassik məscidinin memarlıq formaları təsvir edilib. Qulpunun metal hissəsinin üstü və altı qızıldan nazik val ilə örtülüb. Qılıncın əl tutulan yerinin arxa tərəfində kişi şəkilləri təsvir olunubdur ki, onların da başında dördkünc “Kulahi Nader” papağı vardır. Bu papaq ilə, məlum olduğuna görə, Nadir şah (1736-1747) əks olunurdu. Qılınca müxtılif yerlərdə yazlmış 4 yazı yaraşıq verir. Yazıların eyniləşdirilməsi barəsində təhqiqat aparıldı. Yazıların oxunması asan deyildi. Qılıncın üzərində, birindən başqa bütün mətnlərin məğzini oxumaq mümkün oldu. Onun tam mənasını müəyyən etmək mümkün olmurdu. 2009-cu ildə orjinal qılıncın bərpa işləri zamanı Milli muzeydə professor Qriqol Beradze ilə görüşüm oldu və məlumatı yekunlaşdıra bildim. Müvafiq poladı dünyada real olaraq bir neçə usta hazırlaya bilər və elə bu cür poladəridən ustanın axtarılıb tapılması iki il davam etdi. Gürcüstanda, Amerikada, Almaniyada, Hollandiyada və Rusiyada məşhur poladəridənlərə müraciət etdik, lakin onların ötürdükləri nümunələr qaneedici olmadı. Bu zaman tamamilə təsadüfən Hollandiyada qonaq olan dostum rəssam Nuqzar Kaxiani Sanqt-Peterburq İncəsənət Akademiyasının professoru Yuri Sarkisyanı zəmanət verdi. Onun göndərdikləri nümunələr heyrətedici dərəcədə yaxşı alındı və sifariş də qəbul etdi. Odur ki, sifariş də layiqincə yerinə yetirildi. Onu da qeyd etmək lazımdır ki, Yuri Sarkisyan Bakıda anadan olub. Tbilisi Bədaye Akademiyasında təhsil alıb, hazırda Rusiyada yaşayır. Sanqt-Peterburq İncəsənət aAademiyasının ( dəmirçi)professorudur. Qravüralaşdırma və qızıl sapla bəzəmə işləri sifarişlə Belçikanın məşhur qravüraçısı Geofroy Delahout tərəfindən yerinə yetirilib.
QILINC ÜZƏRİNDƏ YAZILAR
Orjinalda (qrafik bəzəkdə) qılıncın üzərində zədələnən,- qızıl zər bəzəklərinin töküldüyü iki kartuşdan savayı yazılar yaxşıca qorunub saxlanılıb. Xoşbəxtlikdən yazıların izi qalıbdır ki, onun əsasında Amsterdam universitetinin professoru, fereydanlı gürcü Babək Rezvaninin köməkliyi ilə yazıların bərpası mümkün oldu. Fars dilində qızıl hərflərlə qılıncın üzərində şeir formasında yazılmış yazı uzunsov fiquralı kartuşa salınıb. Halbuki, yazı bir xətt boyunca iki hissədən ibarətdir ki, o da fars dilində bir beytin iki misrasını təşkil edir. Yazı belə oxunur:
“Bändé-ye xwod-ra Shäh-e vala-seresht - Kälb-Äli Khan mosaheb nevesht”.
“ It means the his Majesty the High esteemed King , Mr. Kalb-Ali (the dog of Ali), entitled his subject as an intimate advisor”.
“Əsil- nəcabətli şah öz bəndəsini-Kəlbalı xanı müsahib adlandırıb”.
a) Kəlbalı xüsusi addır və sözbəsöz “Əlinin iti” (və yaxud Əlinin sədaqətli müdafiəçisi) deməkdir. b) Son söz “adlandırılıb” məğzinə görə tərcüməsi belədir: Əslində “neveşt”- “yazdı, ona yazdı, qeyd etdi” (və yaxud şahın əmri ilə yazılı abidələr və sənədlərdə onun titulyarında “müsahib” sözü mütləq yazılmalıdır. q) “Müsahib” Səfəvilər dövründə İranda şaha xüsusi olaraq yaxın olan əyanlara və böyük məmurlara verilirdi( Ərəb, fars sözləri lüğətində isə belə yazılıb: Keşmişdə böyük bir adamın yanında olub, onu lətifə və xoş sözlərlə əyləndirən- M.M.). Qul, bəndə sözünün birbaşa anlamı ilə anlamalıyıq. Bu halda o, xidmətçi, məmur, müvəkkil və tabeliyində olan şəxs mənasını verir. Qul sözünü birbaşa anlamda anlamalıyıq. O dövrkü İran terminologiyası ilə onun mənası belədir: xidmətçi, dövlət məmuru, vassal və sair…
II . Yuxarıda göstərilən fars yazısını əhatə edən fiqurlu kartuşun sağ küncünün sonuna aşağıdan dördkünc( kvadrat) kartuş söykənir ki, buna da dörd hərf- rəqəm aşağıda göstərilib- “bduh”- B, D, U, N”. Bu da elə 2,4, 6,8 rəqəmlərinin eynisidir. Bu, İslam aləmində kifayət qədər yayılan tilsimli kvadrat ( daha doğrusu- bu kvadratın növlərindən biri) buraya da salınan hərflər tilsimli təyinatlı “bduh”-sözünü yaradırlar.
III. Fars dilində şeirlə ifadə olunmuş yazını əhatə edən fiqurlu uzunsov kartuşdan sağ tərəfdə eləcə də fiqurlu bir az kiçik kartuşa yerləşdirilmiş aşağıdakı yazı vardır:
“Amal-e Kalbeali ben Assadollah Isfahani” .
“The work of Kalbeali (khab Ali, Quli Ali) the son of Aassadolah (Assad Ulah) Isfahani”.
“Əsədullah isfahanlının oğlu Kəlbalı hazırladı”.
Bu yazıdan görünür ki, usta kimsə “Kərbalı”dır. Məhşur usta Əsədullah ( Asad allah) isfahanlının oğlu. Qılıncın ağzında zər bəzəyini öyrənəndən sonra aşkar oldu ki, bu bir az kişik kartuş(ustanın adı ilə) və tilsimli kvadrat yuxarıda sözügedən şeir ilə ifadə olunan yazıdan nisbətən daha əvvəl yerinə yetirilib, eynəksiz də baxmaqla qızıl əyarının müxtəlifliyi və icranın fərqli texnologiyası yaxşıca gərünür. Mənim fikrimcə, bu, doğrudan da Səfəvilər dövründə 16-cı əsrin sonunda, 17-ci əsrin əvvəllərində Əsədullahın oğlu Kəlbalanın hazırladığı nadir, inci qılınc üzüdür.
IV. Qılıncın qulpunun aşağı hissəsində hər iki tərəfdə yazılar vardır ki, bunlar da ümumi hesabda belə bir mənti əks etdirir:
“A-maile kamtarin qolaman Abolgassem (Abo Qasm) zarneshangar.”
“The work of the humblest Abolgassem the gold inlayer”
“A-maile kamtarin qolaman Abolgassem (Abo Qasm) zarneshangar.”
“The work of the humblest Abolgassem the gold inlayer”
«Qulamlardan zərlə işləyən kiçik Əbul Ğasim hazırladı”
1) “Qulam”-( qul, xidmətçi, qulluqçu) O dövrdə sosial əhəmiyyət kəsb edən termin idi. Şahın və ümumiyyətlə, Səfəvilərin dövlət xidmətində olan, əksəriyyəti “Qafqaz ünsürü”(əsasən gürcülər, eləcə də çərkəzlər və ermənilər) adlanan şəxsər kateqoriyasına daxil olan şəxslərə münasibətdə işlədilirdi. 2) Ustanın sözügedən termini mətndə “zərneşanigar”dır ki, bu da qızıl və gümüş ilə bəzək-düzək verən usta deməkdir. Zərnişan sözünün kökü ( inkrustasiya, qızıl-gümüş ilə bəzək vurma) farsdan gürcü dilinə də daxil olub, yazılı abidələrdə və lüğətlərdə öz əksini tapıb.
Parametrlər:
Qılıncın uzunluğu: 935 sm
Sapının uzunluğu: 11 sm
Qulpunun uzunluğu: 11,5 sm
Qulpunun yanında ağzının qalınlığı: 8 mm
Ağzının qulp yanında eni: 3,4 sm
Ağzının ortada eni: 3,4 sm
Qının əl tutulan yerləri arasında məsafə: 174 sm
Qılıncın qınsız çəkisi: 935 qr
Qılıncın qın ilə birlikdə çəkisi: 1305 qr
Xülasə, sözümün sonunda Gürcüstan Milli Muzeyinə və layihənin gedişi zamanı mənə yardım göstərən bütün şəxslərə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Bəli, mən də öz növbəmdə yazının sonunda onu demək istəyirəm ki, Nadir şahın vaxtilə bağışladığı qılınc yenə də onun adı ilə bağlıdır və Gürcüstan Milli Muzeyinin qiyməti olmayan xəzinəsinə çevrilmişdir.
Qılınc gücünə xarüqələr yaradan, dünyanın böyük sərkərdələri sırasında adı şəkilən Nadir şah, deyilənə görə, xüsusi olaraq hazırlanmış, çox qiymətli qılınclarını əsirgəmədən öz tabeliyində olanlara bağışlamağı bacarır, bundan böyük zövq alarmış. Bu yerdə dahi gürcü şairi Şota Rustavelinin belə bir müdrik kəlamı yada düşür:
“Nəyi vermisənsə, sənindir, nəyi verməybsənsə, itirilmişdir”.
Məhz elə Nadir şahın II İrakliyə verdiyi qılınc onundur.
Gürcüstan Milli Muzeyində mühafizə olunan bu dəyərli qılınc Nadir şahın adına bağlıdır, onun adını daşıyır.
Odur ki, bu dünya durduqca onun adını da özü ilə birgə yaşadacaqdır.
Mirzə Məmmədoğlu
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.