Odur ki, «ZiM.Az»-ın oxucularına bu məscidlər barədə müəyyən məlumat vermək istəyirəm. Tiflisdə müsəlman əhalisi ərəblər tərəfindən işğaldan sonra VIII əsrdən əmələ gəldi. Orta əsrlər boyu burada bir neçə məscid inşa olunub. Müəyyən bir vaxt Tiflisdə bir neçə məscid fəaliyyət göstərirmiş. Onun bəziləri Nadir şahın Gürcüstana hücumu zamanı darmadağın edilmişdi. Müsəlman qəbiristanlığının, indiki Nəbatat bağının yaxınlığında, hazırkı Cümə məscidinin üst yanında məscid mövcud olub. İndiki Cümə məscidi öz simasını dəfələrlə dəyişmişdir. XIX əsrin sonlarında isə məscid hazırki formasmın almışdır.
Nariğalanın ətəyində, indiki Nəbatat küçəsinin sonunda, 1723-1735-ci illərdə Tiflisi ələ keçirən zaman osmanlılar sünni məscidi inşla ediblər ki, bunu da həmin vaxtlar iranlılar 1740-cı ildə dağıdıblar. 1846-1851-ci illərdə məscid memar Covanni Skudiyerin layihəsi əsasında bərpa olunub, lakin XIX əsrin sonunda onu da dağıdıblar və yerində yenisi inşa ediblər ki, bu da hazırda Tiflisin fəaliyyətdə olan yeganə məscididir.
Bütün müsəlman aləmində tanınmış milyonçu - neftxuda Hacı Zeynalabdin Tağıyev Tiflisə gələrkən (o, Tiflisdə Mixaylovski küçəsində, indiki Qurucu David prospektində torpaq icarəyə götürərək, bez istehsal edən fabrik tikdirmişdi) Cümə məscidinə baş çəkmiş, onun tikintisinin başa çatdırılması üçün müəyyən məbləğdə ianə vermişdir.
J. Turnefor «Şərq ölkələrinə səyahət» əsərində yazır:
«Tiflisdə beş yunan qaydasında olan kilsə vardır, dördü şəhərdə, biri də şəhər ətrafı məhəllədə. Elə burada yeddi erməni kilsəsi, Qalada iki məscid vardır. Üçüncü məscid də vardı, lakin hazırda baxımsız vəziyyətdədir».
Orta əs¬rlərdə Meydan tərəfindən kör¬püyə doğru gedən dar küçə dükanlarla dolu idi. Körpü yaxınlığında sahildə axtalalı yepiskopun yerləşdiyi, Konstantin və Yelena adına tikilmiş kilsə var idi. Onu monqollar uçurmuşlar. Onun bərpasından sonra yenə də Şah Abbasın hücumu zamanı dağıdılmışdır. Onun yerində XIX əsrdə üçmərtəbəli karvansara tikilmişdir. 1522-ci ildə Şah İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın hücumu zamanı (1606-cı il) məscid genişləndirilmiş, minarələr ucaldılmışdır. Məscid şah Abbasın adını daşıyırdı. Böyük Vətən müharibəsindən sonra yeni körpünün tikilişi ilə əlaqədar məscid uçurulmuşdur.
İranlıların son hücumu zamanı, 1795-ci ildə körpü şəhər tarmar ediləndə dağıdılmışdır. 1797-ci ildə o bərpa edilmiş və yalnız 1805-ci ilədək mövcud olmuşdur. Körpünü daşmış Kür uçurub-dağıtmışdır. 1805-ci ildə salınmış ağac körpü tağlı ağac körpüsü ilə əvəz edilənədək, yəni 1826-cı ilədək mövcud olmuşdur. 1870-ci ildə burada dəmir körpü salınmışdır.
1805-ci ildən, bir az aşağıda çox da güvənili olma¬yan ikinci körpü fəaliyyət göstərirdi ki, o, da tez-tez təzələnməli olurdu. Yuxarı körpü Avlabar körpüsü, aşağı körpü Metex körpüsü adlanırdı.
1849-cu ildə Metexin müvəqqəti keçidləri əvəzinə ağacdan «Taun» sistemli körpü salınır ki, bu da 1870-ci ilədək mövcud olur. Sonra isə onu dəmir körpü əvəz edir. Avlabar körpüsündən nəqliyyat, araba, fayton keçirdisə, Metex körpüsündən yalnız piyadalar, eşşəklər hərəkət edirdi. Buna görə də tiflislilər bu körpüyə «Eşşək körpüsü» adı da vermişdilər. Avlabar körpüsünün uzunluğu 30,5 metr idi, Metexinki isə - 27,5 metr. Yeni dəmir-beton körpüsünün tikintisi ilə əlaqədar hər iki köhnə körpü bizim əsrin 50-ci illərində Metex körpüsünün tikintisinə başlanmamasından öncə, 1951-ci ildə, Avlabar körpüsü isə yeni körpünün açılışından bir neçə il sonra, 1955-ci ildə uçurulmuşdur.
İndiki körpü 1951-ci ildə salınmışdır. Bu körpü salınan zaman Metex qalası dibində mövcud olan körpülərin həndəvərlərində qədim tikililərdən oluşan özünəməxsus kompleks məhv edilmişdir. Burada yaşayış binaları ilə yanaşı, Kürün sahilindəki karvansaralar, «Şah Abbas» məscidi adlanan məscid uçurulmuşdur.
Jan Şardenin qravürasından bir fraqment.
Çarın sarayı və bağları. XVII əsrdə.
Yazıçı, tarixçi, publisist, siyasi və ictimai xadim (II İraklinin nəvəsi, şahzadə Teklenin böyük oğlu) Aleksandre (Pupliya) Orbelianinin verdiyi məlumata görə, Nağaraxananın yanında şəhərin məscidlərindən biri dururdu ki, bu da Vaxuştinin dediyinə görə., «Çar Rostom inşa edib... öz sarayının içində (çar Rostom müsəlmanlığı götürərək Xosrov Mirzə adlanırdı-M.M.) şahzadə Baqrationinin «Gürcüstan çarlığının tarixi» kitabında ümumiyyətllə, Tiflisdə körpünün qulağında bir neçə məscidin olmasını qeyd edir, biri hamamların yanında, biri Gəncə qapısının yanında, biri də çar meydanında. Sənədin verdiyi məlumata görə, Rastbazarın təxmini lokallaşdırılması mümkün olur. Rastbazar sənədlərdə bizə XVII əsrdən rast gəlir. Sənədlərə görə, Rastbazarın dükanlarının şimalında məscidin divarıdır ( 1781-ci il, 22 iyul tarixli sənəd, Gürcüstan Mərkəzi Arxiv Fondu 1450, dəftər. №4, №89) (Burada Rostom tərəfindən Çar meydanında inşa olunan məscid nəzərdə tutulur). Başqa sənəd ilə isə məscidin bu divarı Saracxana dükanı ilə həmsərhəddir: «Saracxana dükanının arxasında Çar meydanının məscididir» (1779-cu il, VII-nin sənədi, Gürcüstan İncəsənət Fondu. Qd 842)
Hazırda Tiflisdə Nəbatat bağına gedən yolda müsəlmanların yeganə məscidi –Tiflis Cümə Məscidi fəaliyyətdədir. Tikili kərpiclə inşa olunub, neoqot və islam ünsürləri ilə bəzədilib, Kərpiclə inşa olunan məscidin bayır tərəfdən suvaqlanmayan divarları tağlı pəncərələrə bölünüb. İstisna haldır ki, bu məscidə ibadət üçün şiə, eləcə də sünni məzhəbinə qulluq edən müsəlmanlar gəlirlər.
Mirzə Məmmədoğlu
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.