Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühitindəki təşəbbüslər =

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühitindəki təşəbbüslər =
1801-ci ildə Gürcüstan Rusiyaya birləşdirildikdən sonra bütün Zaqafqaziyanın Rusiya imperiyasının tabeliyinə keçirilməsi prosesi başlandı. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə görə, Şimali Azərbaycanın bir çox xanlıqları Rusiyaya birləşdirildi və bu proses 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə başa çatdırıldı.

Beləliklə, Azərbaycan xalqının milli və ərazi bütövlüyü kobudcasına pozulmuş oldu. Lakin qeyd etmək lazımdır ki, bu hadisənin Şimali Azərbaycan əhalisi üçün müəyyən qədər mütərəqqi əhəmiyyəti var idi. M.F.Axundov bu barədə yazırdı: "Biz keçmiş zamanlardakı qoşunkeşlik və çapqından Rusiya dövlətinin himayəsi sayəsində xilas olmuşuq..." Ancaq çar hökuməti Azərbaycanı idarə etmək işində böyük çətinliklərə rast gəldi. Belə ki, Azərbaycan xalqı arasında rus dilini bilən adamlar yox idi. Bu məsələni həll etmək üçün 1816-cı ildə Tiflis məktəbinin tədris planından latın və alman dillərinin çıxarılması və əvəzində Azərbaycan dilinin tədris planına daxil edilməsi haqqında icazə verildi. Məktəbin Azərbaycan dili müəllimi vəzifəsinə Mirzə Cəfər Tuşmalov təyin edildi.

XIX əsrdə Zaqafqaziyada Azərbaycan dilinin ilk dəfə olaraq bir fənn kimi tədrisi Gürcüstanla, Tiflis mədəni mühiti ilə bağlıdır.

Hələ XIV əsrdə Yaxın Şərqə səyahətə çıxan hər hansı bir avropalı yolunu Zaqafqaziyadan salar və özü ilə Azərbaycan dilini bilən adam aparardı. Azərbaycan dili və onun leksikonu ilə XVII əsrdə maraqlanılmış, bu sahədə kitablar tərtib edilmişdir.


1929-cu ildə çar hökuməti Zaqafqaziya məktəbləri haqqında Nizamnaməni təsdiq etdi. Bundan sonra Zaqafqaziyanın müxtəlif şəhərlərində qəza məktəbləri açıldı. Tiflis əsilzadələr məktəbi isə gimnaziyaya çevrildi. Azərbaycan dili Tiflis, Axalsixe və Kutaisi qəza məktəblərində, Zaqafqaziyada yeganə orta məktəblər olan Tiflis və Kutais gimnaziyalarında və həm də Tiflis erməni Nersisyan ruhani seminariyasında tədris edilirdi. Məlumdur ki, Nersisyan ruhani seminariyasında bir zaman Azərbaycan dili müəllimi M. F. Axundov işləmişdi.

Ümumiyyətlə, çar hökuməti Zaqafqaziyada Azərbaycan dilinin tədrisinə böyük diqqət verirdi. Lakin Azərbaycan dili üzrə lazım olan dərslik və dərs vəsaitləri yox idi. Bu barədə Zaqafqaziya məktəbləri direktoru Y.A.Qruber 1833-cü ilin mayında Rusiyanın xalq maarif komissarına (nazirinə) göndərdiyi məlumat vərəqəsində yazırdı: "Keçmiş Tiflis əsilzadələr məktəbində olduğu kimi, indi də Tiflis gimnaziyasında Azərbaycan dilinin təlimi üçün tədris vasitəsi yoxdur, halbuki həmin dil bu ölkədə ən vacib dildir. Lakin onun öyrənilməsi müvəffəqiyyətli ola bilmir, ona görə ki, nəinki bu dildə kitablar yoxdur, həm də dilin özü, necə deyərlər, yazılı şəkildə mövcud deyil".

Göründüyü kimi, Azərbaycan dilinin tədrisini yaxşılaşdırmaq üçün ilk növbədə, dərslik tərtib etmək lazım idi. Buna görə də Y. A. Qruber Tiflis gimnaziyasının Azərbaycan dili müəllimi Mirzə Ələkbər Nəzirova "Azərbaycan dilinin qrammatikası", "Azərbaycan ədəbiyyatı müntəxəbatı", "Azərbaycanca-rusca danışıq dili" kitablarını tərtib etməyi tapşırır. Mirzə Ələkbər Nəzirov isə ancaq sonuncu vəsaiti tərtib edir.

Buna görə də Tiflis gimnaziyasının yetişdirməsi Xristofor Ksenofontov adlı bir nəfər Dimitri Zamenopulun tərtib etdiyi və 1828-ci ildə Vyanada çap etdirdiyi "Azərbaycan dilinin qrammatikası" kitabını 1834-cü ildə rus dilinə tərcümə etdi. Xristofor Ksenofontov və Dimitri Zamenopul milliyyətcə yunan idilər. Hər ikisi Azərbaycan dilini yaxşı bilirdi. Lakin X. Ksenofontovun tərcümə etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı İmperator Elmlər Akademiyası tərəfindən bəyənilmədi. Az sonra gimnaziyanın Azərbaycan dili müəllimi Hacı Yusif Şahnəzərov "Azərbaycan əlifbası" tədris vəsaitini tərtib edir. Həmin dərslik də bəyənilmir.

Zaqafqaziya məktəbləri direktoru 1839-cu ilin fevralında Y.A.Qolovinə yazırdı ki, Tiflis gimnaziyasının Azərbaycan dili müəllimi Hacı Yusif Şahnəzərov öz vəzifəsinin öhdəsindən gələ bilmir. Ona görə də onu Tiflis qəza məktəbində Azərbaycan dilindən dərs deyən Mirzə Fətəli Axundovla əvəz etməyi lazım bilirəm. Çünki M.F.Axundov yaxşı təlim üsullarından istifadə etməklə bərabər, şagirdlərlə necə rəftar etməyi də bacarır və nəhayət, rus dilini yaxşı bilir.

Məlumdur ki, M.F.Axundov səhhəti pozulduğundan 1840-cı ildə Tiflis qəza məktəbində müəllimlik fəaliyyətindən əl çəkdi və öz yerini müəllimi Mirzə Şəfi Vazehə verdi. Gimnaziyaya isə Azərbaycan dili müəllimi Kazan Universitetinin yetişdirməsi Lazar Budaqov təyin edildi. L.Budaqov ərəb, fars, türk, Azərbaycan, rus, fransız və alman dillərini bilirdi.

1844-cü ildə Lazar Budaqov Peterburqa köçdü. Tiflis gimnaziyasında boş qalan Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün şair Fazil xan Şeyda və İ.Qriqoryev ərizə verdilər. Azərbaycan dili müəllimi vəzifəsinə Kazan Universitetinin yetişdirməsi İ.Qriqoryev təyin edildi.

Rusiya XIX əsrin birinci yarısında Gürcüstanda, ümumiyyətlə, bütün Zaqafqaziyada özünün siyasi, iqtisadi və hərbi qüdrətini möhkəmləndirdikdən sonra ruslaşdırma siyasətini həyata keçirməyə başladı. Rus dilinin öyrənilməsi gücləndirildi. Özünün bir sıra nöqsanlarına baxmayaraq Zaqafqaziyada rus məktəblərinin açılmasının böyük mütərəqqi əhəmiyyəti oldu. "Kavkaz" qəzetinin yazdığı kimi, "rus məktəb sistemi elm və maarifi bu gözəl, lakin savadsız ölkəyə gətirdi".

Uzun əsrlər boyu ərəb, fars və türk dilləri tərəfindən sıxışdırılan Azərbaycan dili XIX əsrin birinci yarısından etibarən rus məktəblərinin tədris planlarında özünə "vətəndaşlıq" hüququ qazandı. Bu isə Azərbaycan dilinin öyrənilməsi, onun qrammatikasının, nəzəri əsaslarının işlənib hazırlanması üçün siyasi və mənəvi imkanlar yaratdı.

Almaz YURDSEVƏR
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: