SARIQAMIŞDAN QARAÇÖPƏ DÖNƏLGƏ TALEYİ

SARIQAMIŞDAN QARAÇÖPƏ DÖNƏLGƏ TALEYİ
Təqdim:
Populyar nasirimiz Nəriman Əbdülrəhmanlının günümüz Azərbaycan ədəbiyyatında oxucu rəğbətini qazanmış olması, ədəbiyyat elmimizdə özünə məxsus çağdaşçı yazar olaraq dəyərləndirilməsi dolayısıyla bir dost kimi həmişə qürurlanmışam. Onun ədəbi kimliyi bir neçə baxımdan diqqətə şayandır: əsərlərinin mövzu güncəlliyi, təhkiyə çəkiciliyi, ifadə şəffaflığı, dilin dağ çayı axarlığı… Ədəbi yaradıcılığının elmi tədqiqatlara çeşidli müstəvilərdə mövzu olmasını məmnunluqla izləməkdəyim. Türkiyə, Türk ədəbiyyatı ilə bağlılığının araşdırılması da gərəkli bir mövzudur, düşünürəm. Bu baxımdan qısaca Sarıqamış olayları olaraq bilinən, Türkiyənin Allahü Əkbər dağı zirvələrində Ruslarla mücadilədə minlərcə Türk əsgərinin donaraq şəhid oluşunu anlatan “Dönəlgə” əsəri də diqqətimizi çəkmişdir. Türkiyə Qars Qafqaz universitetində dosent Afina Barmanbay Məmmədli (rəhmətli Əflatun Saraçlının qızı) ilə birlikdə elmi rəhbərləri olduğumuz magistr tələbəmiz Hüseyn Kırğına mövzu seçimi əsnasında “Azərbaycanlı yazar Nəriman Əbdülrəhmanlının Dönəlgə romanında Sarıqamış olaylarının təcəssümü” mövzusu üzərində yekdil qənaətə gəlmişdik. Araşdırma sürəcində bəzi nüansların açıqlanmasına, irdələnməsinə ehtiyac duymuşduq. Beləcə, bu eksklüziv müsahibə bir neçə il öncənin bəhrəsi olub, məhz bu amacla hazırlanmışdır.
Şurəddin MƏMMƏDLİ
Filologiya elmləri doktoru, professor,
Türkiyə Ərdahan Dövlət Universitetinin bölüm başqanı.



- Nəriman, əzizim, xoş görüşdük. Söhbətimizin mövzusu “Dönəlgə” əsəri, qismən də bəzi digər xüsuslardır. Dönəlgə sözü, “Dönəlgəsi, vəya dönərgəsi dönmək” deyimindən də göründüyü kimi, daha çox taleh, alın yazqısı anlamını daşıyır. Bu sözün “Dönəlgə” əsərindəki mənası da bumu? Mesajın nəyədir?
– “Dönəlgə” əsərimi 1998-ci ildə qələmə almışam. İlk iri həcmli əsərimdir. Məhz bu romanla ədəbiyyatdakı yerimi və hədəfimi ortaya qoymuşdum. Dönəlgə kəlməsinə gəlincə, taleyin, baxtın, iqbalın tərsinə dönməsi, dəyişməsi, gözləmədiyin səmtə getməsidir. Əsərdə hər kəsin – Ananın da, Osmanlı Əsirlərinin də, Ağbaş Mollanın da, Hacının da taleyi zəmanə, baş göstərən hadisələr üzündən sürpriz səmtə yönəlir, baxtlarına qürbət, sürgün, repressiya urcah olur.

- Bu əsər roman, kiçik roman, hekayə, povest kimi tanımlanır. Nəticə olaraq, Səncə?..
– Bildiyin kimi, Türk ədəbiyyatında və ədəbiyyatşünaslığında povest janrı yoxdur. Rus ədəbiyyatının təzahürü olan bu janr daha Azərbaycan ədəbiyyatında da dəbdən düşüb deyə bilirik. Ona görə “Dönəlgə”ni kiçik roman adlandırıram. Bu, hadisələrin axışına uyğun gəlir.

- Nəriman Əbdülrəhmanlını ədəbiyyat bilginləri arasında yaddaş yazarı adlandıranlar var. “Dönəlgə”nin hafizəndəki yeri? Vəya bu əsəri də doğub böyüdüyün Gürcüstan Qaraçöp xatiratından qalan nostaljinin ədəbi-sənədli təcəssümü olaraq qəbul edə bilərikmi?
– “Dönəlgə” müəyyən dərəcə avtobioqrafik romandır. Xəstə Qadın obrazının prototipi olan anam Osmanlı Əsirinin, yəni əsirlərinin nəslindəndir. Yurddan qıraqda, Türkiyədə xısım qohumlarımız olduğuna görə ailəmiz 1948–1953 illərində Qazaxıstanda sürgün həyatı yaşamışdır. Beləcə, əsərdəki olaylar gerçəkdir, Osmanlı əsirlərinin xilas edilərək Qaraçöpə gətirilməsi də, Erməni Postalçının riyakarlığı ucbatından repressiya ilə üzləşməsi də olmuş hadisələr, faktlardır.

- Əsəri oxuduqca mənsub olduğun Gürcüstan Qaraçöp elatının Türk əsirlərinə sahib çıxmalarını Türk sevdalılığının, Türk vəhdətinin rəmzi olaraq görürük. Hacı xarakteri məhz bizim nəzərimizdə Türk vəhdətinin təcəssümüdür. Deyilmi?
– Tamamilə doğrudur, Hacı harada yaşamasından, sovet təbəəsi sayılmasından asılı olmayaraq, özünü Türklüyün bir parçası sayır, ona görə də həyatını risqə atıb qan qardaşlarını əsarətdən qurtarır, onlara öz balaları qayğı göstərir.

- Xəstə Qadın xarakterini necə obrazlandırmaq mümkündür? Köhnə rejimin çöküşünün imgəsimi? Yoxsa?
– Xəstə Qadın sovet rejiminin qurbanıdır. Milyonlarla insanın yaşamına oyun oyuncaq kimi baxan quruluşun mahiyyətini öz taleyi ilə açan obrazdır.

- “Dönəlgə”də qəhrəmanların hamısı isimsizdir. Şəxsi ad kodlamalarından istifadə etməməyin nədən irəli gəlmişdir? Və bu tipikləşməni Türk əsirlərinə hansı kontekstdə aid edə bilərik?
– Əsər, bütöv bir çağın mənzərəsini yaratmaq qavramıyla qələmə alınmışdır. Yəni söhbət çağın mahiyyətini açmaqdan getdiyi bir ortamda insanları fərdiləşdirməyə ehtiyac duymadım. Onların hər biri dönəminin simvoludur və oxucu hər birinə istədiyi adı verə bilər. Məncə, şəxslərə ad verilməsi bu xarakterləri fərdiləşdirə bilərdi, cılızlaşdıra bilərdi, buna görə də bu ənənədən imtina etmək qərarına gəldim.

- Bir neçə il əvvəl Ərdahandan, Qarsdan keçib Anadolunu, Qaradəniz yörələrini dolaşdın. Sarıqamışdan keçincə bu əsəri yenidən yazmaq düşüncəsinə qapılmadın ki?
– O gəzinti sənin də iştirakınla gerçəkləşdi. Sarıqamışı ədəbi təxəyyülümün məkanı olaraq xüsusi həvəslə seyr etdim. “Dönəlgə”ni yenidən yazmağı deyil, davamını yazmağı düşünürəm. Osmanlı Əsirlərinin sonrakı taleləri, sovet repressiya tankının tırtılları altına düşmələrinə rəğmən öz könül bağlarını saxlamaları ayrı bir əsər mövzusudur. Bu mövzuya təkrar qayıtmaq fikrindəyəm.

- Hələ 1990-lı illərdə hazırlayıb nəşr etdirdiyin Qaraçöp ədəbi-etnoqrafik toplusundan sonra Borçalı-Qaraçöp ilə ilgili nə kimi planların var? “Qaraçöp sözlüyü”nün həsrətindəyik...
– Hal hazırda “Qaraçöp sözlüyü” vəya “Anamın sözlüyü”nün tamamlama işlərini görürəm. Gözlədiyimdən də boyutca böyük, əhatəli alınır. Qarapapaq Tərəkəmə toplumunun söz varlığının qorunub yaşadılması üçün ağır, amma şərəfli çalışmalarımdan biridir. Yalnızca bəlli bir bölgədə yaşayan 4 minədək sözü yığıb yığışdırmaq, sistemləştirmək, açıqlamasını vermək həzz verici bir çalışmadır. Mənə ağla gəlməz zövq verir. Eyni zamanda “Qaraçöp Ensiklopediyası”nın materiallarını düzənə gətirirəm, sahmanlayıram. Qismət, bu işi də tamamlamaq niyyətindəyəm.

- Türkiyə, Türk ədəbiyyatı ilə ilgili planların?
– “Qurban”, “Taclı”, “Yalqız”, “Yolçu”, “Yolsuz” romanlarımın Türkiyə Türkçəsinə çevrilib yayınlanmasını çox istərdim. “Könül elçisi”ndən sonra bu əsərlərin Anadolu oxucusunun könlünə yol tapacağına inanıram. Türk ədəbiyyatından Azərbaycancaya çevirmək istədiyim bir neçə əsər var, eyni zamanda iki cildlik “Türkiyə hekayə antologiyası” tərtib edib nəşrə hazırlamışam.
SARIQAMIŞDAN QARAÇÖPƏ DÖNƏLGƏ TALEYİ
Söhbətləşdi:
Şurəddin MƏMMƏDLİ,

26.06.2020 (e-maillə).


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: