AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı növbəti üçüncü kitabı işıq üzü görüb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü ZiM.Az-a bildirib ki, Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.
Monoqrafiyada feili sifət kateqoriyasının müəyyənləşdirilməsi, onun qrammatik statusunun konkretləşməsi və feilin şəxssiz formaları sistemində yeri göstərilir, feili sifətlərin əsas anlayışları, terminləri və onların təsnifat prinsipləri təhlil edilir.
Bundan əlavə, müəllif müasir türk dillərində və onların dialektlərində feili sifətlərin struktur-semantik mahiyyətini və morfoloji-sintaktik əlamətlərini müfəssəl təhlil edərək, hər bir feili sifətin həm oxşar, həm də diferensial morfoloji-sintaktik xüsusiyyətlərini aşkar etmişdir.
Monoqrafiyada həmçinin müasir türk dillərində və onların dialektlərində hər bir feili sifətin tarixi inkişaf gedişi izlənilir. Burada bu və ya başqa formanın yayılma dərəcəsi konkret misallarla müəyyənləşdirilir. Bununla yanaşı, monoqrafiyada türk dillərində feili sifət şəkilçilərinin etimologiyası ətraflı öyrənilmişdir və qeyri-standart feili sifət formaların müqayisəli-tarixi təhlili aparılmışdır.
Monoqrafiya, filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.
Kitabın redaktoru mərhum akademik Tofiq Hacıyev, rəyçilər fil.ü.e.d., prof. Sevil Mehdiyeva və fil.ü.e.d., prof. İsmayıl Kazımovdur.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.