Görkəmli alim, yazıçı və pedaqoq,
XX əsr Azərbaycan elminin,
ədəbiyyatının, təhsilinin inkişafında
misilsiz xidmətlər göstərmiş
Mir Cəlal Paşayevin
“Bir gəncin manifesti” əsəri
bu günlərdə gürcü dilində
təkrar nəşr olunub.
ZiM.Az xəbər verir ki, “Azərbaycan aləmi” Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə tərcümə olunmuş kitabın
yeni nəşri ədibin ad günü ərəfəsində gürcü oxuculara
təqdim ediləcək.
Mədəniyyət mərkəzinin sədr müavini Sevil Yusifova mətbuata bildirib ki, kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd gürcü oxucuları görkəmli ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığı ilə tanış etməkdir.
“Ümid edirik ki, bu kitab Gürcüstanda maraqla qarşılanacaq və gürcü oxucular tərəfindən çox seviləcək”, - deyə Sevil Yusifova vurğulayıb.
Sevil Yusifova deyib ki, Mərkəz bu yolla həm də Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur.
Gürcü dilində təkrar çap olunan kitabın redaktorlarından olan Mirzə Məmmədoğlu isə ZiM.Az-a bildirib ki,
sözü gedən həmin kitab tanınmış yazıçı, şair və tərcüməçi İmir Məmmədli tərəfindən hələ 2000-ci ildə
gürcü dilinə çevrilmiş, 2000-ci və 2017-ci illərdə nəşr olunmuşdur. Kitabın bədii redaktoru isə
tanınmış gürcü yazıçısı Naro Kolxelidir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.