RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...

RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...
Mən bu gün təxminən
25 il əvvəli xatırlayıram...
Azərbaycan Texniki Universitetində
"Ziya" qəzetinin redaksiyası nəzdində
əsasən tələbələrdən ibarət olan
ədəbi dərnək yaratmışdıq.
Sonralar bu ədəbi dərnək
"Çeşmə" Ədəbi Birliyinə çevrildi,
"Addımlar" adlı ədəbi toplular çap etdik.
Daha sonralar isə bu ədəbi birliyi
Baş redaktoru olduğum
"Təhsil" qəzetinin nəzdində davam etdirdik...
Bir müddət sonra isə "Söz-sözə"
"Qar çiçəyi" Ədəbi birlikləri yarandı...
Məclislərimizə xeyli sayda gənc istedadlar gəlirdilər...
Onlar arasında bu gün ədəbi ictimaiyyətin yaxşı tanıdığı
Əkbər Qoşalı, Təranə Rəhimli, Səhər, Dilarə Şahidqızı,
Qurban Təbiətoğlu, Ötərxan Kədərli, İradə Sarıyeva,
Həmid Ormanlı, İradə Qaracayeva,
Akif Məmmədov və başqaları
da var idi.

RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...Mən bu gün çox şadam ki,
onların ilk qələm məhsullarının
mətbuatda işıqüzü görməsində
az-çox məhz mənim də əməyim olub...
Hər dəfə həmin gənclərdən kimisə görəndə
və ya hansısa qəzet və ya jurnal səhifələrində,
eləcə də internet portallarında
hansınınsa şeirinə və yazısına rast gələndə
ürəyimdən bir acılı-şirinli sızıltı keçir.
Ona görə acılı-şirinli sızıltı deyirəm ki,
bu sızıltıda həm sevinc,
həm də kədər notları cəmləşir.

Sevinirəm ona görə ki, bizim o illərdə
gənclərə göstərdiyimiz diqqət və qayğı hədər getməmiş,
bu gün onların hər biri istedadlı qələm sahibi kimi tanınır
və onların uğurları hamı kimi məni də sevindirir...

RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...Kədərlənirəm ona görə ki,
həmin o illərdə redaksiyamıza
həmişə abır-həya ilə, sanki
utana-utana gələn, olduqca saf,
büllur kimi təmiz qəlbli, şair təbiətli,
boylu-buxunlu, gözəl, yaraşıqlı,
parlaq istedad sahibi və bizim
məhz onun bu parlaq istedadına
arxalanaraq gələcəyinə daim
böyük ümidlər bəslədiyimiz
sevimli dostumuz-qardaşımız,
əslən Ulu Borçalımızın
qədim Faxralı kəndindən olan
Hamlet Kazımoğlu
(21.03.1970 - 19.04.2001)
bu gün təəssüflər olsun ki,
aramızda yoxdur...
Amma onu da qeyd edim ki,
Hamlet Kazımoğlunun yaradıcılığının
ədəbi ictimaiyyətə tam şəkildə
çatdırılmamasında bəzən özümü qınasam da,
nə yaxşı ki, özümə təsəlli verməyə bir ip-ucum var.

Bu ip-ucu üçün dostum-qardaşım
Əkbər Qoşalıya minnətdaram.
Ona görə minnətdaram ki, o, Hamlet Kazımoğlunun
unudulmaması üçün böyük əmək sərf edir.
Necə ki, Hamlet Kazımoğlunun hələ sağlığında,
onun şeirlərinin çapına nə dərəcədə maraq göstərirdisə,
eynilə elə indi də o cür maraq göstərir.
Mən də böyük qürur və fəxr hissi ilə qeyd edirəm ki,
Hamlet Kazımoğlunun hələ sağlığında ilk mətbuu şeirlərini
"Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində,
"Addımlar" poeziya məcmuəsində çap etdiyim kimi,
ölümündən sonra da
onun elə ilk kitabını da məhz mən çap edərək
qədirbilən oxuculara ərmağan etdim.
Onu da vurğulayım ki, Hamlet Kazımoğlunun
mənim naşirliyim sayəsində işıqüzü görmüş
ilk kitabındakı şeirlər də məhz Əkbər Qoşalının
gərgin əməyi sayəsində toplanmış və tərtib olunmuşdur.

Mən fürsətdən istifadə edərək,
Sədaqətli Dost - Vəfalı Yoldaş - Etibarlı Həmkar
simvolu olan Əkbər Qoşalını elə buradan alqışlayır
və ona öz dərin təşəkkürümü bildirirəm...
Var Ol, Qardaşım!..
Hamlet Kazımoğluya isə Allahdan rəhmət diləyir,
RUHUN ŞAD OLSUN, QARDAŞIM!--deyirəm...
BÖYÜK MƏSULİYYƏT HİSSİ İLƏ ONU DA BİLDİRİRƏM Kİ,
HAMLET KAZIMOĞLUNUN ƏZİZ XATİRƏSİ
ONU TANIYANLARIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR!..

Axı, ata-babalarımız gözəl deyib:
Unutsaq unudularıq!..

Dərin hörmət və böyük ehtiramla:
Müşfiq BORÇALI,
19.04.2015.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: