
Azərbaycan Milli Ordusunun könüllü üzvü, Sırxavənd döyüşlərində böyük şücaət göstərərək itkin düşmüş və sonradan şəhid hesab olunmuşdur.
Qərib Müzəffər oğlu Həsənov - 1955-ci il dekabrın 29-da Sumqayıt şəhərinin "Birləşmiş məhəllə" adlı ərazisində anadan olmuşdur. Əslən Qubadlı rayonunun Eyvazlı kəndindəndir. Orta təhsilini Sumqayıt şəhər 18 nömrəli məktəbdə əla qiymətlərlə başa vurmuşdur. Daha sonra tibb təhsilini Rusiya Federasiyasında alaraq həkim ixtisasına yiyələnmişdir.
Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Qərib Həsənov uzun illər Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi hissədə hərbi həkim kimi fəaliyyət göstərmişdir. Peşəkarlığı və insani keyfiyyətləri ilə iş yoldaşlarının dərin hörmətini qazanmışdır.
1987-ci il fevralın 13-də ailə həyatı qurmuşdur. 1991-ci il martın 11-də birinci qızı Aytac dünyaya gəlmişdir. Qərib Həsənov ailəsi ilə xoşbəxt həyat sürmüşdür.
1992-ci il fevral ayında Xocalı soyqırımı baş verdikdən sonra Qərib Həsənov qisas məqsədilə könüllü şəkildə Azərbaycan Milli Ordusuna yazılmağa qərar vermişdir. Milli ordu geyimində şəkil çəkdirmiş, gətirib xanımına verib ki, saxla bu şəkili... Sanki bilirmiş ki, bu yolun sonu yoxdur. Həmin ilin aprel ayında orduya qatılan Qərib Həsənov cəbhədə xidmət göstərdiyi vaxt cəmi ikicə dəfə ailəsinə baş çəkib. Sonuncu dəfə İyun ayının 1-də ailəsinə baş çəkməyə gələndə, Qərib gedib atasına deyir ki, mən sabah yenidən müharibəyə gedirəm, atasından xeyir dua alır. Xanımı Kifayət ağlayır, getməyini heç istəmir. Bildirir ki, məni uşaqla qoyub hara gedirsən? Gedib atava deyəcəm ki, Qərib yenə bizi atıb müharibəyə gedir. Qərib deyir ki, artıq atama mən özüm demişəm, dedi ki, get, allah uğurunu xeyir eləsin, sən getmə, mən getməyim, bəs kim getsin?
Ömür-gün yoldaşı Kifayət xanım deyir: Aytac son gecə çox ağlayırdı, hər zaman atasının qucağında sakitləşən uşaq ancaq ağlayırdı. Səhərə qədər Qəribin sinəsinin üstündə uzandı ağladı. Səhərə yaxın yuxuya getdi. Özümü bağışlamaram, Qərib gedəndə dedi ki, Aytacı gətir, öpüm, sonra gedim. Dedim səni görse dalınca ağlayacaq, qoy yatsın yəqın xəstələnıb. Bir də hər zaman p gedəndə arxasıyca su atatdım, amma bu dəfə niyəsə unutdum, atmadım. Özumu bağışlaya bilmirəm illərdir. 2 iyun 1992 ci il Qəribi yola saldım, gedirdi dəfələrlə dönüb arxaya baxırdı. İndi bilirəm ki, o bilirmiş geri qayıtmayacağını.
Döyüş bolgəsındə olan Qərib qızına göre narahat idi. Bir müddətdən sonra icazə ərizəsi yazır ki, qızım xəstədi icazə verin gedib qızımı görüm qayıdım. Elə həmın vaxt xəbər gəlir ki, Sırxavənddə ağır döyüşlər gedir. Qəribgilin qrupu Sırxavənd uğrunda döyüşlərə qatılırlar. Qeribin icazə ərizəsi stolun üzərində qalır. O, Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Həmin döyüşlər zamanı 13 yaralı əsgəri təkbaşına xilas etmiş, lakin bir gənc əsgərə verdiyi sözə görə "gelib səni də xilas edəcəyəm" əsgərin ardıyca gedir, lakin geri qayıtmır…
Döyüş yoldaşları döyüş meydanını Qəribsiz və digər itkilərlə tərk edirlər, daha sonra həmin ərazidə hərbi texnikanın vurulduğu xəbəri yayılmışdır. Qərib Həsənov bu hadisədən sonra itkin düşmüş və rəsmi olaraq şəhid elan edilmişdir. Şəhid xəbəri ailəsinə 1992-ci il iyunun 17-də çatdırılmışdır.
Qərib Həsənovun ölümündən sonra ikinci qızı 1993-cü il fevralın 10-da dünyaya gəlmişdir. Ailəsi onun sağ qayıdacağına ümid edərək yeni doğulan övladına Ümidə adını vermişdir. Şəhidin hazırda iki qızı və altı nəvəsi var.
Qərib Həsənovun xatirəsi onun ailəsi və yaxınları tərəfindən yaşadılır. Onun göstərdiyi igidlik və fədakarlıq Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvollarından biri kim yadda qalmışdır.
Ölümündən sonra Şəhidin qızı Aytac atasının qəhrəmanlığının hər kəs tərəfindən bilinməsi, tanınması üçün "atamın məzarı yoxdur, ancaq bir çox yerlerdə anım guşələri olsun" - deyib yola çıxıb. Hərbiçi həkim Şəhid Qərib Həsənovun şəhadətindən sonra Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Şəhidlər xiyabanında, Sumqayıtın Birləşmiş məhəlləsində, Gəncə İmamzadə məscidində, Siyəzən Şəhid məscidində, Ağcəbədi Qəhrəmanlar parkında abidə guşəsi, Sumqayıtdakı 18 nomrəli məktəbdə, Şəhid ev muzeyində və Tarix muzeyində anım guşələri var.
Bəli, Şəhidlər Unudulmur!..
Unusaq, unudularıq!..
Allah Qərib Müzəffər oğluna rəhmət eləsin.
Məkanı cənnət, Ruhu şad olsun...
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.