GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ ZƏNGİNLƏŞDİRƏN USTAD

GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ  ZƏNGİNLƏŞDİRƏN USTAD XX əsrin son onilliklərində Tiflisdə qaynar Azərbaycan ədəbi-mədəni mühiti formalaşmışdı. Görkəmli filoloq və pedaqoq-alimlərimiz, öz bədii yaradıcılıq məhsulları ilə erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatına töhfələrini əsirgəməyən şair və yazıçılarımız, Gürcüstanda azərbaycandilli jurnalistikanın zəngin ənənələrini uğurla davam etdirən qələm ustalarımız əsasən, bu şəhərdə fəaliyyət göstərən üç ədəbiyyat-mədəniyyət ocağında – Dövlət Pedaqoji İnstitutunun (sonradan Universitetinin) Azərbaycan dili və ədəbiyyatı kafedrasında, “Sovet Gürcüstanı (sonradan “Gürcüstan”) qəzetinin redaksiyasında və Dövlət Televiziya və Radio Verilişləri Redaksiyasının Azərbaycan şöbəsində cəmləşmişdilər. Ötən əsrin sonlarında və yaşadığımız əsrin başlanğıcında bu siyahıya ziyalılarımızın uzun mücadiləsindən sonra fəaliyyətləri bərpa olunmuş daha iki qurum – Mirzə Fətəli Axundzadənin ev-muzeyi və Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrı da əlavə olundu.
Öz varlığı, intellektual və mədəni səviyyəsi ilə Tiflis ədəbi-ziyalı mühitini zənginləşdirən, adlarını çəkdiyim ədəbi-mədəni qurumların hamısı ilə sıx iş-yaradıcılıq əlaqəsində olan ziyalılarımızdan biri də gözəl şair, tərcüməçi, ədəbiyyatşünas-tədqiqatçı, teatrşünas, pedaqoq və jurnalist Alxan Binnətoğlu idi. Mənim yaddaşımda Alxan Binnətoğlu obrazı bir-birini tamamlayan üç fərqli prizmadan yanaşma əsasında bütövləşir.


Birincisi odur ki, Alxan müəllimi mərhum atam Valeh Hacılarla uzun illərin dostluq əlaqələri birləşdirirdi və o, dəfələrlə ailəmizdə qonaq olmuşdur. Alxan müəllim haqqında məndə ilk xoş təəssüratlar da atamla söhbətləri və ünsiyyətləri əsasında yaranmışdır. Onların hər ikisi Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında çalışmışlar. Hətta xatırlayıram, atam kafedra müdiri seçiləndə Alxan müəllimin dərs saatlarını xeyli artırmışdır. Bu bir yandan kafedranın baş müəllimi A.Binnətoğluya göstərilən etimadın, digər tərəfdən isə Alxan müəllimin savadlı bir pedaqoq kimi potensialının göstəricisi idi. Gözəl şair-tərcüməçimiz Vilayət Rüstəmzadə ilə birlikdə ərsəyə gətirdikləri, 1981-ci ildə Bakıda “Yazıçı” nəşriyyatında yayımlanmış “Bir sinədə iki ürək: gürcü şeirində Azərbaycan” kitabı onların ortaq faydalı və uğurlu yaradıcılıq əməkdaşlığının nümunəvi təcəssümüdür.
Bu yaxınlarda Valeh Hacıların şəxsi kitablarını nəzərdən keçirərkən, 1971-ci ildə çap olunmuş “Arzu yarpağı” adlı kiçikhəcmli bir şeirlər kitabı diqqətimi çəkdi. Alxan Binnətoğlu müəllifi olduğu bu ilk kitabının titul vərəqində yazmışdı:

“Şair dostlarımın artdı biri də,
Bəlkə birincisi özüdü Valeh...
Sən şeir oxudun, doğma misralar
Qəlbimi, ruhumu elədi valeh”.

Daha sonra müəllifin imzası və tarix: 28.02.1975.

Məncə yuxarıdakı sətirlər, eləcə də Alxan müəllimin atam dünyasını dəyişəndə qələmə aldığı “Dünyasını dəyişmiş dost haqqında söz” başlıqlı xatirə yazısı onların arasında mövcud olmuş səmimi münasibətləri anlamaq üçün kifayətdir.
Tiflisdə milli teatrımız bərpa olunduqdan sonra Alxan Binnətoğlu qardaşım Namiqlə bir yerdə bu teatrda çiyin-çiyinə çalışır. Onun teatrımızın həyatından bəhs edən “Teatr haqqında söhbətlər” kitabı da həmin dövrün bəhrəsidir. Alxan müəllimin yarım əsrlik aradan sonra ilk kövrək addımlarını atan bu teatrda fəaliyyəti, xüsusən də bir ədəbiyyatşünas olaraq məsləhətlərinin tamaşaya qoyulan əsərlərin dil və sənətkarlıq xüsusiyyətinə müsbət yöndə təsiri, müəyyən mübahisəli məsələlərdə həmişə teatrın gənc aktyor heyətinin mövqeyini dəstəkləməsi və s. barədə Namiqdən eşidib duyduqlarım mənim üçün əlavə, ikinci məlumat və müsbət emosiya mənbəyi idi.
2006-2010-cu illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində işlədiyim dövrdə Alxan müəllimlə tez-tez görüşüb söhbət etmək, onunla daha yaxından tanış olmaq imkanı əldə etmiş oldum və beləliklə, atamın dostu və məsləkdaşı şair-tərcüməçi, təcrübəli ədəbiyyatşünas-pedaqoq Alxan Binnətoğlu, qardaşımın həmkarı teatrşünas Alxan Binnətoğlu obrazları milli ruhlu qocaman jurnalist, vətənpərvər ziyalı Alxan Binnətoğlu obrazı ilə birləşib-bütövləşərək təfəkkürümdə vahid və dolğun bir obraz şəklində həkk olundu.
Doğrudur, ona qədər də Alxan müəllimin şəxsən özü və yaradıcılığı ilə tanış idim, müəyyən toplantılarda görüşmüş, çıxışlarını dinləmişdim. Fəqət səfirliyin təhsil-mədəniyyət məsələləri üzrə məsul əməkdaşı kimi, iş gərəyi onunla sıx ünsiyyətdə olurduq. Ədəbi-mədəni tədbirlərdə ədəb-ərkanı, gözəl natiqlik qabiliyyəti ilə seçilirdi. Söylədikləri nitqlərin məzmunu onun hərtərəfli erudisiyaya malik olduğunu göstərirdi. Redaktorluğu ilə nəfis tərtibatda nəşr olunan “Meydan” kütləvi jurnalı tez bir zamanda cəmiyyətdə populyarlıq qazandı. Özünü böyük həvəslə bu jurnala həsr etmişdi. Elmi araşdırmalarımla maraqlanır, onların “Meydan”da çap olunması üçün məqalə şəklində göndərilməsini xahiş edirdi. “Türkçülük ideologiyası və İsmayıl Həqqi” sərlövhəli məqaləmi böyük məmnuniyyətlə çap etdirmişdi. Fəal gənc ziyalılarımızdan olan oğlu Binnətlə də bu zaman tanış olmuşduq.

Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə ikinci təyinatımda Alxan müəllim xəstə yatağında idi və çox keçmədən bu fani dünya ilə vidalaşdı.
A.Binnətoğlu kimi çoxşaxəli, məhsuldar yaradıcılığa malik ziyalımızın vəfatı Gürcüstandakı Azərbaycan ədəbi-ziyalı mühiti üçün ağır itkidir.

Allah rəhmət eləsin!

Fəxri Valehoğlu-Hacılar
Azərbaycan Respublikasının
Gürcüstandakı Səfirliyinin birinci katibi,
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,
tarix üzrə elmlər doktoru


ZiM.Az




GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ  ZƏNGİNLƏŞDİRƏN USTAD

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: