Vəli İsa oğlu Əliyev 1927-ci il dekabrın 18-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində tanınmış ziyalı İsa Məmmədqulu oğlu Əliyevin (İsa Borçalının) ocağında dünyaya göz açmış, uşaqlığı və erkən gənçliyi Qaçağan kəndində keçmiş, 1949-cu ildə Borçalı qəzası Qaçağan kənd ümumtəhsil məktəbini bitirmişdir. O, 1950-ci ildə ali təhsil almaq üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ali məktəbi bitirdikdən sonra bir müddət “Pioner” jurnalında texniki redaktor işləmiş, 1960-cı ildə isə 1921-ci ildən 1944-cü ilə kimi Tbilisidə Azərbaycan dilində nəşr olunan yeganə rəsmi mətbuat orqanı - “Sovet Gürcüstanı” (indiki "Gürcüstan") qəzetinin fəaliyyəti bərpa olunarkən məhz o da bu redaksiyada işləməyə dəvət edildiyindən geri Gürcüstana qayıtmış, doğma Borçalını, eli-obası Qaçağanı qəlbən sevən Vəli Əliyev ailəliklə Tbilisi şəhərinə köçmüş və ömrünün sonuna qədər orada yaşayıb-yaratmışdır. O, əvvəlcə “Sovet Gürcüstanı” qəzetinin "Ədəbiyyat, incəsənət və təhsil" şöbəsinin müdiri təyin olunmuş, 1962-ci ildə "Sovet Gürcüstanı" qəzeti redaksiyasında Gürcüstan KP ilk partiya təşkilatının katibi seçilmiş, 1965-ci ildə o, yenidən "Sovet Gürcüstanı" qəzeti redaksiyasının "Ədəbiyyat, incəsənət və təhsil" şöbəsinin müdiri təyin edilmiş və ömrünün sonuna kimi bu vəzifədə şərəflə çalışmışdır. Elə buna görə də, Vəli Əliyev 1963-cü ildə SSRİ Yazıçılar İttifaqına və SSRİ Jurnalistlər İttifaqına üzv seçilmiş, "Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, ”Lenin” yubiley medalı ilə və iki dəfə Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Vəli Əliyev Tbilisidə yaşamağına baxmayaraq daimi olaraq Moskvada və Bakıda nəşr edilən SSRİ dövri mətbuatında, ədəbi-bədii jurnalalrına daimi olaraq yazılarıyla çıxış edirdi. Onun gizli türkçülüyü, Gürücstan SSR-də yaşayan türkdilli vətəndaşların problemlərini qaldırması, Borçalının taleyinə heç zaman biganə qalmaması, Marneuli, Bolnisi, Qardabani, Dmanisi rayonlarında və Tbilisi şəhərində olan azərbaycandilli məktəblərdə təhsil yüksəldilməsi üçün daima müdaxilə etməsi heç də çox zaman Gürcüstan SSR rəhbərliyindəki gürcü millətçilərinin xoşona gəlmirdi. Vəli Əiyevə qarşı dəfələrlə tədbirlər görülsə də, onun təmiz əqidəli olması, pripsipallığı öz rolunu oynayırdı. Həmçinin V.Əliyevin SSRİ Yazıçılar İttifaqının (indiki Yazıçılar Birliyinin) üzvü olması da ciddi faktor idi və Moskvadakı səmimi dostları onu daima müdafiə edirdilər.
Vəli Əliyev Borçalının qədim Qarapapaq nəsillərindən biri olan Dəlləkli nəslindəndir. Dəlləkli nəsinin nümayəndələri türkəçara üsullarını bildikləri üçün həmin nəslə Dəlləkli adı veriblər. Nəslin ilk nümayəndələri 15-ci əsrdə indiki Dərbənd yaxınlığından Borçalıya gəlmişlər. Nəslin bəzi nümayədələrinin 15-ci əsrdən oncə şaman olduqları bildirilir və güman bu səbəbdən də türkəçara üsullarını və bilgilərini nəsildən-nəslə ötürərək yaşatmışlar. Qaçağan kəndində Dəlləkli nəslinin nümayəndələrinin önünə daima Dəllək dəqiqləşdirməsi artırılmışdır. Vəli Əliyevin atası İsa Əliyev Qaçağanda Dəllək İsa kimi tanınırdı.
Hələ tələbəlik illərindən bədii yazıları ilə fərqlənən gənc yazıçı 60-cı illərdən dövri mətbuatda ilk hekayələrini çap etdirmişdir. Bu hekayələr müasirliyi və məzmunu ilə tezliklə geniş oxucu kütləsinin qəlbində özünə yer tapmışdır. Bütün həyatını jurnalistika ilə bağlayan Vəli Əliyev mətbuat səhifələrində tez-tez çap olunan bədii əsərləri, elmi-tənqidi məqalələri, publisistik yazıları, vətənpərvərliyi, humanistliyi ilə tanınır. Yazıçı hekayədən-hekayəyə keçdikcə əsərlərinin bədii keyfiyyəti yüksəlmiş, onun oxucu auditoriyası daha da genişlənmişdir.
Ədəbiyyata uşaq hekayələri ilə gələn, uşaq aləmini, uşaq psixologiyasını yaxşı bilən və bunu hekayələrində ustalıqla əks etdirməyi bacaran istedadlı nasirin yaradıcılıq palitrası zəngindir. Öz səsi və nəfəsi ilə fərqlənən müəllifin «Dostlar» adlı ilk hekayələr kitabı 1968-ci ildə Bakıda «Uşaqgəncnəşr» tərəfindən işıq üzü görmüşdür.
Yazıçının müxtəlif mətbuat orqanlarında, «Çeşmə» (1980) ədəbi məcmuəsində bir çox dadlı-duzlu hekayələri, satirik yazıları dərc olunmuş və oxucu rəğbətini qazanmışdır. Yazıçının «Paşa «bəyin» sərgüzəşti», «Həyasız» («Sovet Gürcüstanı», 27 avqust, 27 sentyabr, 1960) və s. satirik hekayələri cəmiyyətimizə zidd ünsürlərin əleyhinə çevrilmişdir. Həmin satirik əsərlərdə - xalqın səadətinə biganələr, simasızlar, öz kökündən uzaq düşənlər, «azca aşım, ağrımaz başım» - deyə yalnız özü üçün yaşayan xudbinlər - qəzəb və ifşa obyektidir.
Yazıçının ikinci kitabı - «İkinci görüş» 1986-cı ildə «Yazıçı» nəşriyyatı tərəfindən oxucu kütləsinin öhdəsinə verilmişdir. Müəllifin vəfatından sonra işıq üzü görmüş bu kitabda ideya və məzmunca bir-birini tamamlayan hekayələr verilmişdir. Bunlarda qədim Borçalının inqilabdan əvvəlki və inqilab ərəfəsindəki həyat tərzi, yoxsul kəndli sinfinin oyanması, keçmiş ağalara və bəylərə qarşı kəndlilərin azadlıq savaşına başlaması öz bədii əskini tapmışdır. (M.Çobanov. «İkinci görüş» (eyniadlı kitab haqqında rəy). «Sovet Gürcüstanı», №64(9293), 28 may, 1987.)
Hekayələrdə qədim Borçalının axarlı-baharlı mənzərələri, bar-bərəkətli zəmiləri… Yovşanlı dərə, Qalayurdu, Aranlı, Daştəpə, Qaçağan, Qəribli, Cökəli, Sərinli və s. yerlər təsvir olunmuşdur.
Güclü müşahidə qabiliyyətinə malik olan yazıçı Borçalının dünənini və bu gününü, xalqın həyat tərzini, kənd həyatını, onun keçmişini, indisini epik lövhələrlə işıqlandırmış, xalqın tarixini və ənənəsini milli zəmində göstərmişdir.
«Getsin o günlər» hekayəsində baba və nəvə münasibətləri maraqlı bir epizodla verilir. İki həyat tərzini görmüş baba keçmiş dərdli-qəmli günləri xatırlayanda «ürəyindən qara qanlar keçir», nəvəsinin «xoşbəxt gündə yaşamasından» sevinir, özünü də onun kimi yeni həyatda xoşbəxt və bəxtəvər sanır. Əsərdə baba tipikləşmiş bir ağsaqqal, öyüdçü, incə qəlbli, mehriban və həlim xasiyyətli bir insan kimi təqdim olunur… Bu hekayənin əsas xüsusiyyətlərindən biri də odur ki, müəllif Borçalıda kəndli kütləsinin oyanmasını, öz «ağasına» söz qaytarmasını, daha onlarla hesablaşmadığını, o cümlədən Səfərin Sadiq bəyə söz qaytarmasını, onun ot tayasına od vurub qaçmasını kəndli inqilabının ilk ünsürü kimi oxucuya çatdırır.
«İkinci görüş» hekayəsində ağaların və bəylərin haqsızlığı, ədalətsizliyi, kəndliləri həddən artıq istismar etməsi və onlara qarşı Borçalı kəndlilərinin səbr kasasının daşması, etiraz səslərini ucaltması, bəzən də açıq mübarizəyə keçməsi, o cümlədən Yolçu bəyi döymələri, Namaz bəyin evini dağıtmaları, mal-qaralarını öz aralarında bölüşdürmələri kəndlilərin öz hüquqlarını artıq başa düşməsinə bir işarə idi. Bu işarələr isə hekayədə çox incəliklə təsvir olunmuşdur.
Hekayədə Səlim kişi ilə Aslanın görüşməsi, bəylərə qarşı etiraz söhbətləri, naməlum adamın onları bolşevik kimi qələmə verib polis idarəsinə xəbər çatdırması, rəis müavini Mürsəl bəyin Səlim kişini və Aslanı hədə-qorxu ilə sınaqdan çıxarması və nəhayət, onlara bağlama verib Mahmud bəyə göndərməsi, hər ikisinin Şulaverdə keçiriləcək yığıncağa gəlməsini tapşırması kəndlilərin gözünü açır, onlar Şulaverə gəlir. Borçalı təşkilatının gördüyü işlər barədə Tiflisdən gələn adamın məlumatını dinliyirlər. Bu adam isə Mürsəl bəy idi. Bu, əslində püxtələşmiş mübariz inqilabçı Mürsəl bəylə hərəkata yenicə qoşulan kəndlilərin ikinci görüşü idi, yəni artıq inqilabın yaxınlaşması demək idi.
«İlk qurban» hekayəsində xalqın inqilabi şüurunun inkişafı, Sarvan əhalisinin Mehdi ağanın qulluğundan boyun qaçırması, onu hökumət adamı yanında biabır etməsi, ona qarşı açıqcasına - «Bəsdir bizi haqsız-muzdsuz işlətdiyin», «Biz də insanıq, ac qarına adam işləməz», «Qanımızı içdin yetər» deməsi, camaatın öz hüququnu tələb etməsi və s. təsvir olunur.
Hekayənin əsas məğzini və inqilabi ideyasını Qalayurdlu Qurban kişinin inqilabi fəaliyyəti təşkil edir. O, şəhərdə dəmiryolunda işləyərkən fəhlə tətili və çarpışmalarında yaxından iştirak etmiş, bərkə-boşa düşmüş, get-gedə siyasi şüuru artmış, inqilaba qoşulmuşdur. Məhz inqilabi təbliğat işi aparmaq üçün yenidən Borçalıya qayıdır, hələlik Qalayurdda tək olsa da, tezliklə özünə tərəfdarlar toplayır... Qurban kişi hər işin qaydasını və məqamını yaxşı bilirdi. O, hətta, partiyanın V qurultayına Borçalı təşkilatından bir nümayəndə seçilməsi barədə olan məlumatı oğlu Kamaldan gizlin məktubla Şulaverə Polada göndərir. Kamal gəncdir, ancaq çox dözümlüdür, qətidir. O, yolda ağalar tərəfindən yaxalanıb döyülsə də sirri açmır. Səlim kişinin köməyi ilə gecə ikən qaçıb məktubu sahibinə çatdırır. Geri dönəndə atasının ağalar tərəfindən öldürülməsi xəbərini eşidir, lakin məyus olmur, atasının işini davam etdirir. Qalayurdlu Qurbanın öldürülməsi inqilab yolunda Borçalı partiya təşkilatının verdiyi "ilk qurban" idi...
«Təhlükəli gecə» hekayəsi də öz müasirliyi, məzmunu və ideyası etibarilə oxucu kütləsinin qəlbində özünə xüsusi yer tutur.
Kitabdakı «Mollanın kitabı», «Bu da bir adətdir» satirik hekayələri də oxucuda xoş təəssürat yaradır.
Ümumiyyətlə, V.Əliyevin haqqında söhbət açdığımız və nəşri müəllifinə qismət olmayan «İkinci görüş» kitabındakı bütün hekayələrdə Borçalı kəndlilərinin amalı da, əməli də göz önündə canlanır, hadisələr səlis dillə, əlvan bədii vasitələrlə oxuculara çatdırılır.
«V.Əliyevin ikinci kitabı «İkinci görüş» müəllifin ikinci addımı idi. Lakin amansız ölüm onu aramızdan vaxtsız apardı, ona püxtələşmiş bir yazıçı kimi yaşamağa, yaratmağa imkan vermədi». (Bax: M.Çobanov. «İkinci görüş», «Gürcüstan», №64(9293). 28 may, 1987.)
Uzun müddət «Sovet Gürcüstanı» qəzetinin ədəbi, incəsənət və mədəniyyət şöbəsinin müdiri işləmiş və ömrünün 24 ilini həmin qəzetin oxunaqlı çıxmasına sərf etmiş Vəli Əliyev 1983-cü il aprelin 12-də 55 yaşında vəfat etmiş və Marneuli rayonundakı Qaçağam kənd məzarlığında dəfn edilmişdir.
Tanınmış ictimai xadimi, istedadlı yazşıçı-publisis və jurnalist, mərhum Vəli Əliyevə «Allah rəhmət eləsin, ruhu şad olsun» söyləyir və şair Dünyamalı Kərəmin yazıçı dostunun əziz xatirəsinə ithaf etdiyi «Qalıbdır» («Gürcüstan», 27 mart, 1984) şeirindən bir bəndi nəzərinizə çatdırırıq:
Borçalının Vəlisiydin, ay Vəli!
Ürəklərdə qoydun ürək heykəli!
Qəlbindəki əbədilik əməli
Qədirbilən bizim elə qalıbdır!
Müşfiq BORÇALI,
ZiM.Az
Bax: "ÇAĞDAŞ BORÇALI ƏDƏBİ MƏKTƏBİ", Bakı, 1994, səh.165-168
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.