ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992) QƏHRƏMAN ŞƏHİDLƏRİMİZİ
TANIYAQ və TANIDAQ!..

UNUTSAQ, UNUDULARIQ!...


Baş leytenant Yaşar Vahid oğlu Bədəlov -
1966-cı ildə qədim Borçalı mahalında -
indiki Gürcüstan Respublikasının Bolnisi rayonudakı
Kəpənəkçi kəndində anadan olub.
Orta təhsilini doğma kəndindəki məktəbdə
başa vurduqdan sonra, 1983-cü ildə Leninqrad
(indiki Sankt-Peterburq) Ali Hərbi Ümunqoşun
Komandirlər Məktəbinə daxil olub.
1988-ci ildə həmin təhsil ocağını
fərqlənmə diplomu ilə başa vurub.

Təhsilini başa vuran gənc Yaşar təyinat üzrə göndərildiyi Leninqrad vilayətində qərargah rəisi vəzifəsində çalışıb.

Torpaqlarımızın erməni faşistləri tərəfindən işğala məruz qaldığı bir dövrdə, Vətən qarşısında borcunu yerinə yetirmək üçün o, 1991-ci ildə könüllü olaraq Bakıya qayıdıb. Ümumi qeydiyyatda olmadığı üçün qarşılaşdığı çətinliklər belə Yaşarı sarsıtmayıb. 1992-ci ildə o, Zaqatala hərbi hissəsində qərargah rəisi vəzifəsinə təyin olunub. Lakin döyüş meydanında daha çox xeyir verəcəyini yaxşı başa düşən Yaşar Bədəlov komandanlıqdan ön cəbhəyə göndərilməsini xahiş edib və hərbi hissə ilə birlikdə döyüş meydanına yollanıb. İlk döyüşü, Çaldıran kəndi yaxınlığında aparan döyüşçülər arasında böyük rəğbət qazanan Yaşar Bədəlov növbəti qələbəni Fərrux dağında çalacağına inanır. Tabur komandiri yaralandıqdan sonra Yaşarın üzərinə iki vəzifəni birlikdə yerinə yetirmək düşür. Həm Tabur komandiri, həm də Qərargah rəisi kimi vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Bütün əməliyyatlar boyu onunla birlikdə olan döyüş yoldaşlarının dediyi kimi, Fərrux dağını aldıqdan sonra yenidən hücuma keçən ermənilərin pulemyotunu susdurmaq üçün öz həyatını təhlükəyə atıb. O, iki əl qumbarası ilə düşməni susduraraq geri oturdub.

Bundan sonra geri çağrılan Yaşar Cinli kəndinə göndərilib. “Cinli” kəndində döyüş iki istiqamətdə gedirdi. Döyüş Zamanı axırıncı mərmi düz Yaşarın qarşısına düşüb. Qərargah rəisinin müavini baş leytenant Etibar Hədisovun dediyinə görə, “ölümündən sonra yox, diriykən Milli Qəhrəman adına layiq görülməli olan” Yaşarı Zil markalı maşına qoyub 60 km məsafədə olan Ağdam qospitalına gətirirlər. Yolda sıravi əsgər Bahadur Abdullayevin yarasından güclü qan axdığını və onun zarıdığını görən Yaşar öz ayağına sarıdığı rezin sarğını açıb onun qıçına bağlayır.

Yaşarın döyüşçü dostu DİN qospitalında yaralı yatan Bahadur İmamverdiyev bu acı tarixi belə xatırlayır:
“... Mən də Yaşarla bir döyüşdə yaralanmışdım. Bizim ikimizi də bir maşına mindirdilər. Mən qışqırdıqca o mənə deyirdi: mərd ol, döz, bir azdan qospitala çatarıq. Ancaq mən ağrılara tab gətirə bilmirdim. O, sürünərək mənim başımı öz sinəsinə qaldırdı. Qanımın yolboyu kəsilmədiyini görəndə Yaşar özünü unudub mənim yaralı qıçımın qayğısına qaldı; o, oz rezin sarğını açıb mənim ayağımı yuxarıdan bağladıqdan sonra ayağımın qanı kəsildi. Daha sonra huşumu itirdim. Onun ölümünü DİN qospitalında eşitdim. O mənə həyat verdi. Məni ikinci dəfə həyata qaytardı, özü isə...
Mən onun humanistliyini və alicənablığını həyatım boyu unutmayacam.”.


Bəli, Yaşarın döyüş yolu qısa olsa da, lakin qəhrəmanlıqlarla zəngin olmuşdur.

“Yurddaş” qəzetinin 4 noyabr 1992-ci il tarixli sayında yer alan “Ölməli oğul deyildi...” başlıqlı məqalədə şəhid qəhrəmanımızın yaşadığı şərəfli həyat və döyüş yolu, həmçinin vaxtı ilə ona dərs demiş müəlliminin və döyüşçü dostlarının xatirələri dərc edilib. Məqalədə şəhid hərbi qulluqçumuz haqqında ürək ağrısı ilə söylənilən fikirlər, onun əsl vətənpərvər döyüşçü olduğunu bir daha təsdiq edir.

İlham Sultanoğlunun “Əsgər” qəzetinin 15 oktyabr 1993-cü il tarixli sayında Yaşarın şəhid olmasının birinci ildönümünə həsr etdiyi “Bir ölümün acığına” başlıqlı məqaləsində də igid döyüşçünün şərəfli ömür yolu barədə maraqlı məlumatlar öz əksini tapıb. (Məqalə polkovnik-leytenant Təranə Məmmədovanın 1999-cü ildə Bakıda nəşr olunan “Oğullar verir ki can, yaşasın Azərbaycan” adlı kitabında dərc edilib.).

30 sentyabr 1992-ci il. Bu tarix baş leytenant Yaşar Bədəlovun qısa və şərəfli ömrünə qızıl hərflərlə yazılıb. Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlər zamanı ağır yaralanan cəsur döyüşçümüz gözlərini əbədi yumub...

ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992) Baş leytenant Yaşar Bədəlov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcu və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Vətənin qəhrəman oğlu Yaşar Bədəlov Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: