İlqar Zərrar oğlu Mahmudov
(1973-1992)
Ömrün çiçək çağında əbədiyyətə qovuşan igid...
Müharibənin qanlı-qadalı günləri bir-birini əvəz edir. Günlər də ötdükcə Vətən uğurunda canlarını fəda edən şəhidlərimizin sayı artır. Müqəddəs Ana Torpağımız öz igid, qəhrəman oğullarını qoynuna alır. Şəhidlər Xiyabanları böyüyür və böyüdükcə Azərbaycan bayrağı daha yüksəkliklərdə ucalır, əzəmətlə dalğalanır və Qələbəmizə gedən yol gündən-günə yaxınlaşır...
İlqar Zərrar oğlu Mahmudov - 1973-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanis) rayonundakı Hüseynkənd elində anadan olmuş, Bolnis rayonundakı Kazret qəsəbəsində təhsil almışdır. Hamı kimi, o da şirin arzularla yaşayırdı: həyatda özünə layiq müstəqil yol seçmək, ailə qurmaq, Ana Vətənə, doğma ata yurduna, el-obasına xeyir vermək, valideynlərin etimadını doğrultmaq və s. və i. Amma təəssüflər ki, quduzlaşmış yağı düşmən yolunu azdığından bir çoxları kimi İlqarın da böyük arzuları və planları alt-üst oldu. O, müqəddəs torpağımızın düşmən təcavü-zündən müdafiəsinə ilkin qoşulanlardan oldu, könüllü olaraq cəbhəyə getdi. Tərtər rayonunda döyüşən “Qurtuluş” batalyonunun sıralarında bir yurdsevər igid də artdı.
İlqar Ağdərə uğurunda vuruşlarda qəhrəmancasına döyüşdü, bir sıra əməliyyatlarda igidcəsinə iştirak etdi, neçə-neçə düşmən ocağı söndürdü...
Ömrünün çiçək çağında, arzularının pöhrə vaxtında – iyulun 19-da isə düşmən gülləsi İlqara tuş gəldi. Döyüş dostları onu Bərdə qospitalına çatdırdılar. Amma... onu xilas etmək mümkün olmadı. Ayın 21-də İlqar ƏBƏDİYYƏTƏ qovuşdu. Şəhidlər Xiyabanında dəfn olundu.
Bəli, ölümün də yaşamaq kimi, şərəflisi və şərəfsizi var. Şərəfsiz yaşamaq nə qədər asan olduğu kimi şərəfli yaşamaq bir o qədər çə-tindir. Və həm də şərəfli yaşamaq hamıya qismət olmur!...
Şüküfə ana, Zərrar əmi! Başınızı uca tutun!
Fəxr edin ki, ölümü ilə müqəddəsləşən bir Şəhidin valideynlərisiniz.
İlqar - canıyla, qanıyla azad etdiyi hər kənddə doğulan körpəylə yenidən dünyaya gələcək.
Elə bunların xətrinə dözümlü olmalısınız. Axı, ölümü də gülə-gülə qarşılayan İlqar Əbədiyyət qazanıb.
Onun unudumaz və əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.
Müşfiq Mədədoğlu,
“Ziya” qəzeti, 26 avqust, 1992, №16 (355)
***
İLQAR
(Şəhid İ.Zərrar oğlunun xatirəsinə)
Harda ayrılmışdır, harda görüşdük,
Nədən oldu dərdin, azarın İlqar.
Biz ki, tələsirdik toyuna gələk,
Kəsdi qarşımızı məzarın İlqar.
Tale belə yazmış sənə qisməti,
Dar gündə Vətənin sən dözəmmədin.
Qorumaqçün elin namus, ismətin,
Düşüb Qarabağdan güzarın İlqar.
Xalqa məhəbbətin dərindən dərin,
Sübut etdi bunu öz əməllərin.
Ah-fəryad etdikcə qız-gəlinlərin,
Keçib xəyalından öz yarın İlqar.
Torpağımıza ayaq basanda yağı,
Sənin də qəlbinə çəkdilər dağı.
Bu eldə şərəfsiz yaşamamalı,
Bilmisən özünə az arın İlqar.
Məzarın uyuyur xalq beşiyində,
Əsgərsayaq durub el keşiyində.
Gəlsin ziyarətinə hər eşidən də,
Töksün qəbrin üstə yaşların İlqar.
Xıdır Orucoğlu,
“Ziya” qəzeti, 29 iyun, 1994, №16 (981)
Bax: Müşfiq ÇOBANLI, Borçalı şəhidləri. Bakı, 1996.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.