ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov (1962-1994)

ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov    (1962-1994)REDAKSİYAMIZIN ARXİVİNDƏN:

ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR


Ana Vətənimizin - Azərbaycanın mü­qəd­­dəs torpaqlarına yağı düş­mən dikildiyi vaxtdan düz altı il keçir. Neçə-neçə ana fəryadı, ata qübarı, bacı naləsi, qardaş ha­rayı göyərdi bu altı ildə. Payız ley­san­larına qarışıb axar göz yaşlarımız qəlbimizə hopub neçə-neçə dərd bi­tir­di. Axımız göy­ləri yandırdı, miskinli torpağın barını dərdi. Bu aləm, bu həsrət, bu yanğı isə bitmədi, ...bitmədi...
Yarımçıq ömürləri kədər rübabında bir həzin nəğmə sızladı. Ağlar gözlərimizi, iniltili könüllərimizi bir şərqi göynətdi:
Düşmən yas içində görməsin bizi,
Ağlama, ağlama, şəhid anası!

Duyğularımızın sarı simində çalındı, həsrətdən yaranıb əzə­mətə, vü­qara qovuşdu bu nəğmə. Ruhumuzu sarsıdıb, varlığımı titrədərək şə­hidlik zirvəsinin məğrurluğuna, yenilməzliyinə ta­pındırdı. Ürək­ləri­mizi düşmən nəzərindən qəmini, möhlətini gizlədən ana bacıların göz yaşları öz qəlblərinə axdı, səssizcə-səssizcə... Bu əzəmət, bu vüqar Şəhidlik zirvəsinə layiq yüzlərlə igid oğullar yetirdi. Qeyrət yaratdı, vüqar yaratdı, müqəddəs inam yaratdı Şəhidlər Xiyabanı.
Şəhidlər Xiyabanının müqəddəs torpağı Vətən yolunda canından keçib əbədiyyətə qovuşan şəhid oğullarından birini də qayğıküş ana kimi öz qoynuna aldı...

Mərdanov İlkin Hamlet oğlu 1962-ci i fevral ayının 24-də Bakı şə­hərində dünyaya göz açmışdır. Orta təhsilini məşhur 6 nömrəli mək­təbdə almışdır. 2 illik əsgəri xidmətini layiqincə başa vurduqdan son­ra sənədlərini vaxtilə atasının (mərhum Hamlet Mərdanov - nəzəri me­xanika kafedrasının dosenti idi) və babasının (mərhum professor Zahid Əlizadə 30 il fizika ka­fedrasının müdiri olmuşdur) işlədikləri Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) nəqliyyat fa­kültəsinə təqdim etdi. Qəbul imtahanlarından alnıaçıq, üzüağ çıxdı - müsa­biqədən keçib “tələbə” kimi şərəfli ada layiq görüldü. Günlər, ay­lar örtdü, illər keçdi. 5 illik tələbə həyatı sona çatdı. 1991-ci ildə Av­­­tomobillər və Avtomobil təsərrüfatı ixtisası üzrə mühəndis-me­xa­nik diplomu aldı. RAF qarajında ixtisası üzrə ilk əmək fəaliyyətinə başladı. Bir az sonra onun kiçik müəsissələrdən birinə prezident müa­vini təyin etdilər. 1993-cü ilin may ayında isə erməni cəllad­la­rının vəh­­şiliklərinə artıq dözə bilməyən İlkin Mərdanov könüllü ola­raq cəb­həyə yollandı. Bununla da gənc Azərbacan əsgərinin döyüş ta­le­yinin sınaqlı günləri, ayları sıralandı, cəbhə yolları müəyyənləşdi. Ağ­dərə və Tərtər bölgələrində vuruşdu. Cəbhə xəttində bacarıqlı dö­yüş­­çü, bacarıqlı əsgər-zabit kimi şücaət göstərdi, hərbi savadı və dö­yüş təcrübəsi ilə fərqlənən leytenant Mərdanov bütün döyüşlərdə xü­su­si qəhrəmanlıq nümunəsi göstərdi. 1994-cü ilin aprel ayının 26-da isə Qapanlı kəndi uğurunda döyüş zamanı namərd gülləsinə tuş ol­du...

Bu günlərdə İlkinin anası ilə görüşdük. Necə də səmimi, mehriban, qayğıkeş və məğrur qadın. Bəli, məhz İLKİN kimi igid oğulları məhz belə MÜQƏDDƏS ANALAR böyüdə bilərlər...
-Arzuları çox idi. Tez-tez evə baş çəkərdi. Həmişə də tələsərdi. Cə­mi­si 10-15 dəqiqəliyinə görüşüb, yoldaşlarına bir az pay-puş götürüb geri cəbhəyə qayıdardı. Nesə demək istəyirdim. O dəqiqə nə demək istədiyimi başa düşərdi. “Ana, necə getməyim? Axı, məni orada göz­lə­yirlər. Ana bilirsən orada necə mərd, cəsur, igid, cəngavər qəh­rə­man­lar var?...” -deyərdi. Axırıncı dəfə aprelin 13-də gəlmişdi. Hamı ilə görüşdü. Elə bilki ürəyinə dammışdı... Düz 13 gün sonra qara xəbərini eşitdik... -Məsudə xanımın gözləri yaşarsa da, söhbətini da­vam etdirmək istəyir. Biz isə onu ovundurmaq üçün təsəlli veririk...
Ağlamayın, Məsudə xanım. Başınızı dik tutun. Sizin oğlunuz öl­mə­yib, ölməzliyi ilə əbədiyyətə qovuşub, bütün Azərbaycanın həmişə ya­şar övladına çevrilib. Sabah, birsi gün neçə-neçə fərarilərin uşaqları başıaşağı gəzdikləri halda İlkinin ömür-gün yoldaşı Səidə xanımın əzizliyə-əzizliyə böyütdüyü Aysel və Günel fəxr edəcəklər ki, ataları Azərbaycanı yağı düşməndən qorunmağı uğurunda qəhrəmancasına şəhid olub. Şəhidlik isə Ölməzlik zirvəsidir!

Müşfiq Mədədoğlu,
“Ziya” qəzeti, 29 iyun.
№ 16 (981), 1994


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: