Ədəbi Məclisinin növbəti
on ikinci toplantısı və
Ədəbi Məclisin yaranmasının bir illik yubileyinə həsr olunmuş təntənəli tədbir 2019-cu il mart ayının 10-da
Bakı şəhərinin
Sabunçu rayonundakı
Mərkəzi Kitabxananın
Oxu zalında baş tutdu.
Məclisi mən idarə edirdim.
"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisin yaranma tarixindən və nə məqsəd daşıması haqda məclis üzvlərinə, elə də qonaqlara qısa məllumat verdikdən sonra, bu bir il müddətində uğurlarımızdan, nöqsanlarımızdan söbət açdım.
Uğurlarımızdan birini xüsusi qeyd elədim ki, “Borçalı” Nəşiriyyat-poliqraf mərkəzinin və ZiM.Az saytnın rəhbəri, eyni zamanda ”Professor Mədəd Çobanov Fondu”nun direktoru Müşfiq Borçalı tərəfindən təmannasız olaraq "Sazlı-Sözlü Borçalı" Ədəbi Məcmuəsində ( № 01 (2018) 18 nəfər məclis üzvlərinin şeirləri çap edilərək müəlliflərə hədiyyə edilmişdi.
Bu xeyirxah işinə görə Müşfiq müəllimə məclis üzvləri adından və rəhbərlik adından öz təşəkkürmüzü bildirdik.
Xatırlatdım ki, hər məclisdə bir ədibin yaradıcılığından bəhs olunaraq yad edilirdi.
Onlardan: - Aşıq Şenliyin ölümünün 105 illiyi ilə əlaqədar, Şair Nəbi Faxralının 145 illiyi ilə əlaqədar. (Şair Nəbi haqda qonağımız Elxan Məmmədlinin qardaşı Eldar Məmmədli geniş məllumat verdi). Aşıq Şəmşirin 125-illiyi, Xalq şairi Məmməd Arazın 85- illiyi, Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığı haqda və unudulmaqda olan, 17-18 əsrdə Gürcüstan və Türkiyədə yaşamış və yaratmış şair-aşıq Ömərin yaradıcılığı haqda genniş müzakirələr və məllumatlar verilmişdi.
Sonra söz "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisin yaradıcısı olan şairə xanım Rahilə Qaralovaya verildi.
Şairə məçlisin yaranmasından söz açdı, onun təşkil edilməsindən, uğurlarından və gələcək planlarından məclis üzvlərini agah elədi.
Sonra məclis üzvləri olan və Kitabxana işçiləri olan qadınları 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edərək qarşıdan gələn İlaxır çərşənbəni, elə də Novruz bayramını təbrik edildi və Qadınları öz şeirim ilə təbrik elədim.
Sonra söz aşıq Fikrət Cəfəroğluna verildi.
O, gözəl ifasıya məclisi xoş ovqata köklədi.
Bu günkü məclisdə, məclis üzvləri ilə yanaşı qonaqlarımız da iştirak edirdilər. Onlardan, əslən Cəbrayıl rayonundan olan gözəl qələm dostumiz şair Əjdər Yunus Rza, əslən Kəlbəcər rayonundan olan dəyərli şairə xanım Nuridə Misir, Qazax elindən olan, könül oxşayan Qəzəlxan Rəşid Vəkil, uzun illər rusiyada yaşamşı, əslən Borçalının A.Qarabulaq kəndindən olan gözəl şair dostumuz Elşən Dağlı (Vəliyev) və gözəl ifaları ilə Borçalıda ad qazanan müğənni Dursun Borçalı iştirak edirdilər.
İlk öncə qonaqlara söz verildi, gözəl şeirlər dinlənildi.
Aşıq Fikrətin müşayiəti ilə Dursun Borçalının və özünün ifaları alqışla qarşılandı. Şairlərə növbə ilə söz verildi. Onlar da bayram ovqatlı gözəl şeirlər söylədilər.
Aşıq Kənan Gülməmmədovun, körpə aşıqlarımız Fatimə xanımın və Vasif Məmmədlinin ifaları da alqışlandı.
Tarix Vüsallı məclisin gedişhatını bir başa yayımladıqca ölkəmizin müxtəlif rayonlarında yaşayan dostlarımızın və elə də rusiyada bizi izləyən soydaşlarmızın təbriklərini və arzularını bizə çatdırırdı.
Məclisin sonunda bizə qucaq açıb xoş üzlə qarşılayan kitabxananın müdiri Nəcibə Hüseynovaya, Sona xanıma, Rühəngiz Hümbətovaya və bütün kollekrivə öz təşəkkürlərimizi bildirdik.
Sona xanımla Rühəngiz Hümbətova "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisin yaranmasının bir illiyi münasibəti ilə təbrik edib xoş arzularını bildirdilər.
Sonda tort kəsildi və ümumi xatirə foto-şəkillər çəkdirildi.
Məclisdə 25 nəfər saz-söz adamları toplaşmışdı.
Məclisdə iştirak edirdilər: - Rahilə Qaralova, Sədi Yaradanqulu, Minarə Sığnaq, Sədaqət Şıxlı, Əjdər Yunus Rza, Nuridə Misir, Rəşid Vəkil, Elşən Dağlı, Tarix vüsallı, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Rəşid Hacılar, Məhəbbət Nizam, Azad Fərhadoğlu, Dursun Borçalı, Qulu İsmayılov, Rəfiqə Qasımqızı, Ramiz Məmmədov, Zemfira Gülməmmədova, aşıq Kənan Gülməmmədov, aşıq Fikrət Cəfəroğlu və şagirdləri Fatimə Məmmədov, Vasif Məmmədli, kitabxananın işçilərindən Sona xanıma və Rühəngiz Hümbətova.
Sədi YARADANQULU,
“BORÇALI” nəşriyyatının redaktoru
ZiM.Az
Məclisin bir illiyini təbrik edənlərdən:
Rza Quliyev: - Sədi müəllim, başda siz va Rahilə xanim olmaqla “Sazli-sözlü Borçalı” Ədəbi Məclisinin yaranmasının 1 illiyi münasibəti ilə bütün məclis üzvlərini təbrik edirəm. Arzu edirəm ki, məclisiniz davamlı və daimi olsun.
Mayil Məmmədli: - Təbrik edirəm. 100 yaşasın sazlı-sözlü məclisiniz . Sədi müəllim, sizi təbrik edirəm. Zəhmətiniz və xeyirxah missiyanız öz uğurlu addımıyla 1 yaşını qeyd etdi.
Canlı yayıma qoşularaq salamımı və təbrikimi Tarix müəllimin vasitəsilə məclisə çatdırdım. Səhhətimdə qəflətən baş vermiş nasazlığa görə yataqdan izləyə bildim gözəl məclisinizi. Və çox heyfsləndım, orada sizlərlə bərabər olmadığıma görə.
Adil Cəfakeş: - Təbrik edirəm. Məclisə əbədiyyət və iştirakçıların hər birinə uğurlar arzulayıram.
Təəssüf ki, müəyyən səbəblər üzündən iştirak edə bilmədim.
Ədalət Fətəli: - Məclis iştirakçılarına salamlar olsun. Sədi müəllim, Sizə xüsusi təşəkkürlər!
Təbriz İman: - Məclis iştirakçılarını ürəkdən salamlayıram, hər birinə bol-bol uğurlar arzulayıram. Üzürlü səbəblərə görə iştirak edə bilmədim. Çox istərdim ki, iştirak edim...
Məsmə Haqverdiyeva: - Təbrik edirəm!
Azad Ferhadoglu: - Həqiqətən maraqlı və yadda qalan idi. Uğurlar arzulayıram!
İlyas Əfəndi: - “Sazlı - sözlü Borçalı” Ədəbi məclisinə uğurlar arzulayıram. Gün o gün olsun 10 yaşını qeyd edək.
Rəfiqə İsaq Qızı: "Sazlı-sözlü Borçalı"Ədəbi məclısə uğurlar!
Rəşid Hacılar: - "Sazlı-sözlü Borçalı" məclisimizin 1-illik yubileyini qeyd etdik. Yaşın mübarək doğma məclisim! Gün o gün olsun növbəti yubiley yaşların bir-birindən möhtəşəm, daha təmtəraqlı keçirilsin... Bu məclisimiz də yüksək əhvalı ruhiyyə ilə keçirildi. Şairlərin çıxışları bir-birindən gözəl, rəngarəng idi. Məclisimizdə xüsusi ilə aşıqlarımızın çıxışları, deyişmələri ayrı bir zövq verdi. Məclisin yüksək səviyyədə keçməsində əməyi olan bütün iştirakçılara təşəkkürümü bildirirəm.
Qəzənfər Məsimoğlu: - Məclisə və iştirakçılara uğurlar arzulayıram!
Könül Hidayətqızı: - Təbrik edirəm, Sədi muellim! Uğurlariniz bol olsun.
Kenan Gulmemmedov: - Uğurlarınız bol olsun, əziz "Sazlı-sözlü Borçalı”lar.
Refiqe Abbasova: - Bir yaşın mübarək saz-söz məclisi. Uğurlu yollar nəsibin olsun.
Ayşə Səyyadqızı: -
Dəyərli dostlar, 10 mart tarixində "Sazlı-sözlü Borçalı" məclisinin 1 yaşı tamam oldu. Bu münasibətlə başda Sədi müəllim və Rahilə xanım olmaqla bütün məclis üzvlərini bu şeirimlə təbrik edirəm…
MÜBARƏK!
Kökümüz var yeddi qat,
Ər yaşımız mübarək!
Hələ də aləmlərə,
Sirr yaşımız mübarək!
Yaradana yar olduq,
Xəlq elədi var olduq,
Zirvələrdə qar olduq,
Dürr yaşımız mübarək!
Səcdəsinə baş gəlib,
Yaş üstünə yaş gəlib,
Ömrümüzə xoş gəlib,
Bir yaşımız mübarək.
Sədi Yaradanqulu: - "Sazlı-sözlü Borçalı" Ədəbi Məçlisin bir yaşını təbrik edən bütün insanlara öz təşəkkürmü bildirirəm. Çox sağolun, yaxından-uzaqdan bizimlə həmrəy olan dostlar, bizi ruhlandıran insanlar var olun. Həmişə bizlərə mənəvi dayaq oldunuz, bizi tək qoymadınız. İnanıram ki, indən belə də belə olacağıq. Yaşadacağıq çətinliklə yaratdığımız bu məclisi. Allah sizləri qorusun. AMİN!
"SAZLI-SÖZLÜ BORÇALI" Ədəbi Məclisinin ən fəal üzvlərinin SÖZ ÇƏLƏNGİndən nümunələr:
RAHİLƏ QARALOVA
GEDƏK QARABAĞA
Gül-çiçəkdən çələnk hörək,
Yollarına xalı sərək,
Baxçalardan barı dərək,
O zirvəsi qarlı dağa,
Durun gedək Qarabağa.
Xarıbülbül pişvazına,
Bülbüllərin avazına,
Aşıqların tar-sazına,
Boylanmayaq sola, sağa,
Durun gedək Qarabağa.
Həyacandan üzülək biz,
Çıdırdüzə düzülək biz,
İsa bulaqdan süzülək biz,
Dolanaq o bağça, bağa,
Durun gedək Qarabağa.
Gecikdik biz keçir zaman,
Səbirsizəm inan yaman,
Düşmənə heç vermə aman,
Göydən üstə güllə yağa,
Durun gedək Qarabağa.
Rahilə, at qəm daşını,
Qurut gözünün yaşını,
Qaldır dik tut sən başını,
Qayıdaq biz o xoş çağa,
Durun gedək Qarabağa.
SƏNİ SEVMƏK...
Əl uzatdım əllərinə çatmadım,
Sevincini sevincimə qatmadım,
Bircə gün də fikirimdən atmadım,
Nakam sevgi ürəklərdə hədərmiş,
Səni sevmək ölümdəndə betərmiş.
Gözlərimdə duman oldun çən oldun,
Cavan yaşda saçlarıma dən oldun,
Ayrılığa səbəb yenə sən oldun
Sənin sevgin elə bura qədərmiş,
Seni sevmək ölümdəndə betərmiş.
Kədər yaşın oydu mənim gözümü,
Lağa aldı hər eşidən sözümü,
Danlayıram gecə gündüz özümü,
Yalan olub eşqi gəldi gedərmiş...
Səni sevmək ölümdəndə betərmiş.
Ürək verdim sənə özüm əlimlə,
Qəlbdən sevdim sevmədim ki dilimlə,
Yaşatsanda hər an məni zülümlə,
İnanmazdım mənə sevgin bitərmiş,
Səni sevmək ölümdəndə betərmiş.
Mən keçərəm, desələr keç hər nədən,
Bu gün olan həqiqətdən, kölgədən,
Bircə dənə keçəmmərəm sevgidən,
Səni sevmək Rahiləyə qədərmiş,
Səni sevmək ölümdəndə betərmiş.
DÜNYAMSAN
Ürəyimsən söyləyirsən...
Ürək azdı varlığımsan.
Allah mənə bəxş eyləyib,
Bu cismimdə sən canımsan.
Sevgimizə qarışsalar,
Səni məndən soruşsalar,
Mələklər də yığışsalar,
Sən şanımsan, ad sanımsan.
Rahilədi sənə mehman,
Şirin canım sənə qurban,
Dəyişərsə, dövrü zaman,
Bu dünyamsan, o dünyamsan.
NECƏ DEYİM?
Gözümü gözündən çəkə bilmirəm,
Susubdur sinəmdə bu ürək, neynim...
Əlini ovcumda sıxa bilmirəm,
Səni sevdiyimi mən necə deyim?
Gözlərim daima baxır gözünə,
Qəlbimiz yaxındı biri-birinə.
Elçimi göndərim indi, mən sənə...
Səni sevdiyimi mən necə deyim?
Bu eşqin oduna yansam da yenə,
Göydən mələklər də yanıma enə,
Məni sevdiyini deməsən mənə,
Səni sevdiyimi mən necə deyim?
Əllərin telimə toxunaydı kaş,
Bu sevgi dastanı oxunaydı kaş.
Bir kərə sinənə qoymadım ki,baş,
Səni sevdiyimi mən necə deyim?
İnsaf et, rəhm eylə, sən də dilə gəl,
Əl eylə, yardım et, gülə-gülə gəl.
Demə ki Rahilə, sən naz ilə gəl,
Səni sevdiyimi mən necə deyim?
MİNARƏ SIĞNAQ
***
Al bu eşqi məndən apar...
Sən yaxşi saxlarsan,
Çunki, sən kişisən.
Al, al götür apar məndən,
Mənim canımı qurtar.
Məndə qalsa ucuzlaşar,
Dağa-daşa dəyər,
Dərd məni əyər.
Al götür məndən...
Vallah küsmərəm səndən,
Ağır yükdü, - bildin niyə…
Çünki onu sən vermişdin mənə,
Ona görə qaytariram sənə.
İstəsən dağla onu,
İstəsən saxla onu.
Niyə ucuzlaşdı onu bilirsen?...
Qoy bir daş altına, qalsın orda
Sər bir çölə, çəməmənə...
Dəyiş bir dəstə yasəmənə,
Hərdən iylə, qoxla.
Vallah, apar deyirəm, apar,
Özün saxla.
Gücüm çatmaz onu gəzdirəm,
Vicdanim susar.
İstəmərəm onu gəzdirəm.
Sən ona dəymədin,
Heç bir halda bölmədin.
Onunçün getdin əldən...
Döndün dönmüşlərə,
Sönmüşlərə.
***
Salam...
Yaz gününüz mübarək!
Xoş müjdələr gətirsin bizə, - inşəAllah...
Bir də bu bahar, dönməycək, başqası əvəz edəcək.
Onunçün bu bahar, sizlərə əmin-amanliq gətirsin,
dünyada olan hər bir nəyə,
məhəbbət, sayqı duyasınız.
Yaz gününüz mubarek!...
*****
Var Əsrik dərəsi,
var Xinna dərədi,
çox gözəldi mənzərəsi.
Zəyəm çayı, Əsrik çayı,
hər kəs gözləyir yayı.
Kirən arada qürurla durur,
Hər ikisinə boyun burur.
Hər iki çaya göz qoyur,
axın, durulun deyir,
Kürə tərəf burulun deyir...
***
YAMAN GÜNLÜ
Hər nə vardı, dadım-duzum oldu,
Açmadan bağımda güllərim soldu.
Bilmirəm… - bu nə tale oldu,
Yaman günlü bəxdim mənim.
İsdədim dərdimi gizlədim…
Yadlar belə gözümdən oxudu.
Qürurumdan dərdim, xalca toxudum,
Yaman günlü bəxdim mənim.
Yükləndi belimə hamının dərdi
Daşımağa güçüm çatmadı.
Kimsənin dərdin, kimsəyə satmadim,
Nə ürəyim, nə özüm, gecələr yatmadım...
Yaman günlü bəxdim mənim.
ÖMÜR QATARI
Ömür qatarı bir- birinə qoşulub gedir,
Metro qatarı kimi.
Yol gedir asta-asta,
Herdən tez-tez,
Elə bil qırır bizi.
Nə olub, tez-tez
Kimini tez düşürür,
Kimini gec.
Kimini yolda salır,
Ömür beləcə azalır.
Kim bilir hansı dayanacaqda
Kend,
Şəhər,
Hər birtəhər
Düşəcək harda?
Ömür tamam olur orda…
Metro qatarı,
minirik, hara gedirik,
Niyə düşürük, bilmirik.
Bir- birimizi sevmirik
metro qatarı,
ömür qatarı.
Bilsək də, duysaq da yenə
də yol gedirik.
Duyuruq yolu, bilmirik ki,
yolun da,
kolun da,
sağinda, solunda
Bu ömür yolunda mənzilin hara?
Bilsəydik onu, nə sirdi -
Nə aləmdi bu qatarda,
Ömür də gedir, qatar da gedir,
əvvəldən axıra…
AYŞƏ SƏYYADQIZI
OLMASIN
Heç o dağdan dağ olarmı,
Zirvəsində qar olmasın?
O insandan insan olmaz,
Daxilində ar olmasın.
Şair gördüm sözləri yox,
Ayaq gördüm izləri yox,
Qoy insanın gözləri yox,
Duyğuları kor olmasın.
Nələr keçir içimizdən,
Karvan qurduq köçümüzdən,
Heç bir insan düşüb gözdən,
El içində xar olmasın.
Sevgi nədir ürək bilər,
Saflıq nədir mələk bilər,
Hər nə edər fələk bilər,
Ayşə səbəbkar olmasın.
NEYLƏYİR
Dostum ki köz basa yaramın üstə,
Düşmənim səpməyə duzu neyləyir?
Yaxınım gəzdirsə daş ürəyində,
Yadım soyutmağa buzu neyləyir?
Yaradan hökm edib zirvədən sala,
Ucaltmaz o kəsi yüz qayım qala,
Fələk ki, bəndənin havasın çala,
Mizrab dindirməyə sazı neyləyir?
Ayşənin gözünün yaşı səcdədə,
Haqq üçün çatılan qaşı səcdədə,
Kim ki, narazıdı başı səcdədə,
Görəsən dünyadan razı neyləyir?
NİYƏ YAŞAYIR Kİ, GÖRƏN DÜNYADA
Dinləsin sözümü yaxşı da, pis də,
Ürəyi xain də, könlü dürüst də,
Görməyib Allahı başının üstə,
Şükr edib hər zaman salmırsa yada,
Niyə yaşayır ki, görən dünyada?
Dünya ki, qalandı, insan gedəri,
Əlin zəhməti var, alının təri,
Əzəldən bəd olub işi, əməli,
Satırsa özünü şöhrətə, ada,
Niyə yaşayır ki, görən dünyada?
Yamanlıq təməli, pislik vərdişi,
Bəddirsə əməli, şərdirsə işi,
Otursun, düşünsün o kəs, o kişi,
Doğrudur yaşamaq gözəl olsada,
Niyə yaşayır ki, görən dünyada?
Yaxşıya düşməndir, ömrə yağıdır,
Bütün insanlara dərddir, ağıdır,
Bölür, parçalayır, yıxır, dağıdır,
Salırsa bir evə pislik, qan-qada,
Niyə yaşayır ki, görən dünyada?
Ayşəyəm, eyləyib pisliyə həvəs,
Almadım bir anda dünyada nəfəs,
Taleyin puç edib, həyatın əbəs,
Bir insan ömrünü verirsə bada,
Niyə yaşayır ki, görən dünyada?
TAPASAN
Vüsalın sevincin düşmən də duyar,
Dostsansa dostunun qəmin tapasan.
Doğrunun, yanlışın fərqinə varıb,
Gərəkdir həyatın çəmin tapasan.
Hər dinən nəğmənin adını bilib,
Həsrətin tellərdə dadını bilib,
Bir şair könlünün odunu bilib,
Yüz aşıq ruhunda dəmin tapasan.
Talehin bəd gəlmiş ilinə nə var,
Çəmənin tər açmış gülünə nə var,
Ha qaldır nəğmənin zilinə nə var,
Dilində laylanın bəmin tapasan.
Nə könlün buzunu əritmək olar,
Nə dərdli ürəyi kiritmək olar,
Yüz qəlbə bir hünər yeritmək olar,
Bir qəlbdə yüzünün cəmin tapasan.
Nadan öz adını danmaq istəyər,
Arif hər mətləbi qanmaq istəyər,
Vallah hər pərvanə yanmaq istəyər,
Başına dönməyə şəmin tapasan.
Ay Ayşə, eyləmə dünyaya meyl,
Bəndəyə baş əymə, Allaha əyil,
Kaş ki, bu dünyada varından deyil,
Arından özünə əmin tapasan.
AZAD FƏRHADOĞLU
OLUR
Dartır, adamı, - nəsə
qibləsi bəri olur.
Səsi qurd səsi kimi,
bir az da sərin olur.
Varıb getməyə -şumla
qoymur daşlar bu qumlar.
Keçmək olmur -uçrumlar ,
dərələr dərin olur.
Kərpic-kərpic, axmalar..
özünü - divar-divar
yerə çırpır daxmalar,
ağladan yerin olur.
Uçqununa qar səpir.
aşan, hər məhəbbətin.
İllər ötür -xiffətin
yarası irin olur.
Vaxt ötür vədə keçir
arzun həyata keçmir.
Keçmir dərd, -qada keçmir,
göz yaşın zərin olur.
Beləcə gün, yaxanda
bir də döyür axşamlar.
Eh. ..yenə də yaxından ,
uzaqlar şirin olur.
***
Baş alıb ayrılıqlar, çapır elə, at çapır,
nə bir duracaq yeri, nə mənzili bəllidi.
Ayağının altından, elə çınqılar qopur,
arzular var yaralı, ürəklər var, əlildi.
Önünə çıxmaq olmur, - bir bu ata dur deyib,
çapır eləcə çapır, - uçrumların ucunda.
İndi uzaqlıqlarda, ulayan tək qurd deyil,
adamlar var, ulayır, tənhalığın ovcunda.
Uzanıb vədələrin, vaxt keçməyən üzünə,
pəncərələr gözlənir, axtarılır dam üstü.
Elə köhnə bayatı-ağı deyir özünə,
səhərlər də ağlayır, ağlayır axşam üstü.
Qayıtmır ki, qayıtmır, vüsal adlı çaparlar,
nallları çilik-çilik, -qovuşmağın, dönməyin.
Xəyalında tufanlar, ürəyində qübarlar,
ağrısı çox çətindi, hicran altda ölməyin...
Çoxdankı xatirələr, əldən -ələ, göynəyir ,
dar bir küçə ağladır, ya gen bir dağ ətəyi.
Tozunu təmizləyir öpür də, dönə-dönə ,
düşünür ki, özüdü, yerə düşmüş əppəyin.
Sıxılıb ortasında, ehtiyacın, oyunun,
arzular yaza çıxmır, çıxmağı da çox çətin.
Elə dərdli çalıblar, nişanını -toyunu,
başı dərddən açılımır ,,bu boyda cəmiyyətin.
***
Soyuqlarla aram çoxdan pozuqdu,
soyuq ayda, soyumuşdu aramız.
Buludların hər yerindən -üstümə,
qar da elə yağırdı ki, aramsız ..
Günün göydə bir az rəngi ağıydı...
qaranlığa yollanırdı, təpə -dağ.
Əsəblərin qan çıxaran çağıydı,
səslərimiz öpüşmürdü bir dodaq.
Gedişinlə üşümürdü ayağın ,
gözlərinin pəncərəsi donurdu...
Dodağımı dişim yonan sayağı,
agacdələn bir ağacı yonurdu.
Vurnuxurdum bu tarlığın içində,
burda qalan ayağının iziydi.
Görməmişdim soyuğu bu biçimdə,
yel qaldıran toz da, qarın tozuydu.
Əllərimin qızarmışdı " ipləri",
qar kefini hər tərəfdə sürürdü.
Adgözəlin -mənə -qara itləri ,
bilirsənmi.. nə görənək hürürdü.
***
Belə çıxıb gedərdimi, de, adam,
xəyalı da arxasında qalmadan.
Bu yaralar ömrü boyu ağladar,
istəsən də, istəsəm də, bitişməz!
Bilirsənmi ... ayıranda bir yoxuş,
qayıtmasan, yollar bir də qovuşmur.
Bu ayrllıq heç sinəmə yovuşmur,
günlər belə bu xiffətlə ötüşməz!
Bir də, bir də, qəribədir bu şəhər,
yağışları-yağmurları qu təklər..
Elə tez -tez yön dəyişir küləklər,
çağırsam da, səsim sənə yetişməz!
TƏBRIZ İMAN (DARVAZLI)
***
Səmada Ay doğub, yanar ulduzlar,
Axır çərşənbədi, oğlanlar, qızlar,
"Dinməz suyu" ilə fal açıb, Allah,
Sənnən qismətini, bəxtini gözlər.
Müqəddəs bayramdı şənlik ver bizə,
Necə ki, can verdin dərəyə, düzə.
Borçalım, Dərbəndim, Qarabağımnan
Köçüb paytaxtımız gəlsin Təbrizə.
Azərbaycanımın sil gözlərini,
Hələ də qanadır mil, gözlərini.
Sahibimiz sənsən, yağı düşmənin,
Ov öz çanağında, dəl gözlərini.
Qəlbim də, yönüm də sənə doğrudur,
Kafirlər necə də xain, oğrudur.
Oğurlanan Borçalımın, Təbrizin,
Ağlar Qarabağın yanan bağrıdır.
Ələm də sənnəndi, kədər də sənnən,
Yazı da sənnəndi, qədər də sənnən.
Hər bir mömin kəslər gələr qapına,
Çatıb arzusuna, gedər də sənnən.
Sən özün Turanı böyük yaratdın,
Bəs niyə vədəsiz, vaxtsız uratdın.
Bağışla, min dəfə bağışla məni,
Niyə üzərinə özün şər atdın.
Qoru,Tanrı deyən Türkümü qoru,
Ruhum vətən mülkü, mülkümü qoru.
Cəmi mərdlərimi mənimlə birgə,
Düşmənə amansız görkümü qoru.
Vətən parça-parça, yurd bölüm-bölüm,
Qurumur torpaqda, hopmur qan gölüm.
Ölümə məhkumam, nakam öldürmə,
Azad Qarabağı görüb də, ölüm.
Həsrətdi, dağlarım həsrətdi bizə,
Çiçəkli bağlarım həsrətdi bizə.
Vəfasız dövranın işinə bir bax,
Olmazın dağları həsr etdi bizə.
Türkük, çox gəlmişik güc düşmənmizə,
Qeyrətsiz, şərəfsiz, bic düşmənmizə.
İnşAllah, zərbələr endirərik biz,
Bircə həmlə ilə üç düşmənmizə.
Ucasan, həmişə ucal, ey Türküm!
Tanrıdan yenilməz güc al, ey Türküm!
Yığ övladlarını öz ocağına,
Qarı düşmənlərdən öc al, ey Türküm!
Dünya çiçək açsın əməllərinnən,
Qarabağ öyünsün ərənlərinnən.
Azərbaycanımın yaralarını
Sarı, möhkəm-möhkəm öz əllərinnən.
Qoy qara libaslar, qara örpəklər,
Artıq dost olmasın gözəllərinnən.
Sahib əz-zamana en deməlisən,
Kafir uşağını yen deməlisən.
Peyğəmbərimiz deyib, mən ki, demirəm,
İslamın sözünü sən deməlisən.
Təbrizin qəlbini didən, dağıdan,
Həsrət alovuna sön deməlisən.
BİZ NƏ QƏDƏR...
Biz nə qədər səsimizi,
İçimizdə boğannarıq.
Biz nəqədər sakit, səssiz,
Dilsiz körpə doğannarıq.
Biz nə qədər hay-küysüzük,
Yurd-yuvasız və köysüzük.
Qəm udsaq da, gileysizik,
Çox qəribə insannarıq.
İblisləri öyənlərə,
Cəddimizi söyənlərə,
Qapaz vurub döyənlərə,
Maddım-maddım baxanlarıq.
Könül, gərək haqqı deyəm,
Deyirəmsə, demək səyəm?
Ey millətim, bizlər bəyəm,
Ağa qara yaxannarıq?
Oyanın da, gülsün vətən,
Oyanın da, bilsin vətən,
Qoy görsünlər, həqiqətən
Ölümə dik baxanlarıq.
Yerin-göyün nicatıyıq,
Həm ləzzəti, həm dadıyıq.
Göy Türkün göy övladıyıq,
Şimşəklərtək çaxanlarıq.
TÜRKƏ SALAMLAR OLSUN
Xalqım hər vaxtın xeyir,
Vətən hər vaxtın xeyir.
Açılan səhər deyir-
Türkə salamlar olsun.
Hər yandan-soldan, sağdan,
Çəməndən, çöldən, bağdan,
Ləngərli neçə dağdan,
Türkə salamlar olsun.
Ey duman, öp lalamı,
Ovundurur balamı.
Müqəddəs Haqq salamı-
Türkə salamlar olsun.
Qürurlu millətimin
Vurur coşqun həvəslə,
Ürəyi Tanrı deyir.
Hayqırır uca səslə,
Diləyi Tanrı deyir.
Güc alır torpağından,
Biləyi Tanrı deyir.
Of desə, dünya solar,
Göylər küsər ahından,
Tanrının dərgahından,
Türkə salamlar olsun.
Dünyanı düzüb qoşan,
Dünyanın ustadından,
Misilsiz gövhərindən,
Ləzzətindən, dadından,
Azərbaycan adından,
Türkə salamlar olsun.
Tarixlərə həkk olan,
Hər cığırdan, hər izdən,
Təbiətə göz olan,
Hər çeşmədən, dənizdən,
Şeirimə can verən
İlhamlı ulu sözdən
Türkə salamlar olsun.
Ahım necə şirindi,
Baldan, nabatdan, qənddən.
Turan deyə hayqıran
Ulusdan, eldən, kənddən.
Əli uzalı qalan
Göyçəmdən, Təbrizimdən,
Borçalımdan, Dərbənddən
Türkə salamlar olsun.
Ruhumu təbrik edən
Baharımnan, yazımnan,
Ruhuma layla çalan
Kamanımnan, sazımnan,
Təbrizi yetişdirən
Qocaman Darvazımnan
Türkə salamlar olsun…
Türkə salamlar olsun.
QULU XALƏDDİNOĞLU (İSMAYILOV)
QARDAŞ
Eldən əksik olmayasan,
Səsin gəlsin hər an qardaş!
Doğmalara, əzizlərə,
Hər zaman ol həyan qardaş!
Ucalardan gəlsin səsin,
Sönməsin eşqin, həvəsin,
"Təpələr" olmasın bəsin,
Zirvələrdə dayan qardaş!
Xeyirliklə sökülsün dan,
Çətin işin olsun asan,
Səhərləri hey yuxudan,
Xoş əhvalla oyan qardaş!
Olma "duman", "çən" həyatda,
Yaşa xoşbəxt, şən həyatda,
Daha bir də sən həyatda,
Nə acı çək, nə yan qardaş!
AY ŞAİR
Bu gün bir şeirini oxudum sənin,
Ürəyim şad oldu, güldü, ay şair!
Sözün qüdrətini, sözün gücünü,
Bir daha dərk etdi, bildi, ay şair!
Xəyal uzaqlara apardı məni,
Hicranın əlindən qopardı məni,
Bəlkə də qəm, kədər tapardı məni,
Sevinc qəlbə qonaq gəldi, ay şair!
Gərgin ruhum rahat oldu, dincəldi,
Gözlərimdə gobud nə var incəldi,
Kimsə desə filan şair cəncəldi,
Deyəcəyəm şirin dildi, ay şair!
Şahidi oldum mən gözəl əsərin,
Sözlərin iz saldı qəlbimdə dərin,
Elə bil bir zərgər gövhərin, zərin,
Əli ilə tozun sildi, ay şair!
KAŞ Kİ...
Ötən aylar, illər geri dönəydi,
O köhnə zamanlar olaydı, kaş ki.
Yenə yay gələndə kənddəki evlər,
Qonaq-qara ilə dolaydı, kaş ki.
Dağa köç edəydi aran elləri,
Əsəydi ruzgarın xəfif yelləri,
Külək darayanda qara telləri,
Sevənlər xəyala dalaydı, kaş ki.
Bir insana mühit olarsa qəfəs,
Olarmı heç ruhu, canı sağlam bəs?
Köçməyəydi kənddən şəhərə bir kəs,
Hamı öz yurdunda qalaydı, kaş ki.
Qulu da yaşayıb doğma elində,
Dağlara qalxaydı atın belində,
Sazı sinəsində, sözü dilində,
Orda məskənini salaydı, kaş ki.
GƏLƏCƏM
Məndən küsüb, üz döndərən, a kəndim!
Bir gün sənlə barışmağa gələcəm.
Mənə əziz, doğma olan kəslərin,
Cərgəsinə qarışmağa gələcəm.
Çaylarından, çöllərindən keçməyə,
Yer belləyib, dağlarda ot biçməyə,
Bulaqların gözündən su içməyə,
Təbiətlə qovuşmağa gələcəm.
Vəfalı dost, bir mehriban üz olub,
Niyyəti saf, əqidəsi düz olub,
Yurdu sevən ürəklərdə köz olub,
Ocaq kimi alışmağa gələcəm.
O əvvəlki şən-şuxluğum ta yoxdu,
Dərdim var ki, ürəyimə bir oxdu,
Deyiləsi söhbət çoxdu, söz çoxdu,
Dərdlərimi danışmağa gələcəm.
Gələcəyəm üzə gələn bu yazda,
Yolumu gözləsin qoy telli saz da,
Boynumda haqqı var, dostlar, bir az da,
Elim üçün çalışmağa gələcəm.
ADAMLIQDAN UZAQSANMIŞ
Mən səni adam bilirdim,
Adamlıqdan uzaqsanmış.
Yaz nəfəsi yoxmuş səndə,
Şaxta, boran, sazaqsanmış.
Süni imiş məhəbbətin,
Dosta vəfan, sədaqətin,
Yalanıymış ibadətin,
Şər-böhtana qucaqsanmış.
Düzgünlüklə barışmayan,
Xeyrə, şərə qarışmayan,
Körüklə də alışmayan,
Odu sönmüş ocaqsanmış.
REDAKSİYADAN:
Biz də "SAZLI-SÖZLÜ BORÇALI" Ədəbi Məclisinin yaranmasının bir illik yubileyi münasibətilə məclisin bütün üzvlərini ürəkdən təbrik edir, Məclisə və üzvlərinə yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.