Adil HƏSƏNOĞLU: "Nə o, məni doyunca oxuya bildi, nə mən onu qanan vaxtı oxumaq imkanında oldum..."

Adil HƏSƏNOĞLU: "Nə o, məni doyunca oxuya bildi, nə mən onu qanan vaxtı oxumaq imkanında oldum..." 10 sual – 10 cavab

Müsahibimiz ADPU-nun Filalogiya fakültəsinin «Azərbaycan dili və onun tədrisi metodikası» kafedrasının müəllimi, bütün tələbələrin dostu, dəyərli şəxsiyyət
Adil Həsən oğlu
Balıyevdir.

1. Bəzən şikayətlənirik ki, niyə insanlıq həmişə məndə qalır? Gedəcək yeri yoxdurmu? İnsanlıq Adil Həsənoğlu üçün nədir?


- İlk sualınıza səmimi şərh verim ki, ifadə “Niyə insanlıq həmişə məndə qalır?” yox, “İnsanlıq mənəmi qalıb?!” sual-dilemma formasındadır. Insanlıq ünsiyyətdir və ilk ünsiyyəti insan onu yaradan Tanrı ilə qurdu, əbədi cənnət üçün tapşırıqlarını aldı...Amma şeytanın müdaxiləsi ilə O (Adəm), tanrı ilə bağladığı əhdi pozdu və “Qiyamət günü” müddətinə qədər indiki sınaq meydanına -Yerə göndərildi...Min illərdir ki, biz bu sınaq meydanında, Xeyir-Şər davasındayıq. Adil Həsənoğlu üçün insanlıq bu davada Xeyrin cəbhəsində dayanmaq, haqqın yanında olmaqdır. Yaxşılıq etməkdən bezən insan umacaqlı insandır...Umacağım yox, yaxşılıqdan da bezən deyiləm...Deyir: ”Balığı at dəryaya, balıq bilməsə də Xaliq biləcək”.. Jurnalist Xaliq yox ha, hamımızı yaradan və dərgahında gözləyən Xaliq.

2.Ölüm yatağında iki şey üçün təəssüflənəcəyik: az sevdik,az gəzdik...

-Bu mənim statusumdan götürülmüş ifadədir. Deyəsən heç mənim də deyil, hardansa yaddaşımda ilişib qalıb, yəni “çırpışdırmışam”... Doğrusu heç bilmirəm ölüm yatağında Əzrayıl təssüflənməyə vaxt verir, ya yox. Amma o status bir başa doğulduğum yurdda poza verən ermənilərə baxanda yarandı..Düşündüm ki, o torpağı, o yurdu az sevdim və az gəzdim... Adi ekskursiyalara qalsa, maşallah xeyli ölkələr gəzmişəm ..

3.Bilirəm möcüzə mən gözləyirəm,
Vahidlik olmağı çox istəyirəm,
Tanrıdan bir ruzi hey diləyirəm,
O günü görüncə kaş ki ölməyim..


Zəngilan dərdi,Zəngilanda keçən uşaqlıq illəri, Zəngilanla bağlı yuxular, Zəngilanın işğaldan azad olması.. Möcüzə və ya yaxın reallıq?


- Vallah , Zəngilan itirilən gündən bu inamdayam ki, biz ora qayıdacağıq...Bu inam olmasa ellilərimin gözünə səmimi baxa bilmərəm. Hərdən elə bəs deyirəm ki, dalan-dalan , küçə-küçə yuxularıma qonaq gələn Zəngilanın əsir düşməsində mənim də günahım var. Sonra dığaların yaltaq ,qorxaq simaları yadıma düşür, təsəlli tapıram ki, Aşot bu müvəqqəti qələbəni İvanın hesabına qazanıb. “Şimal ayısı “ azacıq yaralanan kimi ona ilk xəyanəti elə erməni edəcək və onda onlara sərt bir türk silləsi vurmağın zamanı gələcək. O zaman uzaqda deyil....

4. Burovski demişdir ki, "Mənə nifrət edin, amma kitablarımı alın"... Kitablar sizə nə verib? Kitablardan gözləyib, amma görmədiyiniz nələr var?

- Səmimi deyim ki, mənim üçün ağrılı sual...Tələbələrimə də həmişə deyirəm kitab oxumayan millətin kitabın tez bağlayırlar. Son illərdə kitaba maraq dəhşətli dərəcədə azalıb. Bu boyda Bakı şəhərində yüzlərlə şadlıq evinə, minlərlə bar-əyləncə mərkəzlərinə paralel 10-15 kitabxana ola,ya olmaya...Yayda Təbrizdə hər dalanda bir kitabxana görüb təsirləndiyim andan sonra qayıdıb Bakıda nə görsəm yaxşıdır, bukinist-kitabxana kimi qoyub getdiyim yeri böyük bir massaj məkanına çeviriblər...Millətin beynini masaj eləmək vaxtında, bel-buxununu masaj etməyə üstünlük veriblər. Gənclərə tövsiyyəm: kitabdan qorxmayın, kitab oxuyun...Dünya intellekti olan millətlərindir.

Adil HƏSƏNOĞLU: "Nə o, məni doyunca oxuya bildi, nə mən onu qanan vaxtı oxumaq imkanında oldum..."5. Bu bizim ənənəvi sualımızdı: ADPU-da təhsil alan tələbələrimizin üstün cəhədləri nədir, sizcə?

-Mənim üçün tələbə adı ümumilikdə doğmadır, məhrəmdir... Bu gün Azərbaycan tələbələri də sanki bir-birinə oxşayır... Yəni elmə, təhsilə, gələcəyə münasibətdə onları birləşdirən çox cəhətlər var-mənfi və müsbət mənada. Mən tələbə olanda Bakı Dövlət Universitetinin tədbirlərinə, mühazirə otaqlarına heyranlıqla gedərdim... İndi bilmirəm bizim tələbələrdə bu heyranlıq var, ya yox...
Görəsən ADPU tələbələri BDU-ya, ordakı tələbələrə “bir şirin həsrətlə” baxırmı?... Məncə yox...
Bizim universitet müəllim yetişdirən təhsil ocağı...
Müəllim sadə, zəhmətkeş, duyğusal və dünya malında tamahı olmayan, həsədsiz bir peşə sahibi...
Mən bizim tələbələrdə sadəlik, səmimilik, bir az da “sosial kasıblıq” görürəm...
Amma şükürlər olsun ki, bu “sosial kasıblıq” onların mənəvi dünyasına xətər yetirə bilmir. Tələbələrimizin üstün cəhəti odur ki, onlar müəllim olacaq, şərəfli ad daşıyacaqlar.

6.Eşqə uçarsan qanadların yanar - Sədi Şirazi,
Eşqə varınca qanadı kim arar - Yunus Əmrə,
Eşqə uçmasan qanad nəyə yarar - Mövlanə


Sizcə bu fikirlərdən hansı doğrusur? Eşqə necə terif verərdiniz?


-Bu sualı mən 17 yaşlı tələbə olanda versəydiniz sizi qane edəcək başqa cavablar verərdim.. Amma yenə də..Yuxarıda sitatlar verdiyiniz Sədi, İmrə, Mövlanə ilahi eşqin carçılarıdır...Tanrıya tapınmanın yolunu arayanlardır... İndi mənim də “kövrək qanadlarla” o ilahi eşqə “uçan” və inanan vaxtımdır...Bu gün mənim üçün ilahi eşq Tanrının şahidliyi ilə, dövlətlərarası müqavilə, qarant (qrant yox ha) əsasında, analara, körpələrə bircə güllə atılmadan canımı qurban verib, Qarabağın bircə kəndini qaytarmaq istəyinə qovuşmaqdır. Rəhmətlik Səxavət necə oxuyardı? “Azad bir quşdum, yuvamdan uçdum...”

7. “Mənə yalan danışmanı istərdim,əslində. Çünki insan ancaq itirməkdən çox qorxduğu bir şey üçün yalan danışar.. (Orxan Pamuk “Məsumiyyət muzeyi”)
Acı həqiqət yaxşıdır yoxsa şirin yalan? Sizcə,nə zaman yalan danı.maq doğrudur?


-Yalan iftira ilə bir addımlayanda qorxuludur... Şirin yalan, acı yalan adı altında oyunbazlıq da təhlükəli..ümumilikdə insan yalandan qaçmalı, ona uymamalıdır...Ac bir körpəyə yalandan “Azacıq döz, yemək gələcək “ yalanı başqa, yaşlı bir insana yalan söyləməklə onun malına,haqqına sahib çıxmaq başqa...İkinci Tanrının qəbul etmədiyi yalandır, içində şəxsi həyatını başqasını aldatmaqla qurmaq istəyi var...Yalan danışıb,özünü zərbə altına qoymaqla bir aqili bir cahilin əlindən qurtarırsansa bu yalanın savabı tapılacaq...Məsələn, tələbə dərsi öyrənmədiyindən yalan uydurursa qorxulu deyil, amma başqasına da bu yolu təlqin edib, yalanı silaha çevirirsə bu qorxuludur. Həqiqətsə həmişə acıdır,amma sağlamlıq üçün faydalıdır...

8. “Bəli,mən narahatam..Məni daxildən parçalayan xəstəlikdən dolayı narahatam..Əlimdə olanın qiymətini bilməməkdən narahatam..”. (B.M)

Bəs, Adil müəllim kimdən və nədən narahatdır?


-Xəstəlikdən narahat olmağa dəyər, amma ölümdən qorxmağa ehtiyac yox. Çünki o gələndə artıq biz olmuruq və bizdən öncə gedənlərdən də qayıdan olmayıb...Ən çox narahat olduğumsa taleyi Zəngəzura oxşaya biləcək Qarabağımızdır, milli qeyrət və varlığımızın təcəssümü olan Şuşa qalasının erməni əlində qalmasıdır. İkinci narahatçılığım müstəqilliyinə xain gözlər dikilən Azərbaycandan, məndən sonra bu Vətəndə yaşayacaq ailə üzvlərimdən, tanıdıqlarımdan, onların aqibətindəndir. Varlı biri öləndə qızılın, varidatın yerin göstərib narahatçılıqdan qurtarır, mənsə öləndə yaxınlarıma, haqqın, ədalətin,qanunun yerin göstərib narahatçılıqdan qurtarmaq istərdim...

9. “Məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, sizə deyərəm - ANAMDIR..

-Ən çox sevə-sevə əzbər söylədiyim şeir C.Cabbarlının “Ana “ şeri, oxuduğum maraqlı əsərlərdən biri də “Anamın kitabı”dır. Amma ana itkim tez gəldi, nə o, məni doyunca oxuya bildi, nə mən onu qanan vaxtı oxumaq imkanında oldum. Ölüm haqdır,hamının qapısını döyüb əzizlərimizdən kimisə apara bilər...Təəssüfüm ondandır ki, əlim maaşa ,pula yaxınlaşanda anamı itirdim və ona doyunca xidmət edə bilmədim..Analarınızı qoruyun,analarınızı sevin, analarınızın gözündəki sevgini, qəlbindəki hərarəti, əllərindəki tumarı hiss edin...

10. “Sabahıın həmişə gözəl olacağını deyirlər.Bəs bügün dünənin sabahı deyilmi?”(V.Hüqo)
Tələbələrinizə sabahlarının gözəl açılması üçün tövsiyələri?


-Tələbələrimi tövsiyyəm odur ki, ya olduqları kimi görünsünlər, ya da göründükləri kimi olsunlar(Mövlanə). Ən çətin anda belə nikbinliklərini itirməsinlər..Pozitiv olmağa, ətrafdakılara müsbət enerji paylamağa cəhd etsinlər. Sevgilərini, istəklərini heç vaxt gurultulu sözlərlə sübut etməyə cəhd etməsinlər.. Bəzən göylərin şaqqıltısından qulaq tutulur,amma təbiəti rahatladacaq bir yağış yağmır, bəzən isə sakit gələn yağış yanmış torpağı doyuncaya qədər qidalandırır...
Bütün tələbələrimə sevgilərim və salamlarım!!

Eltun Şükür ABUŞOV

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: