2017-ci il dekabrın 22-də
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Elmi Şurasının iclası keçirilib.
Öncə Elmi Şura üzvləri
ADPU-nun professor-müəllim heyətinin elmi əsərləri ilə tanış olublar.
ADPU-nun rektoru,
Elmi Şuranın sədri,
professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə ADPU-nun 2017- ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında, ADPU-nun Şamaxı Filialının fəaliyyəti haqqında, 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında və cari məsələlər daxildir.
İclasın gündəliyi səsə qoyularaq qəbul edilib.
Gündəliyə keçməzdən əvvəl rektor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli sərəncamları ilə universitetin 6 nəfər əməkdaşı təltif təqdim edib. Belə ki, ADPU-nun rektorunun müşaviri, professor Vilayət Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, professor Nəbi Əsgərov, professor Ədalət Fərəcov, dosent Heydər Hüseynov “Tərəqqi” medalı ilə təltif ediliblər, dosent Allahverdi Hacıyev isə təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Rektor təltifləri təqdim edərək universitet əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, bunlarla yanaşı, rektor Cəfər Cəfərova İMC Krems Tətbiqi Elmlər Universitetinin Elmi Şurasının 21 noyabr 2017-ci il tarixli iclasının qərarına əsasən Fəxri Əməkdaş adı, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadəyə isə həmin universitetin Elmi Şurasının 29 noyabr 2017-ci il tarixli iclasının qərarı ilə Fəxri Professor adı verilib. Həmçinin professor Mahmud Allahmanlı TÜRKSOY tərəfindən “Vaqif” medalı ilə təltif edilib, filologiya üzrə elmlər doktoru Həcər Hüseynova isə Prezidentin xüsusi təqaüdünə layiq görülüb.
Rektor iclasda Təhsil Nazirliyinin müvafiq əmri ilə universitetə Tədris işləri üzrə yeni təyin edilmiş prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovu Şura üzvlərinə təqdim edib və ona uğurlar arzulayıb.
İclasda universitet əməkdaşlarının yanvar ayının 1-dən əmək haqlarının 10 faiz artırılması barədə məlumat verilib.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov ADPU-nun 2017- ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı diqqətə çatdırıb. Professor Asəf Zamanov qeyd edib ki, yalnız təhsil dünyanı dəyişməyə qadirdir və müasir cəmiyyətin inkişafı, ilk növbədə, keyfiyyətli təhsildən asılıdır. Təsadüfi deyil ki, 2017-ci il təhsildə keyfiyyət ilidir. Təhsilin keyfiyyətini şərtləndirən əsas amillərdən biri isə tədris prosesinin elmi təminatıdır. Məhz bu səbəbdən 2017-cı ildə ADPU-nun əsas fəaliyyət istiqamətlərindən biri də təhsil sahəsində aparılan elmi araşdırmalar, o cümlədən tədris prosesində innovativ metodikaların tətbiqi imkanlarının tədqiqi, elmi, elmi-metodiki və elmi-pedaqoji nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, nəticələrinin tədris prosesində tətbiqi, elm və təhsil sahəsində beynəlxalq təcrübə mübadiləsinin aparılması və s. olmuşdur. Son illər inkişaf etmiş dünya dövlətlərində elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Elm–təhsil–innovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə son illər ADPU-da bir sıra islahatlar aparılır. 2017-ci ildə belə islahatlar daha geniş vüsət almışdır.
Hesabatda ADPU-nun elmi potensialı, struktur bölmələrinin yaradılması və strukturun optimallaşdırılması, elmdə və təhsildə innovasiyaların tətbiqi, elm və təhsilin əlaqələndirilməsi, hər iki istiqamətin balanslı şəkildə inkişaf etdirilməsi, elmi-tədqiqatların və tədris prosesinin maddi-texniki və metodiki təminatının gücləndirilməsi, perspektivli gənclərin və məzunların işə cəlb olunması yolu ilə insan resurslarının gəncləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, keyfiyyətin təminatı və idarə olunması sisteminin yaradılması,professor-müəllim heyətinin və elmi işçilərin fəaliyyətinin müxtəlif proqramlar vasitəsilə stimullaşdırılması və maddi rifah halının yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi, xarici və Azərbaycan universitetlərinin alimlərinin ADPU-nun elmi seminarlarında iştirakınının təmin edilməsi, elmi-tədqiqat və tədris prosesində gənclərin iştirakının və rolunun artırılması, respublikanın və xarici ölkələrin aparıcı elmi təşkilatları və ali təhsil müəssisələri ilə elm və təhsil sahəsində əməkdaşlığa dair beynəlxalq və regional səviyyəli müqavilə və memorandumların imzalanması, AMEA ilə elmi və elmi-təşkilati əlaqələrin inkişaf etdirilməsi, patent və lisenziya fəaliyyətinin təşkili, universitetdə respublika və beynəlxalq miqyaslı elmi konfransların təşkili və digər vacib istiqamətlərdə həyata keçirilən səmərəli məqsədyönlü əməli fəaliyyət öz əksini tapıb. Professor A.Zamanov çıxışının sonunda universitetdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitetin infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi üçün təkliflərlə çıxış edib.
Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.
ADPU-nun Şamaxı Filialının fəaliyyəti haqqında filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edib. Bildirib ki, filialda 5 ixtisas üzrə 529 nəfər tələbə təhsil alır. Filialda Pedaqoji fakültə və fakültənin tərkibində üç kafedra - Təbiət və pedaqoji elmlər kafedrası, Humanitar və xüsusi fənlər kafedrası, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrası fəaliyyət göstərir. Filialın əməkdaşları elmi yaradıcılığa xüsusi diqqət yetirir, respublika və beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda müxtəlif səpgidə elmi məqalələr və tezislərlə çıxış edirlər. Filialda vaxtaşırı olaraq elmi-praktik konfranslar, dəyirmi masalar, elmi seminarlar təşkil olunur. 17-18 may 2017-ci il tarixində filialda III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun keçirilməsini filialın elmi fəaliyyətinin mühüm hissəsi kimi qeyd etmək olar. Simpoziumun keçirliməsinə ADPU-nun rektoru, professor Cəfər Cəfərov yaxından diqqət və qayğı göstərib. Simpoziumda Türkiyədən 22, İtaliyadan 2, Özbəkistandan 1, Makedoniyadan 1, Qazaxıstandan 1 nəfər tədqiqatçı alim, eləcə də akademiklər İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli iştirak ediblər. Ümumilikdə simpoziumda 120 nəfər yerli, 18 nəfər xarici qonaq məqalə ilə çıxış edib, 100 nəfərdən çox qonaq isə dinləyici qismində iştirak edib. Beynəlxalq səviyyəli bu simpoziumda filial əməkdaşlarından 25 nəfəri elmi məqalə və tezislərlə çıxış ediblər. Tələbə Elmi Cəmiyyəti (TEC) elmi-təşkilati tədbirlərin həyata keçirilməsində filialın ümumi işinə köməklik göstərir. TEC 500 nəfərə qədər tələbəni öz ətrafında birləşdirir. Tələbə Gənclər Təşkilatı (TGT) filialda, eləcə də rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Eyni zamanda vaxtaşırı olaraq tələbələrlə birlikdə Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı Şamaxı rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi ziyarət olunur, rayonun tarixi baxımından əhəmiyyətli olan abidə və muzeylərinə ekskursiyalar təşkil edilir.
Qarşıdan payız semestrinin imtahan sessiyası gəlir. Bu il də imtahan sessiyasına ciddi hazırlıq işləri aparılır. İmtahan sualları vaxtında hazırlanıb, tələbələrə çatdırlıb və biletlər tərtib olunub. Tələbələrin biliyinin düzgün qiymətləndirilməsi və şəffaflığın qorunması üçün sessiya zamanı filialda Apelyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərir. Sessiya dövründə valideynlər və ictimaiyyətin nümayəndələri üçün hər gün “Açıq qapı günü” keçirilir.
Elmi Şura dosent T.Yusifovanın hesabatını qəbul edib.
İclasda həmçinin ADPU-nun Şamaxı Filialında aparılan monitorinqin nəticələri barədə məlumat verilib. Məlumatda filialın idarəetmə, tədris və elmi-tədqiqat fəaliyyəti təhlil edilib, mövcud çatızmazlıqların aradan qaldırılması və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün təkliflər öz əksini tapıb.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat verib. Bildirib ki, payız semestrinin imtahan sessiyasına hazırlıq barədə ADPU-nun rektoru müvafiq əmr imzalayıb. Əyani təhsil forması üzrə tədrisi təşkil olunan bütün ixtisasların tədris planlarına və tədris qrafikinə müvafiq olaraq payız semestrinin nəzəri təlimi dekabrın 28-də başa çatacaqdır. Payız semestrinin imtahan sessiyasının əyani təhsil forması üzrə yanvarın 5-dən fevralın 1-dək, qiyabi təhsil forması üzrə isə yanvarın 5-dən 18-dək keçirilməsi nəzərdə tutulub. İmtahan sessiyasında bütün imtahanlar, təhsilin bakalavriat səviyyəsində ixtisasların tədris planında nəzərdə tutlmuş fənlər üzrə I və II tədris ilinin tələbələri üçün yazılı formada, III və IV tədris ili tələbələri üçün isə VTS-TEST sistemi və yazılı formada təşkil olunacaq. Magistratura təhsil səviyyəsində magistrantların imtahanları yazılı şəkildə aparılacaq. Hər iki təhsil səviyyələrinin əyani və qiyabi təhsil formaları üzrə imtahanlar İmtahan, monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş xüsusi cədvəl əsasında təşkil olunacaq. İmtahan cədvəlində hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılacaq. İmtahanların əvvəlcədən təyin edilmiş auditoriyalarda keçirilməsi nəzərdə tutulub. İmtahan cədvəllərinin professor-müəllim heyətinə və tələbələrə vax¬tında çatdırılması məqsədilə fakültələrdə elan edilməklə yanaşı, universitetin internet saytında (www.adpu.¬edu.¬az) yer¬ləşdiriləcək. Nəzəri təlimlərin sonuna kimi təhsilin bakalavriat səviyyəsinin I və II tədris ili tələbələri üçün və magistratura səviyyələrində nəzərdə tutulmuş sonuncu kollokviumların dekabrın 25-dək keçirilməsi və bütün ixtisaslarda sərbəst iş mövzularının qiymətləndirilməsinin başa çatması nəzərdə tutulub. Bu təd¬ris ilində unversitet üzrə bütün ixtisasların III və IV tədris ili tələbələrinin sonun¬cu kollokviumları VTS-TEST sistemi ilə dekabrın 4-dən 15-dək keçirilib. Kollokviumların keçirilməsi II növbəli təşkil edilib. Kollokviumların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Tərtib edilən testlərdə yol verilən nöqsanların vaxtında aradan qaldırılması, imtahanların gedişi ilə bağlı daxil olan ərizə və şikayətlərə vaxtında baxılması təmin edilib. Payız imtahan sessiyasının yekunlarının, semestr ərzində keçirilmiş kollokviumların nəticələri ilə imtahan nəticələri arasındakı müntənasibliyin, semestr dövründə qarşıya çıxan problemlərin, imtahan sessiyasından əldə edilən nəticələrlə bağlı müzakirələrin fakül¬tə Elmi Şuralarında və kafedra iclaslarında aparılması struktur bölmələrinə tövsiyə olunub. Kafedralar bakalavriat və magistratura təhsil səviyyələrinin əyani və qiyabi təhsil forması üzrə bütün fənlərin imtahan suallarını tərtib edib tələbələrə vaxtında çatdırıblar. İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsi üçün tərtib edilən bilet¬lər hazırlanarkən bakalvriat təhsil səviyyəsinin I və II tədris illəri üçün yazılı, III-IV tədris illəri üçün isə test və yazılı, magistratura təhsil səviyyəsinin əyani və qiyabi təhsil formaları üzrə yazılı aparılacağı nəzərə alınıb. Kafedralar fənlər üzrə imtahan biletlərini təlimata uyğun olaraq müvafiq sayda tərtib edib İmtahan, monitorinq və qiymətləndirmə şöbəsinə təqdim ediblər. Bütün fakültələrdə payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilərək yekunlaşdırılıb. İmtahan sessiyası müddətində ictimai nəzarəti təmin etmək məq¬sə¬dilə ictimaiyyətin nümayəndələrinin sessiyanın gedişini müşahidə edə bilmələri üçün zəruri şəraitin yaradılması da nəzərdə tutulub. İmtahan sessiyasının operativliyini təmin etmək məqsədilə fakültələr üzrə koordinator rəhbərləri və koordinatorlar təyin edilib. İmtahan sessiyasının nor¬ma¬tiv-¬hüquqi sənədlərə uyğun keçirilməsi və imtahan prosesinin mütə¬şə¬killiyini təmin etmək məqsə¬dilə Apelyasiya Komissiyası, İmtahan Qərargahı, İmtahan işinin təşkili üzrə İşçi Qrupu yaradılıb. Qeyd edək ki, unversitet üzrə təhsilin bakalavriat səviyyəsi üzrə 367 qrupda 565 fəndən (qiyabi 12 qrupda 33 fənn, əyani 355 qrupda 532 fənn) imtahan keçiriləcək. Magistratura səviyyəsində isə 52 qrupda təqribən 312 fəndən imtahan keçiriləcək. Yekun etibarilə 419 qrupda 877 fəndən imtahanların keçirilməsi nəzərdə tutulub.
Elmi Şura dosent S.Əliyevin hesabatını qəbul edib.
Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov cari məsələlər barədə məlumat verib.
Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Sonda rektor Cəfər Cəfərov Elmi Şura üzvlərini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və uğurlar arzulayıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.