ABBAS HACIYEV - 90

ABBAS HACIYEV - 90 UNUTSAQ, UNUDULARIQ!..

Yanvarın 1-i unudulmaz ziyalımız, görkəmli ədəbiyyatşünas alim, tanınmış tədqiqatçı, filologiya elmləri doktoru (1970), professor (1973), 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Abbas Hacıyevin doğum günüdür. Yaşasaydı indi 90 yaşı olacaydı...


Abbas Məhəmməd oğlu Hacıyev - 1933-cü il yanvarın 1-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonunun Sarvan kəndində Nayvəlilər ocağında anadan olmuşdur. Qarapapaq (tərəkəmə) türküdür. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq Vəkil Hacılının, pedaqoq, ictimai-siyasi xadim Tofiq Hacıyevin qardaşı, görkəmli filoloq, tanınmış ədəbiyyatşünas alim, professor Asif Hacıyevin atasıdır.

Abbas Hacıyev 1948-ci ildə Sarvanda 1 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Türk Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. 1952–1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə Nizami Gəncəvi adına fəxri təqaüd almış, Universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1957-ci ildə Marneulidə müəllimliklə başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər. 1959–1961-ci illərdə Marneuli rayon komsomol komitəsinin birinci katibi olmuşdur. Həmin dövrdə Borçalı türklərinin hüquqlarının qorunması, burada Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı üçün prinsipiallıq və fədakarlıqla çalışmışdır.

O, 1961-ci ildə Gürcüstan SSR Marneuli rayon Sovetinə deputat seçilmiş və Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

1961-ci ildən Bakıdan nüfuzlu alimlərin dəvəti ilə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda dövlət xadimi, yazıçı-alim Şıxəli Qurbanovun başçılq etdiyi ədəbi əlaqələr şöbəsində aspiranturada təhsilini davam etdirmiş,1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir.

Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1965-ci ildə "Tiflis ədəbi mühiti (1905–1917-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi rəhbəri professor Mir Cəlal Paşayev, rəsmi opponentləri, alimlər akademik Həmid Araslı, professor Əziz Mirəhmədov, elmi ictimaiyyət dissertasiya işinə yüksək qiymət vermişdir.

1970-ci ildə alimlər Kamal Talıbzadənin elmi məsləhətçiliyi, Məmməd Cəfərin, Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun opponentliyi ilə "Mirzə İbrahimovun yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 37 yaşında filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

1964-1974-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur, 1974–1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.

Özünün istəyi ilə 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüşdür. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs demişdir. Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.

Professor Abbas Hacıyevin Azərbaycan ədəbiyyat tarixində, ədəbi-nəzəri fikrində nələri etdiyini, hansı işləri gördüyünü aydınlaşdırmaq, bütöv təsəvvür yaratmaq üçün təkcə yazdığı əsərlərin adını xatırlamaq kifayətdi. Onun “Tiflis ədəbi mühiti” (Bakı, Yazıçı, 1980), “Mirzə İbrahimov”. Bakı, Yazıçı, 1982, “Tiflis Azərbaycan teatrı” (Bakı, İşıq, 1984), “Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq” (Bakı, Yazıçı, 1986), “Ədəbiyyatşünaslığın əsasları” (Bakı, APİ, 1988), “Sənətkarın yaradıcılıq fərdiliyi” (Bakı, APİ, 1990), “Bədii əsərin strukturu” (Bakı, ADPİ, 1992), “Ədəbi növlər və janrlar” (Bakı, ADPİ, 1994), “Ədəbiyyat nəzəriyyəsi” (Bakı, Mütərcim, 1996), “Ədəbiyyatşünaslığın əsasları” (Bakı, Zaman, 1999), “Tiflis Azərbaycan və Adıgün türk teatrı” (Bakı, Borçalı, 2006), “Həyat və ədəbi tale” (Bakı,Səda, 2008), “Ədəbi meyllər və cərəyanlar” (Bakı, ADPU, 2010), “Sənətin işığında” (Bakı, Adiloğlu, 2010) və s. adlı monoqrafiya və dərslikləri oxucular arasında geniş yayılmış və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdır.

Professor Abbas Hacıyevin əsərlərinə diqqət yetirdikdə aydın görünür ki, onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi, ədəbi-bədii mətnin poetikası, Tiflis, Borçalı, Axısqa ədəbi mühiti, XX əsr Azərbaycan ədəbiyyatı, teatr tarixi və teatrşünaslıq, mətbuat tarixi mühüm yer tutur.

Keçən əsrin əvvəlləri Tiflis Azərbaycan ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Adıgün türk teatrına dair Gürcüstan, Rusiya və Azərbaycan arxivlərində olan bir çox sənəd və mənbələri ilk dəfə məhz Abbas Hacıyev aşkarlayaraq tədqiq və dərc etmişdir. Bu mühitdə fəaliyyət göstərmiş bir sıra sənət xadimlərinin, ədib, rejissor, aktyor və mətbuat xadimlərinin yaradıcılığı haqqında materialları aşkarlayıb bu haqda ilk elmi söz deyən də Abbas Hacıyev olmuşdur.

O, Tiflis Azərbaycan ədəbi mühitinin, ictimai-mədəni həyatının, Tiflis, Borçalı və Axısqada fəaliyyət göstərmiş teatrların, mətbuat orqanlarının tarixini, mədəniyyət və sənət xadimlərinin həyatını, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin naməlum səhifələrini geniş şəkildə və tarixi sənədlər əsasında işıqlandırmışdır.

Axısqanın mədəni-ədəbi mühitinə, Adıgün türk teatrının tarixinə dair əsərləri Azərbaycan mətbuatı ilə yanaşı, Türkiyə alimləri tərəfindən də bu sahədə ilk tədqiqat kimi yüksək qiymətləndirilmişdir.

Arxiv materialları, real faktlarla Tiflis, Borçalı, Axısqa ərazisindəki türk mədəniyyətinin ümummilli dəyərini, əhəmiyyətini, avtoxton xarakterini təsbitləmiş, bu sahədə gələcək araşdırmalar üçün sanballı zəmin yaratmışdır.

Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mirvarid Dilbazi, Elçin, Əhməd Cəmil, Əliağa Kürçaylı, Eyvaz Borçalı, Cabir Novruz, Nəriman Həsənzadə, Vidadi Babanlı, Əfqan, Əlirza Xələfli, Müşfiq Borçalı və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.

Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı ədəbiyyat nümunələrinə, müasir poeziyaya, folklorun toplanması və dərci məsələlərinə dair bir sıra analitik-tənqidi, prinsipial elmi mövqeyə əsaslanan əsərləri var.

Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk sanballı "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi üslub və cərəyanlar, ədəbi prosesin inkişaf qanunauyğunluqlarına dair araşdırmalar aparmışdır.

BDU Filologiya fakültəsində filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuranın (1979–1988), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri namizədi alimlik dərəcəsi adı verən ixtisaslaşmış elmi şurasının (1980-ci ildən), Nizami adına Dil və Ədəbiyyat İnstitutu nəzdində Müdafiə şurasının, Təhsil Problemləri İnstitutu nəzdində Müdafiə Şurasının, Təhsil Nazirliyi elmi-metodik şurasının və digər qurumların üzvü olmuşdur.

Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.

Onun rəhbərliyi ilə bir çox ədəbiyyatşünaslar nəsli yetişmiş, xüsusən, Tiflis və Borçalı ədəbi mühitinə, Azərbaycan mətbuat və teatr tarixinə, Tiflis Azərbaycan Teatrına, Axısqa türklərinin mədəniyyətinə dair əsərləri bu sahədə sonrakı araşdırmalara yol açmış və dəyərli məxəz olmuşdur.

ABBAS HACIYEV - 90 HAŞİYƏ:
Yeri gəlmişkən, onu da qeyd edim ki, elə mən özüm də, məhz professor Abbas Hacıyevin yetirmələrindənəm. İmzasını hələ orta məktəbdə oxuduğum illərdən tanıdığım, kitablarını oxuduğum, sonralar isə daima yazılarını mətbuat səhifələrində izlədiyim professor Abbas Hacıyevi tələbələlik illərimdə daha yaxından tanımışam. O, həmin illərdə, mənim ali təhsil aldığım N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin filologiya fakültəsində "Azərbaycan sovet ədədbiyyatı və ədəbiyyat nəzəriyyəsi" kafedrasının müdiri idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində bizə Azərbaycan ədəbiyyatının sovet dövründən mühazirələr oxuyurdu. Ən sevimli müəllimlərimizdən idi. Bizim bütün suallarımıza, maraqlandığımız məsələlərə, bir sıra qaranlıqlara təmkinlə, özünəməxsusluqla aydınlıq gətirirdi. Yaxşı yadımdadır. Sonuncu kursda məhz onun elmi rəhbərliyi ilə "Çağdaş Borçalı yazıçıları" adlı diplom işdi yazdım. 1992-ci ildə mərhum professor Yusif Seyidovun sədrlik etdiyi Dövlət İmtahan komissiyasında müdafiə etdiyim və həmin komissiya tərəfindən "ƏLA" qiymətləndirilən həmin Diplom işimimi sonralar məhz professor Abbas Hacıyevin məsləhəti ilə daha da genişləndirdim və onun redaktorluğu ilə 1994-cü ildə "Azərbaycan" nəşriyyatı tərəfindən ayrıca kitab kimi çap etdirərək oxucuların ixtiyarına verdim. Tale elə gətirdi ki, sonralar professor Abbas Hacıyevlə daha yaxından ünsiyətdə oldum. O, mənim haqqımda geniş məqalə yazıb mətbuatda çap etdirdi. Mən də onun kitablarının nəşrə hazırlanıb çap olunmasında yardımçı oldum. Daha sonralalar isə tədqiqat işlərimi daha da genişləndirərək, namizədlik dissertasiyası yazdım və dissertasiyamın müdafiəsi zamanı isə professor Abbas Hacıyevin ən böyük əsəri - oğlu, görkəmli filoloq, tanınmış ədəbiyyatşünas alim, həmin illərdə Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışan filologiya elmləri doktoru, professor Asif Hacıyev elmi opponentim oldu...Fürsətdən istifadə edərək, bir daha öz təşəkkürümü bildirirəm...

1970-ci ildə filologiya elmləri doktoru, 1973-cü ildə professor, 1980-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilən, bir sıra dəyərli monoqrafiya və dərsliklərin, elmi və ədəbi-tənqidi məqalənin müəllifi olan, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunan professor Abbas Hacıyev 2011-ci il yanvarın 21-də 78 yaşında Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin...

Artıq 12 ildir ki, professor Abbas Hacıyev cismən bizim aramızda olmasa da, onun əziz xatirəsi bizlərin - minlərlə tələbələrinin, eləcə də bütün onu tanıyanların qəlbində yaşayır və əbədi olaraq yaşayacaqdır!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: