Bəli, bu müdrik kəlam Ulu Öndər Heydər Əliyevin müəllim şəxsiyyətinə və sənətinə verdiyi ən yüksək qiymət, ən ümdə dəyərdir. Cəmiyyət üçün layiqli vətəndaş, əsl şəxsiyyət yetişdirmək hamıdan və hər kəsdən öncə müəllimlərin, pedaqoqların üzərinə düşən ağır, çətin və şərəfli bir vəzifədir. Bu müəllimi hazırlamaq, müəllimin müəllimi olmaqsa təbii ki, daha məsuliyyətli, daha çətindir. Bu baxımdan ali təhsil ocaqlarımızın bir xalqın inkişaf və tərəqqisində rolunun şərhə ehtiyacı yoxdur.
Təhsilimizdə xüsusi yeri, şanlı tarixi, zəngin təcrübəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji kadrların hazırlanmasında müstəsna rola malikdir.
Xalqımızın böyük oğlu Nəriman Nərimanov tərəfindən yaradılan N.Tusi adina Pedaqoji İnstitut respublikamızda ilk ali pedaqoji məktəb idi.
Nahaq yerə deyik ki, pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhs bu məktəbdə təşəkkül tapmış, inkişaf və tərəqqiyə çatmışdır.
Çətin və şərəfli bir yol keçən bu qocaman təhsil ocağında indiyə kimə 150 minə yaxın müəllim və bir çox ixtisaslar üzrə elmi-pedoqoji kadrlar hazırlanmışdır. Bu kadrlar içərisində dünya şöhrətli elm adamları, tanınmış ictimai-siyasi xadimlər, azman söz ədibləri də olub.
Qürurla vurğulamaq yerinə düşər ki, AMEA-ya rəhbərlik etmiş 9 nəfərdən 3 nəfəri (Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Məmmədov) pedaqoji universitetin məzunları olmuşlar.
Zaman-zaman bu təhsil ocağına dövrünün dəyərli ziyalıları, layiqli elm adamları rəhbərlik etmişlər. Bu ənənə bu gün də davam etməkdədir.
2006-cı ilin aprelindən bu qocaman təhsil ocağına AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, görkəmli ziyalı, tanınmış elm xadimi Yusif Məmmədov rəhbərlik edir. Elmi fəaliyyətə BDU-da başlayan Yusif müəllim 1974-cü ildə namizədlik, 1990- cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.Riyazi fizika və diferensial tənliklər sahəsində tanınmış ziyalıdır. 100 dən artıq elmi əsərin müəllifidir. Gənc alimlərin yeişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Onlarla elmlər namizədinin, elmlər doktorunun elmi rəhbəridir.
Yusif müəllimin elmi fəaliyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, 2000-ci ildə “Əməkdar Elm xadimi” adına layiq görülmüşdür.
2010-cu ildə Cənab prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.
O, UNESCO-nun “Bioetika elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Komitəsinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Attestasiya Komissiyasının riyaziyyat və mexanika ixtisasları üzrə ekspert komisiyyasının üzvüdür.
Müstəqillik illərində bu ali məktəbin həyatında yeni bir mərhələ açılmışdır. Belə ki, ölkəmizin ali pedaqoji məktəbləri arasında universitet statusu alan ilk elm ocağıdır.
Hal-hazırda 12 fakultədədə bakalavr pilləsində 23 ixtisas üzrə 8 mindən artıq tələbə, magistratura pilləsində 11 istiqamət 39 ixtisas üzrə 802 nəfər magistr təhsil alır .Universitetdə 4 nəfər müxtəlif Elmlər Akademiyalarının üzvü, 69 nəfər elmlər doktoru-professor, 380 nəfər elmlər namizədi - dosent , 330 nəfər müəllim və baş müəllim çalışır.
Universitetdə fəlsəfə doktoru üzərində 28 nəfər doktorant, 42 nəfər dissertant, elmlər doktoru proqramı üzərində 30 nəfər çalışır.
Son zamanlar dövlətimizin müəyyənləşdirdiyi strategiya və konsepsiya, müasir standartlara əsaslanan təhsil islahatları bu qocaman təhsil ocağında müvəffəqiyyətlə həyata keçirilməkdədir.
Pedaqoji təhsilin məzmunu zamanın tələblərinə uyğun olaraq müasir standartlara cavab verən səviyyədə qurulmuşdur. Keyfiyyətin yüksəldilməsi ,şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunması, kadr hazırlığında yeni metodların tədbiqi, əməkdaşlıq və beynalxalq əlaqələrin genişləndirilməsi rəhbərliyin həyata keçirdiyi başlıca prinsiplərdəndir.
Üniversitetdə Boloniya sistemi tətbiq olunmuşdur.
2007-ci tədris ilindən universitetin bir neçə fakultəsində Kredit Transfer Sisteminin tətbiqinə başlanılmış, kredit sisteminin tələblərinə cavab verən yeni tədris planları, fənlərin reyestri , tədris qrafiklərinin sillabusları, fənlərin semestr üzrə bölgüsünü göstərən sənədlər hazırlanmış, 40 nəfər tyutor hazırlanaraq tədris prosesinə cəld edilmişdir
Universitetdə təşkil edilmiş komputer mərkəzləri kollokviumlarin və imtahanların elektron üsulu ilə keçirilməsinə şərait yaratmışdır .Komputer otaqlarında quraşdırılmış vebkameralar , mərkəzdə qoyulmuş monitorlar vasitəsi ilə imtahanın gedişini canlı izləmək imkanı verir.
Bütün bunlar təhsildə demokratiya və şəffaflığın təminatına xidmət edir.
Universitetin gözəl ənənələrində biri də xarici ölkələr üçün yüksək ixtisaslı müəllim və elmi kadrların hazırlanması olmuşdur.
Hal-hazırda da beynəlxalq əlaqələr xeyli artmış , müəllim – tələbə mübadiləsi , birgə əməkdaşlıq geniş vüsət almışdır.Bu baxımdan Türkiyənin Hacəttəpə Universiteti ilə olan çoxşaxəli əlaqələr olduqca təqdirəlayiqdir.
Universitet əməkdaşlarının yaxın və uzaq xaricdə müxtəlif konfrans, simpozium və beynəlxalq elmi tədbirlərdə iştirakı mütəmadi hal almışdır.
Müasir standartlara cavab verən maddi- texniki baza ,laboratoriyalar, zəngin kitabxana və ən başlıcası yüksək atmosfer bu ali təhsil ocağında əsl şəxsiyyət və müasir dünyagörüşə və elmi biliklərə malik kadr kimi yetişməyə imkanlar yaradır.
Qarşıda duran vəzifələr hələ çoxdur. Universitetin avtomatlaşdırılmış idarəetmə sisteminə keçməsi, elektron dərslik, elektron kitabxana ,tədris resuslarıın yaradılması həyata keçirilməsi sürətlə davam edən işlərdəndir.
Göründüyü kimi 90 ilin astanasında ADPU təhsilimizdə layiqli bir sırada qərar tutmaqdadır. Bu, ilk növbədə ali məktəbdə çalışan fədakar kollektivin, əzmkar rəhbərliyin əməyinin nəticəsidir.
Həmçinin, Azərbaycan Müəllimlər İnstitutunun ləğvi və ADPU–ya birləşdirilməsi fonunda bu təhsil ocağının vəzifələri və məsuliyyəti daha da artmışdır.
İnanırıq ki, Azərbaycan təhsilində bir çox ilkə imza atan bu müqəddəs məbəd yeni naliyyətləri ilə bizləri sevindirəcək və Yusif müəllimin rəhbərliyi ilə ADPU brendi dünyaya səs salacaq!..
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.