2017-ci il aprelin 18-də
“Elektron imza” İnformasiya Cəmiyyətinin (Elektron hökumət) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.
ZiM.Az xəbər verir ki, tədbir Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül qoyub, ehtiramlarını bildiriblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, bu elmi toplantı Azərbaycanda ilk dəfədir keçirilir. O, Ulu Öndərin dövlətçilik və güclü Azərbaycan modelinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun parlaq nümunəsi olaraq bu gün ölkədə “Asan imza” brendinin geniş vüsət aldığını vurğulayıb. Qeyd edilib ki, “Asan imza”dan istifadə vaxt itkisinin qarşısını almaqla yanaşı, məmur-vətəndaş əlaqəsinin kəsilməsi yolu ilə neqativ halların aradan qaldırılmasına da geniş imkan yaradır. Bu baxımdan “Elektron imza”nı informasiya cəmiyyətinin ən vacib atributu adlandıran X.Yahudov bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın böyük əhəmiyyət daşıdığını deyib.
Xalıq Yahudovun çıxışından sonra Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova çıxış edərək konfransın işinə uğurlar arzulayıb və belə aktual bir mövzu ətrafında elm adamlarının birləşməsinə görə konfransın təşkilatçılarına təşəkkür edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev “Azərbaycanda elektron hökumət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzəsində bu sahədə tərəqqi üçün konkret hədəflərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları baş idarəsinin rəisi, Layihələrin İdarə edilməsi Assosiasiyasının prezidenti, general-mayor İqbal Babayev “Elektron hökumət proqramı çərçivəsində layihələrin idarə edilməsi prinsipləri: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib.
Məruzəçi “Elektron hökumət” sahəsində həyata keçirilən layihələrin yaxşı perspektivlər vəd etdiyini diqqətə çatdırıb.
“Multimediya” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Elektron hökumət”in qısa zamanda böyük nailiyyətlər qazandığını qeyd edib.
O.Gündüz “Elektron hökumətin məntiqi davamı olan açıq hökumətin inkişaf istiqamətləri” mövzusunda məruzəsində internet resursları üzərindən şəffaflığın daha sürətlə yayıldığını vurğulayıb.
Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.
Müxtəlif ali təhsil müəssisələrindən, aidiyyəti nazirliklərdən, komitə və təşkilatlardan nümayəndələrin iştirak etdikləri konfransa ümumilikdə 90 məqalə təqdim olunub.
"Elektron hökumətin imkanları və perspektivləri", "Elektron imzanın əhəmiyyəti" və "İnformasiya cəmiyyətində elektron sənədlər və onların dövriyyəsi" adlı bölmə iclasları ilə 2 gün davam edəcək konfrans aprelin 19-da yekunlaşacaq.
Müşfiq BORÇALI,
ZiM.Az
.