Türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Qobustandan başlanır
2016-cı il Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Türkiyənin Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı keçirilib.
ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Mövsüm Nağısoylu açıb, qonaqları səmimi salamlayıb, professor Cengiz Alyılmaz və onun bu yaxınlardan nəşr olunmuş “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomu haqqında məlumat verib. Bildirilib ki, C.Alyılmaz böyük axtarışları sayəsində türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə hazırladığı kitabda Qobustan qayaüstü yazıları ilə bağlı geniş məlumat verir. Müəllif “Ömür kitabı” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyəti Azərbaycandan - Qobustandan başlanır. Alim “Qobustan” adının yaranması və mənası barədə dəyərli tədqiqatlar aparıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral kitabı tarixi köklərimizin araşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Bildirib ki, Qobustan qədim türk tarixinin bir hissəsidir və bu tarixin daha da dərindən öyrənilməsi istiqamətində əlimizdən gələni etməliyik. Səfir keçmişimizin öyrənilməsi istiqamətində hərtərəfli dəstəyin vacibliyini vurğulayıb.
Sonra müəllifin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Təqdimatın keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən professor Cengiz Alyılmaz kitab haqqında məlumat verib. Bildirilib ki, 704 səhifəlik kitabda, həmçinin türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir. Qobustandakı hər simvolun, hər rəsmin keçmişdən bir xəbər olduğunu qeyd edən professor, bu qədim məkanın öyrənilməsi istiqamətində aparılan bütün tədqiqat işləri ilə dərindən tanışlığını, aparılan araşdırmaların sonunda İpək yolunun mərkəzi sayılan Qobustanda müxtəlif xalq və millətlərin izlərinin aşkar edildiyini söyləyib.
Kitabın redaktoru, Bitlis Eren Universitetinin rektoru, professor Mahmut Doğru sözügedən işin mahiyyətindən danışıb, kitabın əhəmiyyətini vurğulayıb. Professor kitabı türkdilli xalqların tarixinin araşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. 25 il ərzində aparılan tədqiqatların nəticəsi olan kitabın ilk təqdimatının məhz Azərbaycanda, Bakıda keçirildiyini yüksək qiymətləndirib. Professor Mahmud Doğru nəşrin bir sıra xarici dillərə tərcümə olunmasının vacibliyini bildirib.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Azərbaycan üçün yazılmış bu kitabı Qobustanın ensiklopediyasının təməli, ilkin versiyası kimi dəyərləndirib. O, kitab-albomda yer alan fotoların əsasında sərgi təşkil olunmasını təklif edib. Qobustanın tarixin müəyyən bir hissəsinin əyani sübutu olduğunu deyən Oqtay Səmədov, bu nəşrin hər yaş kateqoriyası üçün xüsusi çap olunmasını irəli sürüb.
İcraçı direktor qonaqların səfərin ilk günündə Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüşdüklərini, müəllifin kitab haqqında Dövlət müşavirinə geniş məlumat verdiyini bildirib. Qeyd olunub ki, akademik Kamal Abdullayev nəşri dəyərli tarixi qaynaq kimi qiymətləndirib, müəllifə minnətdarlığını ifadə edib.
AMEA Arxeologiya və Etnoqrafiya institutunun Tunc və ilk dəmir dövrləri arxeologiyası şöbəsinin müdiri, AMEA-nın mübir üzvü Vəli Əliyev, AMEA Arxeologiya və Etnoqrafiya institutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli, Nəsimi adına Dilçilik İNstitutunun "Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoy və digər çıxış edənlər kitabın əhəmiyyətini vurğulayıb, müəllifə öz təşəkkürlərini bildiriblər.
Kitab ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonra Bilik Fondu adından nəşrin müəllifi və redaktoru mükafatlandırılıb.
Nəşrin redaktoru Bitlis Eren Universitetinin rektoru, professor Mahmut Doğru tərəfindən MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərovaya xatirə hədiyyəsi, professor Cengiz Alyılmaz tərəfindən isə müəllifi olduğu kitab təqdim olunub.
Tədbirin sonunda xatirə foto-şəkilləri çəkilib.
Müşfiq BORÇALI,
ZiM.Az
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.