Xəyyam Nəbiyev,
Bakıdakı 270 N-li məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
=======
Dövlətin ideoloji əsaslarının möhkəmləndirilməsində maarif sisteminin mükəmməlliyinin müstəsna rol oynaması hamının birmənalı şəkildə qəbul etdiyi aksiomadır. Bunun əsasında isə orta məktəbdə verilən təhsil dayanır. Təhsilimizə dövlət və şəxsən dövlət başçısının daimi qayğısı alqışlanası haldır. Birbaşa sinifdə dərs deyən müəllimlərin rəy və təkliflərinin nəzərə alınması isə xüsusilə təqdir olunmalıdır. Bundan ruhlanaraq təhsilimizin keyfiyyətini yüksəltmək üçün bəzi təkliflər vermək fikrindəyik.
1. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi və bunun nəticəsi olaraq əmək haqlarının artırılması hamımızı sevindirdi. Amma bu, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün yetərli deyil. Çünki bir adamın özünün yaxşı bilməsi həm də onu yaxşı öyrətməsi qənaətinə gətirib çıxarmır. Fikrimizcə, müəllim dediyi dərsin nəticəsində maddi cəhətdən maraqlı olmalıdır. Daha dəqiq desək, müəllimin əmək haqqı dərs dediyi şagirdin əldə etdiyi nəticəyə uyğun olaraq müəyyənləşdirilməlidir. Bunun üçün bütün siniflərdə və bütün fənlər üzrə sinifdən sinfə keçirilmə imtahanları bərpa olunmalıdır. Qiymətləndirilmə isə müəllimin özü tərəfindən aparılmamalıdır. Bu məqsədlə Dövlət İmtahan Komissiyasini xidmətindən faydalanmaq olar.
2. Tətil günləri barədə.
Məlumdur ki, müəllimlərə 56 təqvim günü qədərində məzuniyyət verilir. Şagirdlər isə üç ay tətildə olurlar.
Sual olunur: bir ay müəllimlər məktəbdə nə işlə məşğul olurlar? Fikrimizcə şagirdlərin tətil günlərini müəllimlərin məzuniyyət günlərinə bərabərləşdirmək, əvəzində tədris olunan gündəlik saatların sayını azaltmaq lazımdır. Dorudan da, saat 13-00-dan 13-45-ə (və hətta bundan da sonraya qədər) davam edən dərsdən hansı keyfiyyəti gözləmək olar? Ac şagirdlər, lap elə müəllimlər da yalnız zəngin çalınmasıiı gözləyirlər.
3. Bəzi fənlərin tədrisinə yenidən baxmaq lazımdır.
Ədəbiyyat. V.İ.Leninin "Partiya tarixi və partiya ədəbiyyatı" əsərində belə bir fikir var: "Ədəbiyyat partiya işinin bir vintciyi olmalıdır." Fikir verirsinizmi, vinti də yox, vintciyi. Bunu əldə əsas tutan sovet ideoloqları ədəbiyyatı bir təbliğat kürsüsünə çevirmişdilər. Bu streotipi dağıtmaq lazımdır. Ümumiyyətlə, orta məktəbdə incəsənətin digər növlərindən, məsələn musiqi və rəsmdən daha çox ədəbiyyata "doğma" münasibət başadüşülən deyil. Ədəbiyyatın vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi yolundakı xidmətinin şişirdilməsi ilə razılaşmaq olmaz. Doğrudanmı, S.Vurğunun anadanolma tarixini və ya H.Cavidin əsərlərini yazılma xranlogiyasnı bilən şagird o birinə nisbətən dah vətənpərvərdir? Fikrimizcə, ədəbiyyat dərslərinə verilən saatlar (xüsusən yuxarı siniflərdə) azaldılmalı, informatika və xarici dil dərslərinə verilən saatlar çoxaldılmalıdır. (Bu yaxınlarda oxudum ki, İsveç əhalisinin 89%-i ingilis dilini bilir. Bəs bizdə?) Bundan başqa, təklif edərdik ki, ədəbiyyat, musiqi, rəsm kimi fənlər bir "incəsənət" adı altında birləşdirilsin (buraya incəsəntin başqa növləri də əlavə oluna bilər) və şagirdlərin meyl və maraqları nəzərə alınmaqla qruplar yaradılsln. Tutaq ki, bir məktəbdə paralel siniflərdə eyni saatda incəsənət dərsi salınsın.
Məsələn, bir məktəbdə 5 dənə 7-ci sinif var. 4-cü saat bütün siniflərdə incəsənət dərsi salınır, müxtəlif siniflərdə oxuyan maraq və bacarıqları nəzərə alınmaqla incəsənətin müxtəlif növləri üzrə qruplar yaradılır (musiqi, ədəbiyyat, rəsm və s.). Doğrudan da, rəsm çəkməkdə heç bir qabiliyyəti və eləcə də bu istiaqamtə marağı olmayan şagirdə 9 il rəsm dərsi keçməkdə məqsəd nədir?
Başqa bir tərəfdən, siniflərin bölünməzliyi streotipini dağıtmağın vaxtı deyilmi? Yəni nə üçün "b" sinfinin tərkibi 11-ci sinfə qədər dəyişməz qalmalıdır? Heç kimə sirr deyil ki,məktəblərdə daxili yerdəyişmə (sinifdəyişmə) problem səviyyəsinə qədər yüksəldilir.Şagirdin və ya onun valideyninin hansı müəllimə rəğbətinin olub-olmaması qətiyyən nəzərə alınmır.
Doğrudur, kənd məktəblərimizin əksəriyyətində siniflərin sayı birdən çox deyil. Amma 2 və daha çox siniflər olan məktəblərin sayı onlardan qat-qat çoxdur.Hələlik bu məktəblərdən başlamaq olar.
Həyati Biliklərə Əsaslanan Təhsil. Bunun konkret bir predmeti olmadığından istənilən fənn müəllimi bir hətə(uzağı on gün) kurs keçməklə sertifikat, yəni bu fənni tədris etmək hüququ qazanır. Bir həftədə nə öyrənmək olar,axı?Ona görə də bu fənn otra məktəblərdə pərsəng rolu oynayır: hansı müəllimin dərsi azdırsa,HBƏT ona verilir.
İdman (Fiziki tərbiyə). Burada da Nuh əyyamından qalma yanaşma davam etməkdədir.Təsəvvür edin ki,bugün-sabah ailə həyatı quracaq,fərqli fizionomiyaya malik qızlardan uzununa və ya hündürlüyə tullanmaq üzrə normativ vermək tələb olunur.Fikrimizcə ,"incəsənət" dərsləri haqqında dediklərimizi buraya da tətbiq etmək olar.Yəni ilkin mərhələdə sadə gimnastik hərəkətlər yerinə yetirilir ,daha sonra müxtəlif bölmələr üzrə qruplar (güləş, futbol üzgüçülük və s) yaradılır
Tarix. Orta məktəblərdə Azərbaycan tarixinin tədrisinə verilən saatların ümumi tarix saatlarını üstələməsi ilə razılaşmaq çətindir. Bundan başqa mövcud hadisələr fonunda səkkizinci sinifdə "Qarabağ tarixi"nin tədris olunması kompaniya xarakteri daşıyır, "qarğa məndə qoz var" effekti yaradır. Sabah Qubanın, Gəncənin, Şəkinin başının üstünü qara buludlar alsa, onların da tarixini ayrıca tədris edəcəyikmi?
Bilirik ki, toxunduğumuz məsələlər çoxşaxəlidir və onların uzun müzakirələrə, dəqiqləşdirmələrə ehtiyacı var.
Odur ki, yazıya münasibət bildirməyinizi hər birinizdən xahiş edirik.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.