“Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət
özünün gələcəyini, uşaqların tərbiyəsini
yalnız ona etibar edir”
Heydər Əliyev
Ümumilli lider Ulu öndərimiz Heydər Əliyev müəllimə həmişə yüksək qiymət vermiş və onun bu fikirləri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri, fəhləni, mühəndisi, alimi, həkimi, kosmonavtı və s. hər kəsi tərbiyə edən müəllimdir. Məhz ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və eyni zamanda müqəddəs peşədir.
Dahi Hüseyn Cavidin “Məktəbli qız” şeirindəki misralar beynimə əbədi həkk olunub:
... Bu dünyada sənin ən çox sevdiyin kimdir quzum, söylərmisən?
---- Ən çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq edir
---- Sonra kimlər?
---- Sonra onun göndərdiyi elçilər
---- Başqa sevdiklərin, nasıl, yoxmu?
--- Var.....
--- Kimdir onlar ?
---Anam, babam, müəlliməm
Birdə bütün insanlar...
Bəli, elədir ki, var. Dünyada ən çox sevdiyim varlıqlar sırasında hər bir şəxsin formalaşmasında, tərbiyələnməsində danılmaz əməyi, böyük zəhməti olan müəllimlərin yeri əvəz olunmazdır. Bu gün əldə etdiyimiz bütün naliyyətlərə görə müəlliməmizə borcluyuq.
Bu yazıda mənə çox, çox doğma olan, şagirdlərin yaxın dostu, sirdaşı qayğıkeşi, onların bu günü və gələcəyi üçün narahat olan, addımlarını düzgün atmaları naminə yol göstərən, təbiət elmlərinin sirlərini biz şagirdlərə sevərək öyrədən uzun illər Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115 №-li tam orta məktəbdə biologiya müəllimi, bir sıra ictimai vəzifələrdə fəaliyyət göstərən, sözün əsl mənasında maarifpərvər ziyalı, pedaqoq Xanbəyova Səmayə müəllimə haqında söz açmaq istəyirəm.
O, Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Doğma Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirmiş, məktəb illərində qəlbində sonsuz arzular baş qaldırmışdır. Onlardan ən böyüyü təbiətin, canlılar aləminin, ətraf mühitin ekologiya və s. haqqında məlumatlar toplayaraq və təbiət elmlərinin dərinliklərini öyrənmək olmuşdur.
Bu arzularla Səmayə Xanbəyova orta məktəbi bitirən kimi sənədlərini ali məktəbə verərək imtahanlardan uğurla çıxır. Olduqca maraqlı və mənalı tələbəlik illəri bir-birini surətlə əvəz edib. Ali təhsilini başa vurub qaynar əmək fəaliyyətinə başlayıb.
Səmayə müəllimə pedaqoji fəaliyyətə başladığı gündən qarşısına bir məqsəd qoyub şagirdləri saf, təmiz duyğulara, gözəl əxlaqa malik şəxsiyyət kimi yetişdirmək və tədris etdiyi fənni onlara yüksək səviyyədə çatdırmaq. Sözsüz ki, o, qarşısına qoyduğu bu məqsədə nail olmuşdur.
Zəngin pedaqoji təcrübəyə malik olan müəllimə metodik ustalıqla Azərbaycanın flora və faunası haqqında şagirdləri məlumatlandırmağı özünün əsas vəzifələrindən biri hesab edirdi.
Əziz Səmayə müəllimənin ilk dərsi indiyə kimi yadımdadır. Zəng vuruldu. Səmayə müəllimə sinfə daxil olanda ilk baxışdan onun zəhmi məni qorxudurdu. Dərs zamanı çox tələbkar olub, heç kəsə güzəştə getməzdi. Çalışardı ki, bütün şagirdlər dərsdən bəhrələnsin, nəsə öyrənsin. Şagirdləri müxtəlif vasitələrlə dərsə həvəslədirərdi.
Qəlbən çox mülayim, həyatsevən, mehriban, nəvazişli, istiqanlı olan Səmayə müəllimə hər bir şagirdə qayğı ilə yanaşar, onların uğuruna sevinərdi.
Təkcə 45 dəqiqə deyil, ömrünün, gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, əllərinin zəhmətini şagirdlərə həsr edən Səmayə müəllimə hər zaman şagirdlərin sevimlisi olmuşdur.
Məktəbdən kənar təşkil etdiyi tədbirlərdə, muzeylərə ekskursiyalarda, MDB məkanındakı digər ölkələrə səyahətlərdə sevə-sevə iştirak edərdik. Dərs zamanı nə qədər ciddi olsa da, ekskursiya, səyahətlərdə bizə əsl dost, yaxşı sirdaş idi, Səmayə müəllimə.
Yüksək əqidə, məslək sahibi olan, xalqının vətəninin problemləri ilə yaşayaraq gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində də əvəzsiz xidmətləri olmuşdur. Yaxşı yadımdadır, 1988-1989-cu illərdə Milli Azadlıq hərəkatının bütün ölkəni əhatə etdiyi bir dövrdə gənclərlə çiyin-çiyinə mübarizəyə qoşulub, onlara ərzaq, pal-paltar köməkliyi edirdi. 1990-cı ilin qanlı yanvar hadisələri zamanı şəhid olanların dəfn mərasimində şagirdlərlə birlikdə hər zaman yaxından iştirak etmiş, onların xatirələrinin əziz tutulması məqsədi ilə məktəbdə anım günləri və şəhid ailələri ilə görüşlər təşkil edirdi. Şəhid ailələrinin, qaçqın və məcburi köçkün ailələrinin vəziyyəti ilə tez-tez maraqlanar, onlara yardım köməkliyini təşkil edirdi. Bu gün adını daşıdığı 115 №-li tam orta məktəbdə məhz Səmayə müəllimənin rəhbərlik etdiyi sinifdə təhsil alan Azər Məmmədov Qarabağ uğrunda gedən döyüşlərə könüllü qoşularaq Şuşa, Əsgəran, Ağdam, Xanabat kimi döyüş bölgələrindəki hərbi əməliyyatlarda iştirak edərək ölümlə üzbəüz gəlib, ölümə sinə gərmişdir. 1992-ci ilin fevralında baş verən Xanabat-Daşaltı əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksələn Azər Məmmədov Binəqədi rayonunun ilk şəhidi idi.
Məhz bu kimi faktlar Səmayə müəllimənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının bariz nümunəsidir.
Ömrünün ən dəyərli vaxtlarını təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr edən ləyaqətli ana, sevimli nənə, mehriban dost, ziyalı insan hörmətli və əzizimiz Səmayə müəllimə! 75 illik ziyalı ömrünüz mayaktək parlayaraq Sizdən örnək götürən hər bir kəsin yollarına şəfəq saçır. Nümunəvi davranışınız, insani keyfiyyətiniz əsl müəllim obrazının sinvoludur.
Simanızdakı nuranilik, çöhrənizdəki təbəssüm heç vaxt əksik olması!
Ulu tanrıdan Sizə bahar çiçəkləri tək ətirli ömrünüzün uzun olmasını və möhkəm can sağlığı arzulayaraq yubileyinizi ürəkdən təbrik edirik!
Əziz müəllimə
Məktəb illərini varaqlayıram,
Sizləri hər gün xatırlayıram.
Sizinlə başlanıb gözəl illərim,
Ey mənim sevimli, əziz müəllimim!
Həmişə görmüşəm mehriban sizi
Xoş arzum, diləyim, xoş əməllərim
Ən uca zirvədir yeriniz sizin
Ey mənim sevimli, əziz müəllimim!..
Cəfərova Nəzakət Akif qızı,
Bakı şəhəri 115 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri,
məzunlardan biri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.