Dostumun dostu mənim də dostumdur

Dostumun dostu mənim də dostumdur Mən onu bir dəfə görmüşdüm, şair-qəzəlxan Məmməd Məcidoğlu ilə “Dirili Qurbani” məclisinə gələndə. Durub şeir söyləməyini görməmişdim. Məndən çox aralı əyləşmişdilər, giriş qapısına yaxın. Məclis tamamlananda qalxıb tez də getdilər. Həmin günün axşamı rəhmətlik Məmməd Məcidoğluna ev telefonuyla zəng etdim. Telefon dəstəyini özü götürdü. Səsi boğunuq eşidilirdi. Hal-əhval edəndən sonra məclisdə yanında olan vətəndaşın kimliyini soruşdum. Dedi: “Əli Zirəlidi. O da şairdi, gözəl şeirləri var. Eh, ay Xəlil, ev qayğıları və bu yazı-pozu, bəzi məsələlər imkan vermir ki, məclisdən sonra bir münasib çayxanada birlikdə əyləşib söhbət edib dincələk”. Sonra belinin və ayaqlarının ağrısından şikayətləndi. “Məmməd, həkimə az müraciət et, canın sağlam olar, şəxsən mən türkəçarəyə çox inanıram, nəinki, həkimə” dedim. Növbəti dəfə məclisə gələndə Ədalət adında bir nəfərlə gəlmişdi. O, şəxsi AYB-dən tanıdığım rəhmətlik Ədalət Əsgəroğluna oxşatdım. Məclisə həmişə onunla gələrdi. Şeiri çox sevən idi, sürücü işləyirdi. Bir müddətdən sonra o daha gözümə dəymədi. Məmməd daha məclisə tək gəlirdi. Bir masa arxasında Malik Əhmədoğlu, Sabir Şirvanzalov, Məmməd Məcidoğlu, mən və qeyri şair dostlarımız oturardıq. Məclisi Tariyel Abbaslı və yaxud Dirili Yusif Dirili Qurbaninin “Bənövşə” rədifli şeiri ilə açıb “Divani” havası ilə öz fəaliyyətini davam etdirərdi. O məclisdən mən həmişə yüksək ədəbi bədii zövqlə ayrılmışam.

Koronavirusun gəlişi tüğyan edən vədəsi cəmiyyətimizdə baş verə biləcək bütün tədbirlərə dövlətimiz qadağa qoydu. Hətta dünyasını dəyişmiş yaxınlarımızın, dostlarımızın yas mərasimlərində yaxından iştirak edə bilmirdik. İnsanlarda sanki bir qorxu, vahimə yaranmışdı. Dostlarımızla ancaq sosial şəbəkədə - “Feyzbuk”da görüşürdük və yaxud telefonla əlaqə saxlayırdıq.
İki gün keçmişdi ki, Məmməd Məcidoğluna zəng edib, söhbət etmişdim. Axşam saat 10-da kompyüteri qoşdum. “Feyzbuk”da şair dostumuz Vüqar Məcidin yazısını oxudum ki, Məmməd Məcidoğlu rəhmətə gedib. Çox təsirləndim. Növbəti gün evlərinə zəng edib başsağlığı verdim.
Bir neçə vaxtdan sonra – Aprel ayının ortaları olardı, tanımadığım bir telefon nömrəsindən telefonuma zəng gəldi. Telefonu açdıqda zəng vuran: “Xəlil müəllimdi?” sualını verdi. Mənim “Bəli” cavabımdan sonra sözünə davam edərək: “Məmməd Abdullayevin oğlu Ruslandır. Zəng vurdum bildirəm ki, 25 Aprel saat 14-də AYB-də atamın sonuncu 2 kitabının təqdimat mərasimi keçiriləcək, siz də dəvətlisiniz” dedi. Cavabında, “Allah atana rəhmət eləsin, gələrəm” dedim. Çox sevindim və eyni zamanda göylər kimi doldum. Bəli sinə dolu olanda dil lal olarmış. Sağ olsun Ruslan Abdullayev kimi layiqli övladlar. 25 Apreldə şəhərə getdim. Dəmiryolu vağzalının yuxarı hissəsində sazbənd dostum Rizvanla görüşüb sazıma bir dəst sim aldım və geri döndüm. Fikrim şəhəri gəzə-gəzə AYB-də təyin olunmuş tədbirə gəlmək idi. AYB-nin binasına yaxınlaşırdım ki, dostumun dostu şair Əli Zirəliylə rastlaşdım. Abdullayev Ruslan Məmməd oğlunun təşkilatçılığı ilə şairin yaxın dostu Əli Zirəlinin redaktəsi ilə çapa hazırlanmış sonuncu 7-ci və 8-ci “Divan” kitablarının təqdimatı AYB-nin “Natəvan” klubunda baş tutdu. Məclisdə mərhum şair-qəzəlxanın ailə üzvləri, onu yaxından tanıyanlar və şair dostları iştirak etdi. Təqdimat məclisini AYB-nin katibi – yazıçı-dramaturq İlqar Fəhmi açdı və Hacı Loğman davam etdirdi. İlk öncə respuplikamızın əməkdar artisti, aktyor Ağalar Bayrama söz verildi. O, çox peşəkarlıqla şairin bir neçə şeirini oxudu. Şairlərdən Hacı Loğman Qorqud, Qəşəm Nəcəfzadə, Əli Zirəli, Vüqar Məcid Əli Vahid Çaylı, Lilpar Cəmşidqızı, Mahirə Nəriman qızı, Könül İsmayıllı, Yusif Dirili, Mürvət Qədimoğlu, Malik Əhmədoğluna, ailə üzvlərinə və yaxınlarına söz verildi. Şair-qəzəlxan Məmməd Məcidoğlunun ünvanına ürək yanğısıyla xoş sözlər söylənildi və onun 7-ci və 8-ci “Divan”ından şeirlər oxundu. 3 saata yaxın çəkən məclis hiss olunmadan keçdi. Ruhu şad olsun şairin.

Dostumun dostunu yaxından tanımaq üçün vədələşib, Səməd Vurğun bağında görüşdük, nə az, nə çox saat yarım söhbət etdik. Sadə, səmimi qələm sahibi necə olmalıdı ki, sadəliyi xoşuma gəldi. Onu yaxından tanımaqla sanki rəhmətlik Məmməd Məcidoğlunun həyatda olduğu zamana qayıtdım. Vaxtılə Bakının kəndlərindən gözəl şairlər çıxıb və o ənənə indi də davam edir. Təkcə ədəbiyyatsevərlərin yaxşı tanıdığı Hacı Arif Buzovnalını nümunə göstərsəm kifayət edər. Şair Əli Zirəliynən görüşümüz zamanı mənə özünün yenicə çapdan çıxmış “Səni sevəcəyəm nə qədər sağam” adlı 2-ci kitabını hədiyyə etdi. Bunun üçün şair dostumu təbrik edib yeni yaradıcılıq uğurları dilədim. Xudafizləşib ayrıldıq. Evə gəlib, 360 səhifədən ibarət bu kitabı gecə yarısına kimi diqqətlə oxuyub tamamladım. Şəxsən mənim xoşuma gələn şeirlərdən bir neçəsini şeir sevərlərə təqdim etmək istərdim.


ŞAİRLƏR YATMIR GECƏLƏR

Bir vaxt eşitmişdim, inanmamışdım,
Guya ki, şairlər yatmır gecələr.
Mən şair deyildim, yazdım, yaratdım,
Anladım, şairlər yatmır gecələr.

O vaxt ki, başladım duyğulanmağa,
Vüsal həsrətini duyub, yanmağa.
Başladım fikrimi mən də danmağa,
Anladım, şairlər yatmır gecələr.

Vəsf etdim ilahi gözəllikləri,
Gözəl xanımlarda incəlikləri,
Sevdim gözəlləri, gülər üzləri,
Anladım, şairlər yatmır gecələr.

Bəzən havalandım nöqsanlı işdən,
Kobud davranışdan, pis bir vərdişdən.
Mənə toxdaq oldu səbrim, səriştəm,
Anladım, şairlər yatmır gecələr.

Həyan oldu mənə dostum, sirdaşım,
Doğma bacılarım, həyat yoldaşım.
Halımı sormadı doğma qardaşım,
Anladım, şairlər yatmır gecələr.

Ürəyim ağrıdı, dözməli oldum,
Gedib o dünyanı gəzməli oldum.
Kimisə acıqlı süzməli oldum,
Anladım, şairlər yatmır gecələr.

Bilmədim mən kimin dərdini çəkim,
Vətən dərdi çəkim, yar dərdi çəkim.
Dərddən üzülmüşəm, azalıb çəkim,
Anladım, şairlər yatmır gecələr.

Qapını kəsdirib ömrümün qışı,
Axır gözlərimdən həsrət yağışı.
Bilmirəm ki, necə qoyum balışı,
Anladım, şairlər yatmır gecələr.

Nigaran bir duyğu var ürəyimdə,
Gözlərim böyüyən nəvələrimdə.
Əliyəm, ixtiyar deyil əlimdə,
Anladım, şairlər yatmır gecələr.


DÜZƏLƏ

təcnis

Ələnsə başına dünyanın qarı,
Deyə bilməzsən ki, fələk, düz ələ.
Istəsən ki, arta ruzin, qismətin,
Mütləq sahib olmalısan düz ələ.

Xəngəl üstə yar verdiyi qıymadı,
Bir də gördün, onu sənə qıymadı.
Ha göz vurdun gözünü də qıymadı,
Üz də gəlmir deyəsən ki, düzəl, ə.

Sevən kəsdən cavab olar «can» «can»a,
Sevilənlər qurban eylər can cana.
Taqət qalmaz rəqs edələr «cancana»,
Rəqs etməklə çətin ki, «iş» düzələ.


UNUDA BİLƏRMİ

Gözlərin qəlbimə nələr deyirdi,
Vaxtsız saçlarıma səpəndə dəni.
Dilim də qəlbimtək səni öyürdü,
Ürəyim unuda bilərmi səni?

Qara taleyimə demişdim kömür,
Fələk biz deyəni nə üçün demir?
Səcdə eyləmişəm sənə bir ömür,
Ürəyim unuda bilərmi səni?

Sevən ürəyimi atmışdın oda,
Gənclik illərimi mən verdim bada.
Nəyi unutsa da qoca dünyada,
Ürəyim unuda bilərmi səni?


HAYANA GEDİRƏM

Olmuşam xəzanda saralan yarpaq,
Ürək tir-tir əsən nanədi, nanə.
Bir gün də olaram bir ovuc torpaq,
Həsrətin eləyib məni divanə.

Eşqin yollarında düşsəm də yorğun,
Baxıram hüsnünə mən oğrun-oğrun.
Bilmirəm dəliyəm, yoxsa ki, vurğun,
Həsrətin eləyib məni divanə.

Belini qucmağa həsrətdi qolum,
Dözüm tərk eləyir, qurbanın olum.
Hayana gedirəm, bağlanır yolum,
Həsrətin eləyib məni divanə.

Azalmır qəlbimin alovu, közü,
Dilimdə bal dadır “sevirəm” sözü.
Eşqin dəlisinə məlhəm dərd özü,
Həsrətin eləyib məni divanə...

Şairin yazdığı bayatılardan nümunələr:

* * *
Əzizim, qara baxtım,
Qar yağdı, qara baxdım,
Kaş qismətim olaydın,
Olmazdı qara baxtım.

* * *
Bu dünya, qəmli dünya,
Dərdli, vərəmli dünya.
İnsanları dərd çəkir,
Gözləri nəmli, dünya.

* * *
Əzizim, yara sızlar,
Sağalar yara, sızlar.
Yaranın nə olduğun,
Anlamaz yarasızlar.

* * *
Əzizim, Şuşa bizim,
Qarabağ, Şuşa bizim.
Şəhidlər olmasaydı,
Olmazdı Şuşa bizim.

* * *
Əzizim, Vətənimsən,
Yurdum sən, Vətənim sən.
Düşmənlərə göz dağı,
Sarsılmaz Vətənimsən.

* * *
Əzizim, Vətənimsən,
And yerim, Vətənimsən.
Razıyam şəhid olam,
Sən var ol, Vətənim, sən.


Dostumun dostu, dostum şair Əli Zirəliyə can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm.

Dostumun dostu mənim də dostumdur

Şair-publisist Xəlil Zeynalov
Sentyabr – 2022-ci il.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: