O, Kolumbiya Universitetində mühəndislik ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
-Kolumbiya Universitetində verilən təhsildən çox məmnunam. Burada oxuduğum dövrdə nəzəri və praktik baxımdan çox şeylər öyrəndim. Dərs zamanı tədris olunan mövzular, bizə verilən tapşırıqlar, universitetin bizim üçün yaratdığı şərait, müəllim və tələbə münasibətinin professionallığı ümidlərimin tam doğrulduğunu deməyə imkan verir.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Daha öncə Türkiyənin Orta Doğu Texniki Universitetində təhsil almışam. Orada aldığım təhsil mənim üçün möhkəm bünövrə olub. Amma daha bir fərqli ölkə və təhsil mühitini gördükdən sonra, çox istərdim ki, əvvəl oxuduğum ali məktəbdə müəllimlər tələbələri qiymət almağa yox, vacib olan məsələləri öyrənməyə həvəsləndirsinlər. Bundan əlavə, dərslərdə keçirilən mövzuların bu günümüzlə səsləşməsinə diqqət ayrılmasını istərdim.
- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?
- Bayrağımızı gətirmişəm. Çünki bayrağımız ölkəmizin rəmzlərindən biri kimi dünyada daha çox tanınmağa və sevilməyə layiqdir.
- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza və həmyaşıdlarınıza nə demək istərdiniz?
- Gənclər özlərinə maraqlı olan sahələri seçsinlər və davamlı olaraq öz üzərlərində işləsinlər. Bu, hər bir gəncin layiqli uğur qazanması və yüksək səviyyəli mütəxəssis kimi yetişməsi üçün əsas şərtdir.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Burada müəllim və tələbə münasibəti çox professional və eyni zamanda səmimidir. Müəllimlər tələbələrə lazım olan mövzunu öyrətmək üçün əllərindən gələni əsirgəmirlər. Əgər hər hansı bir tələbə istənilən mövzunu mənimsəməkdə çətinlik çəkdiyini bildirsə, müəllimlər dərhal bunu nəzərə alır və tələbəni çətinlikdən çıxarmağa, ona hər cür yardım etməyə çalışırlar.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Mühəndislik fakültəsində tələbələrin 80-90 faizinin əcnəbi olduğunu nəzərə alsaq, burada əcnəbi və yerli tələbələr arasında heç bir fərq qoyulmur. Ümumilikdə bizə göstərilən münasibətdən çox razıyam.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
-Bakalavriat təhsilimi Türkiyədə aldığım üçün Azərbaycanın ali təhsili barədə geniş məlumatım yoxdur.
- Çətinlikləriniz varmı?
- Xeyr, heç bir çətinliyim yoxdur.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtlarımda kompüter proqramlaşdırması və idmanla məşğul oluram.
REDAKSİYADAN:
Biz də Zim.Az olaraq, əslən Ulu Borçalımızın qədim Başkeçid elindən olan Səncər Bədirxan oğlu Əhmədova yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.