ÖRNƏK SAYILACAQ ÖMÜR SAHİBİ

ÖRNƏK SAYILACAQ ÖMÜR SAHİBİ İnsan həyatında başa çatan hər on il ömrün hesabat anı sayılır və ömür sahibinin fəaliyyəti, yaradıcılığı ictimai-siyasi yüklü olub zəhmət adamlarına xidmət edirsə, bu anın önəmi, dəyəri qat-qat artır. Zahid İbrahim oğlu Qaralovun 80 illik yubiley törənində iştirak edərkən bunun bir daha canlı şahidi oldum.

Törəndə Zahid müəllim haqqında eşitdiklərimdən belə qənaətə gəldim ki, o, bir insan ömründə neçə-neçə insan ömrü yaşayır, daha doğrusu, onun gördüyü işlər, gerçəkləşdirdiyi əməllər bir insan ömrünə sığmayacaq qədər çoxdur, lap çox…

Zahid müəllimə, bir qohum kimi, yaxından bələd olsam da, onu özüm üçün yenidən kəşf etmiş oldum.

Zahid İbrahimoğlu Dağ Borçalının Ormeşən elində dünyaya göz açmış, ilk əmək fəaliyyətinə 8 illik kənd məktəbinin direktoru kimi başlayaraq rayon komsomol komitəsinin birinci katibi, daha sonra Bakıda institut direktoru, nazir müavini, Milli Məclisin deputatı kimi məsul vəzifələrdə işləmiş, böyük bir nəslin soy adını şərəfləndirmiş, ağsaqqal mərtəbəsinə yüksəlmişdir…
Mən onun zəhmət dolu həyat yolunu təfərrüatı ilə qələmə almaq fikrindən uzağam. Xatirat kitabında yer alacaq yazılarda bunların öz əksini tapacağına ürəkdən əminəm.

Böyük şəxsiyyətlər cəmiyyətdə tutduqları mövqedən asılı olaraq öz hərəkətlərində daha çox ciddi olmağa üstünlük verirlər. Zəhmət adamlarına yaxınlığı ilə seçilənlər isə adi həyat tərzi sürür, yeri gələndə sadəlövh olur, sevir, sevilir, adiləşir, deyib-gülməkdən, zarafat etməkdən ləzzət alır, sadə insan həyatı yaşayırlar. Sadə, səmimi, xeyirxah, qayğıkeş, təvazökar insan olan Zahid müəllim də örnək sayılacaq belə bir ömür yaşayır.

Zahid İbrahimoğlunun zəngin həyat tarixçəsinin ümumi mənzərəsini tamamlamaq baxımından onun özünün iştirakçısı və müşahidəçisi olduğu gülüş doğuracaq iki olayı Zahidsevərlərin diqqətinə çatdırmaqla tarixin yaddaşına köçürmək qərarına gəldim.

       
                                               
Qonaqlıq borcu
 
…Tələbəlik illəri idi. Orta məktəb dostum, həm də qohumum Əli Qaralovla Yasəmən xalagildə qalırdıq. Çətinliklərimiz olsa da, maraqlı həyat yaşayırdıq.
Bir bazar günü qəfildən qapının zəngi ara vermədən xeyli səsləndi. Gələn qızılkilsəli Ziyadxan Sədiyev idi. Rayonda bir gürcüyə ağır bədən xəsarəti yetirmiş və qaçıb Bakıya gəlmişdi. Ziyadxan Yasəmən xalanın rəhmətə getmiş ərinin yaxın qohumu idi və o da bizimlə qalmalı oldu.
Ziyadxan zirək, gözüaçıq, nadinc, şıltaq, ayıb bilməyən, narahat və hər şeydən pul qazanmağı bacaran bir adam idi. O, özünü oda-közə vurub şəhərdə pasport qeydiyyatına düşdü və tezliklə də ticarət sistemində işə düzəldi. Daha dəqiqi, xingalxana açdı. Bu, Bakıda, bəlkə də, ilk xingalxanalardan biri idi. Müştərisi boldu, qazancı da başından aşırdı. Gecə-gündüz kitablardan ayrılmadığımı görər və mənə sataşıb üstümə gülərdi. Tez-tez də təkrar edərdi:
– Seçdiyi sənətə bax, müəllim olacaq. Ay yazıq, sənin bir ayda alacağın donluğu mən bir, uzaqbaşı iki günə qazanıram…
Bu sözləri söylədikdən sonra da əllərini bir-birinə sürtər, şaqqanaq çəkib gülərdi. Ondan incisəm də, üzə vurmazdım. Heyif almaq üçün fürsət axtarırdım. Əlbəttə ki, bu, düşmənçilik səviyyəsində olan bir istək deyildi, sadəcə olaraq, ona zarafatyana bir qulaqburması vermək istəyirdim. Adamın üstündə allahı var, Ziyadxan əliaçıq adam idi, hərdənbir Əli ilə mənə qonaqlıq da verərdi. Amma mənə sataşmağından da qalmazdı…
Bir gün, onun təşəbbüsü ilə, üçümüzün birlikdə şəklimizi çəkdirdi. Axşamtərəfi idi. Əli ilə evdə oturmuşduq. Ziyadxan hay-harayla otağa girdi. Əlindəki kağız bükülünü açıb şəkilləri göstərdi, sonra da hərəmizə birini verdi. Həmişəki kimi yenə mənə sataşdı:
– Gələcəyin ac müəlliminə məndən – cibləri pulla dolu ticarətçidən yadigar qalsın…
Əli əlində tutduğu şəkilə uzun-uzadı baxdı. Gözlərini qıymışdı, üzündə qəribə bir ciddilik vardı, sözlü adama oxşayırdı. Baxışlarımı ondan ayıra bilmirdim, nə isə baş verəcəyini hiss etmişdim.
– Ay Ziyadxan, Zahidlə bir-birinizə necə oxşayırsınız, elə bil yarı almasınız…
Ziyadxan Əlinin sözlərini eşidən kimi dönüb mənalı-mənalı xeyli mənə baxdı, gözləmədiyim halda yaxınlaşıb boynumu qucaqladı, sonra da araq və xingal iyi verən sulu dodaqlarını üzümə yapışdırdı.
– Qadasın alaram, mənim gələcək alim qaqaşımın. Mən səni çox istəyirəm, lap çox. Görək sən də məni istəyirsənmi, – deyib şəkillərdən birini götürdü, masanın üstündəki balaca güzgünü qabağına çəkdi, gah şəkilə, gah da güzgüdə özünə baxdı. Hərdənbir də dönüb diqqətlə məni süzdü. İçkili olduğundan nə danışdığının, nə etdiyinin fərqində deyildi. Məni maraq götürmüşdü. Əli də təəccübdən donub qalmışdı. Ziyadxanın yenə nə oyun çıxaracağını gözləməkdən başqa çarəmiz qalmamışdı. Hadisə özünü çox gözlətmədi. O, zarafata oxşamayan çox ciddi bir tərzdə qayıtdı:
– Sənin mənə hörmətinin sınaq anı çatıb, mənim əziz, istəkli yerlim, yox, qohumum. Mən ali məktəbə qəbul olmaq istəyirəm. Amma ağlım olsa da, biliyim yetərli deyil. Dost dosta, yerli yerliyə, nəhayət, qohum qohuma hansı gündə gərək olar?! Ağıl, bacarıq məndə, bilik də səndə. Yerimə imtahan verərsən, olaram tələbə, sənin də mənim yanımda həm hörmətin artar, həm də əvəzində ikinizə də bahalı parçadan kostyum tikdirərəm, hələ hərdən cibinizə xərclik də basaram…
O, işi düzəlmiş kimi, əlini-əlinə sürtür, gözlərini üzümdən çəkmir, məndən cavab gözləyirdi.
Qəti etiraz etmək istədim. Əlinin içini arıtlaması və qaş-göz edib razılığımı verməyə işarə etməsi məni fikrimdən daşındırdı. Bir də Ziyadxandan heyif almaq istəyim yadıma düşdü və sonluğunu fikirləşmədən fürsətdən istifadə etmək qərarına gəldim. Ancaq özümü bir az naza çəkdim:
– Sənə yaxşılıq etməyə həmişə hazıram, amma qorxuram…
– Niyə? Burada qorxulu nə var ki? Sən həm Zahidsən, həm də Ziyadxan. Əli demədi ki, bir almanın iki yarısısınız…
Könülsüz də olsa, razılıq verdim. Elə bundan sonra macəralı günlərimiz başladı. Ziyadxan hər gün işdən evə qayıdanda qucağı dadlı yeməklərlə dolu olardı. Bakıda getmədiyimiz, qonağı olmadığımız restoran, pivəxana qalmamışdı. Aradabir məni ayrıca qonaqlığa aparar, Əliyə bildirməməyi tapşırardı. Mən də hamısını Əliyə danışardım, doyunca gülərdik. İkimiz də xeyli kökəlmişdik…
Ziyadxan sənədlərini düzəldib artıq universitetə vermiş, imtahan vərəqəsini də götürmüşdü. İmtahanların vaxt-vədəsi yaxınlaşırdı. Narahat olmağa başladım. Əgər Ziyadxanın əvəzinə imtahanlarda iştirak etməsəydim, onun haray-həşirindən, danlağından, qarayaxmalarından qurtara bilməyəcəkdim. Haqqı da vardı! İmtahanlarda iştirak etməyi isə ağlıma sığışdıra bilmirdim. Bu qovğalı hadisənin səbəbkarı Əli olduğundan ona da üz tutdum. Elə çıxış yolunu da o tapdı.
– Bizi bu bəladan qurtara bilsə, ancaq və ancaq adaşın Zahid müəllim qurtara bilər…
Əlinin tapıntısı göydəndüşmə oldu. Sevinib xeyli toxtadım.
Növbəti günü Zahid müəllimgilə yollandıq. Sultanə xanım bizi gülərüzlə qarşıladı, qabağımıza çay qoydu. Zahid müəllim yazı-pozu işi ilə məşğul idi.
Hadisəni olduğu kimi danışdıq. Zahid müəllim də, Sultanə xanım da gözləri yaşarana qədər güldülər.
– Yaman yerdə axşamlamısınız, qardaşlar. Ziyadxanın əlindən yaxa qurtarmaq hər oğulun işi deyil, – Zahid müəllim qorxumuzun üstünə bir az da qorxu yüklədi.
Araya sakitlik çökdü. Zahid müəllim dinib-danışmırdı, qayğılanmışdı elə bil. Deyəsən, çətinə salmışdıq onu. İçində götür-qoy etdiyi hiss olunurdu, ancaq bir qərara gələ bilmirdi. Və nəhayət, sükutu pozub dilləndi:
– Deməli, belə, bazar günü Ziyadxanı da götürüb gəlirsiniz bizə. Çalışıb bir tədbir görərik. – Sonra gülə-gülə əlavə etdi: – Ziyadxandan 15-20 qonaqlıq yemisiniz, işinizə əncam çəkə bilsəm, mənə biri də bəsimdi.
Sevincdən razılığımızı bildirmək istəsək də, o bizi qabaqladı:
– Amma indi yox, institutu bitirib, işləməyə başlayandan sonra…
– Yox, bir Ziyadxanınızın yeri əksikdi, – yan otaqdan Sultanə xanımın etiraz səsi eşidildi.
– Ay Sultanə, deyəsən, sən bizi Şabanla düşmən etmək istəyirsən, – Zahid müəllim tələsik dilləndi.
Onu da deyim ki, Ziyadxan Zahid müəllimin özündən böyük qardaşı mərhum Şabanla dost-doğmaca bacanaq idi.
Söhbətin bu yerində Sultanə xanım stul çəkib yanımızda əyləşdi.
– Ziyadxanın harası Zahidə oxşayır? – deyib məni göstərdi. – Onun pələ bığı var.
– Bığını qırxdırıb, – mən günahkar-günahkar dilləndim.
– Elə bizi yoldan çıxardan da bığını qırxdırması oldu, – Əli güclə eşidiləcək səslə söhbətə qarışdı.
Sultanə xanım Ziyadxanın mənə oxşamadığını sübut etmək üçün təşəbbüsü ələ alıb əks-arqumentlərini dilə gətirdi:
– Ziyadxanın burnu yekə, həm də əyridi, saçı da Hitlerin saçına oxşayır, özü də elə onun kimi yana darayır…
Mən özümü tikan üstündə oturmuş kimi hiss edirdim. Məsələnin həllinin baş tutmayacağından qorxurdum. Üçümüz də, mərhəmət umurmuş kimi, dönüb Sultanə xanıma baxdıq. O isə gülümsəyirdi.
Zahid müəllim söhbətə yekun vurdu:
– Hə, qardaşlar, işiniz düzələnə oxşayır. Bazar günü üçünüzü də gözləyirik…
Zahid müəllimgildən ayrıldıq. Əli yumşaq-yumşaq gülümsəyirdi, mənimsə uçmağa qanadım çatmırdı. Qalırdı Ziyadxanı dilə tutub görüşə gətirmək.
Təəccüblü olsa da, deyim ki, Ziyadxanı dilə tutmağa ehtiyac qalmadı. Söhbəti açan kimi razılığını bildirdi.
– Ağıl-ağıldan üstündür, – dedi, – Zahid müəllimin yaşı çox olmasa da, Bakıda el-obamızın baş biləni, məsləhət yeridir…
Ziyadxandan eşitdiklərimizə inana bilmirdik. İmtahan məsələsi ortaya çıxandan, elə bil, ağıllanmış, çılğınlığı, dalaşqanlığı yoxa çıxmışdı, dəyişmişdi əməlli-başlı. Bu da məni sevindirirdi. Bir adamı dinə-imana gətirməyin özü də savabdan idi.
Ziyadxan bazar günü işdən evə tez qayıtdı. Bizi götürüb bazara apardı, üç ədəd kağız torba alıb hərəmizə birini verdi, içlərini bazar sovqatı ilə doldurdu, hələ mağazadan bir şüşə araq da aldı.
Zahid müəllim bizi qayğıkeşliklə qarşıladı. Səsində qəribə bir şirinlik, həlimlik, doğmalıq vardı. Diqqəti daha çox Ziyadxana verməyə çalışırdı.
– Balam, hərdənbir Ziyadxana şəhərdə rast gəlirəm, Zahidlə Əli isə aya-günə dönüblər. Bizi aylarla itirib-axtarmırlar. Bu gəliş yenə Ziyadxanın işi olacaq…
Zahid müəllimin söhbətə belə başlaması ürəyimdən idi. Görüşün əvvəlcədən danışıq olduğu fikrinə şübhələr aradan qalxırdı. Yan-yana düzülmüş sovqat torbalarına gözucu baxan Sultanə xanımın üzündə şəfqət nurunun payı artmışdı.
Süfrəyə oturduq, ortaya araq da qoyuldu. Birinci badədən sonra Ziyadxanın dili açıldı.
– Zahid müəllim, heç gəlişimizin səbəbini soruşmursunuz.
– Deyərsiniz, bilərik.
– Sənədlərimi universitetin axşam şöbəsinə vermişəm, özü də tarix fakültəsinə. Deyirəm, texnikumla uzağa getmək olmur. Təzədən tələbə olmaq eşqinə düşmüşəm, – deyib əvvəlcə mənim, sonra Əlinin, sonda da Zahid müəllimin üzünə baxdı.
– Lap yaxşı, gec də olsa, gözəl iş tutmusan. Elm dalınca getmək heç vaxt gec deyil, uğurlu olsun.
– Zahid müəllim, amma məsələnin bir əmması var. Kitablarla mənimki heç vaxt tutmayıb. Daha doğrusu, hanı məndə o bilik ki, imtahan verə bilim. Belə qərara gəlmişik ki, – o, Əlini və məni göstərdi, – imtahanlarda əvəzimə Zahid iştirak etsin, – deyib bu dəfə də başı ilə təkcə məni göstərdi.
Mənə elə gəldi ki, Zahid müəllim eşitdiklərinə diksinən kimi oldu. Əlindəki çəngəli qabağındakı boşqaba qoyub kənara itələdi.
– Deməli, sən Zahidi institutdan qovdurmaq, həbsə atdırmaq və nəhayət, gələcəkdən məhrum etmək istəyirsən…
Onun səsində əvvəlki mülayimlik, həlimlik qalmamışdı. Elə bil üzünün cizgiləri də sərtləşmişdi. Ancaq gözlərində qəribə bir təbəssüm vardı. Mən maraqla gözaltı Ziyadxana baxırdım. Yazıq çaşıb qalmış, özünü itirmişdi. Ağzına qoymaq istədiyi tikə əlində qalmışdı. Handan-hana özünə gəldi, Zahid müəllimi sakitləşdirmək istəyirmiş kimi güclə dilləndi:
– Zahid müəllim, xahiş edirəm, hirslənməyin, biz də elə buna görə yanınıza məsləhətə gəlmişik…
– Bu işi axıra çatdırmaq istəyirdinizsə, gərək mənə deməyəydiniz. İşin üstü açılanda bundan mənim də xəbərdar olduğumu Zahidin böyükləri biləcəklər, onda məndən inciməyəcəklərmi, hə?
O, danışığına qısa ara verdi, sonra tələsmədən yenə davam etdi:
– Qulaq as, Ziyadxan, keçən həftənin üçüncü günü Təhsil Nazirliyində builki qəbul imtahanlarına həsr olunmuş geniş kollegiya iclası keçirildi. İnstitutumuzun məsul işçisi kimi iclasa mən də dəvətli idim. Kollegiyada məlum oldu ki, ötən il qəbulda xeyli belə hadisə yer alıb. O da maraqlıdır ki, başqalarının yerinə imtahan verənlərin çoxusu da institut tələbələri olub. İndi onların hamısı institutlardan qovulub, işləri də cəza orqanlarına verilib, güman ki, tutulacaqlar. Hələ yerinə imtahan verilənləri demirəm…
Sözlərinin təsir gücünü yoxlayırmış kimi Ziyadxana baxdı. Ziyadxan yerində qurcuxur, gözlərini döyürdü. Dostumuzun mövqeyini yoxlamaq məqsədilə mən kişiləndim:
– Zahid müəllim, söz vermişəm, nəticəsinin necə olmasına baxmayaraq, mən imtahanlarda iştirak etməkdə qərarlıyam…
– Yaxşı görək, – Ziyadxan tərs-tərs mənə baxıb sözümü yarımçıq kəsdi, – yekə-yekə danışma, qurban olsun hər şey Zahid müəllimə, – deyib eşələyib cibindən çıxartdığı imtahan vərəqini dörd yerə böldü.

Məsələnin belə asanlıqla həll olunacağını gözləmədiyimdən çaşıb qalmışdım. Özüm də bilmədim niyə, amma məni, doğrudan da, utancaqlıq və peşmançılıq hissləri bürümüşdü. Əli heyrətdən böyümüş gözlərini Ziyadxandan çəkə bilmirdi. Zahid müəllim də qayğılanmışdı. Baxışlarında əvvəlki təbəssüm görünmürdü. Kədərli bir mənzərə yaranmışdı. Baş verənlərin səbəbkarı kimi özümü böyük günaha batmış sandım…
(Artıq Ziyadxan neçə illərdi ki, haqq dünyasındadır. Qoy ruhu keçsin günahımdan).

Sonunun nə ilə nəticələnəcəyini hələ də bilə bilmədiyimiz macəramızın sonluğuna Zahid müəllim belə aydınlıq gətirdi. Əlbəttə ki, bu bir gənclik zarafatı idi. İndi hər dəfə Zahid müəllimlə, Əli ilə rastlaşanda uzaq keçmişə qayıdır, bu hadisəni yada salır və o günlərin artıq ilğıma bürünmüş nisgilli hisslərini təkrarən yaşamalı oluruq.
Hərdənbir Zahid müəllimlə görüşəndə üzə vurmasa da, gülümsəyən gözlərindən nəyi isə yada salmaq istədiyini duyuram. Axı, mənim ona hələ də vermədiyim bir qonaqlıq borcum qalıb. Ucadan deməsəm də, içimdə səslənən səssiz pıçıltını aydınca eşidirəm: “Tələsməyin, əzizimiz Zahid müəllim, 90, yox, 100 illik yubileyinizdə qonaqlıq borcumun xəcalətindən, türk qardaşlar demişkən, çıxacağıma yüzə-yüz söz verirəm”.
 
Adaşlar

...Yenə tələbəlik illəri idi. Bir dəfə şəhərdə gəzib dolaşarkən Sultanə xanımın əmisi oğlu Zahid Bayramova rast gəldim.
– Zahid müəllimgilə gedirəm, həvəsin olsa, mənə yoldaşlıq edərdin.
Təklif ürəyimdən oldu. Çoxdandı Zahid müəllimi görmürdüm. Fürsətdən yararlanmaq qərarına gəldim.
Bizi Sultanə xanım qarşıladı.
– Keçin oturun, – dedi, – Zahid də indilərdə gələsidir.
Yenicə oturmuşduq ki, qapı döyüldü. Gələn Zahid idi, amma bu tamamilə başqa Zahid idi. Ana tərəfdən onun Zahid müəllimə qohumluğu çatırdı. Üçümüz də bir-birimizə baxıb gülümsədik. Aradan heç on dəqiqə keçmədi ki, həyətdən Zahid müəllimin məlhəm səsi eşidildi. O, tək deyildi. Yanında bir nəfər də vardı. Tanımadım, ilk dəfəydi görürdüm. Zahid müəllim qonağı özündən qabağa buraxıb: – Tanış olun, – dedi və bizə göz gəzdirib, müəmmalı şəkildə gülümsədi.
Qonaq bir addım irəli keçib əlini uzatdı və adını söylədi:

– Zahid!
Biz də növbə ilə öz adlarımızı dilə gətirdik. Zahid adının xoru alındı.

Qonaq tutulub qalmışdı. Yanaqları qızarmış, pərt olmuşdu. Deyəsən, ələ salındığını güman etmişdi. Zahid müəllimin qəhqəhə çəkib gülməyi bəs deyilmiş kimi, Sultanə xanım da ona qoşulmuşdu. Donub qalmış qonağın köməyinə elə Zahid müəllimin özü çatdı:

– Mustafayev, özünə gəl, – Zahid müəllimin ürəklərə sərinlik gətirən səsi eşidildi, – onların hamısının adları, doğrudan da, Zahiddir. Heç dəvətnamə ilə də beş adaşı – Zahidi bir yerə toplaya bilməzdik. Günah mənimdi, gərək bir-birinizi adınızla deyil, soy adınızla təqdim etmək barədə sizləri xəbərdar edəydim…
İndi hamımız gülürdük. Bayaqdan tutulub qalmış Zahid Mustafayev isə bizdən də ucadan gülürdü…

ÖRNƏK SAYILACAQ ÖMÜR SAHİBİ Zahid müəllimdə geniş erudisiya ilə yanaşı, qəribə bir cazibə qüvvəsi də var. O, sözün əsl mənasında, ətrafında pərvanələr dövrə vuran yanar şama bənzəyir. Ürəkdən əminəm ki, o şamın şöləsinə baxıb sevinənlərin sayı yetərincə çoxdur, lap çox…

Zahid Məhəmməd oğlu Əhmədov


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: