HƏSƏNPAŞA QURBANOV (1924-2000)

HƏSƏNPAŞA QURBANOV  (1924-2000) Həsənpaşa Balaca oğlu Qurbanov - 1924-cü ildə Borçalı mahalının Başkeçid rayonunun Səfərli kəndində anadan olub. Onun uşaqlıq həyatı Səfərli bulaqlarının başında, yeniyetməlik dövrü isə vüqarlı dağların qoynunda keçib. Təhsilli insan olmaq həvəsində olan Həsənpaşa Qurbanov orta təhsilini Hamamlıda başa vurduqdan sonra Tiflisdə Ticarət Texnikomunda oxuyub. İrəvanda isə Koperasiya Texnikomunu bitirib. Faşist Hitlerin ağlasığmaz müharibəsi başlayanda, ölkəsinə hücum olan keçmiş SSRİ höküməti Sovet pasportu daşıyan bütün gənc və gənc ailə başçılarının hamısını vətənin müdafiəsinə - ön cəbhəyə çağırış edib. Elə həmin çağırışla SSRİ adlanan Vətəni qorumaq üçün təkcə bizim Səfərli kəndindən 75 nəfər ön cəbhəyə yollanıb. Onlar arasında Qurbanov Həsənpaşa da olub.

Zorla müharibəyə cəlb edilən, Vətəninin müdafiəsi uğurunda döyüşən hər bir əsgər öz dövlətinin qəhrəmanıdır. Hər hansı bir müharibə də Vətənini qoruyan, düşmənə qalib gələn istər sağlam, istər yaralı qayıdan hər bir əsgər öz xalqının qəhrəmanı və qazisidir.
HƏSƏNPAŞA QURBANOV  (1924-2000)1941-də başlayan Sovet və faşizm müharibəsi 1945-də Sovet İttifaqının tam qələbəsi ilə başa çatanda Vətən müharibəsinin qəhrəmanı, qazi Həsənpaşa Qurbanov doğma kəndinə sinəsi ordenli və kapitan rütbəli zabit kimi qayıtmışdır. O, sonralar daha bir neçə orden və medalla, o cümlədən 2-ci dərəscəli "Vətən müharibəsi""Qırmızı ulduz" ordenləri ilə, "Faşizm üzərində Qələbə" və s medallarla təltif olunmuşdur.

Həsənpaşa Qurbanov sonralar bir müddət Bakı şəhərində yaşamış, “Salyaniski” deyilən hərbi şəhərçikdə xidmət etmişdir.
Təxris olunandan sonra yenə doğma Səfərliyə qayıtmışdır.
Bir müddət Dmanisi rayon Təmir-Tikinti kontorunda rəis, Səfərli kənd kolxozunda sədr işləmiş, Dmanisi rayon Kooperativlər İttifaqında məsul vəzifələrdə çalışmışdır.

Səkkiz övlad atası olan Həsənpaşa Qurbanov Böyük Vətən müharibəsinin Qəhrəmanı olmaqla yanaşı, həm də AİLƏ QƏHRƏMANIDIR.
O, övladının səkkizinə də təntənəli el toy etmişdir. Hamısı da ali və peşə ixtisas təhsillidilər:

Qurbanov Rafiq Həsənpaşa oğlu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini, Ramiz Həsənpaşa oğlu (Allah rəhmət eləsin) Bakı şəhərində Mədəni Maarif Texnikomunun kitabxanaçılıq fakültəsini, Pakizər Həsənpaşa qızı Ticarət Texnikomunu, Mahizər Hə-sənpaşa qızı Bakıda Tibb texnikomunu, Mübariz Həsənpaşa oğlu Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun “Körpü-tunel-tikinti” fakültəsini, Sərmayə Həsənpaşa qızı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məktəbəqədər fakültəsini, Müşfiq Həsənpaşa oğlu Qurbanov Bakıda Neft-qaz texnikomunu, Həmayə Həsənpaşa qızı (Nur içində uyusun) Bakıda Neft-qaz texnikomunu bitirmişdir.

Həsənpaşa Qurbanov Tamam bibimlə gözəl həyat yaşayıblar. İndiki cavanlara örnək olsun deyə bir həqiqəti də yazıram: Tamam bibim sakit təbiətli, təmkinli, sadə, dedi-qodudan uzaq duran bir xanım idi. İllərlə bir evin içində həyat yoldaşının analığı ilə birgə yaşamış bir gözəl kənd qızıydı. Özü nənə olmuşdu, yenə də qaynənəliyindən icazəsiz bir iş görməzdi, rəhmətlik.

Səfərli kəndinin ilk hərbiçi zabiti kapitan Həsənpaşa Qurbanov 2000-ci ildə vəfat etmişdir.
Məkanı cənnət olsun.


Onu da qeyd edək ki, Həsənpaşa Qurbanovun ağıllı, savadlı, el içində xüsusi hörmətə layiq olan nəvələri, nəticələri də var.
Allah hamısını qorusun.
İnşəAllah, “Başkeçidin ziyalıları” adlı ensiklopedik məlumat kitabımızın növbəti sayında onların hamısı haqqında yazıb, tarixləşdirəcəyik.


Sevgül SƏFƏRLİ,
“Borçalı” qəzetinin Baş redaktor müavini

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: