sayğılı müəllimim,
həmkarım-könül dostum,
Böyük təbiətşünas alim,
elm fədaisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor,
Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvi, “ŞÖHRƏT” ordenli,
çox hörmətli
Qara Mustafayevin
bu gün tamam olan
85 illik yubileyi şərəfinə yazdığım kiçicik bir şeir parçası ilə onu salamlayır, sevgilərimi yetirir və qəlbən təbrik edirəm!
Çox az tapılar yəqin,
Onun təki düz olsun.
Bu saflıqla, biliklə,
Gecəsi gündüz olsun.
Onun təki varmı heç
Ömrü elmə yaraşıq.
Yazdığı, yaratdığı
Hər kəlməsi nur, işıq.
Əməli-sözü qoşa
Onun kimi azdır, az.
Elm yolunda bu qədər,
Belə fədakar olmaz.
Hər cücünün, hər quşun
Məhəbbəti canında.
Onunçün də xətri var,
Yaradanın yanında.
Təmənnasız, qayğıkeş
Halal insandır - təmiz.
Təbiətin dostudur,
Xalqına doğma, əziz.
Çöhrəsindən nur yağır,
Gözlərindən təbəssüm.
Qəlbininn böyüklüyü
Yerdən- göyəcən bəsim!
Yusif DİRİLİ,
Bakı-Dərəkənd / 25 dekabr 2016-cı il
QARA MUSTAFAYEV – 85
MƏNALI ÖMRÜN ZİRVƏ MƏQAMI
Bu gün Böyük təbiətşünas alim, görkəmli elm fədaisi, Bakı Dövlət Universitetinin kafedra müdiri,
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvi, “ŞÖHRƏT” ordenli professor
Qara Teyfur oğlu Mustafayevin 85 yaşı tamam olur.
Professor Q.Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub.
1954-cü ildə ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1958-ci ildə elmlər namizədi, 1985 - ci ildə elmlər doktoru alimlik dərəcələrini, daha sonra professor elmi adını alıb.
1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda işləyib.
1960-cı ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində göstərir. İndiyədək bu elm və təhsil ocağında baş müəllim, dosent, dekan müavini, dekan vəzifələrində çalışıb, 1992-ci ildən BDU-da “Onurğalılar zoologiyası və bioekologiya” (hazırda “Onurğalılar zoologiyası”) kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunan Qara müəllim çoxlu sayda elmi və tədris-metodiki işin, yüzlərlə məqalə, onlarla monoqrafiya, dərslik və dərs vəsaitlərinin, telefilmlərin müəllifidir. 10-dan artıq elmlər namizədi və elmlər doktoru yetişdirib. 18 yeni elmi konsepsiya irəli sürüb. 20-dən çox ölkədə keçirilmiş 60-dan çox Beynəlxalq və Respublika səviyyəli konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib. Bir sıra beynəlxalq və dövlət əhəmiyyətli proqram və layihələrdə uğurla iştirak edib.
Müasir Azərbaycan ekologiyasının öyrənilməsində professor Qara Mustafayevin müstəsna xidmətləri vardır. O, konkret ərazidə və ya landşaftda müəyyən sahə vahidinə düşən quşları saymaqla Azərbaycanın ekologiyasına ilk dəfə obyektiv metod gətirib, konkret təbii rayonun heyvanlar aləmini səciyyələndirmək üçün “Ornitofaunanın keyfiyyət və kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili” konsepsiyasını irəli sürüb. Eyni zamanda Q.Mustafayev Azərbaycanın ekoloji rayonlaşdırılmasını aparmaqla “Bioloji rayonlaşdırmanın prinsipləri” konsepsiyasıni yaradıb. Alim tərəfindən antropogen faktorların quşlara təsiri hərtərəfli tədqiq edildikdən sonra onların keyfiyyəti və kəmiyyətilə yaşama yerinin antropogen təkamülü arasında əlaqələr açılmış, “Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen təkamülü arasında paralelizm” adlı orjinal bir konsepsiya yaranmışdır. Onun bu ideyası heyvanların yaşama yerinin antropogen transformasiyasının onlara təsirini düzgün proqnozlaşdırmaq üçün praktik əhəmiyyət kəsb edir.
Q.T.Mustafayev sinekoloji tədqiqatlar nəticəsində “Biotik əlaqələrin üçbucaqlı-qoşaxətli forması” adlı ekoloji qanun kəşf edib. Qanunun tərkib hissəsi kimi o, “Quru sahə heyvanlrının obyektiv qida xarakteri şkalası”nı, heyvanların sinantroplaşma prosesinin mərhələlərini müəyyən etməkdən ötrü ilk dəfə “Sinantroplaşma şkalası”nı yaradıb. Birinci şkala heyvanların qidalanması ilə bağlı ekoloji anlayışları subyektivizmidən xilas etməklə, onlara obyektiv xarakter verir. Q.T.Mustafayevin insanın ekologiyası ilə əlaqədar “Sivilləşmənin pozitiv və neqativ göstəriciləri” adlı yeni konsepsiyası hər kəsin özünü düzgün dərk etməsinə yönəlib.
Qara müəllimin Azərbaycanda ekologiyanın kütləviləşməsi istiqamətində gördüyü işlər misilsizdir. Xüsusilə, yaşlı və orta yaşlı nəslin məmnunluqla xatırladığı “Təbiətsevənlər” verilişi (mərhum professor Mirəli Axundovla birgə) onun ən böyük uğurlarından biridir. O, bu fəaliyyətini indi də yetirmələri və əməkdaşları ilə birlikdə, yaxud fərdi şəkildə, həm televizya verilişlərində, həm də mətbuat səhifələrində sevə-sevə davam etdirir. Ekologiyanın digər elmlərə inteqrasiyası onu daha çox düşündürən problemlərdəndir. Alimin ekologiyadan öncəki “ekologiya” ilə bağlı apardığı tədqiqatlar isə ölkəmizdə əhalinin ən qədim dövrlərdən indiyədək ətraf mühitə münasibətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. O, şübhəsiz, bir vətəndaş alim kimi hər iki sahədə davamçılarını yetirməklə də ekologiya elminə öz böyük töhfəsini vermiş olur.
Ömrün bu müdrik zirvə məqamında da yorulmaz fəaliyyətilə Azərbaycan elmininin inkişafı naminə bütün bacarıq və səylərini səfərbər edən görkəmli təbiətşünas alimimizə, dəyərli ziyalımıza, pedaqoqumuza, elmimizin patriarxına – çağdaş Azərbaycan təbiətşünaslıq elminin ağsaqqalına, sevimli Qara müəllimə - Qara Teyfur oğlu Mustafayevə Uca Allahdan möhkəm can sağlığı, tükənməyən yaradıcılıq eşqi arzulayır, onu 85 illik Yubileyi münasibətilə təbrik edir, çoxşaxəli fəaliyyətində bol-bol uğurlar diləyirik!..
Sayğılarla:
Yusif DİRİLİ (Mahmudov),
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun dissertantı,
Ətraf mühit üzrə tədqiqatçı
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun dissertantı,
Ətraf mühit üzrə tədqiqatçı
Bakı şəhəri,
25 dekabr 2016-cı il
25 dekabr 2016-cı il
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.