İlyas - “İlahi qüvvə”, Münəvvər isə - "İşıq, nur" deməkdir

İlyas - “İlahi qüvvə”, Münəvvər isə - "İşıq, nur" deməkdir Bəli. İlyas – ərəbcədən “İlahi qüvvə” deməkdir.
Nəzərə alınsa ki, şairlər İlahi tərəfindən seçilmiş, istedad əta olunmuş insanlardır, o zaman İlyas müəllimin adı taleinin tam təcəssümü oldu, desək heç də yanılmarıq. Və ALLAH-TƏALA onun taleinə Münəvvər adlı bir işıq, nur göndərdi, hansı ki İlyas müəllimi ömrü boyu həyatın keşməkeş­lə­rində yaşadan, yazıb-yaratmağa sövq edən və uğurlara ruhlandıran da bu qüvvə, bu işıq, bu nur oldu…

Mən, bu yazımda İlyas Tapdıq poeziyasının məziyyətlərindən deyil, sadəcə onu necə tanımağım və bu insanın həyatımdakı iştirakı barədə xronoloji ardıcıllıqla söz açmaq istəyirəm.


Doğrusu, İlyas Tapdıq adını ilk dəfə nə vaxt eşitmişəm, dəqiq deyə bilmərəm. Amma etiraf edim ki, şeirdən, poeziyadan anlayışım olmayan vaxtlarda belə bu insanın adı evimizdə ara-sıra çəkilirdi. Bunun da bir neçə səbəbi var. Belə ki, İlyas müəllim mərhum valideynlərimlə bir dövrdə çalışıb. O, Azərbaycan Televiziyasının “Gənclik” redaksiyasının baş redaktoru olanda, atam, əməkdar jurnalist Tofiq Məmmədov Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, hətta neçə il Tele-Radionun Partiya Təşkilat Komitəsinin katibi kimi fəaliyyət göstərib. Çox yaxın iş birliyində, dostluq münasibətində olublar. Anam, Şövkət Abdullayeva isə o dövrdə Azərbaycan Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışırdı. Kurasiyasına məktəbli gənclər, pionerlər və ali məktəblərdə komsomol işi daxil idi. Televiziya, xüsusilə “Gənclik” redaksiyası ilə sıx əməkdaşlıq edirdilər. Odur ki, valideynlərimin dilindən İlyas müəllim haqqında bir insan və bir şair kimi həmişə xoş sözlər eşitmişəm. Böyüdükcə evdə ara-sıra kitablarını da vərəqləyirdim. Amma onunla ilk görüşüm həyatımın dərdli günlərinə təsadüf etdiyindən, heç zaman xatirimdən silinməyəcək.
Atam üç il idi, anam isə yenicə dünyasını dəyişmişdi. Valideynlərimin adını yaşatmaq üçün haqlarında xatirə kitabı yazmaq qərarına gəldim. Xatirələrini alacağım insanların siyahısını tutdum. Təbii ki, o siyahıda İlyas Tapdıq da var idi. Amma siyahıda olanların bəzilərinin heç bir koordinatı yox idi məndə. Dərdli-dərdli şəhərin küçələrini dolaşırdım. Bir gün indiki “İçərişəhər” metro stansiyasının yaxınlığında təsadüfən İlyas müəllimlə rastlaşdım. İki nəfərlə gəzişirdilər. Yaxınlaşdım, özümü təqdim etdim. Çox böyük sevgi və səmimiyyətlə qarşıladı. Fikrimi bildirdim. Bir həftə vaxt istədi. Həftənin tamamında özü zəng etdi. Yenə “İçərişəhər” stansiyasının yaxınlığında görüşdük. “Azərbaycan gəncləri” qəzetini təqdim etdi. Qəzeti vərəqləyərkən səhifənin birində anamın şəklini və yazını görəndə çox kövrəldim. Yazını bir nəfəsə oxudum. Qəhərdən gözlərim dolmuş, boğazım qurumuşdu. Deməyə söz tapmırdım. Yazı müəllifi özü də bilmədən o qədər doğmalaşdıki mənə…
12 mart 2007-ci il. Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli təbiətşünas alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, elmi rəhbərim və ağsaqqalım olan professor Qara Mustafayevlə yazdığımız “Həyat və poeziya” adlı kitabımızın təqdimatı keçirilirdi. Respublikamızın tanınmış döv­lət, ictimai-siyasi, elm, təhsil və din xadimlərinin, müx­təlif peşə sahiblərinin, söz-sənət adamlarının iştirakı ilə baş tutan tədbirə təbii ki, İlyas müəllim də dəvətliydi və onu görəndə qəlbim dağa dönmüşdü. O, nəinki, dəvətimi yerə salmamışdı, söz alaraq çox mənalı, tutarlı çıxış edərək, yaradıcılığımızı peşəkarcasına təhlil etmişdi. Özü dediyi kimi, illərin dostu olan Qara müəllim haqqında da, illərin dostlarının yeganə övladı haqqında da çox xoş sözlər demişdi. Bu da poeziyada yenicə addımlamağa başladığım dövrdə üzərimə böyük məsuliyyət qoyurdu.

23 dekabr 2008-ci il. Yenə Rəşid Behbudov adına Mahnı Teatrında yenə də professor Qara Mustafayevlə birgə yazdığımız növbəti kitabımızın – “Ataların sözü – Xalqın gözü”nün təqdimatı keçirildi. Bu dəfə də İlyas müəllim çox orijinal çıxış edərək, kitabın məziyyətlərindən danışdı, yaradıcılığımızı təhlil etdi, yüksək dəyər verdi. Digərləri kimi onun bu çıxışı da məsuliyyətimi daha da artırdı.

3 avqust 2010-cu il. Ocağlarında böyüyüb, boya-başa çatdığım, mənəvi valideynlərim etiraf edilən xalamın yoldaşı, görkəmli filosof-alim, “İstiqlal” ordenli akademik Fuad Qasımzadə dünyasını dəyişdi. Bilirdim ki, İlyas müəllimgili 1960-cı illərdə “Azneft” meydanının yanındakı binada onlarla qonşu olublar, duz-çörək kəsiblər, salam-kalamları olub. Fuad müəllimin böyük qardaşı Hamid müəllim Dövlət Nəşriyyatının müdiri olanda, İlyas müəllim o nəşriyyatda redaktor vəzifəsində işləyirdi. Bu dəfə də İlyas müəllimə xatirə yazmaq üçün müraciət etməyi özümə borc bildim. Yenə bir həftə vaxt istədi. Az bir zamanda yenə ötən illərə işıq tutan çox səmimi bir yazı təqdim etdi. Bu yazı da məni çox kövrəltdi. O yazılar həqiqətən İlyas müəllimi özü də bilmədən mənə daha çox doğmalaşdırmışdı!!!
O vaxtdan etibarən bu ailə ilə aramızda çox böyük səmimiyyət yarandı. O ocaq mənə çox doğma oldu. İlyas müəllimin vəfalı ömür-gün yoldaşı, sadə, səmimi və qonaqpərvər Münəvvər xanımla tez-tez zəngləşər, uğurlarımızı, sevincimizi bölüşər, yeri gələndə dərdləşərdik də… Bilirdim ki, onların övladları Gültən xanım qayğkeş ana olaraq bu ailənin nəvələrini – gələcəyin layiqli vətəndaşlarını əzmkarlıqla böyütməklə məşğuldur. Kürəkənləri Kamandar həm əziz dost, həm də istedadlı qələm sahibidir. Şəbnəm xanım isə sevilən müğənnimizdir. İfaları ekran-efirlərin bəzəyi olub hər zaman. Dəfələrlə televiziya proqramlarında qonaqlar sırasında qoşa əyləşmişik. Odur ki, bu ailənin üzvləri ilə aramızda olan səmimiyyət və doğmalıqdandır ki, hər dəfə onların qonağı olanda elə bil özümü evimizdəki kimi hiss etmişəm… Bundan savayı telekanallarda İlyas müəllimin ad günləri keçirilərkən dəyərli ziyalılar sırasında mənim də gənc bir qələm sahibi kimi dəvət olunmağım, göstərilən böyük sevgi və etimadın təzahürü idi. Mənim də hansısa bir kitabım, yaxud qəzetdə yazım dərc olunanda ilk olaraq yolumu onlardan salar, sevincimi bu nurlu insanlarla bölüşərdim, həm də ona görə ki, onlar bu zəmanədə başqasının uğuruna ürəkdən sevinən çox az insanlardan idilər…

Növbəti görüşlərimizin birində tez-tez çayımızı təzələyən əziz Münəvvər xanım, mən ayağa qalxanda yenicə çapdan çıxmış “Günəş – Ananur” kitabını “Hörmətli, mehriban şair, publisisit – yazıçı Anar müəllimə, onun gözəl xanımı Aynur xanıma, gül ətirli qızlarına – Nəzrinə və Mələyə xoş arzularla şair İlyas Tapdığın ömür – gün yoldaşı Münəvvər Tapdıqovadan kiçik bir xatirə. 08.05.2011” imzası ilə hədiyyə etdi. Evə gələn kimi dərhal kitabı oxumağa başladım. Kitaba Münvvər xanımın son şeirləri, həmçinin sənət dostlarının, həmkarlarının, onu yaxından tanıyanların səmimi və kövrək ürək sözləri, qəzet-jurnal məqalələri daxil edilmişdi.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, eləcə də Respublika Qadınlar Şurasının üzvü olan rəhmətlik Münəvvər Əli qızı Tapdıqova 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (APİ) kimya-biologiya fakültəsini bitirmişdi. Bir müddət “Maarif” nəşriyyatında, 1974-cü ilin oktyabrından 1992-ci ilin may ayına qədər olan dövrdə isə, Azərbaycan Sovet Ensiklopediyasında elmi-nəzarətçi redaktor vəzifəsində işləyirdi. Vaxtaşırı yazdığı şeir, hekayə və elmi-kütləvi məzmunlu məqalələri müxtəlif qəzet və jurnallarda çap olunurdu. Böyük təvazökarlıqdan irəli gələrək hər dəfə özü haqqında “…Mən şair deyiləm. Şair İlyas müəllimdir. Mən sadəcə duyğularımı və yaşadıqlarımı vərəqə köçürürəm”, deyən Munəvvər xanım “Baba yadigarı”, “Bayatılar”, “Sevginin ölçüsü yoxdur”, “Günəş-Ananur” adlı dəyərli kitabların müəllifidi idi. O, “Sevginin ölçüsü yoxdur” kitabına görə Xan qızı Natəvan mükafatına, “Bayatılar” kitabına görə isə “Qızıl Qələm” Media mükafatına layiq görülmüşdü.

Münəvvər xanımın “Günəş-Ananur” kitabının ikinci səhifəsində qələmlə yazdığı bir bənd diqqətimi cəlb etdi:

“Ömür keçir, yavaş-yavaş,
Gedir həyat, ötür yaş.
Həm dərdi, həm sevinci, –
(İlyasla 50 ildir)
Yaşayırıq başabaş”.


Bəndi oxudum və xəyalım məni yaxın keçmişə apardı. Bir müddət əvvəl Azərbaycan radiosunda rejissoru olduğum “Gəzdim Azərbaycanı” layihəsinin növbəti buraxılışını gözəl Gədəbəyə həsr etmişdik (həmin veriliş indi də radionun “Fonoteka”sında qorunmaqdadır). Verilişin müəllif və aparıcısı, peşəkar jurnalist Rövşən Ramazanlı ilə məsləhətləşərək rayon haqqında çıxış etmək üçün görkəmli ədib Nahid Hacızadə və şair İlyas Tapdığı nəzərdə tutduq. İlyas müəllimi studiyaya dəvət etdik və xahiş etdim ki, mümkünsə məşhur “Gədəbəy” şeirini özü səsləndirsin. O, əlli il əvvəl yazdığı “Gədəbəydədir” şeirini böyük həvəslə (sanki, dünən yazmış kimi) ifa etdi. Mən də şeiri bənd-bənd səpələdim verilişin müxtəlif hissələrinə. “Gəzdim Azərbaycanı”-nın buraxılışları adətən 30 dəqiqə olurdu. Amma bu veriliş hərəsi 30 dəqiqə olmaqla iki hissədən ibarət oldu. Şeir parçaları verilişi o qədər gözəlləşdirmişdi ki, verilişdən sonra müxtəlif peşə adamları zəng edib duyğulu-duyğulu xoş fikirlərini bildirmişdilər. Şeirdə belə bir etiraf var:

“…Başım ayazıyıb, keçib daha çən,
Könlümün həmdəmi olmuz hər yetən.
Məni xallarına əsir eyləyən,
Balakən sonası Gədəbəydədir”.


Bu, cavanlıqda görüb-bəyənilən Balakən gözəlinin sadəcə vəsfi deyildi. Bu, gənc bir şairin şair qəlbli bir gözələ səmimi sevgi etirafı idi. Bu, Balakəndən Gədəbəyə pənah aparan xanım-xatın bir qızla könül bağlılığı idi ki, Azərbaycanın iki səfalı güşəsini qovuşduraraq, nə az, nə çox – düz yarım əsr xoşbəxt, uğurlu bir ailənin təməlini qoymuşdu. Münəvvər xanımın yazdığı dörd misralıq kiçik bənddə isə, böyük ömrə, qoşa keçən yarım əsrlik ömür yollarına bir boylanma vardı. Ağrılı-acılı, kədərli-sevincli bu yollarda həm ağrının, həm uğurun, həm kədərin, həm də sevincin bir bölünməsi, paylaşması duyulurdu. Bir-birlərinə olan böyük dayaq diqqətə çatdırılırdı həmin kiçik bənddə. Bir-birlərinə olan sevgi, hörmət, ehtiram, diqqət vardı həmin bənddə. Eyni fikri də İlyas müəllimin həyat yoldaşına yazdığı “Mənim eşqim” adlı şeirdə (kitabın 29-cu səhifəsində) oxuyuruq:

Gözümə gözündən köz çıldıradı,
Gözüm gözlərinə ilk sataşanda.
O gündən Günəşim olubdur adı,
Üstümə nur səpir mənim yolumda…

…Bir eşq, bir məhəbbət üç ləçək oldu,
Solmaz bağçasını bəzədi eşqin!
Qəlbimtək, sevgimtək yarım tək oldu,
Təzədi əbədi, təzədi eşqim!

Bəli. İlyas müəllimin eşqi əbədi oldu. Münəvvər xanımın qəfil gedişi ona çox pis təsir etmişdi. Düzdür, nə Gültən xanım, nə də Şəbnəm xanım bu yoxluğu hiss eləməyə qoymurdular, nə lazımdır son günə qədər atalarının qulluğunda durmuşdular. Amma hiss edirdik ki, Münəvvər xanımdan sonra İlyas müəllim çox xiffət çəkir, 50 illik ömür-gün yoldaşının yoxluğu ilə heç cür barışa bilmir. Heç biz tanıyanlar da bu yoxluqla heç cür barışa bilmirdik. Amma buna baxmayaraq İlyas müəllim cəmiyyətdə həmişəki fəallığını qoruyub saxlayırdı.
24 oktyabr 2013-cü il. İlyas müəllimi akademik Fuad Qasımzadənin həyat və yaradıcılığına həsr otdiyim “İnana bilmirəm…” xatirə kitabınının təqdimatına dəvət etdim. O, Bakı Dövlət Universitetində keçirilən təqdimata çox böyük həvəslə gəlmişdi. Gözlərində bir sevinc vardı. Telekanallara müsahibəsində maraqlı bir fikir işlətmişdi İlyas müəllim: “Bu kitab mənə əziz olan gənc bir dostumun mənə əziz digər unudulmaz dostum-görkəmli alim haqqında olan kitabıdır. Odur ki, mən bu təqdimata böyük həvəslə gəlmişəm. İndi illər keçməkdə davam edir. 50 ildən artıq dəfələrlə evlərində çörək kəsdiyim, çox-çox xeyirxahlıqlarını gördüyüm müqəddəs Mirzə Feyzulla ailəsi – alim, ziyalı ocağı heç vaxt yadımdan çıxmır. Şair və alim dostum – hörmətli Anar müəllimlə hər dəfə görüşəndə, doğ­maları olan o müqəddəs həyat yolunun unudulmaz insanları ilə sanki, ruhən görüşürük. Nurlu ailənin nurlu xatirələrinə qarışırıq”.
2013-cü ildə İlyas müəllim məni evlərinə dəvət etdi və yeni çapdan çıxan iki cildliyini: “Nəğməkar şairimiz, yetkin ziyalı, sevimli qardaşım Anar Məmmədliyə (Fəyyaza) xatirə” imzasıyla hədiyyə etdi. O görüşümüzdə İlyas müəllim ürək sözlərində mənim adımdan sonra (Fəyyaz) sözünü yazmışdı və tövsiyə edirdi ki, mən “Fəyyaz” adını özümə təxəllüs götürüm. Lakin, mən ona bildirəndə ki, ədəbi təxəllüsüm hələ ki, yoxdur, amma hər iki əzizimin adını yaşatmaq üçün bəzən, (xüsusən, sosial mediada) imzamı “Anar Tofiq Fuad” yazıram, o, bunu böyük sevgi və məmnuniyyətlə qəbul etdi.
Mən, bu yazını yazanda çox fikirləşdim ki, evimdə İlyas müəllimdən yadigar olaraq nə qorunmaqdadır? Odur ki, vaxtilə öz imzası ilə hədiyyə etdiyi kitabların hamısını topladım bir yerə. Birgə çəkdirdiyimiz şəkilləri, onun ad günlərində bir yerdə qonaq olduğumuz verilişlərin video kasetlərini bir daha nəzərdən keçirdim. Qovluqları təftiş edəndə isə birdən bir vərəq düşdü döşəmənin üstünə. Bu vərəq Azərbaycan Yazıçılar Birliyinə qəbul olunmağım məqsədi ilə İlyas müəllimin verdiyi Zəmanətin sürəti idi. Düzü, bu zəmanət İlyas müəllimin vaxtilə valideynlərim haqqında yazdığı xatirələrdən də çox kövrəltdi məni. Həm ona görə ki, bu Zəmanət əsasında illərlə müqəddəs saydığım bir məbədə – Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdum. Həm də ona görə ki, bu Zəmanət bu nurlu insandan ən son xatirə olacaqmış mənim üçün…
Odur ki, nə qədər varam, bu Zəmanətin sürəti göz bəbəyim kimi qorunacaq evimdə – İlyas Tapdıq və Münəvvər Tapdıqovanın nurlu simaları hafizəmdə qorunduğu kimi….
Ruhları şad olsun!!!!

Anar Məmmədov,
BDU-nun dosenti,
şair-publisist,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü,

22.01.2017



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: