ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə BDU THİK-nin sədri Daşqın Qənbərov açıb. O, çıxış edərək bildirib ki, bu günün dünya səviyyəsində qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
D.Qənbərov qeyd edib ki, 1988-ci ildə təsis edilmiş “AİDS Günü” dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir.
Sonra çıxış edən BDU biologiya fakültəsi THT-nin sədri Nİsə Bağırova QİÇS-ə yoluxma yolları, qorunma yolları haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, bu virusun daşıyıcıları 2006-cı ildən ölkədə tətbiq edilən antiretrovirus terapiyaya cəlb olunublar. Qeyd edilib ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.
Aytac MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.