işinə, həyatına və s. görə insanlar fərqlənirlər...
Bu gün qəlbi, ruhu gözəl olandan danışacağam sizə.
Elə bir gözəl ki, ətrafdakılardan fərqlənir.
Əslində haradan başlayım, nədən başlayım, bilmirəm.
Belə insanlar haqqında adi sözlərlə, cümlələrlə danışmaq olmur.
Sadə bir cümlə belə yazsan, desən, istəyirsən ki, fərqlilik olsun.
7 mart…
Bu tarix mənə çox əzizdir. Çünki bu günü əziz qılan doğmadır.
Sevinc Malik qızı Qocayeva - mənim ustadım!
Bəli, mənim ilk yazımda başdan bəri bəhs etdiyim insan
Sevinc Qocayevadır.
Ustadım - Sevinc xanım 1971-ci il martın 7-də Bakı şəhərində dünyaya gözünü açıb.
1978-1989-cu illərdə Bakıda 190 nömrəli məktəbdə təhsil alıb.1988-93-cü illərdə isə hal-hazırda iş yeri olan BDU-nun filologiya fakültəsində ali təhsil almışdır.
1993-cü ildən BDU-da çalışır və 1995-ci ildə eyni universitetin doktorantı olub.
1998-ci ildə isə “Həqiri Təbrizi və onun “Leyli və Məcnun” əsəri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və filologiya elmlər namizədi dərəcəsini alıb. Sevinc xanım Həqiri Təbrizinin həyat və yaradıcılığını ilk dəfə olaraq xüsusi tədqiqat obyekti kimi araşdırmışdır. Onun “ Leyli və Məcnun” məsnəvisini geniş və hərtərəfli araşdırıb. 2010-cu ildə çap olunmuş “16-cı əsr Azərbaycan ədəbiyyatı və təsəvvüf” adlı kitabında klassik dövrün sənətkarlarının yaradıcılığındakı təsəvvüfi məqamları gözəl izah etmişdir. Bu kitabda 16-cı əsr Azərbaycan ədəbiyyatına təsəvvüfün təsiri araşdırılır.
Ş.İ.Xətai,H.Təbrizi və M.Füzuli yaradıcılığından seçilmiş örnəklər də oxuculara təqdim olunur. 30–a qədər məqalənin müəllifidir.Malik Mahmudovun vəfatından sonra onun arxivindən mühazirələri toplayıb,”Klassik ərəb ədəbiyyatı” dərsliyini tərtib edən tərtibçilərdən biridir.10-a yaxın kitabın redaktorudur.”Ədəbi abidələr” verilişinin tez-tez çağırılan qonaqlarından olmuşdur.2011-ci ildən BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosentidir. Qısa da olsa , onun təhsili ilə bağlı, elmi fəaliyyəti ilə bağlı danışmağı özümə borc bildim.
Onunla tanışlığa gəldikdə isə ilk dəfə kafedrada tanımışdım Sevinc xanımı.
Başqa müəllimə salam verərkən adını çaşıb “ Sevinc müəllimə” demişdim.
Halbuki o zaman ustadın adının Sevinc olduğunu belə bilmirdim.
Adı səhv dediyim üçün utanmışdım.
Yanımda olan Sevinc Hüseynova (Muğanna) o zaman dedi ki:
”Eybi yox, narahat olma, onsuz o biri müəllimin də adı Sevincdir”.
Onda Sevinc xanımın bizim tərəfə baxmağı da yadımdadır.
O baxış hələ dünən baş vermiş hadisə kimi beynimə həkk olunub.
Və o zaman bilməzdim ki, bu ad gələcəkdə mənim dilimin əzbəri olacaq.
Artıq Sevinc adı gələndə qeyri-ixtiyari ustad deməyim gəlir.
Özünə də həmişə dediyim kimi: ” Mənə dünyanın ən əziz, ən dəyərli Sevinci”.
Adı gələndə üzümdə təbəssüm oynayır.
İlk dərsindən bəhs etsəm, 2018-ci il dördüncü gün birinci saat 08:30-da dərsə
gəldi. BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
dosenti Lalə Əliyeva 2018-ci ildə Konyaya mühazirə deməyə getdiyi üçün Sevinc
xanım da 099-100-cü qrupların mühazirəsini əvəzləyici müəllim olaraq deyirdi.
Lalə xanım bizə əvvəlcədən mühazirəni Malik Mahmudovun qızı- Sevinc Qocaye-
vanın deyəcəyini xəbər eləmişdi. O dövrü keçəndə ərəbdilli ədəbiyyat haqqında,
Xətib Təbrizi barədə oxuyanda Malik Mahmudovun adını çox eşitmişdik.
Marağım getdikcə artmışdı. Və gözlədiyim an gəldi… Sevinc xanım içəri girdi.
Mühazirəni deməyə başladı. İlk mühazirədən elminə heyran qalmışdım. O qədər
sənətkarın yaradıcılığından bu qədər çox xəbərdar olmaq və süjetləri bir-birinə
bağlamaq məharəti elə ilk dərsdən məni özünə heyran buraxmışdı. Və yalnız
ədəbiyyatdan xəbərdar deyildi, təkcə ruhun dili olan ədəbiyyatdan nümunələr
gətirmirdi, filmlərdən, musiqilərdən, həyati hadisələrdən də bəhs edərək mövzu
ilə əlaqələndirirdi. Diqqətlə qulaq asırdım. Dərs qurtaraqurtar idi ki, auditoriyaya
bir sual verdi: ”Aranızda nəsə yazan var? ” Əlimi qaldıraraq folklor topladığımı
dedim. Onun həmin yuxarıdakı sualı və mənim cavabımla aramızdakı dialoq
başladı. O anı sonrakı dialoqlarımız üçün zəmin hesab edirəm. Həqiqətən də,
elədir… Sonra dəhlizdə görəndə həmişə yanaşıb nəsə soruşurdum. Etiraf
etməliyəm ki, bəzən bu suallar onunla söhbətləşmək üçün bir növ bəhanə idi.
2018-ci ildə birinci kurs olduğum üçün hələ müəllimləri elə də yaxşı tanımırdım.
Nə biləydim ki, tələbələr ona “ Mələk” , ” Mələksima” adı veriblər?!Hətta Məhəm-
məd Füzulinin “ Ey mələksima ki, səndən özgə heyrandır sana” başlıqlı qəzəlini
deyəndə insanın yadına Sevinc Qocayeva düşür. Çünki tələblər bu qəzəli keçən il
ad günündə ona demişdilər. Fakültənin mələksiması…
İkinci kursda Sevinc Qocayeva mənə Azərbaycan ədəbiyyatı tarixi-2 (Orta əsrlər
Azərbaycan ədəbiyyatı) fənnindən mühazirə deyirdi. Keçən il 1-2 mühazirə demiş-
di, indi isə mən hər həftə onun mühazirələrini dinləmə şansı qazanmışdım. Artıq
zaman keçdikcə daha yaxşı tanımağa başladım. Və həftədə bir dəfə görmək kifayət
etmədi. Dərslərim başlamamışdan əvvəl onun dərslərinə girmək üçün 2-3 saat
universitetə tez gəldiyim olub. Öz dərslərimdən də qaçırdım bəzən.
Sevinc xanıma bu ildən “ ustad” deməyə başlamışam. Düşünürəm ki, bir
müəllimin həyatında bir tələbə, bir tələbənin də həyatında bir müəllim məxsusi
yerini tutur. Mənim də ömür yolumda bir müəllim- Sevinc Qocayeva öz yerini
tutub. Ustad yalnız bir insanın elminə görə deyilmir... Ustad dediyin şəxs ruhən
sənə yaxın olur, fikirləriniz, zövqləriniz yaxın olur. İnsan ustadını tapmamış
yarımçıqdır, tapandan sonra isə bütünləşir. Ustadla tələbəsi arasındakı münasibət
elədir ki, sanki iki bədəndə bir ruh daşıyırmış kimi. Biri narahat olsa, digəri hiss
edər. Bir-birinizin nəyi sevib- sevməməsini özünüz deməmiş bilirsiniz artıq.
Baxışlardan, duruşdan, bir hərəkətdən nə söyləmək istəyir, başa düşürsən. Çünki
artıq ustadla sənin ruhun birləşib. Ona görədir ki, hər kəsə “ ustad” demək olmur
və deyilsə, ətraf bunu səmimi qəbul etmir. Ustad mənən sənə yaxın olur. Mənəviy-
yatlı olmalıdır. ( Əlbəttə, əgər insan özü mənəviyyatlıdırsa,gözəl əxlaqlı insanı
özünə ustad seçəcək) .
Ustadım elə mehribandır ki, hətta onu dərindən tanımayan, az ünsiyyət qurmuş
insan belə bu mehribanlığın şahidi ola bilər. Bütün tələbələrinə diqqətlə yanaşar,
kitab məsələsində, elm barədə nə zaman bir şey istəsələr, mütləq kömək etməyə
çalışar. Eyni zamanda şəxsi məsələlərini söylədikdə də onlara dəstək olur.
Tələbələrini həmişə əlavə ədəbiyyat oxumağa, xarici dilləri öyrənməyə çağırar.
Mühazirəni elə bir eşqlə, həvəslə deyir ki, hətta mən onun “ Sakit olun”
cümləsini heç beş dəfə işlətdiyini xatırlamıram. Hər zaman tələbələrini, insaları ba-
şa düşür. Onları həmişə motivasiya edir. Sözün əsl mənasında çox gözəl psixo-
loqdur mənim dəyərlim...
Ustadımın təmkininə, səbrinə heyranam. Qəlbimin və ruhumun ən dərinliklərinə
ilmə-ilmə işlənmiş qadın-dəyərlim o qədər mənəviyyatlıdır ki, onu hansı sözlərlə
ifadə edim, bilmirəm. Bəlkə, Füzulinin bu beyti həqiqətən də onu bir az da olsa,
əks etdirə bilər:
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir, insan deməz, hər kim ki, insandır sana.
“ Göz qəlbin aynasıdır” - deyirlər, onun qəlbinin gözəlliyi gözünə vurub. Ruhunun
gözəlliyi gözlərindən ətrafa axır... Axır,axır... Və ona heyran qalmamaq mümkün
deyil... Dünyanın onun kimi vicdanlı insanlara ehtiyacı var... Deyir ki ustadım:
“ Ədalət simurqun qanadları altında ola bilər, amma vicdan bizim öz içimizdədir” .
Hər bir insan öz daxilində aləm daşıyır. Onun aləmi gözəldir, safdır. Qəlbimin ən
dərin yerindən sevirəm sizi! Şairin dediyi kimi:
Mən səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
Dodaq su sevən kimi.
...
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
Hər daim ona ehtiyac duyuram. Hər gün səsini eşitməliyəm, səsi mənim üçün ən
gözəl nəğmələrdən biridir. Darıxmaq duyğusu insanın sevdiyinin əlamətidir. Hər
gün ondan sarı darıxıramsa, deməli, çox sevirəm. Yanından arılandan bir dəqiqə
sonra belə darıxıram. Bu sətirləri yazarkən də o qədər çox darıxmışam ki... Ətra-
fımda həsrət qoxusu var. Həsrətdən köynək geyinmişəm əynimə. Onu qucaqlamaq
dünyanın ən ali hislərindəndir. Rahat, mehriban bir hiss qonur insanın ruhuna...
İsti qoxusunu üzərində hiss eləmək... Başa salmaq qeyri-mümkün...
Bu doğum gününüzdə tək bir diləyim var sizə -
Allah yeni yaşınızda qəlbiniz qədər
gözəl günlər nəsib etsin inşallah! Amin! Mənim uğurumsunuz!
Qəlbimin və ruhumun ən dərin yerindən “ustad” dediyim və
bu sözü deməyi mənə sevdirən xanım!
Təbrik edirəm, gözəl insan!
(Hərçənd onun insan olduğundan şübhəliyəm,
ancaq bir mələk bu qədər saf ola bilər) .
İlknur Ülvi qızı Pənahlı,
BDU-nun filologiya fakültəsinin
2-ci kurs tələbəsi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.