Rayon mərkəzindən 15 km gündoğarda, dəniz səviyyəsindən 420 m yüksəklikdə, Ehram (Xram) çayının sağ sahilində, Marneuli-Bolnisi avtomobil yolunun kənarında, (qədim Qırmızı körpü - Sarvan - Arıxlı - Bolulus - Darvaz - Qarabulaq - Karvansaray - Pərvanə - Türkiyə ticarət yolu üstündə) yerləşir.
Əhalisi: 1870-ci ildə 137 ailədə 918 nəfər, 1918-ci ildə 1588 nəfər, 1926-cı ildə 306 ailədə 1585 nəfər, 2002-ci ildə siyahıya almanın nəticəsinə görə 1313 ailədə 4876 nəfər (2407 kişi, 2469 qadın), 2006-cı ildə 1357 ailədə 4942 nəfər olub. Hazırda 5000 nəfərdən çoxdur.
Kənddə Azərbaycan məktəbi 1901-ci ildə yaradılıb.
2005-ci ildə 30 sinifdə 772 şagird təhsil alıb.
Hal-hazırda orta məktəb onun banisi Qori seminariyasnın məzunu Hüseyn Əfəndiyevin adını daşıyır.
El qəhrəmanları Alıağa (19-cu əsr), Koxalı Hacıxalıl ağa, Qori Seminariyasının məzunları Sirəcəddin, Ziyəddin, Bahəddin, Murtuz və Ziyabəy Əfəndiyevlər, şairə Xınalı xanım, el ağsaqqalları, Ziya Əfəndi, Hüseyn Əfəndi, Hüseyn Əfəndi, Hacı Mahmud Əfəndi, Nacı Nuru, Mola Bayram, Zaman ağa, Osman ağa, Yolçu Nəbioğlu, Uzunbaşoğlu Məhəmməd, Mahmud Quluyev, Mehralı Cəlilov, Əmək Qəhrəmanı Hürü Yəhyayeva, professorlar Mahmud Qəribov, Veysəl İsayev, Bayram Hacıyev, Akif Bayramov, Nizami Mustafayev, veteran müəllimlər Calal Ayvazov, Məhəmməd və Nəbi Yolçuyevlər, Mustafa İsmayılov, Şahbəddin Cəlilov, Hacı Hacıyev, Mürsəl İsayev, Mahmud Mustafayev, Əməkdar müəllim Mustafa Aslanov, Azərbaycan DİN-nin şöbə rəisi, polkovnik Mehman Mehmanov, Qəhrəman əsgər Zöhrab Yunusov, ictimaiyətçilər Məhəmməd Osmanov, Nurqələm Məmmədov, Məmməd və Ramiz Yusifovlar, Rza Qurbanov, Musa Tanrıverdiyev, Şükür İsmayılov, jurnalist Rasim Arıxlı, həkimlər İdris İsmayılov, İfrat İdrisov, Bəşir Mustafayev, Eyvaz İsayev və b. bu kəndin yetirmələridir.
Toponimi: Toponimika mütəxəsislərinin izahatına görə, Oğuzun vəziri Ata Eriklin, qıpçaqların Arıq tayfasının, Orta Asiyada Qıpçaq-Qaraqalpaqlarda indi də mövcud olan Arıq qövmünün adını əks etdirə bilər.
(Xatırladaq ki, XVI-cı əsrdə səlnaməçi Şəmsəddin Bitlisi Gürcüstanda Arux tayfası haqqında danışıb).
Arıxlı sözü ilə bağlı Gürcüstanda bir neçə hidrotoponimə rast gəlirik.
O cümlədən, Gürcüstanda Arıxlı (Bolnisi rayonunda), Dağarıxlı (Dmanisi rayonunda) oykonimləri, Arıxlı qala (gürcü dilində Arxi tsixe - Bolnisi rayonunda), Ulu arx (gürcü dilində Arxiuli), Qara arx (böyük arx), Xan arxı (Marneuli rayonunda) adlı hidronimlər vardır.
Qədim zamanlardan bəri əkinçiliklə məşğul olan türklərin-azərbaycanlıların ulu babaları suvarma işləri üçün arxlar çəkmişlər.
Odur ki, «arx» sözü hələ qədim zamanlardan qonşu gürcü və erməni dillərinə də keçmişdir.
«Arx» sözü ilə bağlı hidrotoponimlərin qədimdən varlığı belə bir qənaətə gətirir ki, Arıxlı oykonimi arx sözü ilə «-lı» leksik şəkilçisinin birləşməsindən əmələ gəlib, ümumi mənada əkinçilik və suvarma işləri ilə məşğul olan xalq və ya tayfa anlamını bildirib, sonradan isə Arıxlı oykoniminə çevrilibdir. Yəni bu oykonim qədim türklərin böyük bir qolu olan qıpçaqların «Arıq» tayfasının adı əsasında təşəkkül tapıb.
Son illərdə qədim tarixə malik olan Arıxlı kəndinin adı dəyişdirilib, gürcü dilində «Naxiduri» (?!) qoyulub.
1728-ci ilin mənbələrinə görə, Dəmirçi Həsənli nahiyəsində də iki Arıxlı adlı kənd olub.
Onlardan biri Arıxlıoğlu camaatı (kəndi), digəri isə Yüzbaşı tayfasının Arıxlı camaatı (kəndi) adlanıb.
1721-ci ildə tərtib olunmuş «Dəstürül-əməl»də Arıxlı camaatı 60 evli iki tayfadan ibarət olduğu qeyd edildiyi halda, 1728-ci ildə tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis»də Yüzbaşı tayfasının Arıxlı camaatı 44 evdən ibarət olduğu göstərilir.
Ehtimal ki, həmin dövrdə Arıxlı camaatının bir hissəsi indiki Dağarıxlı (Dmanisi rayonu) kəndinə köçmüş və orada məskunlaşmışdır.
Tarixi: Kənd yaxınlığında bir neçə arxeoloji məskən aşkarlanıb. Eramızdan əvvəl V-IV-cü minilləri əhatələyən məskəndə tökmə palçıqdan dairəvi möhrədamlar, maralın şaxəli buynuzundan naxışlı alət, çınqıldan günəşə, aya bənzər biçimdə qadın-ana başı heykəlciyi, gildən öküz heykəlciyi, eramızdan əvvəl III minildə yayaılmış Kür-Araz arxeoloji mədəniyyətinə aid məskəndə çınqıldan insan sifəti təsvirli fiqur aşkarlanıb.
Miladdan əvvəl II-I minillərə və eramızdan əvvəl IX-VII yüzillərə şamil olunan məskəndə, Quzeyindəki qayalı yarğanda tapılmış tuncdan ox ucları, sümük və dəmir üzəngiləri, tunc bıçaq uclarını gürcü mütəxəsisləri o vaxtlar buralarda türkdilli Bozər, sak aşirətlətinin burada yayaılmağı ilə aəaqələndrib, bu maddi mədəniyyət abidələrinin bir qismini sak tipli hesab ediblər. Kənddə X-XIII əsrlərə aid üzə çıxarılmış ikipəncərəli ibadət ocağı, onun içində quyu məzar, daş sanduqə tabutlar, səkkiz otaqlı yaşayış binasının , açıq hamamın qalıqları, cürbəcür çoxrəngli və sadə saxsı qablar əhəmiyyətkidir; Gürcü arxeoloqları (Manana Sinauridze ve b) belə qənaətə gəliblər ki, həmin yerdə şəhər var imiş, çayın yüksək qayalı sağ sahilində qəsr, aşağıda hər iki sahildə yaşayış məskənləri yerləşirmiş; kilsə də, məzarda, başqa arxeoloji örnəklərdə qıpçaq tiplidir.
(Bax: Ş.Məmmədli. Gürcüstan Azərbaycanlıları. Tbilisi, 2002.)
P.S.:
ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.
Ünvanlarımız:
M-Borcali@mail.ru
və ya:
info@zim.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.