Nizami Paşa Saraclı 20 ildir "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəbiyyat" qəzetinə yazı vermir

Nizami Paşa Saraclı 20 ildir "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəbiyyat" qəzetinə yazı vermir Hara getsə də üzü Vətənə cütləyib ayaqqabısını, bilib ki, nə vaxtsa doğma kəndinə qayıtmalıdır.
Qayıtmalıdır ki, dədə yurdun çırağını yandırsın, külü sovrulmuş ocağa od salsın, yuvasını şənləndirsin, küskün ruhları sevindirsin.
O şairdən danışıram ki, Azərbaycan poeziyasının ən istedadlı nəsillərindən olan 80-cilərdəndir.
Nizami Paşa Saraclı (Mutlutürk) çağdaş şeirimizin elə bir simalarındandır ki, onun yaradıcılığı ədəbiyyatın inkişafına təsir edib.
Hazırda Borçalıda yaşayan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Gürcüstan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş Nizami Paşa Saraclı Bakıya qonaq gəlib.
Nizami Paşa Saraclı ilə görüşüb onunla Borçalıdakı vəziyyətdən, ədəbiyyatımızdan, AYB-nin arxada qalan qurultayından və başqa məsələlərdən danışdıq.


- Bu gün əyalət şairləri Bakıya köç edir, qaynar ədəbi mühitə qovuşmaq istəyir, siz isə Borçalıya köçmüsünüz. Niyə getdiniz Bakıdan?
- Yurdumda, vətənimdəyəm. Bu mənim yaşamaq üçün Borçalıya ilk dönüşüm deyil, əvvəl də bir dəfə köçüb getmişəm. Birinci dəfə 27 yaşım vardı, Bakıda yüksək vəzifədə işləyirdim. Burda yaxşı ev-eşiyim də vardı, buna baxmayaraq, çıxıb getdim. İndi 64 yaşım var, ancaq Bakıda evim yoxdur...Anam tək idi o vaxt, ona görə və yurdumuzu şənləndirmək üçün getdim, on il kənddə yaşadım, yaxşı ev-eşik qurdum. Sonra yenə tale məni Bakıya gətirdi...
- Niyə qayıtdınız bəs?
- Qarabağ müharibəsində iştirak etmək üçün.
- Nizami müəllim, hərbidə olduğunuz müddətdə ədəbi fəaliyyətinizlə bağlı hansısa bir yaddaqalan hadisə olubmu?
- 1993-cü ildə Qazaxıstanda keçirilən Türkdilli Xalqların Poeziya Festivalına dəvət etmişdilər məni. O illər işlədiyim Ali Hərbi Məktəbə milliyyətcə rus olan general-mayor İvan Xristoforoviç Kovolyov rəhbərlik edirdi. Poeziya festivalında iştirak etmək istəyirdim, getmək üçün əvvəlcə müavinlərə müraciət etdim. Lakin onlar mənə dedilər ki, siz nə danışırsız, indi ölkədə müharibə gedir, hərbçi hara poeziya, ədəbiyyat hara? Mən də onlara dedim ki, Puşkin də, Lermontov da, İsmayıl bəy Qutqaşınlı da, Abbasqulu ağa Bakıxanov da hərbçi olub, ancaq onlar eyni zamanda da ədəbi fəaliyyətlə məşğul olub. Gördüm razılıq ala bilmirəm, general-mayor İvan Xristoforoviç Kovolyova müraciət etdim. O çox yaxşı bir kişi idi və Azərbaycan xalqına da şərəflə, sevgi ilə xidmət etmişdi.
- Kovolyov sizin festivala getməyinizə razılıq verdimi?
- Mən onun yanına getdim və məni çox yüksək səviyyədə qarşıladı. Ona dedim ki, mən şairəm, məni festivala dəvət ediblər. Dedi ki, çox yaxşı, şadam ki, mənim zabitim ədəbiyyatla məşğuldur. "Mən səni Orta Asiyaya göndərirəm, ancaq səninlə şərt kəsirəm, qalib olsan 15 gün müddətinə səni Saraclıya buraxacağam, əks halda 15 gün həbsdə yatacaqsan" dedi. Müavinləri çağırıb hərəsinə bir tapşırıq verdi, birinə dedi pul hazırla, o birinə geyim tapmağı həvalə etdi. Mənə hərbi geyim tikdirdilər...
- Demək hərbi formada qatıldınız festivala?
- Bəli. O vaxt paltar tapmaq çox çətin idi. Mənə paltar tikdirdilər. Azərbaycanda ilk dəfə milli hərbi formanı mən geyinmişəm. Paltar hazır oldu, geyindim, bircə ayaqqabı tapılmadı, rus ayaqqabısı geyinmişdim. Amma Kovolyovun yanına gedəndə geyimi bəyəndi, ayaqqabını yox. O, seyfindən bir cüt "Amerkanski" ayaqqabı çıxarıb geydirdi mənə. General-mayor məni çox layiqli şəkildə festivala yola saldı. Şükür Allaha ki, hər şey yaxşı oldu və Türkdilli Xalqların Poeziya Festivalında laureat oldum, Abay mükafatı qazandım. Festivalın qalibi kimi məni Nursultan Nazarbayev qəbul etdi, burada çox yüksək səviyyəli söhbətlər oldu. Şəxsən mənim təklifimlə türkdilli respublikalara ortaq türk dili ilə bağlı məktublar göndərdilər.
- Təklif siz aid olsa da, ancaq bu barədə heç danışılmır...
- Demirlər deməsinlər, reallıq var axı...Festivalda mükafatım böyük idi, 500 min rus rublu vermişdilər, bir dənə də ağ at, eyni zamanda milli geyimlərini bağışlamışdılar. Laureat diplomumu indi də evdə saxlayıram. Yüksək səviyyədə məni Bakıya yola saldılar, məni Bakı hava limanında 50-60 nəfərdən ibarət Bozqurdlar qarşıladı. General-mayorun yanına gəldim, məni sevinclə qarşılayıb bağrına basdı və dedi ki, get kəndində 15 gün istirahət et... Getdim istirahətə.
- Əlbəttə, sizin kimi peşəkar hərbçinin, püxtə qələm sahibinin xatirələrini dinləmək xoşdur. Ancaq sizin son illər nə yazıb yaratdığınız da maraqlı gəlir. Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Son illər yazdığım irihəcmli əsərlərim "Dəli dərviş"dir, "Sara xatun" dramatik poemamdır. Bu əsər keçmiş Gənclər Teatrında tamaşaya qoyulmuşdu.
- Bir vaxtlar Borçalı ədəbi mühiti çox qaynar idi, ciddi ədəbiyyat hadisələri baş verirdi. İndi vəziyyət necədir?
- Ədəbi mühit yenə də qaynardır. Borçalıda yaranan ədəbiyyat inkişafdadır. Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, məni də ora dəvət etmişdilər. Tədbirləri vardı, orda beş nəfər gənc yazıçı və şairə ədəbi mükafat təqdim etdim. Sözümün canı odur ki, Mədəniyyət Mərkəzi ədəbi mükafat da təsis edib. Bu da yaxşı haldır.
- Şeirin yaşaması ədəbiyyatın, mədəniyyətin, ana dilinin yaşaması deməkdir. Borçalıda dilimiz, mədəniyyətimiz hansı səviyyədədir? Bəllidir ki, oradan həmişə ürək ağrıdan xəbərlər gəlir...
- Dilimiz də yaşayır, mədəniyyətimiz də, bu baxımdan orada elə bir qayğı yoxdur. Borçalıları qayğılandıran daha böyük bir problem var, o da Gürcüstan - Azərbaycan sərhəd-keçid məntəqəsində baş verənlərdir. Azərbaycan tərəfi Borçalıdan bura ərzaq gətirən, müəyyən şeylər gətirən azərbaycanlıları çox incidir. Gürcüstan tərəf heç nə demir, amma bu tərəfdə ciddi problemlər baş verir. Çox arzulayıram ki, bu məsələyə dövlət səviyyəsində münasibət olsun, çünki camaatı çox incidirlər.
- Camaatın əhval-ruhiyyəsi necədir?
- İndi yaxşıdır. Mən kəndə qayıtdıqdan sonra ardımca 50 ailə köçüb gəlib, bundan başqa, yayda istirahətə gəlirlər, küçələrdən, evlərdən uşaq səsi gəlir. Əvvəl yas yerlərinə 20-30 nəfər gəlirdisə, indi 500-600 nəfər gəlir. Borçalıdan köçə-köç hadisəsindən sonra Saraclıda ilk toy mənim evimdə olub, ona qədər toy edən belə yox idi.
- Gələk ədəbiyyata. Sizcə, ədəbi mühitdə yeriniz necə görünür?
- Mən özüm öz yerimi yaxşı görürəm, amma bunu görməzliyə vurmaq istəyənlər var. Bu özünü bir sıra məsələlərdə göstərir. Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı keçirildi, bununla əlaqədar bir sıra kitablar çap olunub. O kitabları vərəqləmişəm, orda mənimlə bağlı heç nə yoxdur. Allah rəhmət eləsin, Rəsul Rza və Səməd Vurğun böyük şairlərdir. Təəssüf ki, hələ də Birlik bu iki şairin yaratdığı məktəbin havasında yaşayır. Halbuki, o məktəblərin havası da 30 il əvvəl qurtarıb. Bu mühit artıq havasız yaşayır. Belə olmur ki...Bilmirəm, mənim yazdıqlarımdan Anar müəllimin, yaxud da katiblərin xəbəri yoxdur? Qurultay və yubileylərlə bağlı çap olunmuş kitablarda elə adamların adları var, elə əprimiş şeylər var ki...Bilirsiz, təzə söz məsələsi aktualdır.
- Yəni yeni ifadə vasitələri olmalıdır...
- Bəli. Poeziya daim təzələnməlidir, bura yeni nəfəs gəlməlidir. Yalandan quraşdırılmış sözlə, ifadə ilə ədəbiyyatın işi aşa bilməz axı. Güclü istedadın, qələmin, potensialın olmalıdır ki, ortaya urvatlı bir şey çıxara biləsən.
- Ramiz Rövşən deyir ki, yaxşı şeir yazmaq üçün şairə istedadı yox, səmimiyyət lazımdır...
- Ramiz Rövşən bir tərəfdən düz deyir. Səmimiyyət şair üçün vacibdir, səmimi deyilməyən söz şeir sözü deyil.
- Çaylar var lal axır, onun səsini duyan olmur, ancaq o torpağa, ətraf mühitə daha çox fayda verir... Mən poeziyamızın 80-cilər nəslini nədənsə lal axan çaylara bənzədirəm, ədəbiyyata faydaları çox olsa da, onların boyu elə də uca görsənmir...
- Hesab edirəm ki, futbolda olduğu kimi, ədəbiyyatda da ortadakılar (orta nəsil-İ.S) güclü olmalıdır ki, özündən sonra gələn nəslin əlindən çəksin, özündən öncəki nəsli irəli itələsin. Orta nəsil güclü olanda özlərindən sonrakıları da çəkirlər. Bizdə bu olmadı...
- AYB-nin orqanlarında çap olunursunuzmu?
- Mən 20 ildir "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəbiyyat" qəzetinə yazı vermirəm.
- Səbəb nədir?
- Səbəb dediyim məsələlərdir-məni görüb görməzliyə vurmaq...Bu yaşda gedib kiməsə minnət etməli deyiləm ki...Ancaq kitablarımı çap etdirirəm, xaricdə ədəbi mükafatlar alıram. Nə olsun ki, respublikada heç nəyin yiyəsi deyiləm? Adam küsər, yoxsa küsməz? 19 yaşımda ilk şeirlər kitabım hazır olub, "Gənclik" nəşriyyatında çap olunmalı idi, amma "Yazıçı" nəşriyyatında 1986-cı ildə çap olundu. Kitaba Mirzə İbrahimov ön söz yazmışdı, Məmməd Arif Dadaşzadə isə rəy vermişdi. Yəni biz irəli sürünə-sürünə gedirik, sürətlə inkişaf edə bilmirik. Ona görə ki, qarşımızı möhkəm kəsiblər.
- 90-cı illərdə ədəbiyyata gələnlər özlərini yeni izmlərin carçıları kimi göstərdilər. Əslində, onlar da yeni söz demədilər...
- Onların özlərini yenilikçi adlandırması dəhşətli deyil, bundan da dəhşətli məsələlər var ədəbiyyatda. Xarici dillərdən tərcümələr var ki, bizim bəzi şairlər o şeirləri öz şeirləri kimi çap edirlər. Deyərdim ki, poeziyada hazırda plagiatlıq səviyyəsi 90 faiz olar. Hətta xalq şairləri var ki, belə çirkin işlə məşğul olur. Adlarını çəkərdim, amma aralarında xəstə olanları var, yaşlaşıblar, ona görə çəkmirəm. Sibir şairlərinin şeirlərini tərcümə edib onu kitablarında öz orijinal əsəri kimi təqdim edirlər.
- Razıyam, nə qədər Blokdan, Axmatovadan, Brotskidən və başqalarından köçürmək olar?
- Adlarını çəkdiyiniz şairlər məşhur adamlardır. Ancaq adı o qədər tanınmayan, əl çatmayan şairlərdən də köçürürlər. Biz dəfələrlə bu plagiatlığı tutmuşuq. O vaxt qızğın ədəbi müzakirələr vardı, amma indi o müzakirələr də yoxdur. O müzakirələr olsaydı, çıxıb sözümüzü deyərdik ki, ayıbdır.
- Şairlər var ki, şöhrəti sözündən böyükdür...Nə yeni söz deyir, nə yazdıqları bir yaraya məlhəm olur...
- Bayaq siz çaydan danışdınız, gurultulu poeziya gur-gur axan çaydır, boş gurultudur. Bu gurultudan həmişə ziyan çəkmişik, bu, boşboğazlıqdan başqa bir şey deyil. O vaxt ki, çay göz yaşı kimi durulur, onun bağçalara da, torpağa da faydası olur. Yəni poeziya da belədir. Azərbaycanda sərbəst şeir yazanlar olub, Əli Kərim də yazıb, başqaları da, ancaq Rəsul Rza bu sahədə böyük məktəb yaradıb və sakit poeziyanın əsasını qoyub. Səməd Vurğunun da, Osman Sarıvəllinin də, digərlərinin də sərbəst şeirləri var, amma onlar gur şeirlərdir.
- AYB-nin qurultayına münasibətiniz necədir? Sizcə, niyə şair və yazıçılar arasında Birlik sədrliyinə alternativ namizəd olmadı?
- Qurultaydan danışırıqsa, inkişaf məsələsini mənfi qiymətləndirirəm. Alternativ namizədə gəlincə, bizim güclü yazarlarımız çoxdur, sadəcə, onları irəli çəkən lazımdır. Yadınıza gəlir, keçən qurultayda Akif Səməd ayağa durub namizəd olacağını demişdi və zaldan reaksiya görməyib pis vəziyyətdə qalmışdı. Bilirsiz, heç kəs Akif Səmədin aqibətini yaşamaq istəmədi...
İndi Anar müəllim seçilib işləyir, canı sağ olsun, amma sonuncu qurultayda da gördünüz ki, hər şey onun yenidən sədr seçilməsinə hesablanmışdı.

İradə SARIYEVA,
“Bakı-Xəbər” qəzeti
30 iyun 2014-cü i
l


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: