Yusif Əfəndi Allahyarzadə (1859-1944)

Yusif Əfəndi Allahyarzadə (1859-1944)UNUTSAQ, UNUDULARIQ!..

Məşhur din xadimi, Borçalı qazısı

Yusif Əfəndi Allahyarzadə 1859-cu ildə qədim Borçalı mahalının Həsənxocalı kəndində, dövrünün qabaqdaqcıl şəxslərindən olan Allahyarın ailəsində anadan olub.
İlk təhsilini evdə, atası Allahyardan alıb, Şəkidə ruhani təhsilini davam etdirib.
Yusifin dinə, oxumağa olan marağı o dövrün ziyalılarının diqqətini çəkib.
Onların maddi köməkliyi sayəsində təhsilini davam etdirməsi üçün Türkiyənin İstanbul şəhərinə göndərilib.
İstanbulda yüksək ali dini təhsilini başa vuran Yusif Əfəndi Allahyarzadə 1892-ci ildə doğma kəndi Həsənxocalıya qayıdıb.
O, Zaqafqaziyanın müftisi Hüseyn əfəndi Qayıbov tərəfindən Borçalı mahalına qazı təyin olunub.
Bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Şurəddin Məmmədli «Paralanmış Borçalı» kitabında arxiv sənədlərinə istinadən yazır:
«Yusif Əfəndi Allahyarzadə Şəkidə, İstanbulda ali ruhani təhsili alıb, Borçalı qazısı rütbəsini qazanıb».

1897-ci ildə Qafqaz canişinliyinin icazəsiylə Borçalı qazılığı Şüləverdən Arıxlı kəndinə köçürülüb. Bunun da səbəbləri vardı. Həmin dövrdə Çar Rusiyasının sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdığı ermənilər çox keçmədən "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Onlar XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları irəli sürdülər. Bu məqsədə çatmaq üçün ermənilər nəinki Tiflisdə, həmçinin Borçalıda qırğın törətməkdən belə çəkinmədilər. Həmin dövrdə Borçalı qəzasının mərkəzi Şüləver qəsəbəsi idi. Qəsəbə sakinlərinin əksəriyyəti ermənilərdən ibarət olduğundan istənilən an erməni-müsəlman qarşıdurması yarana bilərdi.
Bu səbəbdən də Qafqaz müftisi Mirzə Hüseyn Qayıbov Borçalı sünni məzhəbinin mərkəzinin daha sakit bir yerə köçürülməsinin faydalı olacağı qərarına gəlib.
Müfti Hüseyn Qayıbov Yusif Əfəndi ilə görüşərkən bu məsələni müzakirə edib. Qazılığın mərkəzi üçün sünnilərin daha çox yaşadığı, dindarların gedib-gəlməsinin daha asan olduğu bir neçə yaşayış məntəqəsinin namizədliyi müzakirə edilib. Bu müzakirə barədə Arıxlının öndə gələn şəxslərinin məlumatı olub. Onlar Yusif Əfəndi Allahyarzadə ilə görüşüb, mərkəz kimi Arıxlının seçiləcəyi təqdirdə hər cür dəstəyi verəcəklərini bildiriblər. Borçalı qazısı onlara bu barədə Qafqaz müftisinə məlumat verəcəyini bildirib və məsələ müsbət həll olunarsa bölgənin savadlı din xadimlərinin Arıxlıya dəvət edilməsinin vacib olduğuynu bildirib.
1897-ci ildə Qafqaz canişinliyinin icazəsiylə Borçalı qazılığı Şüləverdən Arıxlı kəndinə köçürülüb.

Yusif Əfəndi Allahyarzadə (1859-1944) Yusif Əfəndi Allahyarzadə üçün isə 300 gümüş pula Arıxlı Emin aganın mülkündən ev alınıb. O vaxt kənddə kiçik bir məscid də olub. Həmin məscid XVII yüzilin əvvəlində tikilmiş və bir neçə dəfə yenidən qurulmuşdu. Qazılığın mərkəzi üçün köhnə məscidin yerində yeni bir məscidin tikilməsi qərara alınıb. Yusif Əfəndi Allahyarzadə 1899-cu ildə Türkiyədən Arıxlı kəndində inşa edilməsi üçün məscid layihəsini gətirib. Məscidin tikintisinə rəhbərlik etməyi isə kənd mollası Hacı Mahmud Əfəndiyə tapşırıb. Məscidin tikintisi hicri-qəməri tarixiylə 1330-cu ildə (miladi 1912) başa çatıb. Minarənin tikintisi isə iki il sonra başa çatdırılıb.
Borçalı qazısı Yusif Allahyarzadə 1916-cı ildə oz kəndi Həsənxocalıda da bir məscid tikdirib.

Yusif Əfəndi Allahyarzadənin 1905-1907-ci illərdə Tiflisdə azərbaycanların silahlı ermənilər tərəfindən qırğının qarşısının alması üçün Borçalı atlı dəstələrinin təşkil edilməsində və onların bu şəhərə göndərilməsində xidməti böyükdür. 1905-ci ilin payızında arxasında erməni milli komitələri və bir sıra siyasi cəmiyyətlər dayanan ermənilər Azərbaycanda törətdikləri qırğınlar miqyasında olmasa da, Gürcüstanda silahlı toqquşmalar törətdilər. İki millətin silahlı toqquşmasının miqyasının Gürcüstanda məhdud olması bir sıra səbəblərlə bağlı idi. Erməni kəndlərinin əhalisi əvvəlcədən silahlandırılsa və təlimatlandırılsa da, onlar azərbaycanlılara qarşı-qarşıya gəlməyə cürət etmirdilər. Borçalı qəzasındakı tək-tük erməni kəndləri azərbaycanlıların yaşayış məntəqələri ilə əhatə olunduğundan ermənilər məkirli niyyətlərini açıq silahlı hücumlarla həyata keçirməkdən çəkinirdilər. Şulaveri, Xaçın, Qoruncuq, Bosleb (Moslef) və başqa kəndlərin əhalisi azərbaycanlılara qarşı qaldırılsa da, qüvvələr nisbəti qətiyyən ermənilərin tərəfində deyildir. Yusif Əfəndi Allahyarzadə də daxil olmaqla Borçalının öndə gələn şəxslərinin səyi nəticəsində bütün azərbaycanlı obaları erməni qırğınına qarşı hazır vəziyyətdə idi və istənilən anda erməni silahlı qüvvələrini məhv edə bilərdi. Adı çəkilən erməni kəndlərində bunu yaxşı başa düşürdülər. Həmin vaxtlarda əslində erməniləri kütləvi qırğından borçalıların alicənablığı və son dərəcədə mürəkkəb bir vəziyyətdə özlərini təmkinli apararaq emosiyalara qapılmamaları xilas etdi.

Daşnakların millətlərarası qırğın törətmək siyasəti Borçalıda vüsət almadığından erməni millətçiləri bu qarşıdurmanı Tiflis şəhərində yaratmağa nail oldular. Məsələ burasındadır ki, Tiflisdə erməni-müsəlman qırğınları başlananda Borçalı əhalisi Tiflisdə azlıq təşkil edən və hər cür silahlarla təmin olunmuş sayca çox ermənilərin önündə əslində köməksiz və pis vəziyyətdə idi. Borçalılar bu vəziyyətdə qalan hənvətənlilərinin yardımına qalxdılar. Namestnik 43 kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri - kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nərə çəkərək ermənilərin üzərinə hücuma başladılar. Bir gecə-gündüz vuruşmadan sonra çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdılar. Atlı dəstə əsasən şiələrdən təşkil olunsa da, onların sırasında sünnilər də vardı və onların təşkilində Borçalı qazısı Yisif Əfəndi Allahyarzadə önəmli rol oynamışdı.

1918-1920-ci illərdə isə vəziyyət daha ağir idi. Həmin dövrdə Borçalı Gürcüstan, Ermənistan və Azərbaycan arasında mübahisəli əraziydi və bu məsələ son dərəcə qarmaşıq xarakter almışdı. Qüzey Qafqaz cümhuriyyətləri müstəqil bəyan olunandan sonra Borçalı ərazisini Sənain stansiyasına qədər Alman qoşunları tutmuşdular. Qalan yerlər – Gümrü, Cəlaloğlu, Kolagirən yörələri Türkiyə qoşununun tabeliyidə qalırdı. Yerli müsəlmanlar Alman qoşunlarına qarşı açıqdan-açığa etirazlarını bildirirdi Şurəddin Məmmədli "Paralanmış Borçalı" kitabında arxiv sənədlərinə istinadən yazır: «Yerli müsəlmanlar Alman qoşunlarına qarşı açıqdan-açığa etirazlarını bildirir və çıxış yolunu Azərbaycana birləşməkdə görürdülər. 1918-ci ildə Borçalıların Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdikləri müraciətdə deyilirdi: «... Bu torpağın pionerləri bizik, sayca əksər çoxluğu biz tuturuq, burada hakim xalq olmaq üçün hər cür ləyaqətimiz var. Ona görə də Türkiyə Sultanına və böyük vəzirə müraciət edərək, bizim mərkəzi üsul-idarə Tiflis şəhərində olmaqla Türkiyənin himayədarlığı altında Qarapapaq adıyla yarımmüstəqil xanlıq kimi tanınmağımız və bizim Tiflis şəhəriylə birlikdə Azərbaycana birləşməyimiz xüsusunda məsələ qaldırırıq. İndi biz Azərbaycan hökumətindən rica eirik ki, bizə qarşı hələ də törədilən fəlakətlərə son qoyulması üçün gərəkli tədbirlər görülsün, evlərimizə, bütöv kəndlərmizə od vurulması, kəndlərin dağıdılması, müxtəlif yerlərdə əmlakımızın yağmalanması və qarət edilməsi sonucunda bizə dəyən zərərin nə qədər olduğunu, bu zərərin ödənilməsini, tezliklə bizə Müsəlman kəndlərində güvənli yaşayışımızın təminatı üçün qoşun göndərilməsi imkanını aydınlaşdıracaq istintaq komissiyası təşkil edilsin. Ədalət və müqəddəs Müsəlmançılıq haqqları adına öz xeyirxahlığıyla hamıya bəlli olan Sizə Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından müraciət edirik. 1337 (1918) ili Məhərrəm ayının 5-i.
İmzalar: Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından:
Borçalının Sünnü təriqəti üzrə qazısı Allahyarzadə Yusif Əfəndi; Borçalının Şiə təriqəti üzrə qazısı Mühəmməd Şeyx Mühəmməd Əli; Borçalı Xeyriyyə Cəmiyyəti sədri və üzvləri, sədr, üzvlər: Qurban-Əli Əfəndi Xəlilzadə və İsa. (Azərbaycan Mərkəzi Dövlət Arxivi, fond 970, siyahı 1, iş 24, vərəq 14–15; Azərbaycan EA Xəbərləri, Tarix, Fəlsəfə və Hüquq seriyası, # 2, Elm, Bakı 1990, səh. 68-69). Burada adları keçənlərdən Yusif Əfəndi Allahyarzadə Şəkidə, İstanbulda ali ruhani təhsili almışdı, Borçalı qazısı rütbəsini qazanmışdı, 1945-ci ilədək Arıxlı kəndində yaşamışdı. Onun üç oğlu – Sirəcəddin, Ziyəddin (Ziya), Bahəddin Əfəndiyevlər Borçalıda təhsilin, mədəniyyətin inkişafında önəmli rol oynamışdılar».

Borçalı Qarapapaq Cumhuriyyətinin yaradılmasında əsas məqsəd bölgə xalqını erməni və gürcü basqınlarından qorumaq idi. Məktubdan da aydın olur ki, Borçalı əhalisi Azərbaycana birləşməkdə maraqlı idilər. Bunun da fəal tərəfdarlarından biri Borçalı qazısı Yusif Əfəndi Allahyarzadə idi. Amma bu istəyi reallaşdırmaq mümkün olmadı. Çünki Azərbaycan meydanda tək idi. Onun müttəfiqi Osmanlı imperiyası Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra bölgəni tərk etmişdi. Söz sahibi isə ingilislər idi. Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti dəvət edilmədi. Borçalı uğrunda ermənilərlə gürcülər arasında mübarizə müharibəyə səbəb oldu. Bu müharibədə borçalılar Gürcüstan tərəfindən iştirak etdi. Qəmbərlərin Məhəmməd bu barədə deyirdi: "Mən uşaq idim. Döyüşdə iştirak etmək üçün kəndin irəlidə gedənlərindən, adlı-sanlı, qoçaqlıqda ad çıxarmış sakinlərindən süvari dəstə təşkil edilirdi. Təşkilatçı Borçali qazısı Yusif Əfəndi Allahyarzadə idi. Bu dəstə Sadaxlı, Sarallar, Şulaver kəndləri ətrafında gedən döyüşlərdə iştirak edirdi".

Sonunda Borçalı Gürcüstanla Ermənistan arasında bölündü.

Yusif Əfəndi sovet hakimiyyəti qurulanadək Borçalı qazısı olub. Sovet hakimiyəti qurulandan sonra evdə uşaqlara dini təhsil verib. Amma XIX əsrin 30-cu illərində Borçalıda vəziyyət pisləşib. Həmin vaxt özəl təsərrüfatların mövcudluğu yeni qurulmüş dövlətin marağında deyildi və o bir təhlükə mənbəyi kimi görülürdü. Bu səbəbdən də qolçomaqlar bir sinif kimi məhv edilməli idi. Sovet hakimiyyətinin yerli qurumlarına onları mülkiyyətdən tamamilə məhrum etmək, bütün istehsal vasitələrini, mal-qarasını, maşınları və digər avadanlıqları müsadirə edib kolxozların mülkiyyətinə çevirmək hüququ verildi. Müsadirə isə zorakılıqla həyata keçirilirdi. Bu cür zorakılıqlar hökümətə qarşı əks reaksiyalara səbəb olur, üsyanlarla nəticələnirdi. Bu üsyanlardan biri Arıxlıda baş verdi. Etirazları yatırmaq üçün isə repressiv tədbirlər həyata keçirildi. 1931-ci ildə kənddə söz sahibi olan nüfuzlu şəxslərdən Yusif Əfəndi Allahyarzadə, Molla Şərif, Şəkər ağa (Məhəmməd), Nağının oğlu İsmayıl və başqaları həbs edildilər. Həbs olanlar Sarvanda dəmir yolu stansiyasında vaqonlarda saxlanılırdı. Burada Borçalının başqa kəndlərində həbs olunanlar da var idi.
Şəfkət Əfəndiyev deyirdi: "Biz Sarvanda yaşayırdıq. Nigar anam babam Yusif Əfəndiyə və əmisi Şəkər ağaya çörək aparanda məni də özü ilə götürürdü. Vaqonları rus əsgərləri qoruyurdu. Bir dəfə vaqonun pəncərəsindən bir nəfər saqqallı kişinin bizə baxdığını görüb onu anama göstərdim. Anam həmin adamın Molla Şərif olduğunu bildirdi. Biz çörəyi verib qayıtdıq. Atam Sirəcəddin Əfəndiyev rayonda yüksək vəzifədə işləyirdi. Onun yüksək vəzifədə işləyən Şabanov soyadlı dostu vardı. Şabanovun köməyilə Yusif Əfəndi azadlığa buraxıldı. Anamın əmisi və digər arıxlıları sürgün edildilər. Bir ildən sonra Şəkər ağa, daha sonra isə Nağının oğlu İsmayıl və digərləri azadlığa buraxılaraq kəndə qayıtdılar".

Yusif Əfəndi Allahyarzadə həm də şair idi. Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şurəddin Məmmədli "Azərbaycan ədəbiyyatının Borçalı qolu" kitabında Azərbaycan ədəbiyyat və incəsənət arxivində Ziya Borçalının (Ziyəddin Əfəndiyevin) fondunda qorunan Ərəb hürufatıyla «بياذ جنگ» («Cüng-bəyaz») adlı qiymətli ədəbi mənbəni xüsusi qeyd edib. Cüng-bəyaz (Şairlərin seçmə əsərləri, yaxud beytlərin əlyazma toplusu) iki dəftərdən ibarət olub o dövrün şairləri barədə geniş məlumatlar vardı. "Və xatırladaq ki, 1974-cü ildə Ziya Borçalının əlyazmaları arxivə aparılarkən bu materiallara onun atası Yusif əfəndi Allahyarzadənin külliyyatı da qatılmışdır. Yusif əfəndi Türkiyədə ali ruhani təhsili almış, Borçalı qazısı olmuş, şeirlər yazmışdı. Bu da onun saxlanclarından ola bilərdı. Cüng-bəyazın ksero-surəti bu monoqrafiya müəllifinin ev arxivində də var", - Şurəddin Məmmədli yazıb. Həqiqətən də cüng-bəyaz Yusif Əfəndinin saxlanclarından idi. 2-ci dəftərdə çap qeydlərindən aşkarlanır ki, dəftər 1903–1906-cı illərdə Tiflisdə Məhəmməd ağa Şahtaxtılının mətbəəsində buraxılmışdı. Sonradan oğlu Ziya Borçalı onun əsasında geniş araşdırmalar aparıb. Şurəddin Məmmədliqeyd edib ki, Borçalıda XX yüzilin ilk rübündə lirikanın yüksəlişində o illərin şairləri Arıxlı Yusif Əfəndi Allahyar oğlu və başqalarının da müəyyən mövqeləri olub.

Şəfkət Əfəndiyev deyirdi:
"Əmim Ziyəddin Əfəndiyev (Ziya Borçalı) babam Yusif Əfəndinin Türkiyədə ali dini təhsil aldığı dövrlə bağlı yazdığı şeiri Vaqif və Vidadi şeirlərinə oxşarlığını nəzərə alaraq Həmid Araslıya göndərib. Həmin vaxt alimlər arasında əlaqələr vardı, onlar bir-birinin araşdırmaları ilə bağlı öz fikirlərini bildirirdilər. Həmid Araslı da şerin Vidadinin qoşmalarına yaxınlığını nəzərə alaraq axırıncı bənddəki Yusif adını Vidadi ilə əvəz edib və Vidadinin çapa göndərilən "Əsərləri"nə daxil edib. Bu hardasa 50-ci illərdə baş verib".

Axtarışlardan sonra həmin şeiri tapa bildim, Vidadinin 1957-ci ildə çap olunmuş "Əsərləri" kitabında 13-cü cəhifədə verilib.
Həmid Araslı şeir barədə yazıb: "İlk dəfə nəşr olunur. Bu şeiri mənə göndərən müəllim Ziyəddin Əfəndiyev yoldaşa təşəkkür edirəm".
Bəli, bu şeir heç bir Cüng-bəyazda Vidadiyə aid şeirlərin arasında olmayıb. Vidadinin əsərlərindən nümunələr ilk dəfə Mirzə Yusif Nersesov tərəfindən toplanıb 1856-cı ildə Temutxanşurada "Məcmuəyi-Vaqif və müasirini-digər" adlı kitabda nəşr olunub.
Bu parçalar Adolf Berjenin Leypsiqdə 1558-ci ildə nəşr etdirdiyi "Məcmuəyi-əşari-şüərayi-Azərbaycan"adlı kitabda da verilib.

Firidun bəy Köçərli
nin "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərində (I cild, I hissə, Bakı, 1925-ci il) də şairin əsərlərindən bir hissə çap olunub. Daha sonra Səlman Mumtaz Vidadi əsərlərindən bir hissə toplayıb 1937-ci ildə nəşr etdirib. Bu kitabların heç birində "Dəli könül, gəl əylənmə qürbətdə" qoşması yoxdur. Ola da bilməzdi. Çünki qoşma Yusif Əfəndiyə məxsusdu. Sonrakı dövrlərdə də Vidadi yaraçılığının tədqiqi ilə məşğul olan alimlərə bu şeir rast gəlməyib.

Qeyd edim ki, Vidadi təxminən 1709-cu ildə Şəmkirdə doğulub, ömürünün çox hissəsini II Şıxlıda yaşayıb.
Qısa müddətdə Tiflis və Şuşada da yaşayıb. 1809-cu ildə isə II Şıxlıda vəfat edib.
Tiflis və Şuşa isə qürbət ola bilməzdi.
Həmid Araslının şeirlə bağlı bir cümləsi də diqqət çəkir: "Qazaxda yazılmış bir cüngdən alınıb". O, yəqin ki, Yusif Əfəndinin cüngünü nəzərdə tutur. Əgər başqa bir cüng varsa, şeir çoxdan işıq üzünə çıxar və dərc edilərdi. Varsa Vidadinin yaradıcılığı ilə məşğul olan alimlər ortaya çıxartsın. Nəticə çıxarmağı isə oxucunun ixtuyarına verirəm.

Dəli könül, gəl əylənmə qürbətdə
Dəli könül, gəl əylənmə qürbətdə,
Bir gün vətən deyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün olur vətən deyib ağlarsan.
**
Yaxşı gündəyarü yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur..
Qad ellərintənə sözü ox olur.
Bir gün olur vətən deyib ağlarsan.
**
Mən görmüşəm bu qürbətin dadını.
Yanıb-yanıb çox çəkmişəm odunu,
Qəmlənirsən hər görəndə şadını,
Bir gün olur vətən deyib ağlarsan.
**
Oxuduqca qəmgin şeiri-qəzəli.
Köhnə yaraların bir-bir təzəli,
Yada düşər keçən günün əzəli.
Bir gün olur vətən deyib ağlarsan.
**
Yada düşər bağçaların, bağların,
Ala qarlı, boz dumanlı dağların.
Qocalırsan keçər cavan çağların,
Bir gün olur vətən deyib ağlarsan.
**
Keçən günü bir-bir xəyal edərsən,
Dolar qəm könlünə məlal edərsən.
Gələndən-gedəndən sual rdərsən
Bir gün olur vətən deyib ağlarsan.
**
Hər məzarə düşər olsa güzarın,
Yada düşər ata-ana məzarın
Yusif xəstətək artar azarın.
Bir gün olur vətən deyib ağlarsan.

Yusif Əfəndi Allahyarzadənin 3 oğlu, iki qızı olub.

Böyük oğlu Sirəcəddin Əfəndiyev uzun illər Borçalı qəzasında və Sarvan rayonunda yüksək vəzifələrdə işləyib.

Ortancı oğlu Ziyəddin Əfəndiyev (Ziya Borçalı) tədqiqatçı alib kimi tanınıb. O, 25 il Tiflisdə dövlət pedaqoji institutunun Azərbaycan bölümündə mühazirələr oxuyub, dərs vəsaitləri hazırlayıb, ədəbi-tənqidi məqalələr yazıb.
Yusif Əfəndi Allahyarzadə (1859-1944)
Kiçik oğlu Bahəddin Əfəndiyev isə Arıxlı məktəbində müəllim işləyib.

Pünhan Əfəndiyev


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: