Yarımçıq qalan mənalı ömür: İSAXAN AŞUROV (1955-2012)

Yarımçıq qalan mənalı ömür: İSAXAN AŞUROV (1955-2012) Hərdən adama elə gəlir, həyatda mənası olan yeganə hadisə ölümdü. Çünki tək bircə ölüm insanın bu dünyada yaşadığı, yaxud yaşaya biləcəyi hər şeyi mənasız edir, adiləşdirir. Yəqin elə buna görə ölümü sonu başqalarından daha artıq xəyal edən, mütəmadi bu haqda düşünən adam fərqli olur, seçilir çoxlarından. Sevdiklərinə də başqa cür baxır, yadlara da... Bəzən bədbin olur, amma çox vaxt güzəştlə, mülayim, yumşaq davranır insanlarla. Çünki əgər ölüm qaçılmazdırsa, ona çarə yoxdusa... Məncə, o qadın üçün, qara paltarlı gözəl xanım üçün də bütün zülmləri, əzabları, göz yaşlarını mənasız edən, yadından çıxaran məhz ölümdü... Ərini, həyat yoldaşını itirib bu qadın. Bu kişi ona nə cür edib yoldaşlığı, yaxşı ya pis ər olub, qayğısını çəkib, ya zülüm edib, nə fərqi?!. Ölümündən sonra nə mənası bütün bunların? İndi başdaşını öpüb sığallamaqdan savayı hər hansı ünsiyyət mümkünsüzdür.

Güclü yağış yağmasına baxmayaraq, olduqca izdihamlı keçən dəfn mərasimində onun son vəsiyyəti də açıqlandı. İsaxan Aşurov vəsiyyətində yazıbmış ki, onu dəfn edərkən başı üstündə şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeri oxunsun. Rəhmətlik Almas Aşurov mərhumun son vəsiyyətini yerinə yetirdi. O, yağan yağışın islatdığı vərəqdən şeri oxudu. Həmin şeiri biz də mərhun İsaxan Aşurovun əziz xatirəsinə ehtiram olaraq ZiM.Az-ın dəyərli oxucularının diqqətinə çatdırırıq:

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...


Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri çoxlarının “avtobioqrafiya”sını əks etdirir. Şeirdəki səmimiyyət, orijinallıq, poetiklik, söz oyunları, təzadlar misradan – misraya heyrətləndirir insanı... Lakin bu əsərin uzun illərdir ki, aktual, populyar olmasının səbəbi təkcə sadaladığım üstünlüklər, yaxud sadəcə Ramiz Rövşən qələmindən çıxması deyil. Məncə, Ramiz Rövşən əksəriyyətin müşahidə elədiyini, hər kəsin valideynlərinin, qonşusunun, qohumunun, bacısının, qardaşının... həyatında gördüyü “hadisə”ni yazıb, sadəcə özünəməxsus yazıb...

Ona görə bu şeir illərdir ki, qadınların ürəyindən tikan çıxardır, nənələri ağladır, kişiləri peşman edir, cavanları düşündürür... Ona görə! Nə qədər kədərli olsa da, belədi!. Ən qəribəsi isə budur ki, Ramiz Rövşən demiş, öləndə gözlərini bağlayan nə o dost olur, nə qardaş... Ən çox ağlayan isə ən çox ağlatdığı qadın olur!. İlk baxışdan məhz bu qanunlarla yaşayan kişinin gecikmiş, ya son üzrxahlığı kimi səslənir “Qara paltarlı qadın” şeiri... Amma burda kişinin üzrxahlığından daha çox qadının duyğuları düşündürür adamı. Şeiri tərsinə çevirəndə kişinin etiraflarından xanımın hisslərini oxumaq olur... Qadın niyə gəlir bu qəbrin üstünə?. Gəlirsə, deməli bütün zülümlərə baxmayaraq, sevirmiş və bu sevgi bütün incikliklərdən, umu – küsüdən, göz yaşlarından üstün imiş... Ölüm də mənasızlaşdırıb bütün keçmiş əzabları!. Bir anlıq adama elə gəlir ki, kişi başını qaldırıb “niyə çəkirsən dərdimi?” soruşsa, qadın heç düşünmədən sevirdim səni! – deyəcək, sonra da əlavə edəcək: “İndi də sevirəm!”.

ZiM.Az-ın dəyərli oxucuları üçün qısa tanıtma:
Yarımçıq qalan mənalı ömür: İSAXAN AŞUROV (1955-2012) İsaxan Aşurov 1955-ci il avqustun 1-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikası Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib.
1977-1981-ci illərdə Qazax Polis Şöbəsində,
1981-1984-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq,
1984-1989-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.
1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.
1996-cı ildən vəkil kimi çalışıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub.
Ailəli idi. 4 övladı var.
İsaxan Aşurov müalicə üçün ABŞ-a getmiş və 2012-ci il iyunun 22-də orada vəfat etmişdir.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..


İsaxan Aşurovun görünən zahiri tərəfindən, eləcə də iç dünyasından qəzetlərdə çox yazılar gedib. Əslində yazılanlar hələ azdır. Yəqin ki, yenə də yazılacaq. Mənim də ürəyim doludur. Mən də onun daxili aləmindən danışmaq istəyirəm. Hərtərəfli dünyagörüşünə malik İsaxan bəylə (o, özünə belə müraciət edilməsini istəyirdi) istənilən mövzuda söhbət etmək mümkün idi. O, daxilən çox zəngin, səmimi, fərqli mədəniyyət sahibi, mənəvi saf, heç vaxt şəxsi mənafe güdməyən bir şəxsiyyət idi. Bir də ki, mən onda liderlik keyfiyyətləri müşahidə edirdim. İnsanlar onunla daim təmasda olmaq istəyirdilər. İsaxan bəylə bağlı çoxlu xatirələrim var. Yaxşı yadımdadır 2004 – cü ildə İsaxan bəyin rəhbəri oluğu layihədə kurs keçirdim. Layihənin mövzusu insan hüquq və azadlıqları ilə bağlı idi. İsaxan bəy iştirakçılara mövzunu izah edə - edə, arada mənə doğru çevrilib: “ Çingiz, diqqətlə qulaq as və öyrən, çalış azadlığını qorumaq üçün, öz hüquqlarını biləsən”. Kursu bitirdikdən sonra o, mənə şəxsən “Sertifikat”ı təqdim etdi və öz imzası ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitabları bağışladı. Bundan sonra mən boş vaxtlarımda demək olar ki, hər gün onun “Sahil” metrosunun yanında yerləşən ofisinə gedirdim və öz hüquqi biliklərimi artırırdım. İsaxan bəydən öyrəndiyim o hüquqi biliklər bu gün də mənim köməyimə çatır. Yeri gəlmişkən, hüquq müdafiəçiləri və jurnalistlərin bir çoxu məhkəmələrdə müdafiə üçün onun xidmətindən istifadə edirdilər, hər hansı konfidensial məsələnin həllində, centlmen sazişinin əldə olunmasında onun əlaqələrindən yararlanırdılar.
İsaxan Aşurov şəxsiyyəti getdikcə məni daha çox heyrətləndirirdi. Tez-tez baş tutan söhbətlərimiz məni hər dəfə məftun edirdi. Mən bu dərəcədə geniş mütaliəli, erudisiyalı, çox dəyərli bir qanun keşikçisinə, vəkilə ilk dəfə idi ki, rast gəlirdim: gözəl insan, səmimi yoldaş, yüksək intellektə və dinləmə mədəniyyətinə malik müsahib, heç kəsin təsəvvür belə edə bilmədiyi qədər sadə və təvazökar bir qanun keşikçisi – bir hüquqşünas. Yazılan nə varsa, əgər şəxsiyyəti tamamlamırsa, səmimi qəbul edilə bilməz...
Zamanın çətinliklərinə baxmayaraq mən İsaxan Aşurovu həmişə nikbin görmüşəm. Onun aramızdan vaxtsız gedişinə çox təəssüfləndim. Daha sonda isə içimdə acı bir qəhər baş qaldırdı. Desəm ki, Borçalımızın ən samballı isimlərindən biri getdi, şişirtməyə yol vermərəm. Barmaqla sayılacaq hüquqşünas, kişi getdi... Qoy bütün qanunun keşiyində dayanan eloğullarımız məndən inciməsinlər. Gözəl qanun keşikçisi də olmaq olar, gözəl insan da. Ancaq öz peşə mədəniyyətini ən yüksək əxlaq dəyərləri ilə birləşdirib onun zirvəsində dayanan bir qanun keşikçisi kimi işlədiyi bütün rayonlarda geniş xalq kütləsinin dərin rəğbətini qazanmış İsaxan Aşurov olmaq çətindir.
1989-cu ildə Tovuz rayonunda sərhəddə vəziyyət gərginləşmişdi, vaxtaşırı atışma baş verirdi. İsaxan Aşurov o zaman yerli cinayət axtarış şöbəsinin rəisi idi. O, özünümüdafiə dəstələri yaratmağa başlayan könüllülərdən birinin funksiyasını faktiki olaraq öz üzərinə götürmüşdü. Təsadüfü adamların onun adını necə dillərinə gətirməsi İsaxan bəyin bu şəhərin həyatındakı rolundan xəbər verirdi. 90-cı ilin əvvəllərində o, Qazax polisinə rəhbərlik etdi, polkovnik oldu.
Bu gün bəlkə az adam bilir ki, 1993 ilin iyun ayında Gəncədə baş verən qiyamla bağlı Surət Hüseynovun qərargah rəisinə şillə vuran və onun dəstələrini Qazaxa buraxmayan İsaxan Aşurov olub. İki polkovnik – İsaxan Aşurov və İsa Sadıqov: qiyamçıların daha geniş ərazidə hakimiyyəti ələ keçirməsinə imkan verməyən adamlar bunlardır..
Onun baxışından və danışığından nə düşündüyünü, nə etmək istədiyini bilmək asan deyildi. Zamanla anlayırsan ki, bu ağıllı və susan baxışlar onun peşəsindən – polis, xəfiyyə və analitik – irəli gəlir. Bəlkə də bizim polis mühitində ikinci bu cür tipaj yoxdur – ziyalı, bilikli peşəkar, sözün həqiqi və məcazi mənasında döyüşçü, ləyaqətli insan. Onunla fəlsəfə, etika ilə bağlı məsələləri, Şekspirdən tutmuş daha nələrə qədər hər şeyi müzakirə etmək olardı.
Biz "ziyalı" sözünü tez-tez işlədirik. Ziyalılıq özündə mənəviyyat anlayışına daxil olan ən gözəl keyfiyyətləri birləşdirir. İsaxan Aşurov şəxsiyyətində və fəaliyyətində əxlaq prinsiplərini qoruyub saxlayan nadir ziyalılarımızdandır. Onunla hər bir ünsiyyət insanın qəlbindəki işığı daha da artırır, müsbət emosiyalara kökləyirdi. Həssas, diqqətcil, təvazökarlıq kimi şəxsi keyfiyyətlərə malik İsaxan bəyin özünə, işinə qarşı çox ciddi, tələbkar olduğunu da sezirdim. Ziyalı sözü, ziyalı mövqeyi cəmiyyətin tərəzi daşıdı, deyib müdriklər. Bəziləri isə ziyalılığı cəmiyyətin qan-damar sisteminə bənzədir. Qan-damar sistemində nizam pozulanda orqanizm üçün ciddi fəsadlar yarandığı kimi, ziyalısız cəmiyyəti də sonu bilinməyən təhlükələr gözləyir. Zira, ziya – işıq, ziyalı isə işıqlı anlamını verir. Başqa sözlə desək, ziyalı cəmiyyətin aydınıdır, cəmiyyətdə öz nümunəvi, ədalətli davranışı ilə seçilməlidir. Ziyalı deyəndə mənim gözümün önünə sadə, təvazökar, sözünü və yerini bilən, ətrafda baş verənlərə biganə qalmayan təmkinli və dürüst bir insan gəlir – İsaxan Aşurov. Ziyalı istənilən halda həqiqətin, haqqın yanında olmalıdır. Ümumiyyətlə bu dünyada təkcə ziyalılar üçün deyil, hər bir insan üçün ölçü vahidi haqq və həqiqətdir. Əsl ziyalı əqidəcə saf, vətəndaşlıq mövqeyində möhkəm, ictimai münasibətlərdə fəal, əxlaqca nümunəvi olmalıdır.

Bu dünyada insanın ən böyük var-dövləti, sərvəti ləyaqətlə yaşamaqdır. İsaxan Aşurov çox həssas insan idi. O, xalqını, millətini, sözün əsl mənasında, el-obanı varlığıyla sevirdi, Borçalıyla, Faxralıyla nəfəs alırdı. Borçalı, Faxralı adı onun ürəyini telləndirirdi. Elə bu sevginin təsiriydi ki, özünə son ünvan olaraq Faxralını seçmişdi, belə vəsiyyət eləmişdi. Bu, bənzəri olmayan bir sevginin təzahürü idi, şübhəsiz. Faxralıları, Faxralını Faxralı kimi sevməsini arzulayıb, bunu ölümüylə də çatdırdı faxralılara, ümumən Borçalılara… Isaxan bəy köməksizin dayağı, haqsızın düşməni idi. O, dəyərli ömrünü, örnək ömrünü təmənna nə olduğunu bilmədən yaşadı . Mənim fikrimcə Isaxan bəy əsl kişilik simvolu idi.

Neynəmək olar, taleyin hökmü beləymiş, qismət bura qədərmiş. Biz İsaxan Aşurovun yapışıqlı bariton səsini, şaqraq gülüşünü bir daha eşidə bilməycəyik, onunla bir daha kəlmələşə bilməyəcəyik. Isaxanlı xatirələrlə kəlmələşəcəyik. Həm də bacarsaq… Yerin cənnətməkan, ruhun şad olsun, İsaxan bəy!


Çingiz Haley oğlu Qasımov,
ZiM.Az-ın xüsusi müxbiri


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: